Postnormal zamanların
romanı
KASSANDRA
VƏ LAOKOONA İNAM
Laokoona inanan Troya haqqındadır". Hər
halda "Laokoon... Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
romanının müəllifi belə deyir. Ona görə də mən Laokoonun başına gələn
"gerçək" yox, gerçək əhvalatı sizə
danışmaq istəyirəm.
Günəşin sarı, bənövşəyi,
qırmızımtıl şüaları Troya ətrafındakı
şeh düşmüş Qortis çəmənliyinə səpələnəndə
troyalı əsgərlər çoxdan oyanmış və kəşfiyyata
çıxmışdılar. Yunan hərbi
düşərgəsi toz-duman içindəydi. Bununla belə, troyalı əsgərlər
yunanların öz düşərgələrində nəhəng
bir taxta at qoyub getdiklərini gördülər. Bunu eşidən Priam oğulları ilə birlikdə
qala divarlarına dırmaşıb gözlərini əsgərlərin
göstərdiyi yerə sarı zillədi. Ata və oğulları heyrət və
çaşqınlıq içindəydilər. Ətrafa dərin bir sükut çökdü.
Sükutu
münəccim Timoites pozdu: "Bu, hədiyyədir, Afinaya həsr
olunub, onu gətirib İlahənin məbədinə
qoyaq". Bu gözlənilməz təklifə ağsaqqal
Kapis hiddətlə cavab verdi: "Yox,
olmaz! Afina həmişə yunanlara arxa-dayaq olub.
Gəlin bu atı elə indicə yandıraq.
İçərisində nə olduğunu
öyrənmək üçün atı həm də hissələrinə
bölək.
Priam dilləndi:
"Timoites haqlıdır. Atı taxta təkərlər
üstündə bura gətirməliyik. At Troyanın
içində olarsa, Afinaya verilən bu müqəddəs hədiyyəyə
heç kim zərər yetirə bilməz".
Hökmdarın əmri yerinə yetirildi. Atı taxta təkərlərin
üstünə qoyub qala qapılarının ağzına qədər
gətirdilər. At hündür
olduğundan qala qapılarından keçmədi. Divarın bir qismini uçurdular. Atı şəhərə daxil etdikdən sonra
divarı yenidən hördülər. Öncəgör
Kassandra divarın içində əsgərlər olduğunu
bildirdi. Gənc qadının bu
şübhəsiylə kahin Laokoon da razılaşdı.
"Axmaqlar" deyə Laokoon ağladı.
"Hətta bir yunanlı özü ilə hədiyyə
gətirsəydi də ona heç vaxt etibar etmək
olmazdı". Laokoon atı əlindəki
nizə ilə nişana aldı. Nizə
taxta atın qarnına toxunan kimi içəridən dəmir
səsləri dınqıldadı. Yunan
döyüşçülərinin silahları bir-birinə
toxundu, amma qışqır-bağır və ətrafı
bürüyən küy bu səsi boğdu. Priamın tərəfdarları atı Troyanın
şəhər meydanına gətirdilər.
Estetika
fenomeni
Kamal Abdullanın "Laokoon, Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
romanı məkan və zamanla xarici bir məna
bütövlüyündə birləşir. Roman öz
daxilində vahid bir məna ifadə etmir.
Çünki müəllif deyən
"sayrışmalar", "tanış və yad sonsuz
lüğət" buna icazə vermir. Amma yox, əslində,
verir. Ancaq bu, sayrışmanın tanış
işıqlı üzünün bətnində gizlənən
ən yad, yəni ən doğma və məhrəm mənaları
oxuya bilənlərə bəlli olur. Belə
olanda romanın hissələri bir-birinə bitişir və ya
belə deyək, bir-biri ilə ünsiyyət qurur.
Ancaq
unutmayaq,
romanın xaricində onlar bir-birlərinə
yaddırlar.
Hətta romanın antiqəhrəmanları Vaqif və
Firəngiz kimi və həmçinin, "Unutmağa kimsə
yox" romanının sakinləri F.Q. və Afaq, Bəhram və
Gülsüm kimi. Ancaq o da var ki, hansısa paralel zamanda bu qəhrəmanlar
(antiqəhrəmanlar) doğmadırlar.
