Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Abbas Rza
oğlu Qasımov 1986-cı il martın
17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində
anadan olub. 6 yaşı olanda atasını itirən
Abbas Qasımov ailəsi ilə birgə 1988-ci ilin noyabr
ayında ermənilər tərəfindən doğma rayonundan
deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda
yaşamağa başlayır. 1993-2003-cü illərdə
Binəqədi rayonunda F.İsgəndərov adına
157 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə
isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasında ali təhsil alıb.
Azərbaycan
Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi
pilot Abbas Qasımov 2020-ci il sentyabrın
27-də başlanan Vətən müharibəsi zamanı
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Abbas
Qasımov sentyabrın 27-də Füzuli döyüşləri
zamanı baş leytenant Xalid Gözəlov ilə birgə
şəhid olub. II Şəhidlər
xiyabanında dəfn olunub.
Vətən müharibəsinin başladığı
birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov
və baş leytenant Xalid Gözəlov müharibənin ilk
şəhidləri oldular.
Ailəli olan şəhidimizdən Vətənə əmanət
2 övladı qaldı.
Abbas Qasımov
şəhadətindən sonra 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni,
"Vətən uğrunda" və "Qubadlının
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Amin Mayis oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə
Culfa rayonun Saltaq kəndində anadan olub.
Baş
leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki
Heydər Əliyev adına Hərbi Lisey
bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə daxil olub. Yüksək
hərbi biliklərə yiyələnən Amin Gülməmmədov
nümunəvi xidməti ilə seçilib.
2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant
kimi xidmətini davam etdirib. Daha sonra isə 2020-ci
ildə baş leytenant rütbəsini alıb.
Nümunəvi xidməti onu 27 sentyabr 2020-ci ildə
başlanan Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən
Daşaltıya doğru gedən döyüşlərdə
xüsusi rəşadət göstərib. Füzulinin,
Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad
olunması uğrunda qəhrəmanlıqla vuruşub və
noyabrın 4-də şəhidlik məqamına yüksəlib
və dekabrın 28-də Culfa rayon Saltaq kənd qəbiristanlığında
dəfn olunub.
Amin Gülməmmədov şəhadətindən sonra
"Cəsur döyüşçü" medalı ilə
təltif edilib.
***
Amid
Müqabil oğlu Məmmədov 1987-ci il
aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan
olub.
Amid Məmmədov 2005-2007-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə
müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu idi.
Azərbaycan
Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin,
Füzulinin, Şuşanın və Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Amid Məmmədov noyabrın 3-də
Xocavənd döyüşləri zamanı şəhid olub.
Qazax rayonunun Xanlıqlar kəndində dəfn
olunub.
Ailəli olan şəhidimizdən Vətənə əmanət
2 qız övladı qaldı.
Amid Məmmədov şəhadətindən sonra "Vətən
uğrunda" və "Şuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Bayram
Çərkəz oğlu Orucov 2001-ci il
fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan
olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd
Xosrov Cəfərov adına tam orta məktəbdə
təhsil alıb. Subay idi.
O, 2019-cu
ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmət
qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən
N saylı hərbi hissədə xidmət etmişdi.
Azərbaycan
Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə
polkovnik Şükür Həmidovun komandanlığı
altında savaşıb. Oktyabrın 24-də
Qubadlı istiqamətində döyüş
tapşırığının yerinə yetirilməsi
zamanı şəhid olub. Göyçay
rayonunda dəfn olunub.
Bayram Orucov şəhadətindən sonra "Vətən
uğrunda" və "Cəbrayılın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Elvin Azim oğlu İsizadə 2001-ci ildə sentyabrın
4-də Ağdam rayonunun Qaradağlı kəndində
dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində
təhsil almaqla yanaşı, Qaradağlı kənd Musiqi məktəbində
tar musiqi aləti üzrə də təhsil alıb. 2018-ci ildə kollecə qəbul olub. 2019-cu ildə isə könüllü olaraq hərbi
xidmətə gedib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı
və Xocavənd istiqamətində gedən döyüşlərdə
iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına
şəhidlik məqamına ucalıb.
