Şanlı tariximizin uyuduğu məkan:  Şəhidlər xiyabanı

 

 

Cəmi bir ay qalıb Vətən müharibəmizin başlamasının ildönümünə. Ötən ay isə Tovuz hadisələrinin bir ilini yad etdik. Bu müddətdə üç mindən çox vətən övladı 30 illik torpaq həsrətimizə son qoymaq, doğma Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün canını, qanını bu yolda fəda etdi, hələ ömür yolunun başındaykən həyatından keçib, "öncə vətən" deyibən şəhidlik zirvəsinə ucaldı. Məhz onların bu əzmkarlığı, fədakarlığı qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində 30 illik Vətən həsrətimiz sona yetdi, Azərbaycan xalqı işğal altındakı Qarabağına qovuşdu, dövlətimizin ərazi bütövlüyü bərpa olundu.

 

Bəli, təkcə ölkə, region üçün deyil, bütün dünya üçün tarixi qələbə olan 44 günlük zəfərimiz qədər böyük sevinc bəxş etsə , şəhidlərimiz, qazilərimizlə qəlbimizə sağalmaz yaralar vurdu. İndi hər birimizin öncə üz tutduğu daha bir müqəddəs ocaq var: şəhidlərimizin məzarı...

Artıq getdiyimiz hər bölgədə ziyarətinə tələsdiyimiz ilk ünvana çevrilib Şəhidlər xiyabanı. Əlbəttə, I Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın məzarlarını da ziyarət etmişik bu günə kimi. Ancaq son müharibədən sonra bir çox bölgələrimizdə Şəhidlər xiyabanı salındı, II Qarabağ müharibəsi şəhidləri orda dəfn olundu. Bizim bir vətəndaş kimi borcumuz onları ziyarət etmək, unutmamaq, unutdurmamaqdır.

 

Qəhrəman Tovuzda gördüklərim...

 

Bir neçə gündür Tovuzdayam. "525-ci qəzet"də aylardır davam etdirdiyimiz "Əbədiyyətdəki əziz ünvanlarımız" adlı şəhidləri oxuculara təqdim etdiyimiz silsilədə Tovuz şəhidlərindən tez-tez danışmışıq. Artıq onların çoxunu tanıyır, haqqında məlumatları bilirəm. Təkcə şəkillərinə baxmaq sanki bir doğmamı, yaxınımı tapmış kimi duyğulanmağıma səbəb olur.

 

Dediyimiz kimi, Tovuz həm Vətən müharibəsindən 2 ay qabaq bir neçə günlük döyüşlər nəticəsində şəhidlər vermişdi. Rayonu, kəndləri gəzdikcə gördüyüm mənzərə budur ki, Tovuz əhalisi digər bölgə camaatı kimi öz şəhidinə çox böyük sayğıyla, ehtiramla yanaşır, küçələri onların şəkilləriylə bəzəyir, şəhidlərinin adlarına bulaqlar, abidələr salıb qəhrəmanlarını bölgəyə gələn qonaqlara da fəxrlə, qürurla təqdim edir. Bu mənzərədən təsirlənməmək, bu qürurun, vüqarın qarşısında duyğulanmamaq mümkün deyil. 

 

Gəncənin Şəhidlər xiyabanında...

 

Bura qədər gəlmişkən, qədim tarixə mədəniyyətə malik Gəncə şəhərini ziyarət etdik. Əlbəttə, yenə üz tutduğumuz ünvan Gəncənin Şəhidlər xiyabanı oldu. Tarix boyu başı qovğadan, sinəsi döyüşlərdən qurtulmayıb bu Cavad xan yurdunun. müharibələrə şahid olub, üsyanlar görüb, döyüşlərdən alnıaçıq, üzüağ çıxıb ulu torpaq. Vətən müharibəsində bir ayrı igidlik tarixinin baş qəhrəmanı oldu Gəncə gəncəlilər.

