Nizami Gəncəvi Macarıstana gəlir...
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri Vilayət Quliyevin
təşəbbüsü əsasında "Nizami Gəncəvi
ili" çərçivəsində macar türkoloqu və tərcüməçi
Laura Pal Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan
şairi Nizami" monoqrafiyasını orijinaldan macar dilinə
çevirir. Bu il iyun ayında
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan
Respublikası Milli Məclisinin sədri xanım Sahibə
Qafarovanın və bir qrup macar şərqşünasının
iştirakı ilə Türk Əməkdaşlıq
Şurasının Budapeşt ofisində tərcümənin
təqdimat mərasimi keçirilib.
Kitab ilin sonuna qədər Budapeştin "Kalota" nəşriyyatında
çap olunacaq. Səfir Vilayət Quliyev nəşrə
geniş ön söz yazıb. Həmin
müqəddiməni "525-ci qəzet"in oxucularına təqdim
edirik.
***
1941-ci ildə keçmiş Sovet İttifaqında Azərbaycan
şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin
təntənəli şəkildə qeyd edilməsi nəzərdə
tutulmuşdu.
Bu münasibətlə Y.Bertels, A.Krımski kimi
görkəmli rus Sovet şərqşünaslarının
Nizaminin şəxsiyyətinə, dövrünə,
yaradıcılığına dair kitabları çap olundu.
Kitablarda diqqəti cəlb edən ən
mühüm cəhət məsələyə konseptual
baxışın dəyişməsi idi - müəlliflər
Qərbi Avropa şərqşünaslığında
yaranmış çoxəsrlik ənənəni pozaraq Nizami
irsini klassik Azərbaycan ədəbiyyatı nümunəsi
kimi öyrənməyə üstünlük vermişdilər.
İlk ədəbiyyat tarixçimiz Firidun bəy
Köçərlinin 1903-cü ildə irəli sürüb əsaslandırdığı
"Gəncədə doğulmuş Nizami Azərbaycan
şairidir" fikri daha çox tərəfdarlar tapmağa
başlamışdı. Nizamini fars
şairi kimi qələmə verənlərin bir neçə
əsr davam edən monopoliyasına son qoyulmuşdu. Şairin türk dünyası ilə
bağlılığını inandırıcı şəkildə
əsaslandırmaq üçün əsərlərinin elmi-tənqidi
mətninin hazırlanması qərara alınmış və
bu məqsədlə nüfuzlu alimlərdən ibarət
üçün xüsusi komissiya yaradılmışdı.
Lakin 1941-ci ilin iyununda faşist Almaniyasının Sovet
İttifaqı ilə müharibəyə başlaması
Nizami ilə bağlı tədbirlərin təşkilinə,
böyük şair haqqında yazılmış və
yazılmaqda olan bir çox əsərlərin nəşrinə
imkan vermədi. Nizami Gəncəvinin dünya mədəniyyəti
tarixində hadisəyə çevrilən 800 illik yubileyi
müharibədən sonra - 1947-ci ildə keçmiş
SSRİ-nin bütün böyük mədəniyyət mərkəzlərində,
xüsusən də şairin tarixi vətənində təntənə
ilə qeyd edildi.
Azərbaycanda nizamişünas alimlər nəsli də
məhz 1930-cu illərdən sonra yetişməyə
başlamışdı. Şairin bütün əsərləri
farscadan Azərbaycan dilinə tərcümə olunmuş və
tezliklə oxucular arasında populyarlıq
qazanmışdı.
Bolşevik
işğalından sonra Vətənini tərk etməyə məcbur
olan bir nəfər siyasi mühacir də Nizaminin yubileyini məşhur
həmyerlisinin adına layiq şəkildə
- həyat və yaradıcılığı haqda orijinal tədqiqat
əsəri ilə qarşılamağa
hazırlaşırdı. Rahat şəraitdə işləyən,
assistent, laborant, makinaçı və kitabxana əməkdaşlarının yardımından bol-bol bəhrələnən
Sovet alimlərindən fərqli olaraq vətənpərvər
mühacir hər işi - əlyazmasının
üzünü köçürməkdən tutmuş
korrekturanı oxumağa qədər özü
görürdü. Əsərini şairin
yubileyinə çatdırmaq istəyirdi. Böyük
fədakarlıq bahasına kitab 1941-ci ildə artıq
hazır idi. Amma müharibə hamı kimi
onun da planlarını pozdu. İlk nəşri on il gözləmək lazım gəldi.