Elvin İsizadə şəhadətindən sonra "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elsevər
Eyvaz oğlu Paxırov 1997-ci il iyulun 19-da Balakən
şəhərində anadan olub. 2004-2015-ci illərdə
Hənifə kənd tam orta məktəbində təhsil
alıb. Subay idi.
2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. 2017-ci ildən isə "gizir" hərbi rütbəsində
xidmət edirdi.
Azərbaycan
Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan
Elsevər Paxırov 2020-ci il sentyabrın
27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın,
Hadrut qəsəbəsinin və Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Elsevər Paxırov oktyabrın 10-da
Füzuli döyüşləri zamanı şəhidlik məqamına
yüksəlib. Balakən şəhərinin
Şəhidlər xiyabanında dəfn olunub.
Elsevər
Paxırov şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Xocavəndin azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Hafiz Xalid
oğlu Abdurrəhmanov 1989-cu il noyabrın
21-də Şəmkir rayonunun Sabir kəndində anadan olub.
1997-ci ildə
Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən
S.Rüstəmov adına tam orta məktəbində
1-ci sinifə gedib, 2005-ci ilə qədər həmin məktəbdə
təhsil alıb. 2005-ci ildə Cəmşid
Naxçıvanski adına Hərbi liseyə
daxil olub, 2008-ci ildə liseyi bitirib. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə
daxil olub, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant
rütbəsi ilə bitirib. 2012-2013-cü illərdə
Texniki Təlim Mərkəzində təhsil alıb.
2013-cü ildən Sumqayıt şəhərində yerləşən
N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ilin
əvvəlindən Qusar rayonunda yerləşən N saylı
hərbi hissədə bölük komandiri vəzifəsində
çalışıb. 2015-ci ildə həmin
hərbi hissədə xidməti dövründə baş
leytenant rütbəsini alıb.
2015-ci ilin payızından etibarən Bakı şəhərində
yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam
bölük komandiri vəzifəsində xidmətini davam
etdirib.
2019-cu ilin payızından etibarən Tərtər
rayonunda yerləşən N saylı hərbi hissədə
mühəndis-istehkam bölük komandiri vəzifəsində
xidmətini davam etdirib.
2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini
alıb.
Azərbaycan
Ordusunun kapitanı olan Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Ağdərə şəhəri
istiqamətində gedən döyüşlərdə
savaşıb və noyabrın 2-də Ağdərə
döyüşləri zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə yüksəlib. Şəmkir
rayonunda dəfn olunub.
Hafiz Abdurrəhmanov şəhadətindən sonra "Vətən
uğrunda" medalı və "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilib.
***
Hikmət Şubay oğlu Hacıyev 7 dekabr 1984-cü ildə
Şəmkir şəhərində dünyaya göz
açıb.
Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid
Naxçıvanski adına hərbi liseyə daxil olub.
2002-2006-cı illərdə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2006-cı ildə leytenant rütbəsi ilə hərbi
xidmətə başlayıb. 3 il Füzulidə
xidmət edib. 2014-cü ildə kapitan rütbəsi
alıb.
Azərbaycan
Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən
müharibəsində iştirak edib. Füzulinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
vuruşub. 2 oktyabr tarixində Füzuli
rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən
döyüşlərdə döyüş
yoldaşlarını xilas edərkən yaralanıb və
reanimasiyaya yerləşdirilib. 8 noyabr
2020-ci ildə Şuşanın azad edilməsi xəbərini
eşitdikdən sonra şəhid olub.
Ailəli olan şəhidimizin 7 yaşlı oğlu və
2 yaşlı qızı Vətənə əmanət
qaldı.
Hikmət Hacıyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
İmran
İlqar oğlu Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində,
Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya
göz açıb. 1996-cı ildə Sabunçu rayon Fikrət
Tağıyev adına riyaziyyat təmayüllü
72 saylı liseyə daxil olub. 2003-cü ildə isə Cəmşid
Naxçıvanski adına hərbi liseyə
qəbul olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
təhsil alıb. 2010-cu ildə Azərbaycan
Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində
təhsilini davam etdirib. 2011-ci ildə Təlim
Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi
alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi
xidmətinə başlayıb. 9 il
orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin
müavini kimi xidmətini davam etdirib. Hərbi xidmət
müddətində "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi
(1918-2018)", "Qüsursuz xidmətə görə"
medalları ilə təltif edilib.