Mədəniyyət
və sivilizasiyanın üç sahəsi - elm, sənət
və həyat
"Laokoon,
Laokoon... yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi" romanında və bütövlükdə
Kamal Abdulla "Xəmsə"sində (1
"Yarımçıq əlyazma", 2 "Sehrbazlar dərəsi",
3 "Unutmağa kimsə yox", 4 "Sirlərin sərgüzəşti",
5 "Laokoon... Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi") vahid
bir estetik kateqoriyada bütövləşir və "Azərbaycan
dilinin potensialında" (Kamal Abdulla) yeni bir estetika fenomeni
yaradır.
Bəzən
bu bütövlük və yeni estetika fenomeni hər məkan və
zamana uyğun ola bildiyindən elastik
(yumşaq) xarakter də daşıya bilir. Çünki
Liotarın dediyi kimi, artıq alqoritmik bir dil sistemi olan ədəbiyyat
və mədəniyyət epoxasında yaşayırıq.
Kamal Abdulla nəsri real, irreal və hətta
sürreal mənzərələrlə mimezis və postmodern
estetikanın arasındakı qızıl ortada dayanır.
"Şəbəkə" restoranı, Xəzərin
sahili və Firəngiz-Vaqif eşqi real təsvirlərlə
diqqəti cəlb edir. Bu reallıq qəfildən
Firəngizin sürreal yozum və duyumları ilə yer dəyişir.
Gerçəkliklə illüziya oxucuda dialektik
düşüncə və təəssürat yaradır.
İtalo Kalvino, Bertold Brext, Borxes və Orxan Pamukun istifadə
etdikləri yaradıcılıq metodları Kamal Abdullada
dialektik səciyyə daşıyır. Sayrışmanın
iki tərəfi kimi. Oxucu reallıqdan
ağlasığmayan bir dünyaya keçid edir. Romanın dili qəfildən dəyişir və
geniş epk vüsət yaradır. Mətn
müqəddəs Qorqud dilinin potensialının zirvəsinə
qalxır. Bu zaman poetik enerjinin qədim və
epik vüsətinə yiyələnir.
Milan Kundera deyir ki, Kafka ədəbiyyatı
gömrüksüz və sərhədsiz qoydu. Kamal Abdulla
romanabənzərlə sərhədlərdəki dəmir məftilləri
illüziona çevirir.
Sayrışmalar:
arxetip və arxefaktlar
Hər bir yazıçı heç olmasa bir dəfə
bədii kəşf etməli və yeni olanın gözəlliyini
göstərməlidir. Sayrışmalar estetik bir kateqoriya kimi
Kamal Abdullanın kəşfidir. Kamal Abdullaya görə
sayrışmanın iki tərəfi var: işıqlı və
qaranlıq. İşıqlı tərəfin
arxasında gizlənən qaranlıq tərəf öz
içinə çox işıqlı informativ energiya
yığır. Onu görmək asan məsələ
deyil və Kamal Abdulla onu görür.
Firəngiz
Vaqifdən, Vaqif mövcud olduğu dünyadan şübhələnir.
Əslində, ikisi də dastan poetikasından
qopub gəlmiş arxetiplərdir. Kamal Abdulla şübhəçi
kahin Laokoon, Vaqif və dastanın paralelində belə bir qənəatə
gəldiyi şübhə doğurmur: sənət və həyat
bir-birini tamamlamır. Bəlkə də, bir-birlərini
inkar edirlər. Ancaq mənim mətnlərimin
sayrışmalarında birləşmələri zəruridir.
Kamal Abdullanın öz qəhrəmanları ilə sabit
və dinamik bir əlaqəsi var. Sabit əlaqə
sayrışmanın görünən tərəfidir. Dinamik tərəf
qaranlıqdan doğan aydınlıqdır. Yazıçının qəhrəmanları ilə
əlaqəsinin psixolinqvistik və mifolinqvistik təzahürləri
olduğu üçün onu tam şəkildə təhlil edə
bilmərik. Yəni romanabənzər
"açıq mətn"dir. Düzünü desək,
biz bu əlaqə ilə ideal müstəvidə və məna
qatında maraqlanırıq. Çünki
yazıçı bu ünsiyyətdə öz ruhunu və
bioqrafiyasını təcrübədən keçirir. Və yazı prosesində zaman qəhrəmanları
arxetip, hadisələri arxefakt kimi yeniləyir, təkrarlayır.
