Nərmin xanım Tahirzadə arxivinin taleyi
Doğumunun 100 illiyinə
kədərli ərməğan
Əziz
dostum Fərhad bəy Cabbarovun bu gün feysbukda
paylaşdığı Nərmin xanım Tahirzadənin
(1921-2012) yüz illiyi haqqında çox dəyərli
yazısındakı "Nərmin xanımın vəfatından
bir qədər əvvəl hörmətli professor Ədalət
Tahirzadə Tarix Muzeyinin arxivinə onun bəzi
materiallarını təhvil vermişdir" cümləsi məni
oradakı bir məqama aydınlıq gətirməyə
sövq etdi. Bu, Nərmin xanımın bütün arxivinin taleyi ilə
bağlı məsələdir.
Çox
təəssüf edirəm ki, bu yazımda əsasən indi
dünyasını dəyişmiş insanlara istinad etməli
olacağam, ancaq oxucularımı tam əmin edirəm ki,
bugünədək qələmimi başım üstündə
ALLAHI görərək yalnız DOĞRUNU,
HƏQİQƏTİ yazmağa sərf etdiyim kimi, bu
yazımda da GERÇƏKDƏN başqa bir şey
oxumayacaqsınız.
"525-ci qəzet"də Nərmin xanımın
ölümü ilə bağlı dərc etdirdiyim nekroloqda
yazmışdım ki, Nərmin xanım "2009-un mayından
yatağa düşdü və bir daha qalxmadı. Bütün
arxivini, irsini mənə bağışladı. Mənsə bu milli sərvəti mənimsəyə
bilməzdim - Tarix Muzeyinə verdim. Bundan
özü də sonra razı qaldı. Mən
bu yazıda şəxsən öz adımdan hörmətli
Nailə xanım Vəlixanlıya dərin minnətdarlığımı
bildirirəm - o, xəstə Nərmin xanımı bu müddətdə
işdə saxlayaraq himayə etdi".
İndi isə Nərmin xanımın özəl
arxivinin Tarix Muzeyinə verilməsinin tarixçəsini incələyəcəyəm.
Nərmin xanım, yazıda da bildirdiyim kimi, 2009-un
mayından 2012-dəki vəfatı gününədək
yataq xəstəsi olub. Bu 2 il yarım müddətində
onun yanında daim baxıcısı gürcü qızı
Eteri qalıb, ona müntəzəm şəkildə
Türkiyədə yaşayan əzizi Sevil xanımın
övladları və mən baş çəkmişik. Yaxın rəfiqələri yazıçı Sara
Oğuz (Nəzirli), professorlar Tamilla Musayeva və
Zümrüd Quluzadə idi. Gümrah Sara
xanım özü baş çəkməyə gəlsə
də, sonuncu ikisi daha çox telefon ünsiyyətinə
üstünlük verirdi. Arada Tarix Muzeyinin
əməkdaşları da gələrək
ehtiyaclarını öyrənirdilər. Mən
də yeri gəldikcə Eteri vasitəsilə gücüm yetən
maddi yardımı edirdim.
İlk
vaxtlar Nərmin xanım özünü yaxşı hiss edirdi
və ona mənəvi dayaq olmaq üçün ikilikdə
ortaq araşdırmalarımızdan söz açır, onu
maraqlandıracaq məsələlərdən
danışırdıq. Sonralar səhhəti
getdikcə pisləşməyə başladı. Yaddaşı sürətlə korlanır, bu isə
bəzən cismani fəsadlarla nəticələnirdi. Sara xanım deyirdi ki, anası Beatris xanım da elə
bu xəstəlikdən dünyasını dəyişib.
2020-nin 26 dekabrında atam Şərif Tahirlini itirdim. O da təxminən 2 il yarım eynən Nərmin xanımın
ağır yaddaş pozuntusu xəstəliyini yaşadı.
