Sağ göz sol gözə möhtac...  

 

 esse

 

 

Dünyanın hər üzünü görən, sözü seçib danışan, "Danışmaq gümüşdür, susmaq qızıl" deyib yeri gələndə tənbehləyən nurani bir ulu nənəm vardı. Nəsihət verəndə, ibrətamiz söz deyəndə başını yuxarı qaldırıb vurğulu xitab edərdi: "Bala, bala, bala...."

 

Üç dəfə "bala" deyib sözə başlayardı. Ömrünün sonuna yaxın sol gözünün qarası ağarmışdı. Həkimlər əlac eləyə bilməmişdilər. Axırıncı dəfə göz xəstəxanasına gedəndə həkim soyuqqanlılıqla demişdi: "Həmin gözü çıxarıb yerinə protez qoymaq olar".

 

Xanım-xatın nənəmiz həmin gündən ətəyini həkimlərdən yığdı. Bir dəst paltar tikdirdi. Deyirdi, dərziyə deyin yaxşı tiksin, ömrümün axırına qədər onu geyinəcəm, onsuz da bir şey qalmayıb.

 

Onun uzaqgörənliyini, keçmişdən elədiyi söhbətləri nəql eləməyə söz bəs eləməz, vaxt çatmaz.

 

Gözdən elə həssaslıqla danışırdı ki, min təbib yığıla, alim gələ, gözün zərifliyini o cür izah edə bilməzdi. Gözündən yana-yana danışırdı. Deyirdi: "Bala, bala, bala, dünyada adama gözdən əziz var ki!"

 

Axıra yaxın bir bayatı da qoşmuşdu:

 

Bacım, nəyimə gərəksiz,

Anam, nəyimə gərəksiz,

Sağ olanda gəlmədiz,

İndi nəyimə gərəksiz.

 

Deyirdi, deyirdi, hərdən qara örpəyinin ucunu gözünə sıxıb ağlayırdı. Onun "indi"si ölüm günlərinə, aylarına işarə idi. Belə bir nənəmiz var idi.

Hələ uşaq olsam da, onun gözlə bağlı yanğısında məlumum olurdu ki, göz doğrudan da insan üçün ən əziz, ən zərif, ən vacib orqanlardan biridir. Məsələnin bioloji tərəfi hər birinizə məlumdur: bizə bəxş olunanların necəliyini gözümüz vasitəsilə dəqiqləşdirə bilirik. Bu "necə" əvəzliyi həyatımızın ən əhəmiyyətli sualıdır. Toxunaraq "" sualına cavab tapa, qulağımızla "kim" olduğunu dəqiqləşdirə bilərik. Görmək, əşyanın necəliyini müəyyən etmək sifətin, zərfin özü qədər incə məqamdır.

 

Qarğış edəndə yandırıb-yaxmaq üçün adamı əvvəl gözdən yamanlayırlar: "gözün çıxsın", "iki gözündən olasan", "kor qalasan"... Elə bil, hədəfdən nişan almaq istəyirlər. Doğrudan da, göz insanın mənəvi biloji hədəfidir. Tam hissə kimi düşünsək, gözsüz bütünləşə bilmərik. Aləmin dərki şüura qədər bağlıdırsa, bir o qədər gözlə əlaqəlidir. Təsəvvürün formalaşması da bununla bağlıdır. Qarşımızda bir dağ görürük fikirləşirik ki, bu dağın dalında var, ola bilər? Beləliklə, xəyal qura, fərziyyələr irəli sürə bilirik. Amma düzənlikdə göz işlədikcə uzaqlığa dalırsan, artıq üfüqə varmağın real olub-olmamağı barədə düşünürsən.

 

qədər yazsam da, bunu dəqiq təsvir edə bilmərəm, çünki görürəm...

 

Bir neçə gün öncə ehtiyatsızlığım ucbatından sol gözüm bərk zədələndi. Gözümün ağı günlərdir al qanın içindədir, tor görürəm. Amma heç bir ağrı yoxdur. Onun əvəzinə, zədələnməyən sağ gözüm ağrıyır. Sol gözümü yumulu saxlayıram, əziyyət vermirəm, əl vurmuram, üstündə nanə yarpağı kimi əsirəm. Fikirləşirəm, yəqin ağırlığı o biri qardaşının - sağ gözümün üstünə düşüb. Ürəyimdə zədələnən gözümü məzəmmət edirəm: "Bax, sənə görə o biri gözüm ağrıyır".

 

Birdən ulu nənəmin bir cümləsi xatirimə gəlir: "Bala, bala, bala, o gözə görünməz kişi sol gözü sağ gözə möhtac eləməsin".

 

Bu möhtaclıq yaman şey imiş. İkisi eyni qədər əziz olan gözümüz gərək bir-birinə möhtac qalmasın, bir-birindən asılı olmasın...

 

Kimsə kiməsə zülm edəndə deyirik, filankəs filankəsə göz verib, işıq vermir. Necə amansız cümlədir...

 

Göz verib işıq verən, ulu nənəm demiş, "o gözə görünməz kişi" işığımızı kəsməsin, həyatın bütün çətinliklərinə baxmayaraq, o işığa sarı göz-görəti təpik döyürük...

 

Bircə çıraqları söndürməyin...

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 13 avqust.- S.11.