Əsrlər keçsə də, dastan-roman
arasındakı zaman intervalı və zamansızlıq
"eyni" xarakterləri və hadisələri
sayrışmanın iki üzü kimi ifadə edir. Kamal Abdullanın qəhrəmanları ilə indiki
zamanda baş verən əlaqəsi haqqında isə
danışmaq asandır. Çünki
konkretləşən bir əlaqə, ünsiyyət və
şəxsiyyət haqqında söz demək
mümkündür.
İnsan
öz təbiətinə xilaf çıxa bilməz
Şəhər sakinləri öz aralarında mübahisə
edərkən iki troyalı əsgər tərəfindən
şəhərə gətirilən yunan Sinonu görəndə
heyrətdən yerlərində donub qaldılar. Əslində,
Sinon Odisseyin casusu idi. Yunanlarla üzüb
getməməsinin yeganə səbəbi troyalılara yalan məlumat
vermək idi. Zəncirlənmiş Sinon
troyalılara Palamedes adlı bir yunan əsgərinin "qətlinin"
sirrini bildiyi üçün Odisseyin onu öldürməyə
çalışdığını söylədi. Döyüşlərdən bezən yunanların
aylar əvvəl müharibədən imtina etməyi
planlaşdırsalar da, hava yaxşılaşmadığı
üçün mühasirəyə davam etməli
olduqlarını bildirdi. Zəncirlənmiş Sinon
üzünü əhaliyə tutub aram-aram dedi:
- "Odissey rüşvət
qarşılığında məni günah keçisi elan
etdi. Lakin qəfildən külək əsməyə
başladı və hamı gəmilərə minməyə tələsdi,
buna görə də qarışıqlıqdan istifadə edərək
mən aradan çıxdım".
Sinonun Troyaya sığınmaq istəyən bir müharibə
əsiri olduğuna inanan Priam onun zəncirlərdən azad
edilməsini əmr etdi. Daha sonra incə və zərif ədayla və bu ədanın
arxasında gizlənən bir hiyləgərliklə
soruşdu: "Bəs bu at nədir belə? Niyə
bu qədər böyükdür?
Sinon su istədi. Suyu içib bir qədər toxtadıqdan sonra
Priamın sualına birnəfəsə belə cavab verdi:
- Onu Troyaya apara bilməyəsiniz deyə. Bu müqəddəs
hədiyyəni xor görəsiniz və Afina da şəhəri
yerlə-yeksan etsin deyə Odissey bunun üçün belə
bir tədbir gördü. Belə bir məntiq
Priamı və onun ətrafındakı troyalıları
razı saldı.
Amma bir nəfər bu məntiqi qəbul etmədi.
Laokoon qışqırdı. Elə
qışqırdı ki, dağlar, daşlar, şəhərlər,
kəndlər lərzəyə gəldi. Hətta
Taxta atın içindəki əsgərlər belə həyəcandan
titrədilər. "Yalandır, hamısı yalandır. -
Laokoon püskürürdü - Bütün bunlar Odisseyin bədnam
əməlləridir. Yalvarıram,
Priam, ona inanma.
Bu atı Poseydona qurban verək. Onda bu taxta at külə
dönəcək. Troyaya zərər gəlməyəcək.
Poseydon buna imkan verməyəcək. Troyalılar laokoona inanmadılar. Amma Kamal Abdulla deyir ki, bu roman Laokoona inanan Troya
haqqındadır. Hardadır o Troya? Bu Troya mövcud olsaydı, dünya ədəbiyyatı
və hətta tarixi hansı istiqamətlərə üz
tutacaqdı? Kamal Abdullayamı inanaq, yoxsa
Homerəmi?!
Obrazların
simmetriyası və sərhədsizliyin strukturu
Vaqif epik qəhrəmandır. Firəngiz lirik. Vaqif sarkazmı, Firəngiz yumoru təmsil edir. Vaqif avtoportretdir. Firəngiz
obyektiv xarakterdir. Vaqif və Firəngiz
estetik hadisədirlər. Çünki vahid, tək bir
yaddaş estetik hadisə ola bilməz. Estetika bütöv və paralel bir sistem, ruh və
vücud sayəsində tamamlanır. Qəhrəmanlar
arasında ziddiyyətli fərqlər ortaya çıxanda isə
etik bir hadisə baş verir.
