Hindu nəğməsi
Qaranlığı qara əlcək
kimi geyəndə şəhər
Susmuşdu hər nə vardısa
Sanki bir azdan cəllad
Zevin küçəsindən keçib
Edam məhkumunun yanına gedəcəkdi
Onda
Alça
çiçəkləri kimi
qar yağırdı
Bakının üstünə
Yollar eyni qapıya çıxırdı,
Ah çəkirdi göylər,
külək əsirdi,
Göylərdə də kimsə darıxırdı
Onda
Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin
Anlaşılmayan kədərli nəğməsiydi
bu şəhər
O vaxtdan bu yana bilmirəm neçə gündü,
aydı, ildi,
Elə bil bu gün
ayrılmışıq
Bu gün
Dodaqların gilyotin kimi boynunu vurub
Qoşa
qala qapıları ağzında
Ağzımdan çıxan sözlərin
Kədər deyingən ev sahibəsi kimi
Qəlbimizə girdikdən sonra
Bilmirəm neçə dəfə
Güləndə əlini əlinə
vurmaq istəyib də
Bir əlinin olmadığını
xatırlayan adam
kimi
Yadıma
düşüb yoxluğun
Elə bil bu gün,
Ağ bayraq kimi yelləmisən
əlini ayrılığa
Elə bil,
Cəllad
hələ də əlində qılıncı
yol gedir
Hardasa buralarda.
Min bir gecə nağılı
Ulduzların əvəzinə
Səmalarında mərmilərin parıldadığı
yerdəsən...
Min bir gecə nağılındasan
Şərqdəsən, Əhməd...
Yerdə
süfrə salınıb,
Atan, anan,
Bir də əllərini illər əvvəl itirmiş
əmin oturub süfrənin qırağında
Etdiyiniz
dua yarıda kəsilir
Göydən bərəkət yerinə
Bomba düşür evinizin damına
Güllələrlə taleyin yazılır evinin divarlarına,
Və o
divarlar sevdiyin yeməyin içinə,
Doğranır çörək əvəzi
Gözlərini açanda
Xəstəxana tavanını görürsən
Əminlə sənin ömrünə
nöqtə qoya bilməyib güllələr
Ancaq
İkinizin də əlləri
yoxdu artıq
Bir-birinizin kürəyinə vurub
"Möhkəm ol" deməyə...
Özümə yazdığım intihar
məktubları
Uzaq dur məndən, aralı dayan
Çünki əllərim qanlıdı,
Çünki barmaq izlərini
dırnaqlarımla qaşıdım
əllərimdən
Səni
düşündüm səhərəcən
Hansı
tərəfə getsəm,
üstümə itlərin
hürüşdüyü bu yerdə
Divin su daşıdığı
aşsüzənmiş səndən
sonra həyat
Özümdən qaçmağa çalışdım
bu gün
İşıqları yanıq qoyub evdən çıxdım
Dəqiqələrlə döydüm qapımı
Yenə
evdə deyildim,
Sərxoş olduğum kafelərin
Yellənə-yellənə açılan qapıları kimi açılarkən səhərim
Minarədən azan verən müəzzinlə
məndən başqa
Ölümə və Allaha heç kimin ikimiz qədər
Yaxın
olmadığını düşündüm
Bulvara düşdüm,
Məktub
yazdım özümə,
Hansı
şəhərə apardığını
unutduğum
Qatar bileti kimi
Cibimdə gəzdirdiyim şəklini
Qoydum məktuba
Evə döndüm,
Döydüm qapımı
Yenə
açılmadı
Yenə
heç kim
yox idi evdə
Qapını açdım,
Özümə yazdığım bütün
intihar məktublarından,
Ünvanıma yenə tez çatmışdım.
Yağış
1.
Hər yağış damlasını
Torpağa qovuşanadək bir
mələk izləyərmiş
Sənsə
Bulud mavisi gözlərindən
Axan yaşları
Yorğanın altında gizlətdiyinimi
Düşünürsən hər kəsdən.
2.
İndi
bulud deyil göylərdəki
İndi
yağış deyil yağan
Küçələrdən şüşə
yığıb satan
Kimsəsiz uşaq
Alın
tərini silir buludlara
Sonra sıxır
buludları nənəsindən
qalma güllü-güllü
dəsmal əvəzi.
3.
Unutmur hələ də
Anası
ölən günü
inci-inci yağan yağışları,
Atasının sərxoş-sərxoş binadan atarkən özünü
Cansız
bədəninə hər
kəsdən əvvəl
çatan damlaları
Ona görə
Hər yağışlı gündə
İtirmədiyi adamları yoxlayır
bircə-bircə
Dizlərindəki ağrıların qapılarını
döyən qoca kimi.
Kim bilir
Bıçaq dəyən yerlərindən
kürəyinin
Qanadların çıxar bəlkə,
Kim bilir
Qartoputək daşa dəyib
Şüşə kimi çiliklənən
ürəyinin,
Bir parçasına əksim düşər
Kim bilir
Sonuncu dəfə Bakı küçələrindən keçən
Tramvay yorğunluğuyla
Eyni arzu keçər ürəyimizdən.
Ümidsiz şəhərin küləyi
Tərsinə çevrilmiş tısbağa
kimi
Ümidsiz şəhərdir Bakı
Xəzri
Köhnə darvazatək silkələyir
şəhəri
Uzaq ellərdən vacib xəbər gətirən
qasid kimi
Burda
Ümidin
bir azını sabaha saxlayırıq
Axşamdan bişən yemək
kimi
Burda
İntihar etmiş adamın
Sahildə soyunduğu çəkmələrdir zaman.
Malik ATİLAY
525-ci qəzet.- 2021.- 18 avqust.- S.15.