Yaşasın musiqi
"SİZ
AĞABACI RZAYEVANI TANIYIRSINIZMI?"
Sizi
inandırıram, əgər küçəyə
çıxıb 10 qadının qarşısını kəsərək
bu sualı onlara versəniz, gözlərini döyüb təəccüblə
üzünüzə baxacaqlar: "Yox, tanımıram. O,
kimdir ki?"
Amma nəinki
həmin on qadının onunun da, hətta bu gün təcrübəli
ana, cavan nənə olan yüz minlərlə, bəlkə də
milyonlarla qadının - Azərbaycan xanımlarının bir
neçə nəslinin Ağabacı Rzayevanın bəstələdiyi
"Kuklam" mahnısını oxuya-oxuya
böyüdüyünə şübhəniz olmasın.
Mən hələ
"Qaranquş"u, onlarla digər gözəl uşaq
mahnısını, habelə dillər əzbəri olan lirik
şərqiləri, romansları demirəm!
Dahi Üzeyir bəyin ən sevimli tələbələrindən
olan Ağabacı Rzayeva nəinki Azərbaycanda, ümumiyyətlə,
Şərqdə peşəkar təhsil almış ilk qadın
bəstəkar, tarda peşəkarlıqla ifa edən ilk
qadın tarzənlərdən olub.
Bir çox mahnılarının sözlərini də
Ağabacı xanım özü yazıb.
Amma çifayda, neçə illərdir ki, bütün
Azərbaycan onu unudub - elə bil bu adda bəstəkar
olmayıb, bu əsərləri o, bəstələməyib.
Nə televiziyada, nə mətbuatda, nə də sosial
şəbəkələrdə onu yada salan, xidmətlərindən
söz açan var.
Bu boyda ədalətsizlik, haqsızlıq, bu boyda
biabırçılıq olarmı?
Bəs hanı bizim Bəstəkarlar İttifaqı, həşəmətli
musiqişünaslar, "qədirbilən" jurnalistlər?
Nə gizlədim, bu xəcalətdən elə mənim
özümə də pay düşür. Ötən əsrin
80-ci illərinin sonlarında işlədiyim "Bakı"
qəzeti üçün Ağabacı xanımdan yazı
hazırlamaq fikrinə düşdüm. Şöbə
müdirinin köhnə telefon kitabından onun telefon nömrəsini
götürüb zəng vurdum. Dəstəyi
bir qadın qaldırdı. Elə bildim
Ağabacı xanımdır. Təzəcə
xoş-beşə başlamışdım ki, xəttin o
başındakı qadın yumşaq səslə dedi ki,
danışan Ağabacı yox, onun bacısıdır.
Ağabacı xanımı soruşanda qadın bu dəfə
yorğun səslə - "Ağabacı 1975-ci ildə vəfat
edib" - dedi.
Nə hala düşdüyümü təsəvvür
edirsinizmi? Yer
yarılsaydı, xəcalətimdən yerə girərdim...
Ertəsi gün Ağabacı xanımın
bacısı Ruqiyyə xanım atası tarzən Məşədi
Fərəc haqqında yazdığı kiçik həcmli
"Xatirələr" kitabını götürüb
redaksiyaya gəldi. İlahi, mənə nə mane oldu ki, onunla lazım olan
söhbəti edib lazım olan yazını yaza bilmədim?!.
Bəlkə düşdüyüm şok vəziyyətindən
çıxa bilməmişdim, bəlkə onun üzünə
xəcalətdən baxa bilmirdim - ona görə?
...Aradan
on illər keçib və mən bir gün Ağabacı
xanımın ruhu qarşısında öz
günahımı azacıq da olsa yumaq istədim, dahi
pianoçumuz Vaqif Mustafazadənin bənzərsiz ifasında bəstəkarın
bir vaxtlar dillər əzbəri, toylar bəzəyi olan
"Evimizə gəlin gəlir" mahnısının
melodiyalarını toy məclislərində çəkilmiş
fotolara calaq edərək bir videoçarx hazırlayıb
feysbuk səhifəmdə paylaşmaq istədim. Dedim qoy bu
ifadan xəbəri olmayanlar baxıb görsünlər ki,
V.Mustafazadə təkrarsız improvizasiyaları, "Segah" ladında
qeyri-adi gəzişmələri ilə bu gözəl
mahnını necə səsləndirib!