 

Şəhərdən bir az aralıda yerləşən Şəhidlər xiyabanına gedən uzun yolu piyada qət edib şəhidlərimizin hüzuruna yetişirik. Gəncənin Şəhidlər xiyabanında Bakıdakı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsinin oxşarı var. Girişdə bizi ilk "qarşılayan" isə Gəncənin I Qarabağ müharibəsində itkin düşən vətəndaşlarının siyahısı olur. Uzun-uzun siyahıyla tanış olub, qəlbimizdə hansısa birinin (kaş ki, hamısı olsaydı) sağ olmasını ümidimizin öləzimiş işığında arzulayıb şəhidlərimizin məzarına tərəf irəliləyirik.

 

Əbədi məşəl abidəsinin sol tərəfində I Qarabağ müharibəsinin Gəncədən olan şəhidləri uyuyur. Başdaşlarından boylanan cavan simalar sanki daha da nurlanıb, üzləri aydınlanıb. Tək-tək hər birinin üzünə baxıram. Sevinc oxunur, fərəh yağır bu daş simalardan. Səbəbini çox fikirləşməli olmuram. Səbəb böyük zəfərimizdir. Vətən müharibəmizdə qazanılan qələbəmiz I Qarabağ müharibəsi şəhidlərimizin ruhunu şad edib, qəlbini rahatladıb. Axı artıq onların qanı yerdə qalmayıb. Onların övladları, yaşı Qarabağın işğalından, onların şəhidlik tarixindən kiçik olan mərd oğullarımız qisaslarını yağı düşməndən ən yaxşı şəkildə alıblar. Bu şəhidlərimizin uğruna canını verdiyi, qanlarının töküldüyü torpaq artıq azaddır. İndi orda doğma qədəmlər gəzir, doğma izlər görünür. Vətən üçün ən şirin nemətindən - canından keçən insana bundan böyük sevinc, bundan uca təskinlik olarmı?

 

Bir-bir baxıram məzarlara. Milli Qəhrəman da var, 18 yaşlı əsgər , xanım şəhid . Onları birləşdirən isə Vətən sevgisi, millət təəssübüdür ki, onlar bu uğurda uyuyurlar soyuq torpağın altında. Ruhlarına dualarımızı oxuyub abidənin sağ tərəfinə boylanırıq. Gəncədən olan məni buraya gətirən dostum deyir ki, Vətən müharibəsinə qədər abidənin sağ tərəfi boş bir ərazi imiş. Sadəcə sol tərəfdə yer qalmayan I Qarabağ müharibəsi şəhidlərindən bir neçəsi burda dəfn olunubmuş. İndi isə bu hissə üstü gül-çiçəklə, Azərbaycan Türkiyə bayraqlarıyla bəzənmiş qara başdaşılarıyla dolub.

 

Tanış simalara rastladım burda

 

Məzarların arasıyla gəzirik. İlk məzarlar arasında gülümsəyən bir sima o qədər doğma, o qədər tanış gəlir ki... Qəfil ucadan "Yüksəl" deyirəm. Şəhid Yüksəl... Gəncənin keçmiş prokurorunun oğlu, müstəntiq Yüksəl... Müharibə başlayanda işini atıb könüllü qatılıb döyüşlərə və əbədi ucalığa yüksəlib. O tanış, gülərüz siması boylanır soyuq daşdan. Hiss edirəm uyuduğu torpağın həm də onunla müqəddəsləşdiyinin yaxşı fərqindədir.

İrəliləyirik məzarların arasıyla. 18 yaşlı əsgər də var, gizir də, leytenant da, könüllü də, zabit də... Hər biri bir qəhrəmanlıq nümunəsi, hər biri bir yarımçıq ömrün nişanələri. Burda məzarlar elə sıralanıb ki, bir 1990-cı illər şəhidi var, bir 2020-ci il şəhidi. İki Qarabağ müharibəsinin şəhidləri yan-yana, qoyun-qoyuna uyuyurlar burda. Heç biri bir-birindən seçilmir, ayrılmır. Tək fərqləri şəhid olduqları tarixdir.

