Bəhram Gur-“ərəb  tərbiyəsi görmüş çöllü”

 

Əbu Osman Əmr ibn əl-Bəhr əl-Cahizin "Kitab əl-hayavan" və "Kitab əl-buxələ" əsərləri

 

Əl-Cahiz "Kitab əl-hayavan" da rumlu Sinimmara (memarın adı bütün ərəb mənbələrində bu cür verilir) kiçik bir bəhs həsr edib. Burada Sinimmarın Xavarnaq qalasından, hökmdarın memarı qalanın başından atıb məhv etməyindən və hadisə ilə bağlı ərəb şeirlərindən söhbət gedir.

Bundən əlavə, "Yeddi gözəl"də yer alan bir motiv Nizaminin əl-Cahizin "Kitab əl-buxələ" (Xəsislər haqqında kitab) əsərinə də bələd olmasına dəlalət edir. Nizami yazır ki, bir gün bir  şah qara geyimli bir qəriblə rastlaşır. Ondan nə səbəbə qara geyindiyini soruşur.  Şah soruşduqca, qərib inadkarlıq edib sirrini açmır. Şah deyir:

 

Mən iraqlı oldum, o, xorasanlı.

Mənim yalvarmağım ona heç əsər etmədi.

 

Əl-Cahizin "Xəsislər" kitabında əhvalat Xorasanın Mərv şəhərinin əhli ilə bağlı verilib. Göstərilir ki,  bir mərvlinin yolu tez-tez İraqa düşürdü. Hər dəfə də o, bir iraqlının evində qonaq qalır, yeyib-içir, dincəlirdi və iraqlıya da "bir gün yolun Mərvə düşsə, gör sənin bu yaxşılığından necə çıxacam", - deyirdi. Günlər keçir. Bir gün iraqlının yolu Mərvdən düşür və uzun müddət evində qonaq saxladığı mərvlini axtarıb tapır, yaxınlaşıb qucaqlaşır, salamlaşır. Amma mərvli özünü tanımazlığa vurur. Yol paltarında olan iraqlı əvvəl əmmaməsini, sonra üst geyimini çıxarır ki, bəlkə tanıya. Mərvli onu heç görmədiyini bildirir və "lap dərindən çıxsan belə, səni tanıyan deyiləm", - deyir.

 

Qeyd edək ki, "Kitab əl-buxələ"də "xəsis obrazlarının əksəriyyətinin fars əsilli olduğunu görürük. Əl-Cahiz bu əsəri antişüubiliyin təsiri altda yazıb, amma fikirlərini yumoristik üslubda təqdim edib". Nizaminin bir beyti onun əl-Cahizin bu əsərindən də xəbərdar olmasına dəlalət edir.

 

Ət-Təbərinin "Tərix əl-muluk va r-rusul" əsəri

 

İbn Cərir ət-Təbərinin "Tərix əl-muluk va r-rusul" əsərində (839-923) Bəhramla bağlı mövzu iki bəhsdə əks olunub. Birincidə Xavarnaq qəsrinin inşası ilə bağlı əhvalat verilir. İkinci bəhsdə Bəhramın əhvaları təqdim olunur. Bu əsər Nizaminin birbaşa təsirləndiyi qaynaq olduğundan, ona ayrıca yer ayırmağı lazım bilirik. Ət-Təbəri hadisələri aşağıdakı ardıcıllıqla təsvir edir:

 

Yəzdigüdün övladları körpə vaxtı həlak olurdu. Oğlu Bəhram dünyaya gələrkən onu səfalı Hirəyə göndərir. Nemana oğlu üçün Xavarnaq qəsrini tikməyi əmr edir. Neman Xavarnaqı Sinimmar adlı memara tikdirib onu səxavətlə mükafatlandırır. Sinimmar Günəşlə birlikdə dövr edən qəsr tikməyə qadir olduğunu bildirir. Neman Sinimmarı Xavarnaqın ən uca qülləsindən yerə atdırır. Bir dəfə Xavarnaqda oturub ətraf aləmin gözəlliyini seyr edən Neman dünyanın faniliyi barədə düşüncələrə dalır və sarayı tərk edib səhraya üz tutur, bir daha qayıtmır. Oğlu Münzir onun yerinə hakimiyyətə keçir.

