Dəyişən dünyada
Azərbaycanın yeri
"Bizim tanıdığımız
dünya artiq yoxdur, əvəzində yeni formalaşan bir
quruluş var və bu sistemin formalaşmasında iştirak edənlər
dünyada söz sahibi olacaqlar"
Dünyanın yeni bir dövrə
daxil olduğunu, qarşımızda yeni çağırışların olduğunu hamılıqla
bilir və görürük. Bu yeni
çağ texnologiya
dövrü, əşyaların
"ağıllandığı" dövrdür. Biz də
bir cəmiyyət olaraq inkişaf etmiş texnologiyanın ən son nailiyyətlərindən
yararlanmağa can atsaq
da, nədənsə texnologiyanın inkişafı
prosesinin iştirakçısı
ola bilmirik.
Bunun səbəbi postsovet ölkəsi olmaqdırmı,
ya inkişaf edən ölkələr sırasında olmaqmı,
deyə bilmərik.
Nəticə etibarilə dünya
ildən-ilə dəyişir
və biz artıq yeni bir dönəmin
eşiyindəyik. Bu isə elə bir mərhələdir ki, əgər bu prosesdə sağlam mövqe tuta bilməsək, geri düşə bilərik. Hansı mənada geri
düşə bilərik?
Texnoloji inqilabın iştirakçısı
olmamaqla nə itirəcəyik? Bu baxımdan Azərbaycanı
nələr gözləyir?
Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyevanın
yeni dönəmin çağırışları mövzusunda "525"ə verdiyi
müsahibəni təqdim
edirik.
***
- Bu gün dünyanın ən qabaqcıl ölkələrində başlayan
texnoloji inkişafdan geri qalmamaq, zamanın tələbi ilə ayaqlaşa bilmək üçün
bir sıra dövlətlər hərəkətə
keçib. Feysbuk paylaşımlarınızdan biridə siz özünüz də bu məsələyə toxunmuşdunuz. Texnologiya dövrünə
adaptasiya baxımından
Azərbaycanla bağlı
hansı proqnozlar vermək olar?
- Ötən əsrin 80-ci illərinin sonlarından başlayan "Newtech"
adlanan texnoloji inkşaf dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini
və bu sahədəki ənənəvi
qaydaları dəyişdi.
Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların
idarəçiliyinə adaptasiya
olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya
olunan yeni dünyada yeni mexanizmlər ənənəvi
siyasi-ictimai quruluşların
sıradan çıxmasına
səbəb olur ki, biz bu gün
bu prosesin iştirakçısı və
aralıq mərhələsindəyik.
Bu proseslərin qısa müddətli və uzun müddətli
nəticələri bir-birindən
tamam fərqlənir.
Hətta
indi, aralıq mərhələsində belə,
qeyd edə bilərik ki, bizim tanıdığımız
dünya artıq yoxdur. Əvəzində yeni formalaşan
bir quruluş var və bu
sistemin formalaşmasında
iştirak edənlər,
daha sonra dünyada söz sahibi olacaqlar. Texnologiya dövrünə adaptasiya
baxımından Azərbaycan
üçün hansı
proqnozları vermək
olar, sualına gəlsək, onu deyim ki, yeni
qaydalar, yeni üsulların formalaşdırdığı
yeni reallıqda Azərbaycan hələ ki seyirci mövqeyindədir.
Əlbəttə, deyə bilərik ki, hökumət ölkədə bütün
sahələrdə rəqəmsallaşma
prosesinə start verib. Lakin rəqəmsallaşan
sənaye, iqtisadiyyat, təhsil və digər sahələrdə
gedən bu proseslərdə hələlik
vahid, ümumi məqsədə xidmət
edən, bütün maraqları əhatə edən startegiya ortada yoxdur. Bu, təxminən meydanda, onun şərtlərini bilmədən,
imkanlarına bələd
olmadan oynamağa oxşayır. Amma əgər
biz şərtlərin formalaşma
mərhələsindəyiksə, məntiqlə öz şərtlərimizi formalaşdırmaq
başqasının şərtlərindən
istifadədən daha faydalı olacaq.
- Ümumiyyətlə, 1-ci, 2-ci,
3-cü sənaye inqilablarında
iştirak edə bilməyən, yalnız istifadəçi olan bir xalq kimi,
4-cü sənaye inqilabının
eşiyində texnoloji
inqilabın iştirakçısı
olmağımız nə
dərəcədə realdır?
- Günümüzdəki əksəriyyət
insanlar kimi, Azərbaycan insanı adına "texnoloji inkişaf
" dediyimiz texnoloji
inqilabın iştirakçısıdır.
Azərbaycanın bu sahədəki
ən böyük problemi öz insanının intellektual resurslarını istifadə
edə bilməməsidir.
Azərbaycan insanının intelektual
resursları yeni üsullarla başqaları
tərəflərdən mənimsənilir.
