Tolerantlıq dəyəri: dini
müstəvidə təhlil
( II yazı )
Tolerantlıq demokratik və multikultural cəmiyyətlərin
əsas dəyərlərindən
biri kimi, son illərdə əhəmiyyəti
getdikcə artan və mütərəqqi dünyada geniş müzakirə obyektinə
çevrilən mövzulardan
biridir. Bu gün sürətli inteqrasiya və miqrasiya proseslərini ehtiva edən qloballaşma dövründə birgəyaşayış
prinsiplərini bərqərar
edərək tolerant bir
mühit formalaşdırmadan
cəmiyyətlərdə sosial-siyasi
sabitliyə və mənəvi rahatlığa
nail olmaq qeyri mümkündür.
Azərbaycan İlahiyyat İnstitutunun
Dinşünaslıq kafedrasının
müdiri, dosent Anar Qafarovun sözlərinə görə,
bir cəmiyyətdə
subyektiv gözləntilərə
əhəmiyyət verməyərək
universal olanı önə
çəkmək birgəyaşayış,
yaxud ictimai həyat baxımından əxlaqi dəyərlər
sferasının nə
dərəcədə əhəmiyyətli
olduğunu göstərən
başqa bir cəhətdir. Əxlaqi dəyərlər şəxsi xüsusiyyətlərdən
daha çox hər kəsi ehtiva edəcək universal
bir səciyyə daşıyır. "Mən" və "özgəsi" şəklindəki
bir tendensiyanın yer almadığı bu dəyərlər sferasında əsas prinsip "birmərkəzli"
həyat fəlsəfəsidir.
Buna görə də
universal xarakterdə və
bütün insanlar üçün qüvvədə
olan mümkün obyektiv qayda və qanunlar, ancaq əsas əxlaqi dəyərlər
vasitəsilə tərtib
edilə bilər:
"Şübhəsiz ki,
cəmiyyət üzvlərinin
ədalət, doğruluq,
empatiya, tolerantlıq və başqa əxlaqi məfhumları düşünmələri, dərk
etmələri və həyatlarını bu istiqamətdə yaşamaları
ailədəki sosial münasibətlərdən mədəniyyətlərarası
və cəmiyyətlərarası
münasibətlərə kimi
ictimai münasibətlərə
böyük fayda verəcəkdir. Qeyd edilən bu
əxlaqi dəyərləri
mənimsəyərək həyata
keçirən fərdlərdən
meydana gələcək
ictimai strukturda münasibətlər insana
insan kimi davranmağı tələb
edəcəkdir ki, fərdin "mənmərkəzli"
köləlikdən qurtulması
da məhz belə bir həssaslıq
sayəsində reallaşacaqdır.
İnsan
faktorunun davamlı şəkildə gündəmdə
olmasını təmin
edən belə bir əxlaqi həssaslıq "mən"
və "biz" duyğuları
arasında ahəngi qoruyaraq, ictimai həyatı fərdi seçimlərin mütləqləşdirdiyi
bir cəmiyyət olma xarakterindən xilas edəcəkdir. İnsana həyat ilə ölüm arasındaki yolda ahəngi təmin etməsi üçün həssaslıq
və şüur aşılayan əxlaqi dəyərlər həmrəy
şəkildə yaşamaq
və ya ictimai həyat baxımından əsas meyarlardır. Əxlaqi dəyərlər
insana insan şərəfi və heysiyyətinə əsaslanan
bir həyat yaşamağı tövsiyə
edir. Buna əsasən
deyə bilərik ki, mənəvi əlaqələr birgəyaşayış
naminə maddi mənfəətlərin önündə
yer alan
əsas ünsürlərdir".
O bildirib ki, bəşər
övladının hüzurlu
bir ictimai həyat naminə əxlaqi dəyərlərə
olan ehtiyacı təbii surətdə din və dini dəyərləri
də gündəmə
gətirir. Çünki əxlaqi dəyərlər
sferası həm dini, həm də əxlaq düşüncəsini və
fəlsəfəsini ehtiva
edən geniş sferadır. Din ilə
əxlaq arasında çox yaxın bir əlaqə var. Filosofların əksəriyyəti
də məhz bu əlaqələr üzərində duraraq, müxtəlif nəzəriyyələr
ortaya qoymuşlar. Dinə qarşı olanlar belə, onun sosial bir hadisə
və fenomen olduğunu qəbul edirlər. Belə ki, Marks və
Dürkeym kimi bir çox sosioloq dinin bir yanılma olduğunu qəbul etmələrinə baxmayaraq,
onun sosial mənada reallığını
nəzərdən qaçırmamışlar.
Bu mütəfəkkirlərdən bəzisi dini ürəksiz dünyanın
ürəyi, gündəlik
həyatın acımasızlığından
qaçıb sığınılan
bir liman olaraq, bəziləri də dinin insanların
müştərək etiqad
və dəyərlərini
bəyan etmək üçün bir araya gəlmələrinə
şərait yaradan və eyni zamanda,
ictimai transformasiyada mühüm rolu olan bir fenomen
kimi tərif etmişdir: "Nəticə
etibarilə bəşəriyyət
tarixi qədər qədim olan din fərdi və ictimai həyatın imtina edilməsi mümkün olmayan ünsürü olub, fərdin və cəmiyyətlərin həyatını
dərin şəkildə təsirə
məruz qoymuş həyat tərzidir. Bu mənada,
"din ictimai dinamizmin
mayasıdır" desək,
mübaliğə etmiş
olmarıq".
