Konyada xatirə abidəsi
Möminə Xatun türbəsiylə bağlı
suala cavab axtararkən
Bu yaxınlarda Türkiyənin Konya Səlcuq Universitetində magistr təhsili
alan qohumum Könül Tahirovanın özünün feysbuk səhifəsində
paylaşdığı bir
şəkil diqqətimi çəkdi.
Konya şəhərinin Kazım
Qarabəkir Prospektində
yerləşən mərkəzi
meydanlarının birində
Zafer anıtı (Zəfər abidəsi) ucaldılıb. 2005-ci ilin avqust ayında Konya Böyük şəhər
bələdiyyəsi tərəfindən
alınan qərara əsasən ucaldılan abidə üç at başından və həmin başların üzərində ucalan və dörd tərəfində müxtəlif
tarixi abidələrin
əks olunduğu 4,5 metr ucalığındakı
sütundan ibarətdir.
İlk baxışdan
burada qeyri-adi nə var deyə
düşünmək olar. Maraqlıdır
ki, həmin sütunda əks olunan tarixi abidələrdən
biri məhz böyük usta sənətkar Memar Əcəminin tarixə öz möhürünü
vurmuş möhtəşəm
Möminə xatun türbəsidir.
Məhz elə Möminə Xatun türbəsinin də yer alması
səbəbindən bu
Zəfər abidəsi
ilə daha yaxından maraqlandım. Müxtəlif mənbələrdən əldə
etdiyim məlumatlarda qeyd edilir ki,
Konya şəhərinin mərkəzindəki
bu abidə Mavərənnəhr hüdudlarından
Aralıq dənizi sahillərinə qədər
olan ərazini fəth edən və 1077-ci ildə Anadolu Səlcuqlu dövlətini quran (Konya Fatehi olaraq bilinən)
və 1086-cı ilə
kimi hakimiyyətdə
qalan Qutalmışoğlu
Süleyman Şahın
(1046-1086) əziz xatirəsinə
ucaldılmışdır. Onu da qeyd edək
ki, Süleyman Şah Böyük Səlcuqlu Dövlətinin
qurucusu Səlcuq bəyin oğlu Arslan Yabğunun nəvəsi və Səlcuqlu bəylərindən
Məlik Şəhabəddin
Qutalmış bəyin
oğludur. Alparslanla birlikdə
Malazgirt döyüşündə
iştirak edən Süleyman Şah həmin müharibədə
böyük qəhrəmanlıq
göstərmiş və
zəfərin qazanılmasından
sonra Sultan Alparslan tərəfindən Anadolunun
fəthi ona tapşırılmışdır. Anadolunu başdan-axıradək fəth
edən bu sərkərdə Anadolu Fatehi olmasıyla birlikdə, paytaxtı
Konya olan Anadolu Səlcuqlu Dövlətinin
də ilk sultanıdır.
Qutalmışoğlu Süleyman şah
fəth etdiyi torpaqlarda Türk-İslam mədəniyyətinin şah
əsərlərini tikdirmiş,
Konyanı özünə
paytaxt elan etmişdir. Məhz Konyanı özünə
paytaxt seçdiyi üçün ucaldılan
bu abidə də Qutalmışoğlu
Süleyman şaha həsr edilmişdir.
Araşdırmalarımız zamanı öyrəndik ki, abidənin layihəsi Konya Səlcuk Universitetinin o zamankı İncəsənət fakültəsinin
Heykəltaraşlıq bölməsində
çalışan tədqiqatçı
Anar Eyni tərəfindən hazırlanıb. Layihə
müəllifi fikirlərini
belə əsaslandırır
ki, abidədə yer alan
üç at başı
fiquru və tarixi əsər fiqurları Səlcuqlu dövlətini simvolizə
edir. Üç at başı isə
Anadolunu fəth edəndən sonra bu torpaqlardan çıxan mədəniyyətin
hədəfinin üç
qitə olmasına işarədir.
Heykəlin üzərində üç
at başı və Türkmənistandakı Sultan Səncər
türbəsi, Naxçıvandakı
Möminə Xatun türbəsi, Divriği camesi, Qübbəyi Harda Ələddin Keykubad sarayı həkk edilmişdir. Abidənin layihə müəllifi Anar Eyni fikirlərini belə əsaslandırır:
"Burada anladılmaq
istənilən fikir budur ki, atalarımız
Orta Asiyadan Anadoluya at belində gələrkən barbarlıq
gətirmədilər. Əksinə, mədəniyyəti, sənəti,
əxlaqı gətirdilər.
Abidədə bu izah olunur".
Zəfər abidəsinin layihəsi Anar Eyniyə məxsus olsa da, heykəl Türkiyənin İzmir şəhərində yaşayıb-yaradan
məşhur heykəltaraş
Cem Sağbil tərəfindən bürüncdən
hazırlanıb.
