“Şərq qapısı” qəzeti və Hüseyn Razi
Azərbaycan mətbuatı tarixində özünəməxsus məktəb yaratmış mətbuat orqanlarından biri də “Şərq qapısı” qəzetidir. Naxçıvanın 100 illik inkişafının bütün mərhələlərini öyrənmək baxımından ən mötəbər mənbə olan qəzetin Azərbaycan publisistikasının inkişafında da müstəsna xidmətləri vardır. Naxçıvanın ictimai-siyasi həyatı ilə yanaşı, ədəbi-mədəni mühitinin təbliğində də böyük rol oynayan “Şərq qapısı” qəzeti ölkəmizdə milli dövlətçiliyin, maarifçiliyin, inkişafın daha da möhkəmləndirilməsi yollarında uğurla addımlamaqdadır. Bütün bu xidmətləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu Sərəncam muxtar respublikda sözə, yaradıcı təfəkkürə dövlət səviyyəsində verilən qiymətin əməli ifadəsi, həm də qəzetin yaradıcılıq fəaliyyyətinə stimul verən mühüm tarixi sənəddir.
Ədəbiyyat və mənəviyyat məktəbi olan “Şərq qapısı” qəzetinin bir sıra görkəmli publisist, yazıçı və şairlərin yetişməsində böyük rolu olmuşdur. Qəzetdə formalaşan ənənələrdən faydalanan və qəzetin inkişafında böyük xidmətləri olan ədiblərimizdən biri də şair və publisist Hüseyn Razidir. XX əsr Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndələrindən olan Hüseyn Razi zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə özünəməxsus mövqe qazanmış sənətkarlardandır. Milli ədəbiyyatımıza dəyərli töhfələr verən, qələmə aldığı şeirləri, poemaları, nəsr, dramaturgiya, ədəbi tənqid və publisistika nümunələri ilə ədəbiyyatımızı zənginləşdirən H.Razi əsərlərində xeyirxahlığı, əməyi, humanizmi, bir sözlə, nəcib insani duyğuları yüksək sənətkarlıqla tərənnüm etmişdir. O, bir çox şair və yazıçının üzə çıxarılması, istiqamətləndirilməsi və ədəbi mühitdə parlamasında mühüm rol oynamış, akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi “Hüseyn Razi “Şərq qapısı” şeir məktəbinin yaradıcısıdır. O, “Şərq qapısı”nda geniş mənada ədəbiyyata, xüsusən də şeirə böyük qapı açmışdı. İstedadlı şairlərimizdən çoxları həmin mətbuat qapısından keçərək ədəbiyyata gəlmişlər. Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər “Şərq qapısı” qəzetində və Hüseyn Razi ədəbi məktəbində yetişib formalaşmışlar”.
Onun yaradıcılığında bədii əsərləri ilə yanaşı, publisistikası da aparıcı mövqe tutmuşdur. Publisistikanın siyasi mübarizlik, müasir həyatı və hadisələri tənqidi cəhətdən təhlil və tədqiq etmək, siyasi-ictimai problemlərin ən mühüm ifadə vasitəsi olması kimi cəhətləri H.Razini publisistikaya bağlayan ən mühüm amillərdir. Razi doğma yurdunun ictimai-siyasi problemlərini bədii yaradıcılığında təsvir etməklə kifayətlənməmiş, bu məsələlərin qəlbində, düşüncəsində yaratdığı əks-sədanı daha geniş oxucu kütləsinə çatdırmaq üçün davamlı olaraq publisistikaya müraciət etmişdir. Onun mətbuatda dərc etdirdiyi yazılarının bir qismi imzasız, digər qismi isə “Hüseyn Razi”, “H.Razi” və “H.Rzayev” imzaları ilə çap olunmuşdur. İmzasız məqalələrin əksəriyyəti “Şərq qapısı” qəzetində dərc edilən bəzi baş məqalələr və “Bizim təqvim” rubrikası ilə müxtəlif şair və yazıçılara həsr olunan yazılardır. 1947-ci ildən “Şərq qapısı” qəzeti ilə əməkdaşlığa başlayan Razi, 1949-1952-ci illərdə həmin qəzetdə şöbə müdiri, 1955-1959-cu illərdə ədəbi işçi, 1962-1989-cu illər ərzində isə sözügedən qəzetin “Ədəbiyyat və incəsənət” şöbəsinə rəhbərlik etmişdir. Məqalələri respublika daxilində bir sıra mətbuat səhifələrində dərc olunsa da, onun publisist kimi yetişməsində “Şərq qapısı” qəzetinin mühüm rolu olmuşdur. Əlli ilə yaxın bu qəzetdə müxtəlif məzmunlu məqalələrlə çıxış edən H.Razinin publisistikasının əsasını “Şərq qapısı”nda dərc etdirdiyi yazıları təşkil edir. “Şərq qapısı” qəzetinin həm H.Razinin istedadlı bir publisist kimi yetişməsində, həm də Naxçıvandakı bir sıra ədəbi qüvvələrin Hüseyn Razi məktəbindən keçərək formalaşmasında böyük rolu olmuşdur.