Mühacir isə ruhdan düşmürdü. Hətta
müharibə illərində yaşayış yeri kimi bir
neçə ölkə dəyişməsi də çətinlik
və məhrumiyyətlərə rəğmən işin
xeyrinə olmuşdu. Müxtəlif ölkələrin
kitabxanalarından istifadə etmiş, "Azərbaycan şairi
Nizami" adlandırdığı fundamental tədqiqatını
yeni fakt və materiallar hesabına daha da təkmilləşdirmişdi.
Nəticədə əsərin həcmi də
ilk variantla müqayisədə xeyli artmış, istinad olunan
mənbələrin siyahısı genişlənmişdi.
***
Nizaminin nəhəng
irsini bütün klassik müsəlman Şərqi mədəniyyəti
kontekstində araşdırmaq fikrinə düşən bu fədakar
insan kim idi?
Söhbət 1918-1920-ci illərdə mövcud olmuş
Azərbaycan Cümhuriyyətinin qurucularından və Azərbaycanda
milli dövlətçilik məfkurəsinin ideologlarından
biri - Məhəmməd Əmin Rəsulzadədən
(1884-1955) gedir.
Onun Nizami haqda mükəmməl tədqiqatı
ilk dəfə macar ədəbi-elmi ictimaiyyətinə təqdim
olunur. Əlamətdar haldır ki, macarca həm
də əsərin tərcümə edildiyi ilk xarici dildir.
İctimai-siyasi xadim, publisist, yazıçı-dramaturq
və ədəbiyyatşünas-alim M.Ə.Rəsulzadənin
XX əsr Azərbaycan ictimai-siyasi və ədəbi fikri
tarixində xüsusi yeri var. Siyasi mübarizəyə və
publisist fəaliyyətə erkən yaşdan
başlamışdı. 1902-ci ildə Bakıda "Müsəlman
gənclər birliyi" adlı cəmiyyət qurmuşdu.
Birinci rus inqilabı illərində həmfikirləri
ilə birlikdə sosial-demokrat "Hümmət" təşkilatını
yaratmış, onun "Hümmət" və "Təkamül"
adlı nəşrlərinə rəhbərlik etmişdi.
Rusiya gizli polisinin təqibindən və həbs təhlükəsindən
xilas olmaq üçün 1908-ci ildə İrana getmişdi. Burada da fəal
ictimai-siyasi fəaliyyəti ilə tanınan Məhəmməd
Əmin açıq fikirli İran ziyalılarına İran
Demokrat Partiyasının təsisində kömək göstərmişdi.
Redaktorluğu altında çıxan
"İrane no" ("Yeni İran") qəzeti qısa
müddət ərzində ölkənin ən populyar
dövri nəşrlərindən birinə
çevrilmişdi.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi
münasibəti ilə Rusiyada əfvi-ümumi elan edilməsi
nəticəsində təqib altındakı yüzlərlə
şübhəli şəxs kimi Məhəmməd Əmin də
vətənə qayıtmışdı. Və dərhal
milli hərəkatın ön sıralarında yerini
tutmuşdu. Təsisçi və redaktoru olduğu
"Açıq söz" qəzeti milli qüvvələrin
istiqlal ideyası ətrafında birləşməsində
mühüm rol oynamışdı.1917-ci ilin mayında Moskva keçirilən Ümumrusiya
müsəlman qurultayında M.Ə.Rəsulzadə həmvətəni
Ə.Topçubaşovla birlikdə yeni Rusiyanın federativ
dövlət kimi təşkili ideyasını sonadək
müdafiə etmiş və nəticədə onların
mövqeyi üstünlük qazanmışdı.
Qurduğu
"Müsavat" partiyası 1918-ci il
mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin
elanında əsas söz sahibi olmuşdu. Ən
nüfuzlu siyasi qüvvənin rəhbəri və Milli
Şuranın sədri kimi M.Ə.Rəsulzadə parlament tipli
demokratik respublika qurulmasında əsas söz sahibi kimi
çıxış etmişdi.
1920-ci ilin aprelində vətəni bolşevik
işğalına uğrayanda milli hərəkatın digər
liderləri kimi Məhəmməd Əmin də həbsə
atılmışdı. Qəribə görünsə də,
ölüm hökmünün icrasını gözlədiyi
Bakı həbsxanasından onu gələcək Sovet diktatoru
Stalin çıxarıb özü ilə Moskvaya
aparmışdı. Buna sadəcə
köhnə borcun qaytarılması da demək
mümkündür. Birinci rus inqilabı
dövründə bolşevik Stalinlə sosial-demokrat Rəsulzadə
çiyin-çiyinə çalışmışdı.