"Kitabi-Dədə Qorqud" dastanı,
Çaldıran döyüşü, Vaqif-Firəngiz xətti,
romanın "gerçək" yazılma tarixçəsi
ilə bağlı polemikalar, manifestlər, ittihamlar, təriflər,
minnətdarlıq və etiraflar etik kateqoriyalara daxildir. Kamal Abdulla nəsri
XXI əsrdə Azərbaycan ədəbiyyatşünaslığında
ən çox polemika mövzularından biri olmuşdur.
Müəllifin "Kitabi-Dədə Qorqud"
dastanı ilə bağlı dissertasiyaları,
monoqrafiyaları, məqalələri və esseləri potensial
bir qəhrəmana ehtiyac duymayan bir dövrün - postnormal
zamanların ədəbiyyatında idraki xarakter
daşıyır. Bir sözlə, idraki və ya təqsimi
bir ədəbiyyat hadisəsidir. Kamal Abdulla başqa bir
romanı "Unutmağa kimsə yox"da hətta öz
dissertasiyasını belə mətnin içərisinə
daxil etmək istəyir və o potensialda olan "açıq
mətn" konsepsiyası ilə çıxış edir. Klassik romanlardan, məsələn, "Madam
Bovari"dən hər hansı bir qəhrəmanı
çıxarsaq, romanın bütün strukturu dağılar.
Kafka ilə başlanan yeni roman estetikasında isə
hətta baş qəhrəmanı belə (məsələn,
"Qəsr" romanının qəhrəmanı K.-nı) əsərdən
çıxarsaq, heç nə dəyişməz. Eləcə
də
"Laokoon,
Laokoon... yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi" postnormal zamanların mətni olduğu
üçün Firəngiz, hətta Vaqif obrazını mətndən
çıxarsaq, roman öz mövcudluğundan və
üslubundan nəsə itirməyəcək...
Bütün
bunlarla yanaşı, onu da unutmayaq ki, müəllif hansısa
bir romanın (biz güman edirik ki, bu, "Yarımçıq
əlyazma"dır) yazılışının
"gerçək" tarixçəsini həm təqdim
edir, həm də əslində, təqdim etmir.
Bütün müəmmalar və sirlər bir sadə
dırnaq işarəsindədir. Müəllif
romanının adından keçən gerçək
sözünü özü dırnaq içində vermiş
və bununla romanı romanabənzərə, oradakıları
isə fantoma çevirə bilmişdir. Olduğu
və yaxud olmadığı bilinmir. Bunun
özü də yeni bir estetikadır.
Üçbucaq
arzu
Banuçiçəyin gözəlliyi və başqa
bir zamanda, yəni paralel zamanda və məkanda Firəngizin mətnin
(eposun) gerçək (dırnaqsız) oxucusuna çevrilməsi
ədəbiyyat tarixində və metatəhkiyə
texnologiyasında bir ilkdir. Firəngiz
işıqlı və qaranlıq tərəfləri görə
bilir. Mətni oxuyur. Misal
üçün, onun Banuçiçəyi sevən kişilər
haqda məlumat verməsi Vaqifi əməlli-başlı heyrətləndirir.
Mətnin idraki qavrayış prosesi hissi,
emosional intellektlə əvəzlənir. Əslində,
Vaqif mətnə vaqifdir. Vaqif mətni daha
yaxşı bilir. Amma Firəngiz mətni
daha yaxşı duyur. Burada roman yeni təhlil
metoduna rəvac verir və Rene Jirarı xatırlamamaq olmur.
Vaqif, Firəngiz və eposun arasında
"üçbucaq arzu" estetikası yaranır. Söhbət Rene Jirardan düşmüşkən
"Don Kixot" romanında üçbucaq arzunun yaranma
formasını yada salmaq vacibdir.
"Amadis"
Alanso Kixanoya, Kixano Don Kixota təsir edir. Don Kixot
isə Sanço Pansaya təlqin edir. Və
bu təlqin şifahi və canlıdır. Dastan isə Vaqifin bioqrafiyasında, şəxsi və
ictimai həyatında aparıcı rol oynayır.
