Xeyriyyəçilik: yaşanan və
yaşadılan ənənələr
Bakının 32 kəndinin hər birinin özünəməxsus
xüsusiyyətləri var. Xəzər rayonun inzibati ərazisindəki
Buzovnanın özəllikləri onun əhalisinin məşğuliyyətində,
təsərrüfatçılıq ənənələrində,
həyat tərzində ehtiva olunur. Burada
yaşayışa üç min il əvvəl
başlandığı söylənilir. Xəzərin
sahilində - qumluq və qayalıq ərazidə yerləşən
kəndin insanları təbii şəraitin xüsusiyyətlərinə
uyğun istiqanlı və dəyanətli, mehriban və mərddirlər.
Abşeronun
digər kəndləri kimi tarixi abidələrlə zəngin
olan Buzovna
özünün ziyalıları, elm və sənət
adamları ilə də fəxr edir.
Özlərini qədim türk tayfası
olan boz oğuzların törəmələri sayan
buzovnalıların yaşlısı da, cavanı da doğma kəndin
tarixinə yaxşı bələddir. Kəndin
əhalisinin kimliyi haqqında ilk yazılı mənbə rus
şərqşünas-səyyah İlya Beryozin (1818-1896)
"Dağıstan və Cənubi Qafqaza səyahət" əsəridir.
Ölkəmizin sosial-iqtisadi inkişafına xas olan
sürətli yeniləşmə Xəzər rayonu, xüsusən,
Buzovna üçün də xarakterikdir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş
miqyaslı quruculuq işləri ilə yanaşı, burada
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın deputatlıq
fəaliyyəti dövründəki xidmətləri, Heydər
Əliyev Fondunun gördüyü işlər böyük
ehtiramla xatırlanır. Dövlətimizin
rəhbərlərinin diqqəti və qayğısı sayəsində
Xəzər rayonunun və onun yaşayış məntəqələrinin
dinamik inkişafı davam edir. Sosial sahədə
uğurlu dövlət siyasətinin həyata keçirilməsi
ilə yanaşı, xeyriyyə tədbirləri də əhalinin
həssas təbəqələrinin rifahına müsbət təsir
göstərir.
Buzovna
sakinləri - Əməkdar artist hacı Mirzə Ağabəyli,
Məşədi Qərib və Cümə məscidlərinin
imamı hacı Şəhriyar Salami, tanınmış
ziyalı hacı Əlisurət Məmmədov, "Əli
ayağı" ziyarətgahının imamı hacı Maarif
Niftullayev ilə söhbətimiz bu qədim yurdda nüfuzlu
şəxslər tərəfindən əsası qoyulmuş
və bu gün də vətənpərvər, səxavətli
insanların davam etdirdiyi xeyriyyəçilik ənənələri
barədə oldu.
Hacı Mirzə Ağabəyli deyir ki, hər bir kənd
öz xeyriyyəçilərini yaxşı tanıyır. Xüsusən də, kənd
ağsaqqalları, ağbirçəkləri və din xadimləri...
Məsələn, Buzovnanın nüfuzlu nəsillərindən
birinin nümayəndəsi hacı Namulla bəyin xeyriyyəçiliyi
barədə söhbətlər yüz ildən çoxdur ki,
nəsildən-nəsilə ötürülür. Onun ata-babası din xadimi, özü isə
tanınmış tacir olub. Hacı Mirzə belə bir əhvalat
nəql edir: "Namulla bəyin Mərdəkanda bir əczaçı
dostu varmış, hərdən gedib ona baş çəkərmiş:
birlikdə çay içər, söhbət edərmişlər...
Bir dəfə Namulla bəy əczaxanada
olduğu vaxt oraya yaşlı bir qadın gəlir və dərman
istəyir. Əczaçı ona dərmanın
iki saata hazır olacağını bildirir. Qadın Buzovnadan gəldiyini, iki saatdan sonra
havanın qaranlıqlaşacağını və kəndə
qayıtmağa çətinlik çəkəcəyini
bildirir. Namulla bəy qadına deyir ki,
"Ana, sən resepti ver əczaçıya qayıt, mən
buzovnalıyam, evə gələndə sizin dərmanınızı
da gətirərəm".