 

Bütün bunlar birinci hissənin xəbərləridir. Bundan sonra "Bəhram Gurun zikri"  hissəsi gəlir:

 

Bəhram dünyaya gələrkən münəccimlər onun fars torpağından kənarda böyüməsini lazım bilir. Bəhramın tərbiyəsi Münzir ibn Nemana tapşırılır. Münzir körpəyə biri fars, ikisi ərəb olmaqla üç süd anası seçir. Bəhramın təlim-təhsili ilə fars, rum, ərəb alimləri məşğul olur. Bəhram şiri və vəhşi eşşəyi öldürür, Münzir onun bu igidliklərini əks etdirən rəsmlər çəkdirir. Bəhram atası Yəzdigürdün sarayına gedir. Amma ata-oğul münasibətləri yaxşı olmur. Roma imperatorunun qardaşı sülh danışığı üçün saraya gələrkən, Bəhram onun köməyi ilə atasından Hirəyə qayıtmaq izni alır. Yəzdigürd vəfat edir, amma farslar ərəb tərbiyəsi görmüş, ərəb xislətli Bəhramın taxt-taca sahib olmasını istəmirlər, öz aralarından Kəsra  (Xosrov) adlı bir nəfərə beyət edirlər. Bəhramın taxt-tacını qaytarmaq üçün Münzir on minlik bir qoşunla Ktesifona yürüş edir.

 

Bundan sonra farslarla danışıqlar aparılır, fars tərəfi vaxtilə Bəhramın atasından gördükləri zülmü yada salır və bu səbəbdən Bəhrama taxt-tac vermək istəmədiklərini bildirirlər. Bərham farsların qarşısında nitq söyləyib əsas məqsədinin taxt-tac sahibi olaraq atasının dağıtdığı düzəni yenidən qurmaq olduğunu bildirir. Bundan sonra tacı iki şirin arasından götürmə əhvalatı gəlir. Bəhram tacı götürdükdən sonra onu ilk alqışlayan Xosrov (Kəsra) olur və o, Bəhrama yeddi iqlimi əhatə edən mülkünü verdiyini bildirir. Adamlar hamısı Bəhrama dua edib onun hakimiyyətini qəbul edir.

 

Bəhram hakimiyyətə iyirmi yaşında gəlir, bu münasibətlə ölkədə yeddi gün şadlıq və istirahət olur. Sonra Bəhram əyləncələrlə gün keçirir və bundan istifadə edən türk Xaqanı onun ölkəsinə hücum edir. Bəhram Azərbaycana gedib atəşkədədə  qələbə üçün dua edir. Bəhramın əyanlarından bir qismi Xaqana tabe olmağa razılaşsa da, Bəhram döyüşə girib Xaqanı məğlub edir və onu öz əlləri ilə öldürür. Bəhram Azərbaycana qayıdıb atəşkədəyə gedir və Xaqanın qaş-daşla bəzənmiş əklilini ora bağışlayır Ət-Təbəri davam edib yazır ki, bir gün ova çıxan Bəhram bir vəhşi eşşəyin ardınca qaçıb bir quyuya (cubb) düşür. Anası çoxlu pul-para ilə gəlib insanları nə qədər çalışdırsa da, Bəhramı tapmaq mümkün olmur.

 

Daha sonra ət-Təbəri bir daha Bəhramın Xaqanı məğlub edib məmləkətinə dönməsindən, əhalini itaətə çağırmasından, Xaqanın dürlə bəzənmiş qılıncını Azərbaycandakı atəşkədə - məbədgaha bağışlamasından, Xaqanın arvadını ora xidmət üçün verməsindən, xalqı qələbə münasibətilə üç il xəracdan azad etməsindən danışır. Bəhram Xaqan üzərində qələbəsini bir kitaba yazdırır. Sonra Bəhram Hindistana hərbi yürüş edir, burada döyüş fillərini öldürür. Hindliləri məğlub edib hind şahzadəsinə evlənən Bəhram şad halda vətənə dönür. Daha sonra Bəhram Romaya hərbi yürüş edir. Onun vəfatından sonra oğlu II Yəzdigürd hakimiyyətə gəlir.