Azərbaycan
Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il
sentyabrın 27-dən başlanan Vətən müharibəsinin
də iştirakçısı olub. 29 sentyabr
2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən
döyüşlərdə döyüş
tapşırığını yerinə yetirərkən
şəhid olub. II Şəhidlər
xiyabanında torpağa tapşırılıb.
İmran
Qurbanov şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilib.
***
Rəhim
Qədir oğlu Hüseynov 1984-cü il
iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə
Cəmşid Naxçıvanski adına hərbi
liseydə təhsil alıb. 2001-2005-ci illərdə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə isə Silahlı qüvvələrin
təlim və tədris mərkəzində təhsil alıb.
İngilis, rus, erməni dillərini mükəmməl
bilirdi.
Şəhid mayor Rəhim Hüseynov Azərbaycan
Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan
edilmiş və dəfələrlə
götürdüyü öhdəliyi müvəffəqiyyətlə
yerinə yetirmiş Əməliyyat İmkanları
Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
2020-ci ildə
NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli
Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan
sülhməramlı kontingentinin və eyni zamanda, Həmid
Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə
Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious
Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə
təltif olunan ilk və tək azərbaycanlı zabitdir.
O, xidmət
müddəti ərzində NATO təlimləri və
kursları çərçivəsində dünyanın
müxtəlif ölkələrində Azərbaycan Silahlı
Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan
bayrağını şərəflə daşıyıb.
Azərbaycan
Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun
azadlığı uğrunda gedən döyüşlərdə
iştirak edib. Oktyabrın 20-də Qubadlı
döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizin 3 övladı yadigar
qaldı.
Rəhim
Hüseynov şəhadətindən sonra "Qarabağ"
ordeni, "Vətən uğrunda", "Cəbrayılın
azad olunmasına görə" və "Qubadlının
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Rüfət
Mürvət oğlu Əsgərov 1981-ci il
avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində
anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda
Ə.Əliyev adına 204 nömrəli
tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə təhsil
alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə
Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbində (AAHM) alıb.
"Leytenant" hərbi rütbəsi ilə Rüfət
Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı
Qüvvələrinin Beyləqan rayonunda yerləşən N
saylı hərbi hissəsində, "baş leytenant" hərbi
rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən
N saylı hərbi hissəsində xidmət edib. "Kapitan"
hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə
şəhərində yerləşən N saylı hərbi hissədə,
2014-cü ildə isə Tovuz rayonunda yerləşən N
saylı hərbi hissədə xidmət edib. 2014-cü
ildə "mayor" hərbi rütbəsi ala Rüfət
Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
(AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi
idi.
Azərbaycan
Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Suqovuşanın azadlığı
uğrunda döyüşlərdə, həmçinin,
Ağdərə şəhəri istiqamətində gedən
döyüşlərdə savaşıb. Ermənistan
Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini
məhv edib, həmçinin, üç postun Azərbaycan
Ordusunun nəzarəti altına alınmasında fərqlənib.
Rüfət Əsgərov oktyabrın 14-də
Ağdərə şəhəri istiqamətində qəhrəmancasına
şəhidlik zirvəsinə ucalıb. II
Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizdən Vətənə əmanət
2 övladı qaldı.
Rüfət Əsgərov şəhadətindən sonra
"Vətən uğrunda" medalı ilə təltif
edilib.
***
Ramiz Vaqif
oğlu Qasımov 1975-ci il fevralın 17-də
Beyləqanda doğulub. 1981-1992-ci illərdə Beyləqanda 4
nömrəli tam orta məktəbində, 1992-1997-ci illərdə
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində
ali təhsil alıb.
1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin
Xəzər rayonu ərazisində yerləşən Qala
aviabazasında xidmət edirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin
arsenalında olan bütün tip vertolyotlarda uçuşlar
etmişdi.
2020-ci il iyul ayındakı Tovuz döyüşlərində
igidliklə döyüşüb. Ermənistan
Ordusunun dayaq məntəqələrinə və canlı
qüvvələrinə zərbələr, məhz
R.Qasımovun idarə elədiyi "Mi-17" döyüş
vertolyotu tərəfindən endirilib.