İş elə gətirmişdi ki, hakimiyyət
mövqeyində dayanan bir qrup fəhlə bolşevik təbliğatı
aparan Stalini mazut quyusuna atmaq istəmişdi. Yalnız Məhəmməd Əminin işə
qarışması onun həyatını xilas etmişdi.
Təhlükə sovuşana qədər Stalin
dostunun mənzilində gizlənmişdi.
Artıq Sovet Rusiyasının ikinci adamına çevrilən
Stalinlə yaxınlığına, mühüm dövlət
orqanında - Millətlər Komissarlığında
çalışmağına baxmayaraq, M.Ə.Rəsulzadə
bolşevik ölkəsində qalmağın yaxşı
heç nə vəd etmədiyini aydın başa
düşürdü. Ona görə də ilk imkan yaranan kimi
tatar dostlarının köməyi ilə ezamiyyətdə
olduğu Leninqraddan Finlandiyaya qaça bilmişdi.
1922-ci ildən
etibarən Finlandiya, Türkiyə, Polşa, Almaniya,
Rumıniya, yenidən Türkiyə kimi ölkələrdə
siyasi mühacir həyatı yaşayan M.Ə.Rəsulzadə
həyatının sonuna qədər qələmi və
sözü ilə Vətəninin azadlığı
uğrunda mübarizə aparmışdı. 30
ildən çox dünyanın müxtəlif ölkələrinə
səpələnmiş Azərbaycan siyasi müxalifətinin fəaliyyətinə
rəhbərlik etmişdi.
Onun "Bir kərə yüksələn
bayraq bir daha enməz" kəlamı onilliklər boyu Azərbaycanda
milli müstəqillik savaşının əsas devizinə
çevrilmişdi. "İnsanlara
hürriyyət, millətlərə istiqlal"
şüarı M.Ə.Rəsulzadəni tək öz vətəninin
deyil, bütün Şərq miqyasında müstəmləkəçiliyə
qarşı milli-azadlıq hərəkatının liderlərindən
biri kimi tanıtmışdı.
İlk gənclik çağından ictimai-siyasi
mübarizə meydanında olması, digər tərəfdən
isə imkansızlıq ucbatından Məhəmməd
Əmin ardıcıl təhsil ala bilməmişdi. Sadəcə
Bakı Texniki Məktəbini
bitirmişdi. Ana dili ilə bir sırada rus və fars dillərini mükəmməl öyrənmişdi.
Amma fitri istedadı və daim öz üzərində işləməsi
nəticəsində yüksək natiqlik qabiliyyətinə, nəzəri
təfəkkürə və hərtərəfli biliyə
malik ictimai-siyasi xadim, lider şəxsiyyət kimi yetişmişdi.
***
Yarım əsrlik ədəbi
yaradıcılığı dövründə M.Ə.Rəsulzadə
istər klassik, istərsə də çağdaş Azərbaycan
ədəbiyyatının şəxsiyyət və problemlərinə
dair bir sıra qiymətli əsərlər qələmə
almışdı. Onun müxtəlif illərdə nəşr
olunan "Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü
və indiki vəziyyəti" (İstanbul, 1923),
"Əsrimizin Siyavuşu" (İstanbul,1928),
"Kafkasya türkləri" (İstanbul, 1928), "Azərbaycan
müstəqillik uğrunda mübarizədə"
(Varşava, 1938), "Azərbaycanın kültür gələnəkləri"
(Ankara, 1949), "Çağdaş Azərbaycan ədəbiyyatı"
(1950) kitablarında, çoxsaylı məqalələrində
milli ədəbiyyatın zənginliyi, ölkənin
yetirdiyi görkəmli ədəbi
şəxsiyyətlər, təkrarsız Azərbaycan mədəniyyəti
diqqət mərkəzinə çəkilmişdi. Bu mənada müəllifin Nizami Gəncəvi
(1141-1209) şəxsiyyətinə və irsinə müraciəti
təsadüfi deyil, qanunauyğun xarakter
daşıyırdı.