 

Gördüyümüz kimi, Nizami ət-Təbəridən bol-bol bəhrələnsə də, "Həft peykər"də rast gəldiyimiz bəzi məsələlər ət-Təbəri tarixində yoxdur. Bura Fitnənin hekayətini, Bəhramın yeddi iqlim şahzadələri ilə əhvalatını, Rast Rövşən hekayətini misal olaraq göstərə bilərik (Çox güman ki, Nizami axırıncı əhvalatı Nizamülmülkün "Siyasətnamə"sindən əxz etmişdir. Nizamülmülk vəzirin adını Rast-Rəviş kimi verir). Əlbəttə, bənzərliklər çoxdur, amma bənzər cəhətlərin özündə də şair fərqliliyə meyillidir. Məs. ət-Təbəridə Bəhram sonda bir quyuya düşüb yox olur (gəlir, Nizamidə isə, mağarada qeybə çəkilir. Mağara Platon fəlsəfəsindən bu yana həmişə ezoterizmlə bağlı olub. Bu səbəbdən, Nizami qəhrəmanını mağarada qeybə çəkdirir. Əsərin bu cür sonluğu da onu "Şahnamə"dən fərqləndirir;  "Şahnamədə" Bəhram öz əcəli ilə, yatağında dünyasını dəyişir.

 

Əl-Məsudinin "Muruc əz-zəhəb" əsəri

 

Nizamidən əvvəl yaşamış müəlliflərdən Əbu l-Həsən Əli ibn Hüseyn əl-Məsudi (v.957) də Bəhramın hekayətinə toxunmuşdur. Əl-Məsudinin "Muruc əz-zəhəb" əsərindəki məlumatlar xronoloji ardıcıllıq gözlənilmədiyindən xaotik  qısa xarakter daşıyır. əl-Məsudi Bəhram barədə başqa bir əsərində - "Əxbər əz-zəmən" əsərində ətraflı yazdığını bildirir. Təəssüf ki, əl-Məsuduinin həmin əsəri zəmanəmizədək gəlib çatmayıb.  Məsudiyə aid edilən "Əxbər əz-zəmən" əsərinin 1966-cı il Nəcəf nəşrində Bəhram Gur barədə heç bir məlumat yoxdur. Nəşr olunmuş bu əsər kiçik həcmli bir kitab olub (281 səhifə) ya güclü ixtisara məruz qalmış, ya da başqa müəllif tərəfindən yazılıb sonradan Məsudiyə aid edilmişdir. "Muruc əz-zəhəb" kimi iri həcmli bir əsərdə dəfələrlə bu və ya digər xəbərin daha geniş təfsilatının "Əxbər əz-zəmən"də olduğunu bildirən əl-Məsudinin bu əsəri təbii ki, iri həcmli bir əsər olub.

 

Əbu l-Fərəc əl-İsfəhaninin  "Kitab əl-əğani" əsəri

 

