Tolerantlıq dəyəri: dini müstəvidə təhlil

                 

 

( I yazı )

 

Tolerantlıq demokratik və multikultural cəmiyyətlərin əsas dəyərlərindən biri kimi, son illərdə əhəmiyyəti getdikcə artan və mütərəqqi dünyada geniş müzakirə obyektinə çevrilən mövzulardan biridir. Bu gün sürətli inteqrasiya və miqrasiya proseslərini ehtiva edən qloballaşma dövründə birgəyaşayış prinsiplərini bərqərar edərək tolerant bir mühit formalaşdırmadan cəmiyyətlərdə sosial-siyasi sabitliyə və mənəvi rahatlığa nail olmaq qeyri mümkündür.

 

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun sözlərinə görə, bir dəyər kimi tolerantlıq müxtəlif etiqad və düşüncələri mənimsəyən insanlardan ibarət cəmiyyətlərin mövcudluğu üçün olduqca əhəmiyyətlidir. Cəmiyyəti təşkil edən fərqli kimliklər arasında qarşılıqlı hörmətin təsis edilməsi məhz tolerantlıqla əlaqədar dəyərlərin təbliği və təlimi ilə mümkün görünür. Əks halda, cəmiyyət və dövlətlərin daxili çaxnaşma, münaqişə və qarşılıqlı dözümsüzlük kimi neqativ hallara məruz qalması labüddür: "Bəşəriyyət tarixinin başlanğıcından etibarən Tövratda (Əhdi-Ətiq) və Quranda haqqında məlumat verilən Habil-Qabil hadisəsindən bəri bəşəriyyətin ən böyük problemlərindən biri olan birgəyaşama probleminin günümüzdə daha da kompleks bir xarakter daşıdığını desək, mübaliğə etmiş olmarıq. Məsələyə sosioloji aspektdən baxdıqda, müasir dövrdə dünya cəmiyyətlərindəki fərqli qrup, camaat, iqtisadi səviyyə, irq, dil, etiqad, mədəniyyət, məzhəb və təriqətlərin təbii olaraq bəşəriyyəti qarışıq və birgəyaşayış baxımından həll edilməsi bir o qədər də asan olmayan bir məsələ ilə üz-üzə qoyduğunu müşahidə edirik. Belə ki, mədəni müxtəliflik, demokratiya insan hüquqları və azadlığı barəsində aparılan bir çox müzakirə və mübahisələrə baxmayaraq, içində yaşadığımız bu planet müharibə, zorakılıq, zülm, ədalətsizlik, yadlaşdırma, ayrı-seçkilik, bərabərsizlik, mariginallaşdırmağa əsaslanan mənfi hallar və münasibət formaları ilə dolub-daşmaqda və bəşəriyyətin önündə ciddi problem olaraq qalmaqdadır".

 