Amma deyim ki, bu melodiyaya uyğun fotolar axtaranda 2-ci dəfə,
özü də daha mükəmməl şəkildə xəcalət
çəkdim. Təsəvvür edin, internetdə
yüzlərlə fotonun içindən üzə
çıxarılası, bizim milli toy ənənələrinə
uyğun 10-15 foto tapa bilmədim. Əvəzində
qarşıma görün nə şəkillər
çıxdı - gəlin arxadan bəyin belinə
tullanır.., bəy gəlinə sanki təpik atır.., gəlin
öz toyunda keçi kimi atlanıb-düşür...
Nə isə...
Belə
getsə, vallah, biz dəyərli musiqi incilərimizi
özümüzdən küsdürəcəyik...
İLK
DƏFƏ SƏTƏLCƏM OLMAĞIMIN 50 İLLİK
"YUBİLEYİNƏ"
Mən bu
sirri düz 50 il idi ki, ürəyimdə gəzdirib
heç kimə açmırdım. Amma indi dostlarımın
arasında əsl musiqini duyan, məni o vaxtkı hərəkətimə
görə qınamayacaq həssas insanların olduğunu nəzərə
alıb axır ki, ürəyimi boşaltmaq qərarına gəldim...
Fikrət Əmirovun "Azərbaycan
kapriççiosu" əsəri mənim ruhuma hakim kəsiləndə
uşaq idim. Nə sirr idisə, bu əsərin
melodiyalarını eşidəndə bir növ "trans"
vəziyyətə düşüb özümü
qeyri-müəyyən, irreal bir məkanda hiss edir, ruhum təzələnirdi.
Mən bu əsəri az qala hər gün,
təkrar-təkrar dinləməyə hazır idim, amma belə
bir şansım yox idi - o vaxtlar səsyazan diktofonlar,
maqnitofon-filan hələ məişətimizə daxil
olmamışdı, audioyazı şəbəkəsi isə
ara mahnıların yazıları ilə alver edirdi. Ona görə də
ümid qalırdı eyvanımızın divarından
asılmış balaca radioya. Bilirdim ki, həftənin
müəyyən günlərində, müəyyən
saatlarda orada "simfonik musiqi saatı" rubrikası ilə
simfonik əsərlər səsləndirilir və
kapriççionu növbəti dəfə məhz həmin
vaxtlarda eşidə bilərəm. Odur ki, gecə
hamı yatandan sonra radionun səs düyməsini burub ən
son vəziyyətə qoyurdum ki, əsər səslənəndə
uzaqda da olsa eşidim...
...Və
qarlı-şaxtalı qış günlərinin birində
yuxuda kapriççionun melodiyalarını eşitdim... Gözlərimi açan kimi bildim radiodur. Məni saxlamaqmı olardı? Yerimdən
dik atılıb elə alt paltarındaca eyvana cumdum.
Eyvanımız
açıq olduğundan isti pəncələrim şaxtadan az qala buz bağlamış döşəməyə
dəyəndə canıma qəribə bir üşütmə
axdı... Amma buna fikir vermədim, döşəmədə ləpir
sala-sala irəliləyib radionun altında düz 8 dəqiqə
heykəl kimi dayandım və öz musiqimi dinlədim...
İfa
başa çatandan sonra həmin o irreal məkandan
eyvanımıza dönüb sevinc qarışıq təəssüflə
otağa qayıtmaq istəyəndə gördüm ki, ayaqlarım
az qala döşəməyə
yapışıb və dişim dişimə dəyir.
Ayaqlarım və əllərim keyimişdi... Döşəmədən
"qopub" özümü otağa ataraq yenidən isti
yorğan-döşəyə girdim...
Amma
artıq gec idi!..
Səhəri gün yataqdan qalxanda həyatımda ilk dəfə
başım necə fırlandısa, ayaq üstə dayana bilməyib
döşəməyə yıxıldım və bu
yıxılmaqla da ən azı 10 gün yataqdan qalxa bilmədim. Həmin o 10 gündə
yanımdan aralanmayan anamın tez-tez dediyi sözlər indi də
qulaqlarımda səslənir: "Sənə nə oldu, a
bala? Sən ki soyuğa belə asan təslim olan deyildin..."