Özündə həm də "Leyli və Məcnun" dastanını ehtiva edən bu əsr, sözsüz ki, Nizaminin şəxsi kitabxanasında olub. "Kitab əl-əğani"- də "Xəbər əl-Xavarnaq" başlıqlı hekayətdə Firdovsinin toxunmadığı Sinimmarın (Nizamidə Simnarın) əhvalatı əks olunub. Əbu l-Fərəc əl-İsfəhani (v. 967)  "Kitab əl-əğani" əsərində Xavarnaq sahibi Nemanı anasına nisbətlə "ən-Numan ibn əl-Şaqiqat" adlandırır və onun ana tərəfdən Bənu Şeyban qəbiləsinə bağlı olduğunu bildirir. Bu məlumat olduqca dəyərlidir, çünki İslamdan az öncə məhz şeybanilər farslarla Zu Qar döyüşünü edir. Əl-İsfəhani Nemanın baş götürüb saraydan getdiyini və haqqında bir daha xəbər eşidilmədiyini xüsusi vurğulayır. Digər müəlliflər qeyd etdikləri xəbərlərin mənbəyini göstərməyə çox da meyilli olmadığı halda, əl-İsfəhani Nemanın xəbərini Hişam ibn Muhamməd əl-Kəlbiyə istinadən Əli ibn əs-Səbbahdan eşitdiyini bildirir. Beləliklə, biz ərəb tarix elminin banisi sayılan əl-Kəlbinin Nizami poemasının qaynağı ola biləcək məlumatlar verdiyini zənn edə bilərik. Təəssüf ki, əl-Kəlbinin əsrləri zəmanəmizədək gəlib çatmadığından, onun məlumatlarını ancaq sonrakı mənbələrdə izləyə bilirik.

 

Əl-İsfəhani əsərdə Xavarnaqın inşa edilməsi səbəbindən bəhs edir və Simnarın (əsərdə Sinimmarın) əhvalatını verir. Daha sonra isə, o, Sasani hökmdarının Nemana Dəvasir və əş-Şəhbə adlı iki qarnizon verdiyini və Nemanın bu qarnizonlarla Şama hərbi yürüşlər etdiyini qeyd edir. Sonda əl-İsfəhani Nemanın taxt-tacını tərk edərək baş götürüb səhraya getməsini bildirir.

 

Abd əl-Qadir əl-Bağdadi  (1030-1093) "Xizənət əl-ədəb va ləbb lubab lisən əl-arab" əsərində əl-İsfəhaninin  bu xəbərini olduğu kimi təkrarlayır. Yeganə fərq əl-Bağdadinin öz məlumatına Əbu Təmmamın "əl-Həmasə" toplusundan mövzu ilə bağlı Əşcə əs-Suləmiyə aid bir şeir əlavə etməsidir.

 

Əs-Səalibinin (961-1038) "Əxbar muluk fars" əsəri

 

Əs-Səalibinin (961-1038) "Əxbar muluk furs" əsərinin "Günahkar (Əsim) Yəzdigürdün oğlu Bəhram Gurun qissəsi"  (əs-Səalibi, 539-658) birbaşa fars tarixi  və Bəhramla bağlı olduğundan Nizaminin diqqətini çəkə bilərdi. Ayrıca olaraq buradakı bəzi epizodlar "Həft Peykər"lə daha aydın şəkildə səsləşir; bu, Azadvarın (Azadənin, Nizamidə Fitnənin) hekayətidir. Nizamidən fərqli olaraq, burada Bəhram Azadvarı dəvəsinin tapdağı altına salıb öldürür. Əs-Səalibidə bir çox xəbərlər ət-Təbəridə olduğu kimi verilir. Lakin o, Bəhramın təlim-tərbiyəsinə, təhsilinə daha geniş yer ayırır. Ət-Təbəri kimi, əs-Səalibi də Bəhramın quyuya düşüb yox olduğunu bildirir.

 

Nizami Gəncəvinin "Həft Peykər"inin ərəb qaynaqları, sözsüz ki, yuxarıdakı mənbələrlə məhdudlaşmır. Şairə zəmanəmizədək gəlib çatmamış başqa mənbələr, məsələn, əl-Kəlbinin əsərləri də məlum ola bilər.

