Mələklər dualar
oxuyur sanki...
Deyəsən, bu dünyada ən etibarlı söykənəcək yeri,
ən vəfalı sığınacaq, sona qədər bizimlə olan dost sözdür. Yoxsa ən doğma adamlar da bizi
tək qoyub gedirlər. Kölgəsində böyüdüyümüz valideynlər, eşqindən
sehirləndiyimiz həyat
yoldaşlarımız belə
ölümün gətirdiyi
ayrılıqdan bizi xilas edə bilmir. Amma söz sona qədər bizimlədir.
Sözü pıçıldayarsan bir kəsə, bir nəfər bilər. Sözü deyərsən qələmlə
kağıza, el-aləm
bilər, deyib aqillər.
Təranə Arifqızının şeirlərini
ilk dəfə oxuyanda
adama pıçıltı
kimi gəlir. Elə bil sənə yaxın olan bir adam,
məhrəm duyğularını
sənə etibar etmək istəyir. Amma yenidən bir dəfə də oxuyanda şeirlər səni ovsunlayır.
Sənə tənhalıqdan, təklikdən, yalqızlığın
ağuşunda dünya
boyda dərdlərlə
baş-başa qalan bir kövrək qadının ahından-harayından
danışır. Bəli, söz
qüdrətlidir. Söz
daha çox o zaman güclü olur ki, baxır
onu kim
deyir. Məsələn, analar heç
vaxt zərərli, kiməsə bədbəxtlik
göstərəcək söz
söyləməzlər. Laylalarla yoğrulub, məhəbbətlə
səsləşən, sevinclə
mayalanıb, dualarla müdrikləşən ana
sözündən qüdrətli,
ana sözündən
kəsərli söz eşitmədi qulaqlarımız.
Bir də qadın sözünə, ana sözünə əlavə
poetik çalarlar qatılanda, qoşma, müxəmməs, təcnis,
bayatı notları əlavə olunanda da o söz sehirlənir,
o söz nəğmə
olur, o söz ilahiləşir.
Bir evdən, bir evə rahatca gedib,
Dərdini biləsən sevdiklərinin...
Dərdinə bir həmdəm
tapasan bəlkə,
Heç
kəs eşitməyə
dediklərini...
Acını, ağrını əllərdən
alıb,
Aparıb
dəryada boğub gələsən...
Bir cənnət gölünün
yanından keçib,
Bir ovuc xoşbəxtlik yığıb gələsən...
Təranə xanımın oxucusunun xoşbəxtliyi ondadır
ki, onun şairi, onun yerinə bütün dərd-qəmi çəkməyə
hazırdır. Bəli, şair külək
olmaq istəyir. Qəlblərdə özünə yer
eləmək istəyən,
kin-küdurəti silib
aparmaq üçün.
Yağışa-suya dönərək nakam məhəbbətlərin
qovuşmasına əngəl
olanları yuyub aparmaq üçün.
Və daha çox tənhalıqdan, təklikdən
usananların yanına
köçüb, onlara
yoldaş olmaq istəyir xanım şairimiz.
Onun şair
qəlbində təkcə
sözlər sehirlənməyib. Onun arzuları,
istəkləri, diləkləri
də ana duası kimidir. 44 günlük Vətən müharibəsinin hər bir gününə bir şeir yazan,
hər qələbəmizə
bir dastan bağlayan Təranə xanımın əsgərlərimizə
xitabən dediyi misralar sanki oxucusunu səngərdə
əsgər olmağa
səsləyir:
Oyanıb
içimdə bütün
duyğular,
Gün boyu xəyallar qurur ürəyim.
Elə unudulub bütün qayğılar,
Səngərdə səninlə vurur ürəyim.
Mən Təranə
xanımı tanıyıram. Onun bu misralarında qətrə
boyda mübaliğə
yoxdur. Qanının coşduğunu, qisas
üçün alışıb-yandığını,
44 gün ərzində
yazdığı bütün
şeirlərində, qələmin
gücü ilə bənd-bənd, misra-misra çatdırmağı bacarıb
Təranə xanım.
Torpağı başının üstə
qaldırıb,
Göyü ayaq altda sərən
şəhidim.
Bayrağın rəngində gül-çiçək
əkib,
Özü gül-çiçəyə dönən
şəhidim.
Gözünü Vətənin gözü
eyləyib,
Ayağın qırılmaz dizi eyləyib.
Dilini
"Can, Vətən" sözü
eyləyib,
Özünü qurbanlıq verən şəhidim.