Azərbaycan
Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan
Ramiz Qasımov Vətən müharibəsi zamanı
"SPAYK" uzunmənzilli raketlərilə silahlanan
"Mi-17" vertolyotunun heyətində Madagiz və
Talış istiqamətlərində Ermənistan Ordusunun hərbi
hədəflərini məhv edib.
Ramiz
Qasımovun rəhbərliyi altında "Mi-17" hücum
vertolyotu ilə "Dağlıq Qarabağ"
separatçı rejiminin Müdafiə Ordusunun arsenalında
olan üç ədəd "9K33 OSA" ZRK məhv edilib və
qarşı tərəfə ümumi olaraq 31 milyon dollar məbləğində
ziyan dəyib.
Azərbaycan
Hərbi Hava Qüvvələrinin "Rəşadət"
ordenli zabiti Coşqun Rüstəmovun sözlərinə
görə, R.Qasımov idarə etdiyi "SPAYK" uzun mənzilli
raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə
cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində
Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini
məhv eləmişdi. Onun idarə etdiyi
"Mi-17" hücum vertolyotu təyin olunan vaxtdan 20 dəqiqə
tez havaya qalxıb. Hava hücumu zamanı "SPAYK"
uzun mənzilli raketlərilə Ermənistan Hərbi Hava
Qüvvələrinin Hava Hücumundan Müdafiə
Qoşunlarının (HHM) üç ədəd "OSA"
ZRK və bir ədəd Repellent "P-19" Radiolocation
stansiyası dəqiq atəş zərbələri ilə məhv
edilib.
Onun rəhbərliyi altında məhv edilən dörd
qurğudan üçü motoatıcı diviziyanı və
başqa qüvvələri aşağıdan uçan hava
hücum silahlarından qoruyan "9K33 OSA" özüyeriyən
Zenit Raket Kompleksidir. Bu qurğuların məhv edilməsi, Tərtər-Madagiz-Talış
istiqamətlərində Azərbaycan Ordusunun artilleriya
üstünlüyünə sahib olmasına şərait
yaratmışdı.
R.Qasımovun rəhbərliyi altında məhv edilən
4-cü qurğu isə Rusiya istehsalı olan Repellent
"P-19" radiolokasiya stansiyasıdır. Həmin qurğu uzaq məsafədən
Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini
ələ alır, onun iş rejimini pozur və məhvinə
səbəb olur. Müharibə zamanı Azərbaycan
Ordusunun arsenalında olan PUA-dan geniş istifadə
olunduğunu nəzərə almaqla həmin qurğuların məhv
edilməsi önəmli hədəflərdən biri idi.
Sentyabrın 27-də səhər saatlarında Hərbi hədəflərin
məhv edilməsindən sonra R.Qasımovun idarə etdiyi
"Mi-17" hücum vertolyotu aviabazaya geri dönür. Vertolyot Tərtərin
Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan HHM
bölmələri tərəfindən vurulur. Nəticədə vertolyot sürətlə
hündürlüyünü itirməyə başlayır.
R.Qasımov dərhal bortda olan digər 2 nəfər
heyət üzvünə vertolyotdan "atılma" əmrini
verir. Özü isə "Mi-17" hücum vertolyotunun
1500 nəfərin yaşadığı Azad Qaraqoyunluda
yaşayış evlərinə düşməməsi
üçün sürətlə
hündürlüyünü itirən vertolyotu xüsusi
ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə
başlayır və bunu bacarır. O, son anda paraşütlə
vertolyotdan atılsa da, başından ağır zərbə
alaraq əvvəlcə Bərdə Rayon Xəstəxanasına,
sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına
aparılır. Koma vəziyyətində 25
gün qalandan sonra oktyabrın 22-də şəhid olur. Qəhrəman pilot II Şəhidlər
xiyabanında dəfn edilib.
Günel Qasımova adlı xanımla ailəli olan şəhidimizin
Gülanə və Gülay adında qızları, Vaqif
adında isə oğlu yadigar qalıb.
Ramiz Qasımova şəhadətindən sonra "Vətən
Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin,
o, "Vətən uğrunda" və "Ağdamın
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Xaliddin Zəkər oğlu Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub.1987-1998-ci illərdə S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.
Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə və bu xalqa əmanət bir qızı və bir oğlu qaldı.
Xaliddin Veyisli şəhadətindən sonra
"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 12 avqust.- S.14-15.