 

Əsərdə biz Nizaminin ərəb inanc və etiqadlarına, qədim ərəb astroloji təsəvvürlərinə, ərəb poeziyasına nə qədər yaxından bələd olmasını görürük. Əsərdə yalnız İslamla deyil, islamaqədərki düşüncə tərzi, ərəb adət-ənənələri, mövhumi təsəvvür və sınamaları ilə bağlı bəzi məsələlərin əks olunduğunu görürük, Şair qədim rəml sənətindən bəhs edir ("Əgər rəmlin yeddi xətti bir-birinə yar olsa, onlardan biri səadət nöqtəsinə yetişər.") şairlərə poeziyanın fövqəltəbii qüvvələr tərəfindən təlqini kimi əski təsəvvürlərə malik olduğunu nümayış etdirir. "Həft peykər"də bir neçə dəfə ərəb şairi Hassən ibn Səbitin bir beytindən əxz olunmuş motivi görürük. Bəhramın Xavarnaq qəsrində Yeddi gözəlin şəklini görməsini Nizami belə təsvir edir:

 

Gözəllikdən yaradılmış o şəkillərə tamaşa edirdi.

O, su önündə susuzluqdan yanan adam kimi dururdu.

 

Hassən ibn Səbit peyğəmbərə həsr etdiyi bir mərsiyədə deyir:

 

Ey insanların ən yaxşısı! Səndən öncə mən çayın ortasında qalıb susuzluqdan yanan bir insan kimi idim.

 

Nizaminin başqa bir beytində isə şairin özünü məşhur ərəb şairi Əhməd ibn Abdulla ibn Süleyman Əbü l-Əla əl-Məərriyə (v. 1057) bənzətdiyini görürük. Əbü l-Əla gənc yaşlarında çiçək xəstəliyinə tutulmuş, bu xəstəlikdən sonra onun həm gözləri kor, həm də üzü çopur olmuşdur. Nizami yazır:

 

Mənim qanadım hələ yıxılmamışdan sınıq idi.

İndi ki, yıxılmışam, gör halım necə olar.

Əhmədciyin üzü elə əvvəldən nümunə idi.

Axırda da çiçək vurub çopur oldu.

 

Qeyd edək ki, Rüstəm Əliyev bu beyti Azərbaycandakı məşhur zərb-məsəlin dəyişmiş şəkli hesab edir: "Gözəlağa çox gözəl idi, üstəlik, vurdu bir çiçək də çıxardı".

 

Nizami yaradıcılığında ərəb poeziyası ilə səsləşən motivlər ayrıca bir tədqiqata mövzu olacaq qədər çoxdur. Bu bəhsdə ancaq bu kiçik qeydlərlə kifayətlənirik.

 

Kosmopolitan Hirə cəmiyyəti və Bəhram Gur

 

Nizami poemasında adı Sasani hökmdarı Bəhram Gurla əlaqələndirilən və Yəmən olaraq tanıdılan Hirə xanədanının qüdrətli bir dövlət olduğunu görürük. Hirədə Ləxmilərin sülalə ağalığı təxminən üç əsr, miladın 300-600 illəridə davam etmişdir.  Ləxmilər dövləti İslamdan öncə ərəb siyasi, hərb və mədəni həyatında mühüm rol oynayan bir qurum olub. Bu sülaləyə bəzən "münzirilər" də deyilir. "Münzir" ayrıca bir qəbilə və ya əşirə adı olmayıb Hirə hökmdarlarının bir neçəsinin bu cür adlanması ilə bağlıdır. Ümumiyyətlə, bir neçə nəfər istisna olmaqla Hirə hökmdarları ya Neman (ərəbcə Numən), ya da Münzir adlanıb. 

 

Məşhur Namara kitabələrində Ləxmi hökmdarı Əmr ibn Adinin oğlu İmruu l-Qeys "Bütün ərəblərin hökmdarı" adlanır. Sülalə hakimiyyətinin əsasını qoyan Əmr ibn Adinin siyasi güc nümayiş etdirərək Palmira hakimi Zenubiyyə ilə döyüşdüyü bildirilir. Maraqlı bir fakt kimi onu da qeyd edək ki, eramızın III əsrində manixeyçilik İranda təqib edilərkən, Ləxmilər xanədanı bir çox manixeyçiyə sığınacaq verib onları qorumuşdur. Bu fakt Ləxmilərin öz siyasətlərini Sasanilərin diktəsi ilə qurmadığına dəlalət edir. Qəribədir ki, Ləxmilər dövləti həm də Bizans imperatorluğunda ortodoks xristianlığın təqiblərindən qaçan bidətçi xristianların da sığınacaq yeri olub. Hirədə Nestorian məzhəbi geniş yayılıb.