Bu hadisədən sonra Namulla bəy
doğma kəndinin adamlarının bu məsələdə əziyyət
çəkməməsi üçün öz evinin bir hissəsini,
təmənnasız olaraq, əczaxana üçün
ayırır". Başqa bir əhvalatda isə
bildirilir ki, Azərbaycanın hər yerində aclıq olan
vaxtlarda Namulla bəy ticarət işləri ilə əlaqədar
Krasnovodskdaymış (indiki Türkmənistan Türkmənbaşı
şəhəri)... Aclığın Buzovnaya da
sirayət etdiyini eşidir və qardaşı Nəcəfə
teleqram vurur ki, orada anbarları aç, kənddə hər
ailəyə yeddi girvənkə arpa və buğda payla, qoy
camaat bir müddət dolana bilsin. Vaxt
ötür, Namulla bəy Bakıya qayıdır. Qardaşı Nəcəf onun Bakıda
olmadığı müddətdəki haqq-hesabı təqdim
edəndə, Namulla bəy görür ki, buğda və arpa
camaata paylanmayıb. Səbəbini
soruşanda qardaşı deyir saxladım ki, baha satıb,
çox pul qazanaq. Namulla bəyin qardaşına
acığı tutur: "Bu camaat acından
qırıldıqdan sonra səninlə mən kimə
lazımıq?" - deyir. Bax, Buzovnada belə
xeyriyyəçi kişilər və xeyriyyəçilik ənənələri
olub...
Hacı Mirzə Ağabəyli Azərbaycanda xeyriyyəçilik
ənənələrinin yaranmasında misilsiz xidmətləri
olan Hacı Zeynalabdin Tağıyevın, Ağamusa
Nağıyevin adlarını xüsusi ehtiramla çəkir. On beş
il əvvəl o, "Yük" filmində Ağamusa
Nağıyevin obrazını canlandırıb. Əməkdar
artist qənaətcilliyinə görə camaat arasında
"xəsis" kimi tanınan Ağamusaya Hacı Zeynalabdinin
dediyi sözləri xatırladır: "Ağamusa, tanrı
bu günah dünyasında hamının çiyninə
daşımaq üçün bir yük qoyub. Ona
ömür yükü deyirlər. Ömür
yükümüz nə qədər ağır olsa, izimiz də
bir o qədər dərin qalar... Yoxsa bu fani
dünyada yaşamağa dəyməz".
Hacı
Mirzə deyir ki, camaatın necə dolandığı bir məclislərdə
bilinir, bir də dükanlarda... Xüsusən də,
çörək, ərzaq dükanlarında... İndi qədim
əşyalar muzeyini xatırladan "Bərəkət"
çörək dükanını iyirmi beş
il əvvəl açdığını bildirən Hacı
Mirzə deyir: "Ötən illər ərzində kimlər
camaata nə köməklik göstəribsə, hamısı
bu dükanın sirridir. Müxtəlif vaxtlarda
ayrı-ayrı şəxslər dükanımızın
"nisyə dəftəri"ndəki borcları
bağlayıblar".
"İmkansızlıq" nədir? Hacı Mirzə sənət
adamı olaraq, belə bir mənzərəni təsvir etməklə
bu sualın cavabını verir: "Baxırsan ki, azan vaxtıdı,
yağış yağır, bir uşaq bayırdan
yüyüyərək özünü dükana
çatdırır: "Anam deyir ki, on-on beş günlüyə
bizə hər gün iki çörək nisyə verə bilər?"
Bilirəm ki, dul qadındır, əri vəfat
edib, dörd uşaq böyüdür. Çörəkləri
veririk. On beş gündən sonra
qadın gəlir ki, bəs göyərti əkmişdim həyətdə,
pula getmədi. Ona deyirik ki, sən narahat olma, hər
gün uşaq gəlib çörəkləri
götürsün". Hacı Mirzə
son dörd ildə məhz belə imkansız adamların
ehtiyaclarını, dükana yaranan borclarını bir nəfər
şəxsin müntəzəm ödədiyini, lakin
adının heç vaxt açıqlanmasına razı
olmadığını bildirir. Hacı deyir: "O,
müqəddəs dinimizin tələbini əsas göstərir:
sağ əlin verdiyini sol əl bilməməlidir. Yoxsa bəziləri kimi, özünü
televiziyalarda, sosial şəbəkələrdə reklam etmək
ədəb-ərkana, dinə-imana sığan məsələ
deyil".
Şan-şöhrət üçün
xeyirxahlığı İslam dini qəbul etmir. Əsl xeyriyyəçi
nəinki heç yerdə öz adının çəkilməsini
istəməz, heç yaxşılıq etdiyi şəxslərin
də bunu kiməsə bildirməsinə razı olmaz. "Əl tutmaq Əlidən qalıb", - deyərlər.
Xeyriyyəçiliyin elmi, savadı, qəhrəmanlığı,
şücaəti və mərhəməti ilə müsəlman
aləminin ideallarından, peyğəmbər əleyhissəlamın
ən sadiq ardıcıllarından olan görkəmli bir şəxsiyyətin
adına bağlanması təsadüfi
deyildir. Buzovnanın gənc din xadimi, Məşədi
Qərib və Cümə məscidlərinin imamı hacı
Şəhriyar Salami ibrətamiz misallar çəkir, müqəddəs
"Qurani-Şərif"in ayələrinə istinad edir.