Nizami qədim
Azərbaycan şəhəri Gəncədə
doğulmuş, ömrünün sonuna qədər burada
yaşamış, adını əbədiləşdirən
beş poemanı - məşhur "Xəmsə"ni Gəncədə
yaratmışdı. Şair əsərlərini həmin
dövrdə bütün Yaxın Şərqdə poeziya dili
sayılan fars dilində
yazmışdı. Qəribədir ki, yalnız
bu amilə əsaslanaraq əsrlər boyu Nizami Gəncəvini
"fars şairi", "fars ədəbiyyatının
klassiki" kimi tanıtmışdılar. Bir sıra qərbli müəlliflər indi də
iddia edirlər ki, Sovet şərqşünasları yalnız
Stalinin göstərişindən sonra Nizamini Azərbaycan
şairi kimi öyrənməyə başlayıblar. Sovet elminə münasibətdə bu iddianın
mümkünlüyünü bəlkə də qəbul etmək
olar. Lakin M.Ə.Rəsulzadə SSRİ-də
yaşamırdı, üstəlik, Stalinin qatı əleyhdarı
və ideya düşməni idi. Təbii
ki, düşməndən heç bir sifariş ala bilməzdi.
O, sadəcə Nizami dövrünün, şəxsiyyət və
əsərlərinin dərin təhlili nəticəsində
şairin Azərbaycana, milli ədəbiyyata mənsubluğu qənaətinə
gəlmişdi. Odur ki, tərəddüd etmədən kitabını "Azərbaycan
şairi Nizami" adlandırmışdı.
Müəllif
əsərə nə üçün məhz belə bir ad
seçməsinin səbəblərini izah edərək
yazırdı: "Fəqət nə etməli, dünya
böyüklərinin adları ətrafında millətlər
arasında çəkişmə yeni bir şey deyildir. Bir də başqalarının yanlış adətlərini
pozmamaq üçün Azərbaycan öz təbii
haqqından necə vaz keçsin?"
Nizaminin
farsca yazması onu fars ədəbiyyatının
nümayəndəsi saymaq üçün yetərincə əsas
verirmi? Təbii ki, yox. Orta əsrlərdə
bir çox Avropa müəllifləri əsərlərini
dövrün elm dili sayılan latıncada qələmə
alırdılar. Eyni məntiqlə latın
dilli alman, macar, yaxud çex alimini də qədim Roma mədəniyyətinə
aid etmək mümkündür. Amma təbii ki, belə orta əsr
müəlliflərini latın
dünyasına bağlayan yalnız dil amilidir. Əsərlərində
araşdırdıqları məsələlər öz
ölkələri ilə, xalqlarının tarixi, mədəniyyəti
və mənəviyyatı ilə əlaqədardır. Eyni sözləri ədəbi ənənəyə əsaslanıb
farscaya üstünlük verən Nizami haqqında da demək
olar.
Nizami farsca yazsa da, bütün əsərlərini
türk hökmdarlarına ithaf etmiş, yaxud onların istəyi
və sifarişi ilə qələmə almışdı. M.Ə.Rəsulzadə
kitabının "Türk hakimiyyəti altında fars ədəbiyyatı"
fəslində bu prinsipial mahiyyət daşıyan məqama
toxunmuşdu: "İslamdan sonrakı yeni fars dilinin ən
böyük abidəsi olan "Şahnamə"ni Firdovsi
Sultan Mahmud Qəznəvinin sarayında yazıb. Dünyaca məşhur olan rübailəri ilə
Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini
qazanıb. Fars qəsidəsinin məşhur
nümayəndəsi Ənvəri Sultan Səncərin
şairidir. Sədi, Hafiz və digər
İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra
gələn Atabəylərin zamanında yetişiblər.
Klassik İran ədəbiyyatının sonuncu ustadı
sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın
sarayına və Əlişir Nəvainin məclisinə mənsub
olublar... Türk xaqan və sultanları fars ədəbiyyatına
hamilik göstərib".
Nizami əsərlərinin diqqətli tarixi-tekstoloji təhlili
nəticəsində müəllif onun poetik dilində
çoxsaylı türk sözləri aşkara
çıxarmaqla bir sırada ruh, mənəviyyat və
düşüncə etibarı ilə də türk
olduğunu sübuta yetirməyi bacarmışdı. Məsələn, Nizami islam Peyğəmbəri Həzrəti Məhəmmədi
hünərdə və ədalətdə türkə bənzədir.