 

Firdovsi kimi Nizami də bu dövləti Yəmən dövləti hesab edir. Nizami ət-Təbəri Tarixindən istifadə etdiyini qeyd edir. Yuxarıda gördüyümüz kimi, ət-Təbəri Xavarnaq sarayının Hirə ətrafında olmasını vurğulayır. Belə isə, Nizami nə səbəbdən Firdovsinin ardınca Hirədən deyil, Yəməndən bəhs edir? Əsər boyu ərəb mənbələri ilə tanışlıq nümayiş etdirən şairin Ərəbistan yarımadasının coğrafiyasına bələd olmaması ağlabatan deyil. Ola bilsin ki, qeyri-ərəblər arasında həmin dövrdə Yəmən yalnız Cənubi Ərəbistanı deyil, bütün ərəb ərazilərini bildirən bir toponim kimi işlənirdi.

 

Ərəblər bu dövləti öz şanlı tarixlərinin bir parçası hesab edirdilər. Adətən sasanilərin vassalı kimi təqdim olunan Hirə xanədanının tarixin müəyyən dövründə - məhz Nizaminin seçdiyi zaman kəsiyində, yəni əl-Əvar ləqəbi ilə tanınan Nemanın və onun oğlu Münzirin hakimiyyəti illərində (V əsrin birinci yarısında)  Sasanilərdən heç də geri qalmayan, hətta Sasani taxt-tacına müdaxilə edəcək bir güc sahibi olması tarixi faktlardan məlumdur. Diqqəti cəlb edən əsas məsələ Nizamidə Hirə xanədanı ilə bağlı məlumatların tarixi həqiqətləri əks etdirməsidir. Firdovsi rəvayətində Sasani xanədanı ön plandadırsa, Nizamidə Neman ibn Münzirin dövləti diqqət mərkəzindədir. Nizamidə həmin dövrdə Hirə xanədanının özünün Sasani dövlətində siyasi məsələlərə təzyiq gücünü görürük. Həqiqətən də, o dövrdə Piqulevskayanın "fars ərəbləri" adlandırdığı Ləxmilərin  "Sasanilərin göstərişi ilə fəaliyyət göstərməsini düşünmək böyük səhv olardı. Həm tarixi mənbələr, həm də epiqrafik abidələr Hirənin güclü bir dövlət olmasını sübut edir" (Piqulevskaya).

 

Qeyd edək ki, İran şahı Yəzdigürdün və onun oğlu V Bəhramın hakimiyyət illəri  ərəb təəssübkeşi olan müəlliflərin sevdiyi zaman kəsiyi idi. Ərəb təəssübkeşləri Hirə xanədanı, münzirilərin qüdrəti ilə yanaşı, qədim ərəb memarlıq abidələrini də həvəslə təbliğ edirdilər. Xüsusilə Xavarnaq sarayı barədə, demək olar ki, bütün orta əsr mənbələrində xəbərlər var. Həm Xavarnaq, həm də Bəhram Gurun hekayəti, xüsusilə onun ərəblərin sayəsində itirilmiş taxt-tacına sahib durması ərəb təəssübkeşlərinin sevdiyi mövzular idi.

 

Nizaminin "Yəmən" adlandırdığı Hirə şəhəri etnik rəngarəngliyi və kosmopolitan cəmiyyəti ilə seçilirdi. İlk öncə "Yeddi Gözəl"lin qəhrəmanları ilə bağlı iki tədqiqatın başlığına nəzər salaq: Bunlardan biri Scott Savranın "Bahram V Gur: The "Arab" Sasanian King" məqaləsidir (sarvan). Digəri isə, rus şərqşünası Piqulevskayanın Münzirilər xanədanına həsr etdiyi bəhsin başlığıdır: "Sarstvo persidskix arabov".  Sasani şahzadəsi Bəhramın ərəb, onun boya-başa çatdığı Hirənin və Ləxmilər dövlətinin fars dövləti adlanması Nizaminin seçdiyi mövzunun etnik rəngarəngliyindən xəbər verir.  Beləliklə, şairin Bəhramın hekayətini yazmaqdan məqsədi ilk baxışda göründüyü kimi, "Şahnamə"dəki Sasani şahlığının tərənnümü olmayıb, müxtəlif xalqların, mədəniyyətlərin dialoqa girdiyi bir əsər yaratmaqdır.