 

Qəfil ayaq saxlayıram yenə də doğma sima görmüş kimi... Bu, Rəşaddır. I Qarabağ müharibəsinin qazi xanımı Nailənin şəhid oğlu Rəşad Ələkbərov. Onun da həyatını oxucularımız "Əbədiyyətdəki əziz ünvanlarımız" silsiləsində oxuyublar. I Qarabağ müharibəsində Gəncədən döyüşlərə könüllü qatılan Nailə xanım uzun döyüş yolundan sonra müharibədən qayıtmış, ailə həyatı qurmuşdu. 1997-ci ildə Rəşad dünyaya gəlmişdi. Ana-bala birgə sarılmışdılar həyata, bir-birlərinə tutunmuşdular. Nailə xanım min bir zəhmətlə böyütmüş, oxutmuşdu Rəşadı... Bir gün amansız müharibə balasını əlindən alana qədər... Özünün qazi kimi döndüyü müharibədə oğlu şəhidlik zirvəsinə ucaldı. Ruhu şad olsun!

 

Atəşkəs şəhidləri,

naməlum məzarlar və daha nələr...

 

Gəncənin Şəhidlər xiyabanında nəzərimi cəlb edən iki nüans oldu. Birincisi, atəşkəs dövrünün şəhidləridir. İlk dəfədir ki, atəşkəs dövründə şəhid olmuş bu qədər insanın məzarını bir yerdə görürdüm. 1996-cı ildən başlamış, 2018-ci ilə kimi davam edən atəşkəs dövrünün az qala hər ilində şəhidi var Gəncənin. Və gəncəlilər onları da böyük ehtiramla burda yad edirlər.

 

İkincisi isə, qazılmış məzarlardır. Bunlar I Qarabağ müharibəsinin naməlum şəhidlərinin məzarlarıdır ki, dövlətimiz tərəfindən onların araşdırılmasına başlanılıb. Xiyabanın hər tərəfində bu haqda məlumat da yazıb vurublar. Öz-özümə düşünürəm ki, nə olardı bu araşdırma tez yekunlaşaydı, 30 ilə yaxındır gözü yollarda qalan ailələrimiz öz şəhid balalarına nəhayət, qovuşaydı.

 

Döyüş meydanında qəhrəman ordumuza gücü çatmayan düşmən biabırçı məğlubiyyətinin heyfini əliyalın, dinc sakinlərdən, mülki şəxslərdən çıxmağa çalışdı. Tərtər, Gəncə, Bərdə, Mingəçevir kimi şəhərlərimiz hədəf alındı.

 

Gəncə də bu Vətən müharibəsinin həm maddi, həm də mənəvi ən çox ziyan çəkən şəhərlərindən biridir. Bir neçə dəfə hücuma məruz qalan Gəncəmizin təkcə hərbi deyil, həm də mülki şəhidləri var. Həmin mülki şəhidlər də burda - digər şəhidlərlə yan-yana uyuyurlar. Onların arasında 9 yaşlı uşaq, 18 yaşlı gənc, 30 yaşlı gəlin, 60 yaşlı qoca da var. Hər biri erməni məkrinin, vəhşiliyinin bir nümunəsi kimi durub qarşımızda.

Hər birinin ruhuna dualarımızı oxuyub geri dönməyə hazırlaşırıq. Bu vaxt gözüyaşlı iki qadın şəhid məzarlarının arasında görünür. Öz doğmalarının məzarına doğru gedirdilər yəqin ki. Bizi görüb ayaq saxlayırlar. Tanımadığımız xanımlarla salamlaşırıq. Nisbətən yaşlı olanı deyir: "Kiminçün gəlmisinizsə, Allah əzizinizə rəhmət eləsin!" Həm mən, həm də dostum bir ağızdan "hamısı üçün gəlmişik, hamısı bizim əzizimiz, doğmamızdır!" - deyirik.

 

Beləcə, doğmalarımızla - qəhrəman şəhidlərimizlə vidalaşıb Şəhidlər xiyabanını tərk edirik. Gedərkən düşünürəm: bura təkcə məzarlıq deyil, həm də gələcək nəslə qürurla təqdim edəcəyimiz böyük bir tarix, igidlik örnəyidir!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 18 avqust.- S.13.