Daim atamın yanında olduğumdan, baxıcı Eterinin
özəlliklə gecədən səhərək nələr
çəkdiyini əla təsəvvür edirəm...
2009-un sonlarında (dəqiq tarixi xatırlamıram, ancaq
Nərmin xanımın səhhəti gündən-günə
geri gedirdi) Sara xanım məni indi
götürülmüş M.Əzizbəyov heykəlinin
yanındakı bağçaya çağırdı. Getdim.
Dedi ki, Nərmin xanım bütün özəl arxivini sənə
vəsiyyət edib və onu aparmağını istəyir.
İki sual verdim: 1) Bu, Nərmin xanımın öz fikridirmi?
2) O, arxivini niyə Tarix Muzeyinə deyil, məhz mənə
verir? İlk sualın cavabındə qəti
şəkildə bildirdi ki, bu, Nərmin xanımın yüzdə
yüz öz istəyidir. İkinci suala,
açığı, inandırıcı cavab ala bilmədim.
Nərmin xanımın özü isə
artıq bu suala aydınlıq gətirəcək durumda
deyildi. Aralıqda gəzən
söz-söhbətdən isə öyrəndim ki, onunla muzey
arasında nəsə bir anlaşmazlıq var, buna görə
arxivini ora vermək istəmir.
Doğrusu, Nərmin xanımın arxivini özümə
götürməyə tərəddüd edirdim,
çünki o zəngin arxivin şəxsən mənə məxsusluğunu
heç cür qəbullana bilmirdim. Bir neçə
gün sonra Sara xanım yenə zəng edərək sənədləri
aparmağımı istədi. Artıq
iş-işdən keçmişdi. Maşın
çağırıldı. Sevil
xanımın övladlarının, Sara xanımın və
Eterinin iştirakı ilə mənzildə Nərmin
xanımın arxivinə məxsus bütün sənədlər
ayrıca qutulara, torbalara yığılaraq maşına
yükləndi və mənim indi yaşamaqda olduğum mənzilimə
gətirildi. Bu boyda materialı tutacaq yerim
olmadığına görə bütün arxiv birbaşa
ortalıq girəcəyə boşaldıldı və bir
neçə ay burada qaldı...
Bu vaxt Nərmin xanımın səhhətində kəskin
geriləmə vardı. Allah günaha yazmasın, yəqin
yaxınları da onunla tezliklə vidalaşacaqlarını
güman edərək Sara xanım vasitəsilə onun
otaqlarını boşaltmaq istəmişdilər,
çünki mənzilin yeni qanuni varisi onlar idilər. Ancaq xoşbəxtlikdən bu adamlar həm Nərmin
xanımın alim kimi özünün də, arxivinin də
yüksək elmi dəyərini anlayan, həm də arxivi kimə
əmanət etməyi düzgün seçməyi bacaran
insanlardı.
Aradan aylar keçdi, Nərmin xanımın xəstəliyi
isə hələ də sürməkdə idi. Ürəyim isə o arxivi
evimdə dustaq etməklə əsla barışa bilmirdi,
çünki bu, ümummilli bir sərvətdi və yalnız
bir fərdə, məsələn, Ədalət Tahirzadəyə
məxsus ola bilməzdi - fərd
dünyadan köçüncə arxivin taleyi də fərqli
olmayacaqdı...
Arxivin hökmən dövlət nəzarətində və
himayəsində olmasını qərarlaşdırdım. Yaxınları
Tarix Muzeyini istisna etdiyinə görə öncə Azərbaycan
Arxivlər İdarəsinin rəisi, hörmətli professor
Ataxan Paşayevlə danışdım. Şərtim
bu oldu ki, arxivi İdarənizə bu şərtlə verə
bilərəm ki, bütün materiallar yalnız bir arxivdə
və "Nərmin Tahirzadə fondu"nda saxlanılsın.
O, tabeliyindəki müəyyən arxivlərlə müzakirələr
apardıqdan sonra Nərmin xanımın materiallarının
onlarda yerləşdirilməsinə mənim şərtlərimə
uyğun imkan olmadığını bildirdi. Onu
əsla qınamadım.