"Əl-Bəqərə" surəsində
öz malını çox sevməsinə və ona
ehtiyacı olmasına baxmayaraq, Allah eşqinə
qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara və digər
imkansızlara verənlər həqiqi yaxşılıq edənlər
kimi səciyyələndirilir. Müqəddəs
dinimiz insanları yalnız yaxşılıq və
xeyirxahlıq etməkdə birləşməyə
çağırır. "Qurani-Şərif"in
"Əl-Maidə" ("Süfrə") surəsinin
ikinci ayəsində deyilir: "Yaxşılıq etməkdə
və pis əməllərdən çəkinməkdə əlbir
olun, günah iş görməkdə və düşmənçilik
etməkdə bir-birinizə kömək göstərməyin".
Xəzər rayonunda, xüsusən də, Buzovnada hazırda davamlı xeyriyyəçilik fəaliyyəti göstərən, lakin adının çəkilməsinə razı olmayan o hörmətli və nüfuzlu şəxs nəinki şəhid ailələrinin, müharibə əlillərinin, veteranların və imkansızların ehtiyaclarının ödənilməsinə müntəzəm maddi dəstək göstərir, üstəlik, qəsəbənin dini-tarixi abidələrinin, bu qədim yurdun mədəni-mənəvi irsinin qorunmasına və zənginləşdirilməsinə də kömək edir. Onun maddi dəstəyi ilə Buzovnadakı Cümə məscidində isti döşəmə quraşdırılıb, Məşədi Qərib məscidi üçün ləvazimat alınıb, təkcə yerli camaatın deyil, respublikamızın müxtəlif guşələrindən və xaricdən gələn qonaqların da müqəddəs bir məkan kimi baş çəkdikləri "Əli ayağı" ziyarətgahında bərpa və abadlaşdırma işləri aparılıb, digər sosial yönümlü tədbirlər görülüb. Hər il Qurban və Ramazan bayramlarında məscidlərdə ehsanatlar təşkil edilir, sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq payı təqdim olunur.
Hacı Əlisurət Məmmədov deyir ki, koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi, iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edildiyi dövrlərdə xeyriyyəçi vətəndaş Buzovnada və digər qəsəbələrdə humanist fəaliyyətini daha da genişləndirib. Belə ki, sərt karantin rejiminin davam etdiyi müddətdə 250-yə yaxın ailəyə ayda iki dəfə ərzaq payı verilib. Bu zaman ərzaq yardımı göstəriləcək ailələr qəsəbənin nüfuzlu ağsaqqalları, din xadimləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanları nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilib. Şəhid ailələri, müharibə əlilləri və veteranlarının ehtiyaclarına isə xüsusi diqqət və qayğı ilə yanaşılır. Xeyriyyəçinin xahişi ilə, Buzovnanın din xadimləri və nüfuzlu şəxsləri 44 günlük Vətən müharibəsinin Xəzər rayonundan olan şəhidlərinin ailələrinə baş çəkib, onlar üçün ayrılmış maddi yardımı çatdırıblar. Hacı qeyd etdi ki, hazırda Buzovnadakı daha yeddi dükanda imkansız ailələrə pulsuz çörək və bəzi zəruri ərzaq məhsullarının verilməsi təmin olunur.
Xəzər rayonu paytaxtımızın sürətlə inkişaf edən inzibati ərazilərindən biri, Buzovna qəsəbəsi isə onun ilbəil siması gözəlləşən bir guşəsidir. "Abşeron qəsəbələrinin memarlıq siması" adlı müsabiqənin ötən ilin sonunda keçirilmiş ikinci mərhələsində məhz bu qəsəbənin əsaslı bədii üslub və mühit məkan konsepsiyasının, landşaft planlaşdırma, küçə və məhəllələrin memarlıq həllinin müəyyənləşdirilməsi, əhalinin mövcud ictimai-iqtisadi şəraitinin yaxşılaşdırılması imkanları nəzərdən keçirilib, müsabiqənin qalibi olan layihələr seçilib. Bu layihələr əsasında tezliklə Buzovnanın yeni siması yaranacaq. Təbii ki, yeniləşən bu qədim yaşayış məskəni öz tarixi ənənələrini də qoruyub saxlayacaq və onu sevənlərin sayəsində daha zənginləşdirəcəkdir. Əminik ki, əsasını mərd və səxavətli kişilərin qoyduğu, bu gün Buzovnada yaşadılan xeyriyyəçilik ənənələrinin geniş yayılması, imkanlı şəxslərin bu savab işə könül verməsi dövlətimizin apardığı sosial siyasətə mühüm dəstək olar.
Elşən ƏLİYEV,
Əməkdar jurnalist
525-ci qəzet.- 2021.- 12 avqust.- S.12.