Təranə xanımın üslubunda qoşma, gəraylı, bayatı janrında olan şeirlər daha çox üstünlük təşkil
edir. Hər bir şeirin
ruhunda mütləq bir bayatı ahəngi gizlənib.
Bunu o danışanda, şeir qiraət edəndə və ya məqalə
yazanda da hiss etmək olur. Bayatılar o
qədər ürəyəyatımlı,
o qədər şirin,
o qədər yaddaqalandır
ki, oxuyan kimi ovsunlanırsan. Bu bayatılarda doğma
ana dilimizin bütün üslub qaydaları gözlənib.
Ata-babalarımızdan bizə
yadigar qalan şifahi xalq ədəbiyyatı nümunələri
ilə Təranə xanımın qoşduğu
bayatılar sanki siam əkizləridir.
Bir şifahi xalq ədəbiyyatı nümunəsində babalarımız
deyir:
Əzizim,
bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
Təranə xanım isə
deyir ki,
Əzizim
özüm qala,
Baxmadım gözüm qala.
Xatir üçün yazmadım,
Yazdım ki, sözüm qala.
Yaxud bir başqa bayatısında dərdin-qəmin ona sirdaş olmasından, digərində isə sazın-sözün qiymətindən
yazır.
Əzizim
qəm daşıdı,
Qəm tutdu, qəm daşıdı.
Ürəyim ürəyinin
Sirdaşı, qəmdaşıdır.
Mən aşiq yazı gözəl,
Gözəlin nazı gözəl.
Çox
desəm bəyənməzsən,
Hər sözün
azı gözəl.
Əslində, bayatı yazmaq
heç də asan iş deyil.
Çünki az sözlə, dörd misrayla fikrini, düşüncəni,
məqsədini, məramını
anlatmaq, oxucuya, dinləyiciyə çatdırmaq
şairdən, söz
adamından ustalıq
və böyük qabiliyyət tələb edir. Təranə xanımın bayatılarının
arasında elələri
var ki, 4 misralıq bayatını çözmək, onu şərh etmək istəsək, bir kitaba sığmaz.
Təranə xanımın söz boğçasında lirikanın
yeri başqadır. Biz daha çox kişi şairlərin gözəllərin naz-qəmzəsinin
bəlağətli təsvirinə
öyrəşmişik. Amma qadın
məhəbbətinin şeirə
çevrilən məqamları
daha romantik, daha təsirli, daha mükəmməl olurmuş.
Çatmadı nəfəsi misralarımın,
Səni bənd-bənd sökə,
çölə çıxara.
Yıxa
ürəyimdən qadağaları,
Şeir tək doğula, ölə, çıxara.
Hıçqırıb ağladı xəyalın gözü,
Həsrətin əlləri yer qucaqladı.
Acı bir tüstüdən göynədi dodaq,
Asta pıçıldadı, sirr qucaqladı.
Addım-addım öldüm sənə çatınca,
Yolların ürəyin sevdi ürəyim.
Gördüm gülüşlərin, sözün-söhbətin,
Özün məskən salan evdi ürəyim.
Təranə xanımın yaradıcılığında
tapıntılar, bənzətmələr,
təşbehlər çoxdur. Amma o, heç
bir şeirində qafiyə xatirinə nəsə yazmayıb.
Şeirlərin bəzilərində ahəng qırılsa da, məna yükü
və mahiyyət itmir.
Yuxarıdakı şeirin də "Addım-addım öldüm
sənə çatınca"
misrası poetik bir tapıntıdır. Bu cür sehrli misralar, tilsimli sözlər xanım şairimizin yaradıcılığına
xüsusi rəng qatır, onun şeirlərinin məna yükünü gücləndirir,
xüsusi boyalar, çalarlar əlavə edir. Təranə xanım çağdaş
poeziyamızın incə
qəlbə, gözəl
ruha sahib istedadlı qələm sahiblərindəndir.
Şeirlərini oxuduqca insanın
ruhu romantikləşir.
Onun poeziyası oxucudan tələb edir ki, oxucu
desin:
Təranə xanımın şeirlərində,
Mələklər dualar oxuyur sanki.
Sehrli mücrüyə dönüb
dünyamız,
Onun sözlərindən
boylanır sanki.
Müzəffər ZƏFƏR,
Naxçıvan Televiziyasının Baş redaktoru
525-ci qəzet.- 2021.- 11 avqust.- S.12.