ÖMÜR
hekayə
Mənim yetmiş dörd, arvadımın isə altmış səkkiz yaşı var. Ömrümüzün
axırlarını yaşayırıq. Bunu ikimiz də hiss eləyirik. Bir ay əvvəl rayondakı xəstəxanadan qayıdıb
evə gələndə
arvadım dişlərinin
çətinliklə kəsdiyi
lavaşı birtəhər
qoparıb çeynəyə-çeynəyə
dedi:
- Deyəsən, axırımız
çatır, hə?
O, məndən daha xəstədi. Ağrısı tutanda nə
eləyəcəyimi bilmirəm.
Qızımgilin evi bizdən
elə də uzaqda deyil. Arada nəvələrdən kimsə
gəlib bizdə qalır. Başqa vaxtlarda evdə
ancaq ikimiz oluruq. Səhərlər oyanıb mal-heyvanı
yerbəyer eləyəndən
sonra bir yerdə şirin çay içirik. Axşamlar isə, qaranlıq düşəndən sonra
oğlumun keçən
payız aldığı
televizora baxıb yatırıq.
Arvadımın ayaqları şişir. Bir az iynə-dərman
eləyəndən sonra
keçib gedir, sonra yenə elə olur. Böyrəkləri salamat deyil.
Mənim
təzyiqim hərdən
çox qalxır.
Həkimlərin dediyinə görə,
ürəyimə gedən
damarlarda da nəsə nasazlıq var.
İkimiz də bu kənddə
doğulmuşuq, ömür
boyu burda yaşamışıq.
Keçən ay oğlum Bakıdan gəlmişdi. Bizi aparmaq istədi,
getmədik. İndi burdan
bir gecə uzaqda qalsam, mənə elə gəlir ki, nəfəsim kəsilər.
İki il
əvvəl yazda bizi Bakıya apardılar, həkim müalicəmizi yazandan sonra qayıdıb gəlmək istədik. Dedilər, bir az da qalın. Qayıdanda gördüm ki,
köhnə hamamımızın
yanındakı cəviz
ağacı qurumağa
başlayıb. Məndən əvvəl arvad gördü. Dizlərinə
döyüb hay çəkəndə
elə bildim eyvan uçub. Çünki eyvandakı dirəklər
çoxdan çürümüşdü.
Amma həyətə girib gördüm ki, yox, cəvizə nəsə olub, yarpaqları qaralmağa başlayıb. Hər gün
səhər dibinə
su tökdüm.
Bir az
peyin verdim. Amma xeyri olmadı. Otuz il əvvəl xəstələnib
yatağa düşən,
əriyə-əriyə arıqlayıb
ölən oğlumuz
kimi, cəviz də bir-iki həftəyə tamam sovulub getdi. Quruyub heyif oldu.
...Yağış yağanda
eyvandakı şiferlər
damır. Bu yaz
hələ havalar tam açılmayıb. Həyətdə
bir az
göyərti, lobya, kartof, badımcan əkmişik.
...Dünən nəvəm Yaqub gəlmişdi. Əsgərlik vaxtı çatıb,
deyirlər. Nəsə sənəd
gətirməliymiş. Bizlə görüşdü,
söhbətləşdik, nənəsi
"axşama toyuq bişirmişəm" dedi,
saxlamaq istədi, amma hiss eləyirdik ki, darıxır. Çıxıb getdi. Yenə ikimiz
qaldıq. Axşam mal-heyvanı
yerbəyer elədik, yeməyə oturanda yenə yağış başladı. İldırım çaxdı. Dərmanlarımızı
atdıq, bir az televizora
baxıb yatdıq.
...Həkim ürəyimdə
xəstəlik olduğunu
deyən gündən
bəri, gecələr
rəhmətlik dədəmi
yuxuda görürəm.
Görürəm yenə
namaz qılır, başına ağ,
nazik bir papaq keçirib. Əyilir, qalxır, dilində asta səslə nəsə deyir. Sonra başını sağa-sola
çevirəndə çiyninə
baxmaq yerinə mənə baxır.
Mən onun baxmağından qorxuram. Hiss eləyirəm
ki, ölmək vaxtım çatır. Sonra yuxudan ayılıram.
Əynimə nəsə geyinib
həyətə çıxıram,
tualetə gedib qayıdıram, təzədən
yerimə girirəm.
Hərdən ölməyimizi fikirləşirəm. Arvadım birinci
öləcək, yoxsa
mən? Mən ölsəm,
o, yəqin bir müddət qızıgildə
qalacaq. Belə olanda fikirləşirəm
ki, kaş tez ölək, canımız qurtarsın.
O, birinci ölsə.. Bilmirəm.
Uşaqlara tapşırmışıq ki,
bizi oğlumuzun yanında basdırsınlar.
Bu Novruz qəbrinə
getdik. Arvad yenə ağladı.
Dedi ki, Allah bizi öldürsün, biz
elədik sənin ölməyini. Onsuz da səndən sonra ömrümüzü
çürütmüşük dedi, yaşamamışıq
dedi. Dedi ki, kaş elə
daş olardım mən, adam
olmazdım, nə səni doğardım, nə sənin ölməyini görərdim.
Sonra hardan ağlına gəldisə,
qayıdıb dedi ki, cəviz də qurudu, hamamın yanındakı cəviz.
Onun ölməyindən otuz il keçib.
Əvvəllər tez-tez fikirləşirdim
ki, bəlkə, vaxtında xəstəxanaya
yatırsaydıq, nəsə
eləyə bilərdik.
Amma indi o ağrı mənim ürəyimdə
keyləşib, o yadıma
düşəndə əvvəlki
kimi təsirlənmirəm.
...Hava günəşliydi bu gün. Arvad çay
qoyub. Eyvanda oturmuşuq. Bir az əvvəl qapının
səsini eşidəndə
sevindik, elə bildik, kimsə gəlir, amma heç kəs deyilmiş.
Bir azdan axşam düşəcək. Həyətə çıxıb, hinin qapısını düzəltməliyəm, tövlədəki lampanı dəyişməliyəm, sonra mal-heyvanı yerbəyer eləməliyəm. Arvad mətbəxdədi. Mən qənddanın ağzını örtüb həyətə çıxıram.
Təvəkgül BOYSUNAR
525-ci qəzet.- 2021.- 13 avqust.- S.11.