Vaqif Firəngizə fiziki və intellektual yöndən təsir
göstərir.
Firəngiz Vaqifə emosional və metafiziki
sayrışmalarla dolu təlqinlər bəxş edir. Bütün
idraki yanaşmalar sıfırlanır. Qadın
bədəninin (həm də ruhunun) zərifliyi həm
romanın, həm də dastanın ən əsas estetik
kateqoriyası kimi təzahür edir. Bəs
üçbucaq arzu formalaşarkən və ədəbi mətndə
mən və digəri tezisi ilk dəfə Kamal Abdullanın
romanlarında təzahür edərkən müəllifin
özü harada dayanır? Kamal Abdullanın
bioqrafiyası ilə "Yarımçıq əlyazma",
"Unutmağa kimsə yox" və "Laokoon, Laokoon...
yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi" romanları arasında
"üçbucaq arzu" yaranır, daha doğrusu,
mövcuddur. Və Kamal Abdullanı burada axtarmaq
lazımdır.
Nəqletmə
və sayrışmalarla illüziya yaratma sehri
Bioqrafiyanın zənginliyi Umberto Ekonun empirik təhkiyəçi
adlandırdığı bir şəxsiyyətin, ilahi təhkiyəçinin
və mətnin alternativ dünyasının gerçək
sakininin yaranmasına səbəb olur. Gerçək
demişkən, "romanabənzər"in adında keçən
"gerçək" kəlməsi real dünya ilə ondan
daha real olan alternativ mətn dünyası arasındakı sərhədləri
müəyyənləşdirir.
Romanabənzər hələ çap edilməmişdən
əvvəl mətnin əlyazması fərqli ədəbi təmayülləri
təmsil edən mütəxəssislər tərəfindən
müzakirə edildi. Daha çox postmodern ədəbiyyata aid
intertekstuallıq, dekonstruksiya, dekanonizasiya, poststrukturallıq,
metafiksiya kimi terminlərlə təhlilə cəlb edildi.
Roman daha çox postmodern epoxanın bir mətni
kimi ələ alındı. Ancaq mətnin
gerçəkliyi gerçək sözünün
dırnaqlı və dırnaqsız versiyalarını
özünə daxil etməsi unuduldu. Əsas
olan da budur.
Əslində, mətnin ifadə və struktur
baxımından kamilliyi bütün izmləri üstələyir. Lakin
"Laokoon, Laokoon... yaxud bir romanın "gerçək"
yazılma tarixçəsi" başqa izmləri və
estetik təmayülləri ehtiva etsə də, bu romanabənzər
postnormal zamanların ədəbi əsəridir. Metatəhkiyə "gerçəklik" əsasında
formalaşır. Romanabənzərdəki
sayrışmalar mətnin müxtəlif yazılma
versiyalarını və qaranlıq məqamlarını ifadə
edir. Oxucu üçün alternativ
oxuma-mütaliə prosesi başlayır. Kamal
Abdullanın yazdıqları daha çox elitar ədəbiyyat
hadisəsidir. Buna görə də onun
bütün mətnləri təbii olaraq adekvat oxucu tələb
edir. Umberto Eko demişkən, bu
romanları plyajda oxumaq olmaz. "Laokoon,
Laokoon... yaxud bir romanın "gerçək" yazılma
tarixçəsi" romanı ilk növbədə struktural
mütaliə üçün münbit zaman, məkan və qəhrəman
polifoniyası hazırlayır.
Mətn içində mətn, dünya daxilində
paralel dünya, müasir həyat, Xəzərin,
Bakının real təsvirləri ilə yanaşı dayanan
epos dialektikası bu polifoniyanın tərkib hissələridir.
