Xatirələrdə yaşayan ləyaqətli ömür

 

16 avqust şəhid kəşfiyyatçı Amil Hüseynovun doğum günüdür

 

  Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu tarixi qələbənin qazanılması, bu möhtəşəm hərb tarixinin yazılmasında Silahlı Qüvvələrimizin istifadə etdiyi müasir tipli silahlar, texnoloji vasitələr ölkəmizin gücünün yalnız bir göstəricisi idi. Xalqımızın bu tarixi sınaqdan alnıaçıq, üzüağ zəfərlə çıxmasının ən başlıca amillərindən biri, 30 illik həsrətimizə son qoyub bizi doğma torpaqlarımıza qovuşduran canlı qüvvələr - xalqımızın birliyi, Müzəffər Azərbaycan Ordusunun əsgər, zabit heyətinin vətən sevgisi, gözünü qırpmadan ölümün ağuşuna atılan oğulların qəhrəmanlıq əzmi, mənəvi gücü oldu. Bu tarixi zəfərə onlar öz qanları ilə imza atdılar.

 

Bir millətin kimliyi onun qəhrəmanlarında özünü təcəssüm etdirir. Qəhrəmanın əbədiliyi xalqın əbədiliyidir. Şəhidlik isə qəhrəmanlığın ən ali məqamıdır. Şəhidlik zirvəsi şərəfli olmaqla yanaşı, həm böyük bir imandır. Bu zirvənin sahibləri heç vaxt unudulmur. Belə unudulmaz, cəsarəti ilə qorxaq erməni qəsbkarlarını lərzəyə salan, varlığı belə düşmən üçün ən ağır zərbə olan oğullarımızdan biri Şəhid Amil Rasim oğlu Hüseynovdur.

 

Düz 35 il bundan əvvəl 16 avqust günü Hüseynovlar ailəsinə yeni bir can, yeni bir nəfəs gəldi. Sevinc göz yaşları ilə körpəsini qoynuna alan Nazənin ana hardan biləydi ki, qucağına aldığı bu körpəni ömrünün 35-ci baharında torpağın qoynuna verəcək. Nazənin ana hardan biləydi ki, Məhəmməd peyğəmbərin bağçası üçün bir gül, bir cənnət sakinini dünyaya gətirib. Axı ana hardan biləydi, adını Amil qoyduqları bu körpə 35-ci mövlud günündə, Allahın 99 adınadan biri olan şəhid adını daşıyacaq. Bu oğul qəhrəmanlığı, igidliyi, şücaəti ilə tək Hüseynovlar ailəsinin deyil, bütün Azərbaycanın doğmasına çevrildi.

 

Cənnətdəki ilk mövludun mübarək Şəhidim!

 

Şəhid Hüseynov Amil Rasim oğlu 16.08.1986-cı ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində gedib. Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illərdə Beynəlxalq Sülhməramlı Ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan sülhməramlı qoşunlarında həqiqi hərbi xidmətdə olub. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karate növü ilə məşğul olub. Respublikada xaricdə keçirilən yarışlarda mübarizə aparıb yüksək nailiyyətlər əldə edib. Müxtəlif yarışlarda 1-ci, 2-ci 3-cü yerləri tutub, diplomlara layiq görülüb. O, iştirak etdiyi heç bir yarışdan nailiyyətsiz geri qayıtmazdı. Hətta respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb. Əsgərlikdən qayıtdıqdan sonra bir müddət mülki işlərdə işləməsinə baxmayaraq, Amilin hərbiyə olan marağı, Vətənə olan sevgisi onu öz arzusunun ardınca apardı. Amil fəaliyətinə 2010-cu ildən Azərbaycan Respublikasının Daxili qoşunlarında xidmət göstərərək başlayıb. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirib. 2013-cü ildə, hətta, Türkiyədə kəşfiyyatçı sapyor üzrə təlim kursu keçib, ixtisaslaşıb. O, işinin sirlərini, hər bir incəliyini bilən bir hərbçi idi. Amil Hüseynov Beyləqan Füzulidəki N saylı hərbi hissədə Azərbaycan Ermənistan silahlı qüvvələrinin təmas bölgələrində xidmət edib. Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, hərbi hissəyə verilmiş tapşırıqların yerinə yetirilməsinə intizamına görə daim fərqlənən Amil, 2016-cı ildə Fəxri fərman ilə mükafatlandırılıb. 27.09.2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olan, ən ön sıralarda döyüşən Amil Hüseynov Füzuli Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. 10.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kəndi istiqamətindən tapılıb 10 dekabr 2020-ci ildə öz doğma kəndində son mənzilə yola salınıb. Şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə",  "Xocavəndin azad edilməsinə görə" "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. Onun ilk evliliyindən 6 yaşlı Elcan adlı körpəsi şəhidimizin nişanəsi olaraq vətənə əmanətdir.

 

A.Hüseynovun döyüş yoldaşlarının onun haqqında dedikləri:

 

"Amil işinin peşəkarı idi. Düşmən mövqelərinə kəşfiyyatı zamanı onun gətirdiyi məlumatlar hər zaman çox dolğun, dəqiq və əsaslı olurdu. O, hər zaman hərbi hissəyə yararlı məlumatlarla geri qayıdıb. Onu tanıyan bütün dostları, döyüş yoldaşları deyirdi ki,  Amil düşmənə qan udduran döyüşçü idi. Daim irəli getməyə can atır, necə ürəklə döyüşür, hətta, öz canını təhlükəyə ataraq şəhid olan, yaralanan döyüşçü dostlarını düşmən əlinə keçməməsi üçün neytral ərazidə qalmasına yol vermirdi".

 

Oktyabrın beşində sonuncu dəfə ailəsi ilə telefonla danışarkən anası Nazənin xanıma, "Ana buralar müsibətdir, birdən mənə nəsə olsa, Elcanım sənə əmanətdir", deyib. Yenicə ailə qurduğu həyat yoldaşı Xalisə xanıma isə şəhidimizin son sözləri o olub ki, "Belə getsə, inşallah, Şuşadan gələcəm, səni heç vaxt tək qoymaram" deyib və qayıdacağına söz verib. Elə həmin zəng Amilin sonuncu zəngi olub.

 

Amil Hüseynov qüsursuz hərbçi olmağı ilə yanaşı, həm də gözəl övlad, mehriban qardaş, hörmətli ailə başçısı və qayğıkeş ata idi. Bir tikə çörəyini dostları ilə bölən insan idi. Bütün ailə Amil ilə fəxr edir. O, ömrünü şəhid kimi yaşadı, məqamı da şəhidlik oldu. Amil Hüseynovun xatirəsinə hörmət əlaməti olaraq Füzuli rayon Horadiz şəhərində fəaliyyət göstərən 3 saylı orta məktəbdə və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndindəki məktəblərin sinif otaqlarına Amilin adı verilib. Hər zaman sevgi, sayğı, ehtiramla anılacaq. Nur içində yat şəhidim!

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

MEHRİ

 

525-ci qəzet.- 2021.- 14 avqust.- S.23.