Ləxmilər dövlətinin rəngarəng dini-etnik tərkibi barədə Isabel Toral-Niehoff yazır:

 

"Hirə Ərəbistan yarımadasının şimal-şərq rayonunda, daha doğrusu, Fərat çayının şərq sahilində yerləşirdi. Roma-Sasani sərhəd əraziləri arasında yerləşməsi onun mədəni həyatında dərin iz buraxır. Burada Roma, ərəb, İran və Suriya mədəniyyətləri qaynayıb qarışmışdı. Bu, həm mədəni hibridləşməyə, həm də Hirə əhalisinin özünün etnik rəngarəngliyinə gətirib çıxardı; Burada həm köçəri, həm də yarımköçəri ərəb tayfaları, arami kəndliləri, Suriya din xadimləri, İran zadəganları məskunlaşmışdı. Dini vəziyyət də müxtəlif icmaları əhatə edirdi.  Burada nestorianlar, monofizitlər, ərəb bütpərəstləri, manixeyçilər, yəhudi və zərdüştilər və digər dini qruplaşmalar var idi".

 

Gördüyümüz kimi, Nizami qəhrəmanları olduqca rəngarən etnik-dini mənzərəli bir cəmiyyəti təmsil edirlər. "Həft peykər" özü məhz bu rəngarəngliyi nümayiş etdirir. Xüsusilə, yeddi iqlimin gündəmə gətirilməsi və yeddi iqlim gözəlinin söylədiyi rəvayətlərin də ümumi bir çərçivəyə salınması əslində, Nizaminin irqçilikdən, millətçilikdən, dini dözümsüzlükdən çox, yüksəkdə dayanan uca amallarından xəbər verir. Ön planda isə ərəb və fars toplumları yanaşı addımlayır, hətta bəzən ərəb motivlərinin daha da irəli çıxması müşahidə olunur.

 

Burada Bəhramın hekayətinin, ümumiyyətlə, sami xalqları ilə bağlılığının başqa bir tərəfinə də toxunmaq istərdik. Firdovsinin "Şahnamə"sində taxt-tacı ələ keçirən Bəhramın ana tərəfdən Şamiranşahdan olduğunu bildirməsi uzun müddət elm aləmində çeşidli mülahizələr doğurmuşdur. Mahmud Həsənabadi adlı İran alimi göstərir ki, Qərb və yəhudi alimləri Bəhramın anasının yəhidi qızı olmasını iddia etmişlər. Müəllif bildirir ki,  "Şəhristanhaye İranşəhr" adlı pəhləvi mətnlərində bu qadının adı Şoşin kimi qeyd edilir və bu adda bir çox şəhərlərin həmin qadının şərəfinə salındığı iddia edilir (İstər-istəməz Şuşa barədə düşünməmək olmur).  Həsənabadinin məqaləsindən belə bir fikir hasil edirik ki, Darmesterer, Nöldek, Çristensen, Widengren və Daryaee kimi Qərb alimləri "Şəhristanhaye İranşəhr"-dəki məlumatla "Şahnamədə"ki xəbər arasında yaxınlıq görüb Bəhramın anasının yəhudi olmasını iddia etmişlər. Yəhudi alimləri isə, Bəhramın anasını Şuşandoxt və ya Şuşindoxt adlandırmışlar.  Bir sıra fars alimləri, o cümlədən, məqalə müəllifi Həsənabadi özü bu iddiaları rədd edib, Bəhramın təmiz fars kökənli olmasını bildiriblər. Onlar arasında "azəri"  adlı bifars ləhcəsi uydurub "azəri" sözünü fars etnosu ilə bağlayan Əhməd Kəsrəvinin xüsusi canfəşanlıq etdiyini görürük.