Anar Qafarov deyir ki, tarixə nəzər salanda müasir dünyada birgəyaşayış kontekstində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin, xüsusən Qərb cəmiyyətlərində artan milli, irqi, dini və etiqadi müstəvidəki ayrı-seçkilik olduğunu söyləyə bilərik. Bu mənada, xüsusən son dövrlərdə Qərb cəmiyyətlərində daha çox gündəm təşkil edən islamofobiyanı da nümunə gətirmək olar. Əslində, Əndəlüsün İslamı qəbul etməsi və Səlib yürüşlərinədək tarix etibarilə geriyə götürə biləcəyimiz islamofobiya postmodern dövrdə müsəlmanlara qarşı duyulan qorxu, nifrət və ayrı-seçkiliyi ifadə etməkdədir. Postmodern multikulturalizminin nəşət etməsini, müxtəlif etiqad, həyat tərzi və mədəniyyətlərə mənsub ictimai aktyorların birgəyaşama yollarını inkişaf etdirməyi müdafiə edən Qərbdəki bəzi dairələrin İslam ölkələrinə qarşı qorxu, nifrət, ayrı-seçkilik, düşmənçilik ilə yanaşması, əslində, bu gün Qərbin özünün böyük və şüurlu şəkildə ziddiyyət içində olduğunu göstərir: "Birgəyaşayış, tolerantlıq və ictimai həmrəylik kontekstində yaranan başqa bir problem isə İslam dünyasının bəzi bölgələrində ortaya çıxan məzhəblərarası münaqişələrdir. Belə bir vəziyyət, əslində, İslam aləminə qarşı olan cəmiyyət və qurumlara ideoloji və siyasi zəmin hazırlayır. Bu cəhəti nəzərə alsaq, ictimai həmrəylik zəminində ortaya çıxan problemlərin və bu problemlərin kökündə yatan "mən" və "özgəsi" məsələsi, əslində, Qərbdən daha çox İslam dünyasını maraqlandırmalıdır. Belə ki, İslam dünyasında hələ də məzhəblərin bəşəri, fərdi yanaşmaların məhsulu olduğu həqiqətini mənimsəməyən bəzi qrup, konfensiya və dini sektalar "tək doğru olan mənim etiqadımdır" zehniyyətinə əsaslanaraq, universal xarakterli  dini bir məzhəbin baxış bucağı ilə məhdudlaşdırma cəhdləri ilə Yaxın Şərqi məzhəb münaqişələrinin dərinləşdiyi bir məkana çevirdiklərini müşahidə edirik. Qərb dünyası ilə müqayisədə İslam dünyasında bu mənada yaşanan "yadlaşdırma" siyasətinin müsəlmanlıq xaricindəki dini kimliklərə qarşı deyil, məhz İslam dininə mənsub olan etnik və məzhəb zəminində fərqli kimliklərə qarşı həyata keçirildiyini müşahidə edirik. Problemin ən vahiməli cəhəti isə ondan ibarətdir ki, elm və irfandan məhrum olan bəzi dini qrupların yuxarıda qeyd etdiyimiz arzuolunmaz mövqeləri onları, təəssüf ki, İslam dünyasına istiqamətlənmiş praqmatik siyasət və planların könüllü oyunçularına çevirir. Onu da qeyd edək ki, İslam dünyasında bu mənada müşahidə edilən xoşagəlməz hadisələr, İslam Şərqində birgəyaşayış ənənəsinin və ictimai həmrəylik çərçivəsindəki tarixi təcrübələrin yoxluğundan deyil, bu günün bəzi müsəlmanlarının və müsəlman cəmiyyətlərinin İslam dünyasının bu mənada yaşadığı tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsini və İslam mədəniyyətinin şifrələrini doğru oxuya bilməmələrindən və dini mətnlərə literal (hərfi) yanaşmalarından irəli gəlir. Tarixə nəzər saldıqda Qərb mədəniyyəti ilə müqayisədə Məkkədən Kordovaya kimi İslam mədəniyyətinin birgəyaşayış ilə əlaqədar bir çox prinsiplərə və zəngin tarixi təcrübələrə sahib olduğunu görürük. Bu mədəniyyətin əsaslarını təşkil edən Quran və Sünnənin fərdi və ictimai münasibətlərdə bəşəriyyətə təqdim etdiyi əsas prinsiplər fərd və cəmiyyətlər arasında düşüncə, din, məzhəb və irqə görə hər hansı bir ayrı-seçkilik qoymur. Bu mədəniyyət ədalətə, haqqa, hüquqa riayət etməyi əmr etməkdə, bəşəriyyətə insanın rahat bir şəkildə yaşaya biləcəyi mədəni müxtəlifliyi ehtiva edən bir kainat modeli təqdim etməkdədir".

 

Anar Qafarovun dediyinə görə, dünyanın birgəyaşayış və tolerantlıqla əlaqədar mənzərəsi bizi onu deməyə sövq edir ki, birgəyaşayış və onu təmin edən tolerantlıq bir dəyər kimi bu gün həm fərdlərarası, həm də ictimai münasibətlərdə rifahı, xoşbəxtliyi və ədaləti ehtiva edəcək mühitin formalaşdırılması naminə əvəzolunmaz bir dəyərdir. Bu dəyər qəbul edilib əhəmiyyət verilmədiyi və münasibətlərdə öz əksini tapmadığı təqdirdə, insanların cəmiyyət içində rahat və firavan həyat tərzi keçirmələri mümkünsüz olar. Müxtəlif irqlərə, mədəniyyətlərə, etiqadlara, dillərə,  fərqli düşüncələrə və məzhəblərə mənsub insanların "mən" və "özgəsi" anlayışlarından uzaq olub, həmrəy və güvən mühitində yaşaya bilməsi üçün sadəcə hüquqi, qanuni islahat və qaydalar kifayət etmir. Elə isə, bu istiqamətdəki qanun və hüquq normaları ilə yanaşı, cəmiyyətdə birgəyaşayış inancının, əxlaqının və mədəniyyətinin formalaşdırılmasına və bu mənada tarixi təcrübələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Çünki "mən" və "özgəsi" yerinə "bizmərkəzli" birgəyaşayış ənənəsi, ancaq sağlam bir etiqad və əxlaq əsasında reallaşdırılması mümkün olan dəyərdir. Bu mənada, üzərimizə düşən əsas öhdəlik birgəyaşama şüurunu formalaşdırmaq və belə bir şüurun cəmiyyətin bütün nümayəndələri və qrupları tərəfindən mənimsənilərək bir həyat tərzi halına gətirmək üçün nəzəri və ideoloji zəmin hazırlamaqdır. Bunun yolu isə tolerantlığın bir dəyər kimi cəmiyyət üzvləri tərəfindən mənimsənilməsindən keçir. Buna görə də birgəyaşayış fəlsəfəsi və onun əsasını təşkil edən tolerantlığın mahiyyəti kifayət qədər şərh və izah edilməlidir. Bu isə məsələni həm dini, həm də fəlsəfi aspektdən təhlil etməyi zəruri hala gətirir. Çünki belə bir təhlil cəmiyyətdə müxtəlifliyin mövcudluğuna təminat verən, hüquqi borc və mənəvi tələbat olan tolerantlığın əxlaqi bir dəyər kimi birgəyaşayış ənənəsi və din ilə nə kimi əlaqəsi olduğunu da ortaya qoyacaqdır. Bunun üçün ilk növbədə, ümumiyyətlə, əxlaqi dəyərlərin birgəyaşayış ənənəsi kontekstində əhəmiyyəti müzakirə edilməlidir.