Məsələn, beynəlxalq elmi
mərkəzlərdə, təşkilatlarda,
regional birliklərdə azərbaycanlılar
həmişə uğurla,
kreativ ideyaların müəllifi kimi iştirak edən iştirakçılar olurlar.
Bizdə
isə öz insanlarımızın intellektual
imkanlarından istifadə
etməkyə maraq göstərilmir, daha çox başqalarının
artıq mövcud olan təcrübəsindən
bəhrələnməyə üstünlük verilir.
- Sosioloqların da üzərində düşündüyü
"Texnologiya cəmiyyəti
formalaşdırır, yoxsa
cəmiyyətin ehtiyacları
və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir?"
sualı bizim cəmiyyət üçün
nə ifadə edir?
- Fikimcə, bu sualın cavabı belədir: texnoloji resurslar cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır. Günümüzdə cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarında yeni məhsullardır. Məhsuldur və texnoloji qiqantlar bu məhsulların dövriyyəsindən çoxmilyardlıq gəlirlər götürürlər. Mən ona inanıram ki, texnoloji nailiyyətin insanlığa faydası keçən əsrin 80-90-cı illərində ilişib qalıb. 30 ilə yaxındır ən çox insanların dünyasını dəyişdiyi xəstəliklərin müalicəsi istiqamətində tibbin nailiyyəti çox da böyük deyil. Bəzi xəstəliklərin müalicəsi isə ümumiyyətlə yoxdur. Əvəzində son 15 ildə 5G kimi texnoloji nailiyyətlər əldə olunub. Məntiqi olaraq sual yaranır ki, bu texnoloji nailiyyətlərin cəmiyyətlərə faydası nədir?
Fikrimcə, texnoloji inkişafın ən vacib şərtlərindən biri inkşaf mərhələsində bəşəriyyətə faydalılıq dərəcəsinin nəzərə alınması, dəyərləndirilməsi olmalıdır.
- Yenilikçi olan cəmiyyət özü olmalıdırmı, yoxsa sistem xalqı irəli çəkmək üçün onu yenilikçiliyə həvəsləndirməlidir?
- Cəmiyyətlər tərbiyə olunur. Texnoloji inkişaf internet üzərindən düşünməyi bacarmayan, ancaq ona diktə edilən mövzuları "kliklə", "laykla" müzakirə edən, sözünün, gələcəyinin məsuliyyətini dərk etməyən yeni nəsil formalaşdırdı. Ya cəmiyyətin ehtiyacı və istəyini öz təhlükəsizliyi üçün, öz maraqları çərçivəsində sistem özü formalaşdıracaq və bunun faydasını özü görəcək, ya da bunu öz maraqları çərçivəsində başqaları edəcək, faydasını başqaları götürəcək.
- Ümumiyyətlə, inkişafda olan bir ölkə kimi, yeni mərhələdə yaxından iştirak edə bilməyimiz, texnoloji inqilabın iştirakçısı olmağımız məsələsi sizə real görünürmü? Bu prosesdə iştirak etmək sanki, daha çox inkişaf etmiş ölkələrin qaldıra biləcəyi yükdür.
- İstənilən prosesin formalaşması mərhələsində iştirakçılar üçün şərtlər eynidir. İndiki şərtlər də daxil, bütün zamanlarda yeni imkanları istifadə etməklə daha irəli çıxan şəxlər, dövlətlər və s. olub və olacaq. Sistemlərin davranışının məntiqi ardıcıllığı, adaptasiya prosesinin mümkün ssenarilər, prespektivlər və riskləri nəzərə alınması ilə həyata keçirən dövlətlər bu prosesdə iştirakçı olacaq.
- Bu gedişatda hər bir xalq üçün milli informasiya resurslarının hazırlanması, milli proqram təminatının yaradılması niyə və nə dərəcədə vacibdir?
- Çoxmilyardlıq büdcələrə malik korporasiyaların lokal, regional və hətta qlobal səviyyədə dövlətlərlə qarşıdurması həmişə mövcud olub. Əvvəllər bu qarşıdurma gizli olsa da, indi artıq açıq müstəviyə keçir. Bir sıra dövlətlərin öz büdcəsindən yan keçib texoloji şirkətlərin cibinə axan maliyyə ilə artan büdcə xərclərinin tarazlaşdırılması məqsədilə atdığı addımları və o şirkətlərin həmin dövlətlərin hökumətlərinə qarşı sərt çıxışlarını izləyirik. Mahiyyətini analiz edəndə aydın olur ki, bu, təkcə hökumətlərə qarşı deyil, həm də ənənəvi ictimai-siyasi quruluşa qarşı çıxışlardır. Ümumiyyətlə isə, gələcəkdə rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər ənənəvi siyasi-ictimai quruluşların sıradan çıxmasına səbəb olacaq. Bunun yekun məntiqi sonluğunu isə regionların dövlətlərin nəzarətindən çıxaraq korporasiyaların nəzarətinə keçməsi şərtləndirir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 17 avqust.- S.10.