Mənim fikrimcə, Bəhramın uşaq vaxtından Hirə sarayına göndərilməsinin əsas səbəblərindən biri məhz onun sami kökəninə bağlılığı ola bilər. Hirənin kosmopolitan cəmiyyətində yəhudilərin öz yeri olub. Hətta Hirə sarayında yəhudi şairlərinin müntəxəbatı belə tərtib edilib. Görünür, Bəhramın məhz Hirəyə etibar edilməsinin kökündə onun ana tərəfdən sami qanı daşıması dayanıb. 

 

"Həft peykər"də Bəhramın ərəb, fars və yunan dillərindən xəbərdar olmasını görürük.  Bu yazının əvvəlində Bəhramın az qala öz coğrafi müstəvisində ona məlum olan bütün dilləri mükəmməl bildiyini qeyd etmişdik. Əbu Mənsur əs-Səalibi İbn Xordadbehə istinadən, Bəhramın ərəbcə şeirlər yazdığını bildirir, hətta nümunə də gətirir. Beləliklə, yalnız Nizaminin təsvir etdiyi mühit deyil, onun əsas qəhrəmanı da kosmopolitan xarakterlidir.

 

Bəhram Gurun Hirədə təlim-tərbiyə görməsi və ərəb adət-ənənələrinə yiyələnməsi ərəb-fars mədəniyyətlərarası dialoqa dəlalət edir. Ərəb mənbələrində bu rəvayətlərə geniş yer ayrılması antişüubiyyə tərəfdarlarının marağına uyğun olub. Burada biz sasanilərin vassal dövləti olan Hirəni deyil, Sasani taxt-tacına kimlərin oturmasını müəyyənləşdirən bir güc görürük. O dövrdə Hirənin həqiqətən də həm siyasi çəkisi, həm də fəaliyyəti böyük olub. Görünür, bu rəvayətləri ilkin olaraq ərəb təəssübkeşləri üzə çıxarıb yaymış, sonra ərəb ənənəsinə xas bir tərzdə rəvayətlər geniş rəvac tapmışdır.

 

Beləliklə, Nizami Gəncəvini "Həft peykər"inin qaynaqları sırasında Orta əsr ərəb mənbələri mühüm yer tutur. Şair "Almagest"in ərəb tərcümələrindən, Cahizin "Əl-Hayavan" və "Kitab əl-Buxələ", ət-Təbərinin və əs-Səalibinin tarix əsərlərindən, əl-Məsudi, Əbu l-Fərəc əl-İsfahani kimi müəlliflərdən bəhrələnmişdir. Şairi "Yəmən" adlandırdığı Hirə xanədanının kosmopolitan mənzərəsi cəlb etmiş, şair bu müstəvidə özünün yüksək humanizm ideyaları üçün münbit zəmin tapmışdır.

 

Nizaminin ərəb mənbələrində müraciət etdiyi xəbərlər daha çox antişüubiyyə tərəfdarlarının sevdiyi əhvalatlardır;  Nizami sanki özü də fərqinə varmadan qədim ərəb mədəniyyətini, ərəb müdriklik və igidliyini, qədim ərəb dövlətini və ərəb memarlıq abidələrini tərifləyir. Nizaminin memarlıq abidələrinin, xüsusilə Xavarnaq qəsrinin təsviri ilə fikirləri onun qədim sabilik inancından xəbərdar olmasına dəlalət edir. Əsər boyu özünü göstərən ezoterizmə əsaslanıb ortodoks sünni məzhəbli şairin poetik təxəyyülünə batini təriqətlərin, o cümlədən, ismaili düşüncəsinin də yad olmadığını söyləyə bilərik.

 

Aida Qasımova

 

525-ci qəzet.- 2021.- 17 avqust.- S.14-15.