Təbii ki, bənzətmənin müəllifi fars
şairi olsaydı, belə şərəfi yalnız öz
millətinə aid edərdi. XX əsrin
ortalarından etibarən Nizami Gəncəvinin türk-Azərbaycan
ədəbiyyatına mənsubluğu fikrinə İranda da tərəfdarlar
tapılır. Məşhur İran
şairi və tanınmış filoloq, Tehran universitetinin
professoru Məliküşşüəra Bahar (1886-1951) bir dəfə
etiraf etmişdi ki, "əz Nezami buyi-tork miayəd" - yəni
"Nizamidən türk qoxusu gəlir".
M.Ə.Rəsulzadəyə görə, "Fars ənənəsini
fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin
ideoloqu və fars oğlu farsdır.
"Mühakimətül- lüğəteyin" adlı
tanınmış əsəri ilə türk dilinin fars dilindən üstünlüyünü
isbat edən və bu müddəanı əyaniləşdirmək
üçün fars ədəbiyyatının başlıca
kitablarına bərabər cağatay türkcəsi ilə əsərlər
yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin
atası və "türk oğlu türkdür". Təbii ki, əsərlərini farsca yazmasına
baxmayaraq, Nizami də özünü türk sayan və
türklüyü ilə qürur duyan bir sənətkar
olmuşdu.
Azərbaycanda
məşhur atalar sözü var: "Görünən
dağa nə bələdçi?" Kitabın
bütün məziyyətlərindən müxtəsər
bir müqəddimədə söz açmaq imkan xaricindədir.
Yalnız onu deyə bilərəm ki, macar
türkoloqları və şərqşünasları bu diqqətəlayiq
əsər vasitəsi ilə orta əsrlər İslam Şərqi
və Azərbaycan mədəniyyəti haqda geniş bilgi
alacaq, Nizami Gəncəvinin sənət dünyasının
sirlərinə vaqif olacaqlar.
***
"Azərbaycan şairi Nizami" kitabı ilk dəfə
1951-ci ildə Ankarada, Milli Egitim Basımevində nəşr
edilmişdi. Rəsulzadənin adı kimi əsərləri də
vətənində yasaq olduğundan nizamişünaslıqda
xüsusi yeri və əhəmiyyəti olan kitab on illər
boyu Azərbaycan alimləri üçün əlçatmaz
qalmışdı. Yalnız Sovet İttifaqının
süqutu ərəfəsində (1991-ci il)
əsər natamam şəkildə kiril qrafikası ilə,
sonra isə tam şəkildə latın qrafikasında
Bakıda buraxılmışdı.
Kitab indiyə qədər Azərbaycanda dəfələrlə nəşr edilsə də, təəssüf ki, heç bir xarici dilə tərcümə olunmayıb. Bu mənada türk və Azərbaycan ədəbiyyatının bir sıra nümunələrini uğurla macar dilinə çevirən xanım Pal Laura üzərinə çox çətin vəzifə götürüb və inanıram ki, onun öhdəsindən uğurla gəlib. Kitabın tərcüməsində və nəşrində əməyi olan hər kəsə ölkəmiz adına dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, həm Azərbaycan, həm də macar mədəniyyətinə xidmətdir, iki xalq arasında daha bir mədəni-mənəvi körpünün qurulmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə cari il Azərbaycanda "Nizami ili" elan olunub. Sərəncam ölkəmizdə və onun sərhədlərindən kənarda Nizami Gəncəvinin dövrünə, şəxsiyyətinə, ədəbi irsinə marağı artırmaq, əsərlərinin yeni nəşrlərini, habelə həyat və yaradıcılığı ilə bağlı tədqiqatları təşviq etmək məqsədi daşıyır.
Əlamətdar haldır ki, "Nizami ili" ilə bağlı ilk nəcib və pozitiv siqnallar dost Macarıstandan eşidilir. Azərbaycanın görkəmli tarixi şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabı qardaş ölkənin elm adamlarının və bütünlükdə mütaliə həvəskarlarının həyatına daxil olur...
Ölməz əsərlər müəllifi Nizami Gəncəvi qazanacağı dünya şöhrətini sanki öncədən görmüş və şeirlərinin birində uzaqgörənliklə yazmışdı:
Min il sonra sorsan "Haradadır o?"
Hər
yerdən səs gələr: "Buradadır o!"
İndi əminliklə
deyə bilərik ki, ədəbiyyatımızın klassiki,
böyük filosof və humanist dünyanın müxtəlif
guşələri ilə birlikdə həm də dost macar
torpağındadır.
20 iyun 2021-ci il,
Budapeşt
Vilayət
QULİYEV
525-ci qəzet.- 2021.- 14 avqust.- S.14-15.