İkinci dəfə Elmlər Akademiyası Əlyazmalar
İnstitutunun direktoru, son dərəcə gözəl insan, mərhum
professor Məmməd Adilova üz tutdum. (Ancaq bundan
öncə Nərmin xanımdan məndəki arxivinin
Əlyazmalar İnstitutuna təhvil verilməsi haqqında
yazılı razılığını almışdım).
Məmməd bəy təklifimi hətta
sevincqarışıq razılıqla qarşıladı.
Mənim imkanım olmadığına görə
o, İnstitutun avtomobilini göndərərək arxivi oraya
daşıtdırdı və uyğun bir otaqda nəzarətə
götürdü. İnstitutda əlyazmalar üzrə ən
yüksək mütəxəssislərdən sayılan Arif
Ramazanovdan xahiş etdi ki, arxivdəki bəlgələrin
İnstitutun profilinə uyğunluğu haqqında rəy
versin. Arif bəy onlarla ətraflı tanışlıqdan
sonra mənfi rəy verdi və M.Adilov da
arxivi götürə bilməyəcəklərini təəssüflə
bildirdi.
Arxivi etibar edə biləcəyim başqa dövlət
qurumu qalmamışdı. Bu dəfə onu nə
olur-olsun Tarix Muzeyinə verməyi qəti qərara aldım.
Direktor, hörmətli akademik Nailə Vəlixanlı
ilə danışdım. Arxivin məhz
onlarda olmasının hər baxımdan qanunauyğunluğunu
bildirdi. Bundan sonra arxivin Muzeyə
daşınmasını, səliqəyə
salınmasını və
kataloqlaşdırılmasını təşkil etdi. Beləliklə, N.Tahirzadə arxivinin son duraq yeri
indiki AMEA Milli Azərbaycan Tarixi Muzeyi oldu.
Bu zaman ciddi müalicələrdən sonra Nərmin
xanımın səhhəti müvəqqəti
yaxşılaşmışdı və bəzi anlarda onunla
normala yaxın danışmaq olurdu. Mən fürsətdən yararlanaraq
arxivini Tarix Muzeyinə bağışladığımı
dedim və gec də olsa onun da razılığını
aldım. Razılıq verməsində, məncə,
Muzey əməkdaşlarının, görünür, Nailə
xanımın göstərişi ilə axır vaxtlar onunla
tez-tez səmimi ünsiyyət qurmalarının və Muzeyin bəzi
yardımlarının da müsbət təsiri olmuşdu.
Özəlliklə
əziz Fərhad Cabbarovun Tarix Muzeyinə həmin arxivdən
yalnız "bəzi materialları" təhvil verməyim
haqqında fikrindən sonra "bəzi materiallar"
anlayışına aydınlıq gətirməyə ciddi
ehtiyac duyuram, çünki bunu indi etməsəm, sonralar da bəzi
şübhələr, qaranlıq məqamlar yarana bilər.
Qətiyyətlə
bildirirəm ki, mən Azərbaycan Tarixi Muzeyinə
NƏRMİN TAHİRZADƏNİN BÜTÜN
ARXİVİNİ TƏHVİL VERMİŞƏM! Ancaq çox azsaylı iki qisim material istisna olmaqla.
Onlar hansılardır?
