Bütün ölümlər tez gəlir...
Mirzə
Babayevin ifasında dinlədiyim "Kimlər gəldi, kimlər
getdi" mahnısına yaşamaq haqqında
düşüncələrin epiqrafı deyərdim...
Gözümü açandan evimizdə də,
qonum-qonşuda da ağsaqqala hörmət, ehtiram
görmüşəm. Bu, bizdən böyüklərə də,
mənə də, həmyaşıdlarımıza da həyat
dərsi olub. Ağsaqqalların
buyğuruna bax-mağı, yerə düşən əsasını
qaldırmağı, qolundan tutub qoşa yeriməyi qürur, fəxr
bilirdik. Bəzən soruşardılar ki,
kimin oğlusan? Onda ağsaqqalın nurlu
çöhrəsini incə bir təbəssüm
bürüyərdi, "Əslə-hu" deyərdi. Bu sözlərin mənasını bilməsək də,
sevinərdik, bilərdik ki, yaxşı sözlərdi,
eşidilməsi gərəkli sözlərdi. İllər beləcə ötüşürdü.
Orta yaşlıların saçlarına dən
düşürdü, ağsaqqallar ahıllaşırdı,
uşaqlar yeniyetmələşirdi...
Yeniyetməliyimdən Məmmədalı dayını
belə ehtiramlarla əhatələnən görmüşəm. El
ağsaqqalı idi, elin ağsaqqalı idi, sözü
tutulardı, təklifi bəyənilərdi. İnsanlıq cəfakeşiydi Məmmədalı
dayı. Həm də könül
adamıydı. Dil
küsülülüyünü də, könül
küsülülüyünü də qətiyyən bəyənməzdi.
Əzizlərinə də, xətrini əzizlədiklərinə
də "Allah verən ömürü Allahın bəyəndiyi
kimi yaşayın", - deyərdi. Anlamı beləydi:
Özünə məxsus olan ömürü el-oba
üçün yaşayanlar Allaha bir köynək yaxın
adamlardı...
Məmmədalı dayı mədəni, dərin
düşüncəli insan idi. İnsanları
yaxşı tanıyırdı. "Zənnim məni
heç zaman aldatmaz, ay oğul", - deyərdi. Tanıdığı, xətrini əzizlədiyi
adamları özünə könül həm-dəmi bilərdi.
Yəni onun üçün insanlıq
meyarları vardı və bu meyarları həm yüksək dəyərləndirərdi,
o meyarlara özü də tam ciddiliyiylə əməl edərdi,
həm də bunu xətrini əzizlədiklərinə də
tövsiyə edərdi. Bu xasiyyətini
xeyirxahlığı, qohumcanlığı
tamamlayırdı.
Mənə
xüsusi diqqəti olduğunu uşaq yaşlarımdan hiss
edirdim. Tez-tez məni evlərinə
çağırtdırar, dərslərimlə
ma-raqlanardı. Sonralar dərk etdim ki, Məmmədalı
dayının söhbətləri ayrıca bir fənn imiş
- həyat fənni. Mən bu fənni də
böyük sədaqətlə mənimsədim.
Mənə mütaliəni o sevdirdi. "Hər
kitab sənə fəzilətlər öyrədəcək.
Sən dünyanı bu fəzilətlərlə
daha əhatəli dərk edəcəksən. Onda çəkdiyin
əziyyətlərə, sərf etdiyin vaxta heyifsilənməyəcəksən...", - deyirdi...
Mən
instituta daxil olanda o qədər ürəkdən sevinmişdi
ki! Tələbə olaraq mənə ilk hədiyyəni də
Məmmədalı dayı verdi...
Məmmədalı
dayı həm səxavətli kişi idi,
həm də "sağ əlin verdiyini sol əl bilməməlidi"
fəlsəfəsiylə yaşayan kişi idi.
Onun söhbətlərini doyunca dinləmək
üçün evdən göndərməsələr də,
hərdən səbəbsiz-filansız özüm də onlara
gedirdim. Söhbətlərini maraqla dinlədiyimdən mənimlə
söhbət etməkdən bezib-usanmazdı.
Qonşulardan biri çəkinə-çəkinə
ondan borc pul istədi. "Gəl otur, nəfəsini dər, təmənnan
düzələr...", - dedi; qapısından içəri
girənləri çörəyini kəsməmiş, suyunu
içməmiş qətiyyən buraxmazdı.
Qonşusunun
ehtiyacı olduğu məbləği verdi.
Əlini çiyninə qoydu, "Bunu borc vermirəm,
eloğlu kimi ehtiyacına kömək edirəm. Kimsəyə də demə. Bir sən bil, bir mən
bilirəm, bir də Allah...", - kəlmələrini
eşitdim. Məmmədalı dayının dediyi bir kəlamı
xatırladım onda: "Kişi ağzıbütöv
olmalıdı. Hər gördüyünü, hər
eşitdiyini orda-burda danışmaz". Onu da dedi ki,
kö-məyə ehtiyacı olana kömək eləmək
imandandır. Həmin gündən 50 ildən
çox keçib. O gün gördüklərimi,
eşitdik-lərimi ilk dəfə indi deyirəm...
