Musiqimizin dünəni və bu günü
Sosial
medianın yaranması və sürətlə
populyarlaşması həm jurnalistika sahəsində, həm də
musiqi sənətində bir sıra dəyişikliklərə
yol açdı. Əvvəllər müəyyən çərçivəyə
sığdırılan musiqi
bütün baryerləri
aşaraq özünü
bildiyimiz və bilmədiyimiz tərəfləri
ilə göstərməyə
başladı. Televiziya və radiolarda
görüb dinlədiyimiz
ifaçıların, bəziləri
istisna olmaqla, böyük qismini sosial media üzərindən
tanınan ifaçılar
əvəz etdi.
İnqilabi dəyişikliyin səbəbi isə, azad mühit, açıq və boş qalan meydan, təmənnasız
əlverişli şərait
oldu.
Sovet dönəmini yada salsaq, belə bir mənzərənin şahidi olarıq: o zaman bir televizya
kanalı var idi, bir də
radio dalğası. Orada çıxış
etmək üçün
hazırladığın məhsul
senzuradan keçməli
idi. Azərbaycan musiqi sənətini
indiki qədər saysız-hesabsız ifaçılar
yox, bu dövrə
qədər adlarını
əzbər bildiyimiz adamlar çiyinlərində
daşıyırdı. Bu günə qədər
o dönəmin sənətçilərinin
əksər mahnıları
dillər əzbəridir.
Bəzi yaşlı nəsil nümayəndələri kimi
o dönəmi tərifləyib,
hazırdakı musiqi mühitini pisləmək hər iki dövrün
sənət mühitini
anlamağa kömək
etməyəcək. Sovet Azərbaycanının
ifaçılarının sayı barmaqla sayılası qədər
idi. Dinləyici istəsə də,
istəməsə də,
seçim hüququ məhdud idi. Sovetlər Birliyinin çöküşü
ilə yaranan müstəqil dövlətlərdə
nisbətən demokratik
mühit formalaşmağa
başladı.
1998-ci ilin avqustunda
Azərbaycanda mətbuat
üzərində senzura
ləğv edildi. Məhz bundan
sonra müstəqil Azərbaycanın müstəqil
ifaçılarının səsləri daha gur eşidildi. 20-ci əsrin sonlarına
yaxın ikinci dəfə müstəqilliyini
əldə edən Azərbaycanda senzuradan əvvəl və senzuradan sonrakı dövrləri əhatə
edən zaman kəsiyində yeni televiziya kanalları və radio dalğaları
açıldı. Azərbaycan tamaşaçısı
və dinləyicisi öyrəşdiyi ifaçılarla
yanaşı, yeni-yeni
ifaçıları görməyə
və eşitməyə
başladı. Efir məkanında
müxtəlif musiqi janrlarında yarışmalar
keçirildi. Bu müsabiqələrdən çıxan
ifaçılar ölkənin
musiqi sahəsinin formalaşmasında müəyyən
rol oynadılar. Müstəqil Azərbaycan musiqi
mühitinin tam formalaşması
müstəqillikdən əvvəl
fəaliyyət göstərən
ifaçılar, eyni zamanda, müstəqillik əldə edildikdən sonra efirə yol tapa bilən
ifaçılar sayəsində
bütövləşdi. Sonralar bu ifaçıların bir neçəsi dövlət xətti ilə bir çox
beynəlxalq musiqi tədbirlərində Azərbaycanı
təmsil etdilər.
Musiqi sahəsində nəzərə
çarpacaq uğurları
musiqiçilər sırf
dövlətin sayəsində
qazandılar. Musiqidəki ən
böyük boşluqlardan
məhz biri də budur ki,
azərbaycanlı musiqiçilər
beynəlxalq arenaya çıxmaq üçün
demək olar ki, heç nə etmirlər. İştirak etdikləri əksər
beynəlxalq tədbirlər
dövlət xətti
ilə getdikləri tədbirlərdir. Buna görədir ki, nə ifaçılarımız,
nə də instrumentalistlərimiz heç
bir ölkədə tanınmırlar. Düzdür, indiyə qədər bir çox keyfiyyətli sənət örnəkləri də ortaya qoyulub, amma bu zamana
qədər sənətçilərimiz
beynəlxalq səviyyədə
elə bir böyük uğur əldə edə bilməyiblər.
Sosial medianın
olmadığı dövrdə
müğənnilərimizin ən böyük cəhdi Türkiyə musiqi mühitinə qatılmaqdan ibarət idi ki, bu
da onlarda demək olar ki, alınmırdı. Çox
az ifaçılar
bunu edə bilirdilər. Onlar da əslində,
ölkə miqyasında
xeyli tanınmış
və titullu müğənnilər idi.
Sonra nə oldu? Olan o idi ki, əvvəldə qeyd olunduğu kimi, sosial media ortaya çıxdı və istedadlı insanlar bu əlverişli şəraitdən bəhrələnərək
öz ifalarını
yutub, instaqram kimi sosial şəbəkələr
üzərindən paylaşaraq
ölkə daxilində
və ölkə xaricində özlərinə
dinləyici və tamaşaçı kütləsi
yığdılar. Onlar bu yolla illərdir, Azərbaycan səhnəsində
külüng vuran sənətçilərin Türkiyədə
əldə etmək istədiyi, amma əldə edə bilmədiyi populyarlığı
qısa müdətdə
qazandılar (Orası
artıq ayrı məsələdir ki, müğənnilər beynəlxalq
arena deyəndə niyə
təkcə Türkiyə
şou məkanını
başa düşürlər).
Təbii ki, sosial
medianın xeyirli tərəfləri ilə
yanaşı, ziyanlı tərəfləri də var. Bu imkanlardan
istifadə edən istedadlı insanlar kimi, istedadsız insanlar da oldu. Müxtəlif yollarla izləyici sayı artıran bu insanlar, sonradan
təbii şəkildə də izləyici kütləsi
yığmağa nail oldular.
Çünki artıq sosial
şəbəkə platformalarında önə
çıxmağı bacarıblar. Bu da həmin
platformaların alqoritimini aldatmaq
yolundan keçir. İşin qəribə tərəfi də budur ki, televiziya
kanalları bir çox
hallarda öz efirlərinə
sosial şəbəkələrdə eybəcər
musiqini təbliğ edənləri dəvət
edir, digərlərini isə görməzdən
gəlir. Necə deyərlər, belə işbazlarla
əlbir olub musiqi mədəniyyətimizi
ovlamaqla məşğul olurlar.
Xətai Azayev
525-ci qəzet.- 2021.- 18 avqust.- S.14.