Publisistik fəaliyyətə 1948-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Çobanın qoçaqlığı” məqaləsi ilə başlayan Razinin felyeton, oçerk, məktub, müsahibə, replika, rəy, çıxış, gündəlik qeyd, xatirə və başqa janrlarda qələmə aldığı yazıları dövrünün ən mühüm ictimai-siyasi məsələlərinə həsr olunmuşdur. Onun publisistikasında Naxçıvan Muxtar Respublikasının tərəqqisi, gözəlliyi, inkişafı, sənayesi, kənd təsərrüfatı və mədəni quruculuq sahəsindəki nailiyyətləri, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsindəki uğurların təsviri, II Dünya müharibəsində iştirak edən naxçıvanlı döyüşçülərin şücaət və qəhrəmanlığı, Arpaçay dəryaçasının inşası, müxtəlif peşə və təsərrüfat sahələrində çalışan əmək adamlarının uğurları, görülən işlərə tənqidi yanaşma, müşahidə edilən nöqsanların obyektiv şəkildə dəyərləndirilməsi məqamları əsl publisist məharəti ilə işıqlandırılmışdır. 1940-1990-cı illər Naxçıvanın ictimai-siyasi və mədəni həyatında elə bir məqam tapılmaz ki, H.Razi qələmi ilə ictimailəşməsin. Yüksək istedad və zəngin dünyagörüşündən irəli gələn məqamdır ki, “Şərq qapısı” qəzetinin əsas müxbirlərindən biri kimi ən mühüm tədbir, görüş, səfər təəssüratlarının işıqlandırılması H.Raziyə həvalə olunmuşdur. Onun SSRİ tərkibindəki respublikalara səfər təəssüratlarını əks etdirən oçerkləri, yol qeydləri, etüdləri, xatirələri, Bakıda və Naxçıvanda keçirilən ədəbiyyat və incəsənət günlərində, gənc yazıçıların respublika müşavirəsində, “Şərq qapısı” qəzetinin müxtəlif şəhərlərdə təşkil etdiyi oxucular konfransında və dəyirmi masalardakı çıxışları, ölkənin bir sıra tanınmış dövlət və incəsənət xadimləri ilə müsahibələri, müxtəlif sahələrdə müşahidə etdiyi nöqsanların tənqidinə həsr etdiyi replika, felyeton və satiraları, Azərbaycanın bir sıra ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri və onların Naxçıvanla əlaqələrinin əks olunduğu məqalələri onun peşəkar jurnalist məharətini göstərən əhəmiyyətli publisistika nümunələridir. Eyni zamanda “Şərq qapısı” qəzetindəki əksər baş məqalələrin yazılmasının H.Raziyə həvalə olunması qəzetdəki əhəmiyyətli mövqeyinin göstəricisi, ona oxucu sevgisi qazandıran yüksək istedadının, zəhmətsevərliliyinin nəticəsi idi.
H.Razi “Şərq qapısı” şeir məktəbinin yaradıcısı kimi bir çox gənc şair və yazıçının formalaşması və ədəbi mühitdə parlamasında da mühüm rol oynamışdır. O, həmin qəzetdə “Ədəbiyyat və incəsənət” şöbəsinə rəhbərlik edərək yeni nəsil yazıçı və şairlərin üzə çıxarılması və istiqamətləndirilməsində mühüm rol oynamaqla yanaşı, çap etdirdiyi ədəbi icmallar dövrün yaradıcılıq mühitinin həm salnaməsi, həm də inkişafın istiqamətlərini müəyyən edən bələdçisi olmuşdur. Onun “Söz ürəkdən gələndə”, “Dolğun misralar axtarışında”, “Məqsəd gözəl olsa da”, “Fikir təzələnsin, söz təzələnsin” yazılarında ayrı-ayrı gənc şairlərin şeirləri təhlil süzgəcindən keçirilmiş, üstün və nöqsanlı tərəfləri aydınlaşdırılmış, gələcək uğura gedən yolun əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Sonrakı illərdə H.Razi məktəbində püxtələşən əksər yazıçı və şairlərin xatirələrində öz müəllimlərinə yüksək ehtiram və etiraflarının ən səmimi duyğularla təqdim olunması onun zəhmətinin, tələbkarlığının hədər getmədiyini bir daha sübut edir. Doğrudan da, Naxçıvan ədəbi mühitinin əksər nümayəndəsinin ilkin yaradıcılıq məktəbi olan “Şərq qapısı” qəzetinin və həyatını istedadlı, yaradıcı ədəbi gəncliyin formalaşmasına həsr etmiş H.Razinin yüksək tələbkarlığının nəticəsidir ki, bu gün muxtar respublikamızın ədəbi mühiti istedadlı şair və yazıçılarla təmsil olunur. Bu mənada Naxçıvanda yaşayıb-yaradan və formalaşan ədəbi nəsillər “Şərq qapısı” qəzetinə və müəyyən zaman kəsiyində bu qəzetin ədəbiyyat məktəbini formalaşdıran H.Raziyə minnətdar olmalıdırlar.
Sonda onu deyə bilərik ki, əsas həyat amalı Naxçıvana xidmət olan, bədii və publisistik yaradıcılığında doğma torpağının ictimai-siyasi problemlərini ustalıqla işıqlandıran, yaradıcı ədəbi gəncliyin formalaşması istiqamətində bütün qüvvəsi ilə çalışan H.Razinin “Şərq qapısı” qəzetindəki fəaliyyəti və dərc etdirdiyi yazıları 1940-1990-cı illər Naxçıvanın ictimai-siyasi və mədəni həyatının öyrənilməsində qiymətli mənbə, əhəmiyyətli qaynaqdır.
Sahab Əliyeva,
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru
525-ci qəzet.- 2021.- 12 avqust.- S.13.