 

Dosent qeyd edib ki, bəşəriyyət tarixində ailə həyatından insani münasibətlərə, iqtisadiyyatdan siyasətə, demək olar ki, hər sahədə ictimai bir hadisə olan əxlaqın ictimai strukturun işləyişində mühüm bir yerə malik olduğu şübhəsizdir. Birgəyaşayış qarşılıqlı münasibətlərə əsaslanan bir proses olduğuna görə, bu prosesin sağlam  şəkildə işləməsi yalnız əxlaqi dəyərlər zəminində mümkün ola bilər. Bunun üçün insanların müştərək əxlaqi dəyərlər üzərində düşünmə və bütün münasibətlərini bu istiqamətdə davam etdirmələri mühüm tələbatdır. Əxlaqi dəyərlərdən məhrum olan ictimai struktur xaos və münaqişələrə açıq bir sfera halına gələcəkdir. Çünki əxlaqi dəyərlər cəmiyyət üzvlərinin müştərək dəyərlər sferasında həmrəy olmalarını, birlik və bərabərlik şüuruna, vahid həyat fəlsəfəsinə qovuşmalarını təmin edir. Sosial amillərin əxlaqi dəyərlərə görə formalaşmasını təmin edən belə bir həyat fəlsəfəsi fərdin və cəmiyyətin eyni ideyalar istiqamətində hərəkət etməsinə səbəb olacaqdır. Buna əsasən sosial həyatın əsas ünsürlərindən olan maddi dəyərlər sferası ilə müqayisədə mənəvi dəyərlər sferasının daha əhəmiyyətli olduğunu deyə bilərik. Çünki əxlaqi dəyərlər üzərində inşa olunan ictimai əlaqələr cəmiyyətin varlığını davam etdirməsi baxımından zəruri olan sosial, iqtisadi, siyasi güc və dinamikliyi də özü ilə birlikdə gətirər. Bu mənada, hər bir cəmiyyətin güc və birlik-bərabərlik baxımından dinamikliyi cəmiyyət üzvlərinin əxlaqi dəyərlərə bağlılıq dərəcəsi ilə düz mütənasibdir.

 

Əsasını əxlaqi dəyərlərin təşkil etmədiyi sosial strukturun dəyərlər sferasında aşınma, xaos və hüzursuzluq olar. Belə bir cəmiyyətin üzvləri eqosentrizmi (mənfəətpərəstliyi) həyat fəlsəfəsi halına gətirərək, öz həyatını bütün dəyərlərin fövqündə görəcəkdir ki, bu da birgəyaşama və tolerantlığın əsas prinsiplərinə ziddir. Çünki ictimai həyatın əsas prinsiplərindən biri insan olmanın dəyərini mühafizə etməyi istəməkdir. Belə bir prinsipi öz məqsədinə çevirən həyat fəlsəfəsi insanı vasitə kimi deyil, hədəf kimi görür. Elə birgəyaşayış və tolerantlıq prinsiplərinə görə də mühüm olan həyatı mümkün qədər insanlığın faydası istiqamətində yaşamaqdır. Bu mənada, fərdi maraqlarla müqayisədə ictimai maraqlara ilk sırada yer vermək fərdlərin həyat təminatı aspektindən bəzi hallarda daha münasib görünür. Çünki fərd ilə müqayisədə cəmiyyət gələcək istiqamətindəki hədəflərin reallaşdırılması üçün daha çox potensiala malikdir.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.8.