Anar Qafarovun dediyinə görə, müasir insanın tez-tez qarşılaşdığı psixoloji problem və streslərə qarşı
ona mənəvi sakitlik bəxş edən dinin ictimai həyatda da insanların qarşılıqlı haqq
və hüquqlarına uyğun
davranmalarına, bir-birlərinə
haqsızlıq etməmələrinə
müəyyən qədər
mənəvi dəstək
verir. Bu da
öz növbəsində,
birgəyaşayış və
tolerantlıq prinsipi baxımından dinin rolunu və əhəmiyyətini göstərən
bir xüsusdur. Fərdin haqq və azadlığı,
ictimai sülh bütün müqəddəs
kitab və mətnlərin də ortaq mesajlarındandır.
Dinlərin bəşəriyyətə təqdim etdiyi birgəyaşama fəlsəfəsi
prinsip etibarilə fərqliliklər arasında
ortaq zəmin formalaşdırma hədəfini
güdür və bu yolda atılacaq
hər bir addımı insan olma həqiqəti üzərinə inşa edir. Böyük dünya dinlərinin
bu mənadakı təlimi isə "özün üçün
istədiyini başqası
üçün də
istə" qaydasına
əsaslanır. Buna görə insan olma və duyğudaşlıq
bir çox dini təlimin əsasını təşkil
edən müştərək
ünsürlərdir. Dinlərə görə, inteqrasiyaya
əsaslanan birlikdə
yaşama hadisəsinin
ən əsas dinamikaları insan olma, empatiya və tolerantlıqdır.
Mahiyyət etibarilə tolerantlıq bir cəmiyyətdə irqi, milli, dini,
etiqadi kimliyindən asılı olmadan hər kəsin mövcudluğuna təminat
verən hüquqi borc, mənəvi tələbat, dini-əxlaqi
və siyasi dəyərdir; mənsubiyyətindən
asılı olmayaraq insanlara hörmətlə
yanaşmaqdır. Tolerantlıq bir dəyər
olaraq qanunilik və məcburiyyəti deyil, mədənilik və könüllülüyü
əsas götürür.
Ölkəmizdə milli-mənəvi və dini dəyərlər istiqamətindəki siyasi-ictimai fəaliyyətlərdə ümumbəşəri dəyərlər də gözardı edilməmiş və bu gün də edilmir. Belə ki, ölkəmizin mənəvi dəyərlər istiqamətindəki dövlət siyasəti təkqütblü olmayıb, mahiyyəti etibarilə mədəni-mənəvi müxtəlifliyi və multikulturalizmi də özündə ehtiva edir. Bu mənada, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü ildə Peyğəmbərimiz Həzrət Məhəmmədin mövludu günündəki nitqində dilə gətirdiyi ifadələr diqqətəlayiqdir: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzudur".
Bu nitqi sosial-fəlsəfi aspektdən təhlil etsək, görərik ki, burada sosial-mənəvi vəhdət, birlik və tolerantlılıq istiqamətində mühüm mesajlar mövcuddur. Məsələnin teoloji və hüquqi aspektinə də işarə edən bu nitqdə insanların dini, mədəni mənsubiyyətindən asılı olmayaraq başqa dinlərə, mədəniyyətlərə, mənəvi dəyərlərə və adət-ənənələrə hörmət bəsləmələri və dözümlü olmaları tövsiyə edilir. Bu mənada, dini zəmində hər hansı bir ədavət və münaqişə yolverilməzdir. Ölkəmizdə müxtəlif məzhəb və konfensiyalardan olan insanlara öz milli və dini bayramlarını keçirmələri üçün rahat və demokratik şəraitin yaradılması, məscidlərlə yanaşı, kilsə və sinaqoqların tikinti və bərpasına dəstək verilməsi, 96%-i müsəlman olan ölkəmizdə 2000-dən çox məscidlə yanaşı, 40-dan artıq kilsə, sinaqoq və ibadət evlərinin fəaliyyət göstərməsi və ölkədə yaşayan müxtəlif millətlərin dini keçmişləri ilə bağlı 500-dən artıq müqəddəs ocağın mövcudiyyəti kimi faktlar Azərbaycan Respublikasının sosial-mənəvi vəhdət siyasətində bir dəyər kimi tolerantlığın mühüm yeri olduğunu söyləməmizə əsas verir. Bu istiqamətdə görülən işlər ölkəmizdə vətəndaş həmrəyliyinin və birliyinin yaranması və inkişaf etdirilməsi üçün həm nəzəri, həm də praktiki olaraq ciddi zəmin təşkil edir. Belə bir nəzəri və praktiki zəmin mahiyyəti etibarilə tarixi keçmişimizdən gələn mütərəqqi ənənənin izlərini daşıyır. Tolerantlıq və mədəni müxtəliflik olaraq qəbul edilən bu irsin ölkəmizdə bu istiqamətdə atılan sosial-siyasi addımlarla daha da inkişaf etdirilməsi, gücləndirilməsi bu gün dini-etiqadi zəmindəki münasibətlərin gərginləşdiyi və dini-etnik qarşıdurmanın vüsət aldığı bir dövrdə dünyanın digər xalq və cəmiyyətləri üçün nümunədir. Bu mənada, Azərbaycanın 2003-cü il üçün ABŞ Dövlət Departamentinin hesabatında dövlətimizin vətəndaşların etiqad azadlığı haqqının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbir və qərarlarını tədqirəlayiq görməsi ölkəmizdə dini-mənəvi dəyərlər və xüsusilə tolerantlıq istiqamətindəki sosial-siyasi fəaliyyətlərin müvəffəqiyyətinə dəlalət edən əhəmiyyətli faktlardan biridir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 13 avqust.- S.8.