Hərdən onlara gedəndə bir qədər nəfəs
dərəndən sonra həyətə gedərdik. Özü bir
işlə məşğul olardı, mən də onun dediyi
işin "qulpundan yapışardım". Sonralar gördüyüm işləri xatırlayanda
əmin oldum ki, bu işlər görülməsi vacib olan
işlər deyildi. Məmmədalı
dayı məni işə, əməyə
alışdırdırmış. Bu
gün hərdən həyət-bacada "qurdalananda"
böyük sevgiylə, ehtiramla Məmmədalı
dayını xatırlayıram. Mənə az işləməyi tövsiyə edənlərə
deyirəm ki, "Məmmədalı dayı "İş
insanın cövhəridi" deyərdi. Son nəfəsiməcən
gözlərim kitabdan, əlim qələmdən və işdən
soyumayacaq..." deyirəm...
Məmmədalı
İsmayıl oğlu kim idi? - Böyük
vətəndaş, el qədri bilən el ağsaqqal,
insanları, insanlığı sevən insan, həm də
yaxşı mütəxəssis idi.
1914-cü ildə Zəngilan rayonunun Tatar kəndində
yoxsul kəndli ailəsində anadan olmuşdu. Ailənin ilki
idi. Anası Mələk xanım onu
kiçik yaşlarından əməyə, zəhmətə
alışdırıbmış. Məmmədalı
uşaqlığından anasının buyruğuna
baxarmış, qardaşları Əhmədə, Mahmuda dayaq
olarmış. Həm də yaxşı
oxuyarmış. Orta məktəbi 1932-ci
ildə bitirib. Təhsilini davam etdirmək
istəməyib. Rayon torpaq şöbəsində
statistik kimi əmək fəaliyyətinə başlayıb.
Az sonra təhsilin gərəkliyini hiss
edib, mühasibat-uçot üzrə təhsil alıb. Rayon torpaq şöbəsində baş mühasib
köməkçisi işləyib, rayonun kolxozlarında
uçot-hesabat işlərinin təşkilinə
böyük kömək göstərib.
1938-1946-cı illərdə "Kommuna" kolxozunda,
rayon rabitə qovşağında, kənd kooperativlər
ittifaqında baş mühasib, "Azərittifaq"da baş
təftişçi vəzifəsində
çalışıb. 1946-1948-ci illərdə yenidən Zəngilan
və Füzuli rayon istehlak cəmiyyətində, 1949-1950-ci
illərdə rayon kənd təsərrüfatı idarəsində
baş mühasib işləyib.
Onu 1950-ci ildə Zəngilan rayon icraiyyə komitəsində
plan şöbəsinin müdiri vəzifəsinə dəvət
ediblər. 1954-cü ilə kimi həmin vəzifədə
işləyib. Sonra rayon icraiyyə komitəsində
təftiş şöbə müdiri, rayon yağ-pendir
zavodunda direktor, Mincivan pambıq məntəqəsində
müdir vəzifəsində çalışıb. 1977-ci ildən Azərbaycan Baş Meliorasiya Su
Qurğuları Tikintisi Zəngilan 33 nömrəli səyyar
mexanikləşdirilmiş dəstədə baş mühasib
işləyib.
Zəngin tərcümeyi-haldır. Bütün vəzifələrdə
də qüsursuz işləmək hər vətəndaşa
nəsib olmur.
Həmsöhbətinə gərəkli məsləhətlər
verərdi. Onun dediklərini kitablara düşməyən kəlamlar
bilirəm və bu bilgimdə israrlıyam.
Məmmədalı
İsmayıl oğlu deyərdi ki, istər kişi
olsun, istər qadın, nəfsinə sahib olmalıdır. Nəfsinə yiyə dura bilməyənlər tez bir
zamanda hörmətini itirir. İnsan dünyadan iki
şey aparır: ya rəhmət, ya lənət. Nəfsinə sahib dura bilməyənlər
dünyadan ancaq lənət aparır. Onu
da deyərdi ki, səbr, təmkin insanı qarşı gələn
qada-bəlalardan qoruyur. Yəni səbr, təmkin
insanın xarakterini gözəlləşdirir. Gözəl xasiyyət, gözəl əxlaq
insanı ucalıq məqamlarına aparır. Ucalığa meyilli olmayanlar üçün
ömür gözəlliyi də yoxdu. Bu
gözəlliyi böyüklərə ehtiram tamamlayır.
Böyüklərə ehtiram göstərməyənlər
bəndə yanında da, Tanrı yanında da urvatını
itirir. Onu da deyirdi ki, dürüst ömür,
dürüst düşüncə, dürüst kəlmə
kamilliyə aparan yolun başlanğıcıdı...
Sevdiyi, məqamında
dediyi bir deyimi də vardı Məmmədalı
dayının: "Boğaz boydan aşağıdı". Yəni nəfsinin qulu olma, nəfsini qulun elə.