Araşdırmalarımız zamanı onu də müşahidə
etdik ki, İranın Rey şəhərində
Səlcuqlu dövlətinin
ilk sultanı Toğrul
bəyin (995-1063) məzarı
üzərində türbəsi
tikilib. Və bu türbə
Möminə Xatundan fərqli olaraq Günəş saatı özəlliklərinə sahibdir
və Günəşin
çıxmasından sonra
şimal qapısından
sola doğru saydıqda
Günəş şüalarının
düşdüyü sütun,
saatın neçə
olduğunu göstərir.
İçəridən radiusu 13, çöldən
isə 16 metr olan tikilinin ətrafında pərdə
şəklində 24 üçbucaqlı
sütun inşa edilmişdir.
Toğrul bəy türbəsi ilə Möminə Xatun türbəsi arasında ümumi bir oxşarlıq da diqqəti cəlb edir. Məhz bu
oxşarlıq, haqqında
yuxarıda bəhs etdiyimiz Xatirə abidəsində Möminə
Xatunun Səlcuqlu dövrü abidəsi kimi verilməsi fikrini ortaya çıxarır.
Xatirə abidəsində yazılanlara
diqqət etdikdə əminliklə deyə bilərik ki, Möminə Xatun abidəsi nəinki Səlcuqlu dönəmi abidəsi, heç Səlcuqlu memarlığı
abidəsi də sayıla bilməz.
Naxçıvan şəhərinin, həmçinin,
bütövlükdə Naxçıvan
Muxtar Respublikasının
simvoluna çevrilən
Mömünə Xatun
abidəsinin Səlcuqlu
abidəsi adlandırılması
nə dərəcədə
doğrudur? Biz bilirik ki, Möminə xatun məqbərəsi Atabəylər dövlətinin
başçısı Şəmsəddin
Eldənizin öz həyat yoldaşı Möminə Xatuna ehtiramının nəticəsi
olaraq Memar Əcəmiyə tikdirdiyi,
onun ölümündən
sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən
davam etdirilən bir abidədir
(1175-1186-cı illərdə tikilmişdir). Ayabəylər dövləti dövründə
tikilən bir abidənin Səlcuqlu dönəmi abidəsi kimi təqdim edilməsi doğrudurmu?
İki cildlik Naxçıvan Ensiklopediyasında, həmçinin, üçcildlik Naxçıvan tarixinin I cildində bu haqda geniş məlumat verilib. Həmçinin, Möminə Xatun haqqındakı tədqiqatlar aparan görkəmli tədqiqatçılar Cəfər Qiyasi, Ərtegin Salamzadə və başqaları da bu barədə mühüm məlumatlar vermişlər. Həmin məlumatlardan oxuyuruq: "Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq məktəbinin banisi hesab edilir. Çünki Əcəmi Naxçıvani həmin məktəbin yüksək nailiyyətlərinin yaradıcısı, bu məktəbin çiçəklənməsini təmin edən memarlıq təzahürünün klassiki və Naxçıvan memarlıq məktəbinin geniş benəlxalq sənəyə çıxaran memar olmuşdur.
...Onguşəli Möminə Xatun türbəsi özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı, memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış monumental abidədir...
...Möminə Xatun türbəsinin kürsülüyü onüzlü biçimdə olub cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Türbənin yerüstü qurğusu 10 guşəli, daxildən isə dairəvi plandadır. Türbənin xarici səthləri müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından ibarət kitabələr, həndəsi ornamentlər və gəc üzərində nəbati təsvirlərlə çox yüksək bədii tərtibatla bəzədilmişdir".
Göründüyü kimi, Naxçıvan memarlıq məktəbinin möhtəşəm abidəsi haqqındakı tədqiqatların heç birində onun Səlcuqlu dövrü, eləcə də Səlcuqlu memarlıq məktəbinə aidliyi, aidiyyəti haqqında heç bir qeyd yoxdur. Möminə Xatun haqqındakı bu yazılanlar yuxarıda qeyd etdiyimiz fikrimizin nə dərəcədə həqiqət olduğunu ortaya qoyur. Və Şərqin sufi mərkəzlərindən biri olan Türkiyənin Konya şəhərinin mərkəzində ucaldılmış Zəfər abidəsində Möminə Xatun məqbərəsinin əks olunması və bunun Səlcuqlu dövrü (həm də Səlcuqlu memarlıq məktəbi) abidəsi olmadığını deməyə qəti əminlik yaradır.
P.S. 3 il əvvəl - 2018-ci ildə yazdığım bu yazını nədənsə mətbuatda nəşr etdirməyi unutmuşdum. Bu günlərdə yenidən qarşıma çıxdı və oxucularla bölüşmək istədim.
P.S.S. İki il öncə -
2019-cu ilin may
ayında beynəlxalq konfrans üçün getdiyim Konya şəhərində həmin Zəfər
abidəsini axşam vaxtı ziyarət etmək
və yaxından görmək imkanım oldu.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2021.- 17 avqust.- S.13.