Təzadların vəhdəti  

 

 

Yazmaqda olduğum romanla bağlı müsahibə verərəkən "İçərisində eşq siyasətin olduğu yeni kitab gəlir" cümləsi jurnalistin diqqətini çəkdi. Dərin fikrə getməsi nəzərimdən qaçmadı, mövzuya aid nəsə soruşar deyə düşündüm, amma o, fərqli suallara keçdi. Söhbətin sonuna yaxınlaşanda yenidən əvvələ - eşq siyasətə qayıtdı. Təəccüblə bir-birinə aidiyyatı olmayan bu ikisinin necə bir arada ola biləcəyini soruşdu. Bir az da mümkünsüzlüyündən bəhs etdi.

 

Əslində, eşq siyasət heç bir-birindən uzaq, bir-birinə yad deyil. Hətta fərqli rəngdə, bənzər tərkibə malikdirlər. Strategiya eynidir; dolaşıq, əndrəbadi, ziddiyyətli, cazibəli. Sadəcə tətbiq fərqli yönlərdədir. Biri çoxluğa, biri təkliyə hesablanıb. Məsələn, ikisi saf niyyətlə, böyük gözləntilərlə başlanan, oyun hiylə ilə bitən bir proses olduğu üçün ikisini rahatlıqla yan-yana gətirmək olar. Siyasətdə olduğu kimi, sevgidə riyakarlıq var. Xəyanət ikisinə məxsusdur. İkisinində meydanına təmiz girə bilərsən, amma o meydandan heç vaxt girdiyin kimi çıxmırsan. Ya çox kirlənirsən, ya daha çox kirlənirsən. İkisində məğlub olursan: ya qarşındakına, ya hisslərinə, ya da zamana...

 

Siyasət oyundur, sevgi isə həm oyun, həm də dəlilikdir. Siyasət mənəm-mənəmlikdir, nə qədər "xalq, millət" desən də, yenə də özünü, öz mənfəətini, çıxarlarını daha çox düşünürsən. Sevgidə isə kimliyini unudursan. Öncəliyin qarşıdakı olur. Onur, qürur arxa plana keçir. Məntiq yox olur, səni hisslər, duyğular idarə edir. Siyasətdə isə məntiq və mənlik baş rolda oynayır. Siyasətdə olduğu kimi, eşqdə də vaxt məhdudiyyəti var; çox-çox sonraları tərəddüdlə hesablayırsan, çünki hər an nəsə olacağı ehtimalını gözardı etmirsən. Siyasətçini devirmək üçün xalqın, sevgilini devirmək üçün bir adamın tək kəlməsi yetir. Siyasət eşqdən daha ehtiraslıdır. Bəzən bu tutqu ömür boyu davam edir, qəfil gələn bir ölümlə kresloda sonlanır. Çox nadir hallarda kreslonu itələyib, "artıq davam etmirəm" deyirsən, amma sevgilini hər an "istəmirəm" deyib yolu nə qədər yarılamağından asılı olmayaraq atıb gedə bilirsən. İkisinin də intriqası böyükdür, ikisində də əqrəb kini var, pusqu qurub yaxaladığın ilk andaca sancırsan. İkisində də boğulduğunu hiss etdiyin anda öz canını qurtarmaq üçün qurbanlar verirsən. İkisində də intiqam hissi həmişə sağ əlinin altında hazır vəziyyətdə dayanır. Siyasətdə güc nümayiş etdirməsən, uduzursan. Sevgidə isə "siyasət meydanında deyiləm ki, güc nümayiş etdirim" deyib daha yumşaq, tolerant davranmağa çalışır, bütün hallarda yenə uduzursan. Siyasətdə olduğu kimi, sevgilinin də içindən hər an bir diktator çıxıb qanı su yerinə axıda bilər. Olduqca həlim xarakterli şəxslər olur, böyük vədlərlə iqtidara gəlirlər. Təzə-təzə dünyanın ən demokrat lideri kimi davranır, ürəkləri fəth edirlər. Üstündən bir müddət keçir, baxırsan ki, içlərindən qana susamış canavar fışqırıb çıxır. Sevgidə də belədir, tanışlığın ilk aylarında bir sandıq dolusu qızıl tapdığını zənn edirsən, sevincdən qanadlanır, zənginliyin dadını çıxardırsan, bir gün əlini sandığa atanda zəhərli ilanın qoluna dolaşdığını görüb dəhşətə qapılırsan. Adətən qan udduran siyasətçinin keçmişi yaralı olur - Stalin kimi. Duyğu işgəncəsinə məruz qalan sevgili də yaralı və potensial təhlükə sayılır... Yarasını sağaldıb, özgüvənini bərpa edib, gücləndirən kimi əlinə keçən ilk fürsətdə qarşısındakılara dünyanı cəhənnəm edir. Fərqi yoxdur günahkardır və ya deyil, içlərindəki xılt vücudları fiziki doyuma çatan kimi yön dəyişdirir. Amma bir gerçək var, ikisininsonu hüsranla bitir. Siyasətə bulaşmış ruhdan rifaha, sevgiyə qarışmış beyindən hüzura keçmək Allaha qalmış məsələdir. Bədən özünü bir tərəfə çıxartsa da, ruh ömürlük axsaq qalır!

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 14 avqust.- S.23.