BİRİNCİ QİSİM. Arxivdəki bəzi dəftərlərdə
(onların sayı 30-dan artıq deyil; ancaq üstündəki
ilkin nömrələri qoruyub saxladığımıza
görə aralarında 97-ci dəftər də
bulunmaqdadır) mənim tələbələrlə və
Cümhuriyyət dönəmi (1918-1920) deputatları ilə
bağlı uzun illər boyunca apardığım
araşdırmalarla bağlı heç yerdə olmayan dəyərli
bilgilər vardı və mən onlardan hökmən yararlanmalı
idim. Dövlət himayəsinə keçdikdən sonra
isə onlarla tanış olmağa nəinki
həftələrimin, hətta aylarımın da gedəcəyini
dəqiq bilirdim. Bu üzdən həmin dəftərləri
seçib özümdə saxladım. Bu hərəkətimdən
sonralar çox məmnun oldum, çünki istər Nərmin
xanımın professor Misir Mərdanovun layihəsi olaraq 2015-ci
ildə nəşr edilmiş "Azərbaycan təhsil tarixi
oçerkləri və ilk ali təhsillilərimiz" adlı
möhtəşəm kitabını, istər Oğuztoğrul Tahirli ilə
yazdığım "Azərbaycan Cümhuriyyəti
(1918-1920) tələbələri" kitabını (2016), istərsə
də Misir Mərdanovla birgə ortaya qoymaqda olduğumuz
"1920-ci ilədək ali məktəblərdə oxumuş
azərbaycanlılar" çoxcildliyimizi (2018-dən
üzübəri) nəşrə hazırlayarkən həmin
dəftərlər əlimizdən tutdu və onları
axtarmağa vaxt sərf etmədik. Bir Allah
şahiddir ki, hər üç əsərdə biz
hallalığı ən başlıca prinsip seçmişik
və ona sanadək sadiq qalmışıq. Nərmin xanımın arxivindən
yararlandığımız hər cümləyə, hər
fikrə belə qaynağı dəqiq göstərməklə
istinad etmişik və bəlkə də ən çox istinad
etdiyimiz alim də odur. Bunu həmin
kitabların oxucuları da təsdiqləyə bilər. Bu dəftərləri, inşallah, Məclisi-Məbusan
deputatları ilə bağlı əsərimi bitirincə
Muzeyə qaytaracağıma kimsənin şübhəsi
olmasın.
İKİNCİ QİSİM. Nərmin
xanımın arxivindən götürərək özümdə
saxladığım bu bəlgələr isə onun
özünə və ata-anasına aiddir. Doğrusunu
deyim ki, onları saxlayan zaman mən qarşıdakı illərdə
onlardan yararlanmaqla Nərmin xanımın həm özü, həm
də atası haqqında geniş elmi əsərlər
yazacağımı düşünürdüm.
Düzdür, məhz onlardan istifadə etməklə
"Cümhuriyyət tələbələri"ndə
atası Abdulla Tahirzadə haqqında geniş məqalə
verdim və Nərmin xanım haqqında nekroloqda da onlar
yardımçım oldu, ancaq mənim niyyətim daha
böyükdü; bu niyyətlə də həmin sənədləri
indiyədək özümdə saxlayırdım. Bugünkü gerçək durumda isə
qarşımda Misir Mərdanovla nəhəng layihəmizi
başa çatdırmaq və ondan sonra da, Allah imkan verərsə,
"Azərbaycan Məclisi-Məbusanı üzvləri"
kitabımı yazmaq durur. Onların hər
biri illərimi alacaq və açığı, Nərmin
xanımın özü və atası ilə bağlı
niyyətimi gerçəkləşdirə biləcəyimə
əmin deyiləm, buna görə də həmin özəl bəlgələri
lap elə bu gündən Tarix Muzeyinə tam şəkildə
təhvil verməyə hazıram.
Bu yazımda özümə
yaraşdırmadığım bir əskiklik var - heç bir
hadisənin dəqiq tarixini göstərməmişəm,
çünki onların dəqiq tarixini əks etdirən
bütün sənədlər Əlyazmalar
İnstitutundakı özəl fondumdadır, oraya getməyə
isə vaxtım olmadı. Maraqlananların həmin
sənədlərlə tanışlığına isə
heç bir əngəlin olmadığı düşüncəsindəyəm.
Bakı, 13.08.2021.
Ədalət
TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
525-ci qəzet.- 2021.- 14 avqust.- S.24.