Təhsilin, qabiliyyətin varsa, gec, ya tez, səni
də vəzifəyə təyin edəcəklər. Onda vəzifənin işığı gözlərini
qamaşdırdısa, batdın. Unutma ki,
dünyanın nərdivanı var. Qalxan sevinir, enən qəhərlənir.
Qalxan ucalır, enən çökür. Ucalan xətir-hörmət yiyəsi olur, enən xətir-hörmətini
itirir. Ona görə vəzifəyə təyin
ediləndə kabinetinin qapısını səmimiyyətlə
aç. Belə etsən, yanına gələnlər
də, köməyə möhtaclar da, işçilərin də
bu qapını belə açacaqlar. Onda
deyəcəklərin də səmimi olacaq, eşidəcəklərin
də. Onu da deyərdi ki, cavanlara xüsusi
qayğı göstərin. Özün
cavan olanda sənə qayğı göstərildiyini qətiyyən
unutma. Unutma ki, bu qayğı sabahlara
qayğıdı, yəni gənclərin timsalında cəmiyyətə
qayğıdı. Onu da unutma ki, sənin
belə xarakterin cəmiyyətə lazımdır. Dama-dama göl olduğunu sən də bilirsən.
Bu deyilənlər əxlaq kodeksinə düşməyən
fikirlərdir, tezislərdir. Həm də el
düşüncəsindən süzülüb gələn
düşüncələrdir. Məmmədalı
dayı kimi el ağsaqqalları hər kəlamında eldə-obada
ağsaqqalardan eşitdiklərini yaşadır,
yaşada-yaşada yaşamağı ən gözəl
yaşantı bilirdi.
Nə
vaxtsa eşitdiyim bir məsəl düşür yadıma:
Şah əmr edir ki, hər kəndin ən varlı
adamını saraya gətirin. Əyan-əşrəf
kəndlərə yol alır. Tezliklə əmr
yerinə yetirilir. Şah gələnlərə göz
yetirəndə heyrətdən "gözləri kəlləsinə
çıxır":
- O
yamaqlı əbalıdımı kəndin ən
varlısı?, - qeyzlə soruşur.
Onu gətirən
bəyzadə irəli çıxır:
- Şah sağ olsun, - deyir. - Kənddə mən də buna heyrətlənmişdim.
Mənə dedilər ki, kəndimizin ən
varlısı bu kişidi. Çünki
hamıdan ağıllıdı, hamının məsləhət
verənidi, qazananlar da onun məsləhətiyə qazanıb,
varlılar da onun məsləhətinə qulaq asıb deyə
varlanıb. Şahım, məsləhət sənindi...
Şah
alnını ovuşdurub...
Məmurlarına ciddi tapşırır ki, ağsaqqal
kimi tanınanların, sevilənlərin həyat təcrübəsini,
düşüncələrini öyrənsinlər, onların
məsləhətlərini dinləsinlər, dediklərinə
əməl etsinlər. Deyilənə görə, bu məmləkətdə
güzəran gündən-günə gözəlləşib.
Yəni ağsaqqala ehtiram el-obanın bərəkət təknəsidi...
Məmmədalı İsmayıl oğlu belə
ömür yaşadı. Belə tanındı, belə
sevildi...
İki oğlu, iki qızı vardı Məmmədalı
İsmayıl oğlunun. Dörd övladı bu öyüd-nəsihətlərlə
böyüdü, təhsil aldı, işləməyə
başladı; təhsilə böyük sevgisi vardı Məmmədalı
İsmayıl oğlunun.
Özü də dostluğa sədaqətli olub,
öğullarını da belə böyüdüb. Dostluq
duyğularını halallığın
başlanğıcı bilirdi Məmmədalı
İsmayıl oğlu.
Dədə Qorqud deyirdi: "...Əcəl gəldi, yer gizlədi, fani dünya kimə qaldı..." Min illərdi ömürlər bu deyimdən süzülür...
Keçdiyi şərəfli həyat yolu kamillik və əsl vətəndaşlıq yolu olan Məmmədalı İsmayıl oğlunun 1978-ci ildə dünyaya son baxışı oldu...
...Yadıma Məmməd Rahimin misraları düşür:
Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.
Yaratmaq ifadəsi mahiyyəti baxımından həm də
"elə yaşa ki" söz tərkibləri ilə ifadə
edilə bilər. Yəni elə yaşa ki, son nəfəsindən
sonra həmişə xoş xatirələrlə anılasan.
Zəngilanlı Məmmədalı
İsmayıl oğlu belə ömür yaşadı. Zəngilanın
işğalını görsəydi, bu ölüm on
üç il tez gələrdi...
Bütün ölümlər tez gəlir.
Zaman-zaman Vətən üçün, xalq üçün
yaşayanların ölümünə bu kəlmələrlə
təəssüflənilib. Məmmədalı İsmayıl
oğlunun ölümünə də beləcə təəssüflənilir...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 13 avqust.- S.10.