Aradan 50 il keçib. Bu 50 ildə çox şey dəyişdi:
Həmin o köhnə radio lap köhnəlib sıradan
çıxdı... Sonralar əldə edə bildiyim
kapriççionun yazıldığı val
oxutdurmaqdan cızıq-cızıq olub yararsız hala
düşdü... Fikrət Əmirov da, o əsərin təkrarsız
interoretatoru maestro Niyazi də rəhmətə getdi...
Bu 50 ildə,
təbii ki, mən də qocaldım, amma təkcə o əsər
qocalmadı və mən o əsərdən hələ də
doymamışam...
Əsl sənət
möcüzəsi də elə, məncə, budur..
P.S. Mən
bu yazı üçün bir qədər fərqli foto
seçdim. Kapriççionun müəllifi
bu fotoda sədaqətli həyat yoldaşı ilə bir yerdədirlər.
Məncə, bu fotolardakı səmimiyyətdən
də çox şey öyrənmək olar.
BELƏ-BELƏ
İŞLƏR...
Bəstəkar
Xəyyam Mirzəzadənin "Səməd Vurğunun
"Komsomol"
poemasına simfonik illüstrasiyalar" adlı əsərinin
videoyazısını bəlkə də 10 ildən çox
idi əldə çıraq axtarırdım. Nəhayət,
Azərbaycan Dövlət Simfonik orkestrinin solisti,
skripkaçı Yelena xanım Göyçayevanın, uzun illər
Azərbaycan televiziyasında müxtəlif verilişlərə
musiqi tərtibatı vermiş Minurə xanım Əfəndiyevanın,
ən əsası isə köhnə dostum, AzTV-nin rejissoru
Əlimürsəl Hacıyevin köməyi, məsləhətləri
sayəsində onu əldə edə bildim. Ən
böyük köməyi isə Azteleradio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən
Məmmədovdan gördüm. Sağ olsun,
dostlarımın məsləhəti ilə ona
yazdığım məktuba dərhal reaksiya verdi
və 2 gün sonra AzTV-nin arxivinin müdiri Fatma xanım mənə
telefon açaraq bildirdi ki, axtardığım videonun surəti
diskə köçürülüb, gəlib apara bilərəm...
Bu əsər heç şübhəsiz ki, Azərbaycan
simfonik musiqisinin nadir incilərindən biri, başının
üstündə ölüm kabusu gəzən saf, təmiz məhəbbət
haqqında faciəvi bir hekayətdir. Kəskin təzadlar, əksliklər
üzərində qurulmuş parlaq musiqi obrazları, zərb
alətlərinin vahiməli səsləri, ağır, ləngərli
melodiyalar Səməd Vurğunun əsərinin əsas motivlərini
bir rəssam zövqü ilə sərgiləyir. Əsas
mövzuda şaxələnən ayrı-ayrı epizodların
melodik həlli incə və möhtəşəmdir və
düşünürəm ki, musiqişünaslar bu əsərdəki
novatorluğun fəlsəfəsini açmaq üçün
hələ xeyli işləməlidirlər...
Burası
belə...
Bu qeydləri şux bir sonluqla bitirim ki, kefiniz
açılsın.
40 dərəcədə
istidə, qan-tər içində özümü işlədiyim
idarənin buraxılış məntəqəsinə yetirəndə
nəzarətçilərdən biri mənim bu halımı
görüb təəccüblə soruşdu:
- Nə
olub, müəllim, sizi qovurlar?
Dedim:
- Yox, əşi. Sadəcə axtardığımı axır ki, tapmışam...
Qeyri-adi maraqla soruşdu:
- Nədir, yoxsa pul tapmısınız?
Əlimdəki diski ona göstərib nəyə görəsə az qala çığıra-çığıra cavab verdim:
- Yox ey,
bax bunu tapmışam... bunu!
Heyrət
və təəccübdən gözləri bərəlib
çıxdı kəlləsinə:
- Müəllim,
bu lap ağ oldu ki... Rəhmətliyin
oğlu, camaat pul saymaqla, pul qatlamaqla məşğulur, siz
boyda kişi də bu istidə
düşmüsünüz çöllərə 30 qəpiklik
diskin dalınca...
Sonra gülməyə başladı, ardınca da mən
cib dəsmalımla tərimi silə-silə ona qoşuldum və
xeyli güldük.
Vallah, gülüş bu qarmaqarışıq
dünyanın dərd-sərindən, əzablarından xilas
olmağın ən yaxşı yoludur.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 13 avqust.- S.12.