Romanabənzər həm də yeni roman strukturu təqdim
edir. Ceyms
Coys, Franz Kafka, Alen Rob-Qriye, Karlos Fuentes, Uilyam Qaddis, Oğuz
Atayın etdiyi struktural və estetik inqilab, yeni roman kultu Azərbaycan
ədəbiyyatında romanabənzərdə təzahür
edir. Romanın adekvat oxucusu ikinci mütaliə
prosesində strukturla yanaşı, təhkiyə, üslub və
dil baxımından fərqli bir mətnlə
qarşılaşır. Müasir Azərbaycan
dilinin fonetik sistemi, leksik vahidləri və sintaktik quruluşu
Dədəm Qorqudun dili ilə paralel şəkildə üzə
çıxır. Təhkiyə
metodlarının çoxsəsli və çoxqatlı
olması təkcə dil vahidlərində deyil, psixolinqvistik səviyyədə
öz əksini tapır. Vaqif-Firəngiz xətti
və onların nitqi psixolinqvistik meyarlar üçün əsaslı
nümunədir. Bu isə ayrı bir tədqiqatın
mövzusudur.
Nətəcədə, Kamal Abdullanın romanabənzəri
niyə postnormal dövrün mətni hesab edilir?
-
Artıq bütün dünyada bir çox elm adamları və
filosoflar 2005-ci ildən bu günə kimi olan mərhələni
postnormal zamanlar və ya postnormal dövr adlandırırlar. Birdən çox gələcək və zaman
anlayışı olduğu üçün postnormal zamanlar
ifadəsi daha çox işlənir. Əslində, bu
yanaşma Kamal Abdullanın "Sehrbazlar dərəsi",
"Unutmağa kimsə yox" və "Sirlərin sərgüzəşti"
romanlarındakı qeyri-müəyyənlik
və paralel zaman konsepsiyaları ilə də səsləşir.
Postnormal zamanların romanı və sənəti
birbaşa iddia ilə çıxış etmir. Romanabənzər kimi. Silvio
Funtoviç və Cerom Ravets bu dövrün elm və sənətini
gözlənilməzlik, qeyri-müəyyənlik,
hiperreallıq, natamam nəzarət və qanuni perspektivlik
kontekstində izah edirlər.
- Bu
dövrdə məna və ifadə estetikası və həyata
baxış postmodern epoxadan da kəskin şəkildə fərqlənir.
Misal üçün:
"Klassik:
Düşünürəmsə, deməli, varam.
Modern:
İrəliləyə bilirəmsə, deməli, varam.
Postmodern:
Alış-veriş edirəmsə, deməli, varam.
Postnormal:
Paylaşım edirəmsə, deməli varam".
- Kamal
Abdulla isə tanış və yad sonsuz
lüğətlə, yəni sayrışmalarla hiperistehlak
dövrünün oxucusuna işığın arxasında
gizlənən qaranlığın gerçək
ziyasını göstərməyə
çalışır. Bir şərtlə ki, oxucu mətnə
adekvat oxucu ola bilsin.
-
Postnormal dövrün romanlarında həqiqət postmodernizmdəki
kimi plüralistik deyil, ziddiyyətlidir.
- Mətnin
strkturu açıq və qəliz olmaqdan çıxıb,
daha çox açıq, bir-biri ilə əlaqəli, mürəkkəb
və xaotikdir.
-
Dünyanın nizam və harmoniyası
çoxqütblüdür.
- "Texnologiya insan-maşın sintezi, DNT-nin düzəldilməsi,
dronlar və kiborqlarla tənzimlənir".
- Romanabənzər Uillou Uilsonun "Görünməyən
Əlif" romanı kimi müəyyənin,
sayrışmanın işıqlı tərəfinin arxa
qatında olan qaranlığı, qeyri-müəyyəni də
yeni bir bədii sözlə gözəlləşdirir. Bu, postnormal
elm və sənətin etik və estetik kateqoriyasıdır.
P.S.
Hamımıza məlumdur ki, Troya lənətlənmiş
kahin Laokoona inanmadı.
Laokoonun və oğlanlarının taleyi
acınacaqlı oldu. Elə Troyanın da həmçinin. Bəs
Troya Laokoona inansaydı, nə baş verərdi?! Kamal Abdulla bizi Xəzər sahilindən, indi əsər-əlaməti
qalmayan "Şəbəkə" restoranından, qədim
dastanın künc-bucağından, sevənlərin
qısqanclığından və qısqananların sevgisindən,
işığın və qaranlığın sirli dialoqundan
keçirərək bu sualın cavabını
axtarır...
525-ci qəzet.- 2021.- 14 avqust.- S.18-19.