"Maestro Niyazi Türkiyəni öz
vətəni kimi görürdü"
Ecem Tuğçe Akbulut:
"İstanbulda yenidən bərpa olunan dövlət opera
binasının salonlarının birinə dahi Niyazinin adının
verilməsi maestronun xatirəsinə çox böyük
töhfə olardı"
20 avqust görkəmli
dirijor, bəstəkar,
Xalq artisti, Beynəlxalq Nehru mükafatı
laureatı, tanınmış
ictimai xadim, Maestro Niyazinin anadan olmasının 109-cu ildönümüdür. Bu ərəfədə Türkiyədən
Maestronun doğum gününə çox əhəmiyyətli bir töhfə gəldi.
Belə ki, Türkiyənin "Net Kitaplık"
nəşriyyatında gənc
musiqişünas Ecem Tuğçe Akbulutun
"Maestro Niyazi Tağızadə:
Sovet dövründə
Azərbaycan və Türkiyə münasibətlərində
mədəniyyət elçisi"
adlı monoqrafiyası
türk dilində nəşr olunub. Kitabın müəllifi ilə həm kitab, həm də Niyazinin Sovet dövrü Türkiyədəki
fəaliyyəti haqqında
söhbətləşdik. Həmin müsahibəni oxucularımıza
təqdim edirik.
***
- Ecem xanım, əvvəla, istərdik ki, özünüz haqqında oxuculara məlumat verəsiniz...
- İstanbulun Üsküdar
ilçəsində anadan
olmuşam. Uşaqlığım və orta məktəb illərim burada keçib. Bakalavr və magistratura təhsilimi İstanbul Universiteti Dövlət Konservatoriyasında musiqişünaslıq
ixtisası üzrə
almışam. Skripka və
Azərbaycan kamançası
- biz bu alətə Türkiyədə "kabak
kemane" də deyirik - ifaçısıyam.
Müxtəlif musiqi layihələrinin
həm iştirakçısı,
həm də koodinatoruyam. Musiqi sosiologiyası sahəsində
də bəzi araşdırmalarım var. Həmçinin, yeniyetmə
və gənclərin
musiqi-estetik tərbiyəsinə
bacardığım qədər
töhfə verməyə
çalışıram. Onları musiqiyə
həvəsləndirirəm. Deyə bilərəm ki, musiqi həyatımın ayrılmaz hissəsidir.
Musiqinin insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq
gücünə malik
olduğuna inananlardanam.
- Bu günlərdə sizin dahi Azərbaycan dirijoru Maestro Niyaziyə həsr olunmuş geniş həcmli monoqrafiyanız Türkiyədə
çap olunub. Mümkündürsə, monoqrafiyanız
haqqında danışaq...
- Əvvəla, onu qeyd edim ki,
bu monoqrafiya bu ilin may ayında
mənim İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyim magistratura elmi işimin əsasında hazırlanıb.
Monoqrafiyada, əsasən, Sovet
dövründə Türkiyə
ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında
Maestronun rolu mədəniyyət diplomatiyası
kontekstində təhil
olunur. Üç fəsildən ibarət
olan monoqrafiyanın birinci fəslində mədəniyyət diplomatiyası
anlayışının nəzəri
- konseptual əsasları
nəzərdən keçirilir.
Həmçinin, Sovet dövründə
Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrə
dair əhəmiyyətli
məqamlar geniş mənbələr əsasında
tədqiq olunur. Niyazinin həyat və yaradıcılığına həsr
olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü,
ömür-gün yoldaşı
Həcər xanımla
olan münasibətləri,
dirijorluq sənətinə
aparan yol müxtəlif mənbələr
əsasında nəzərdən
keçirilir. Həmçinin, Niyazinin bir sənətkar
kimi yetişməsində
əhəmiyyətli yerə
malik olan ailəsinin incəsənət
mühiti və ələlxüsus, əmisi,
Azərbaycan musiqisinin
atası hesab olunan Üzeyir Hacıbəylinin rolu xüsusi yarımfəsildə
tədqiq olunur. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin
musiqişünaslıq nöqteyi-nəzərdən
geniş şəkildə
tədqiq olunduğu bu fəsildə Azərbaycanın xalqının
və müstəqil Azərbaycan Respublikasının
dahi Maestronun musiqi mirasına və xatirəsinə verdiyi qiymət faktlar əsasında xüsusi qeyd olunur. Monoqrafiyanın
üçüncü fəsli
isə Niyazinin
1960 və 1980-ci illər
arasında Türkiyədə
yaradıcılıq fəaliyyətinə
həsr olunub. Maestro Niyazinin Türkiyədəki
fəaliyyət dövrünə
həsr olunub. Bu
fəsildə Niyazinin
Türkiyədə fəaliyyət
göstərdiyi dövr
ərzində dirijorluq
etdiyi əsərlər
haqqında məlumat verilir, onun Nazim
Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey,
İdil Biret kimi, Türk ziyalıları və incəsənət xadimləri
ilə münasibətləri
təhlil olunur.
- Bu mövzu haqqında yazmaq ideyası sizdə necə yarandı?
- Magistratura təhsili zamanı yenilik və orijinallıq göstəricilərinə malik
olan mövzu axtarışındaydım. Elə bu
ərəfədə Maestro Niyazinin Türkiyədəki
fəaliyyət dövrü
diqqətimi cəlb etdi. Həmçinin,
maestronun yüksək
professionalizmi, bəstəkar
kimi əsərlərində
dahi Üzeyir Hacıbəylinin üslubuna
sadiq qalaraq Şərq və Qərb musiqilərinin sintezindən qarşılıqlı
faydalanması,
Türkiyədə simfonik
musiqinin inkişafı
prosesində müstəsna
rolu məni bu mövzunu seçməyə sövq
etdi.
- Kitabınızda Maestronun Türk simfonik musiqisinə və Sovet dövrü Azərbaycan-Türkiyə mədəni
münasibətlərinə xidmətlərindən
geniş bəhs olunur. Maestronun bu xidmətləri
haqqında konkret faktlar əsasında nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o peşəkar dirijor kimi bir çox
simfonik əsərin Türkiyədə tamaşaya
qoyulması üçün
misilsiz işlər görüb. Maestro Türkiyədə fəaliyyət
göstərdiyi dövrdə
Ankara Opera və Balet Teatrında, İstanbul
Opera Teatrında böyük
uğurlar qazanıb.
Türk bəstəkarı Adnan Sayqunun "Koroğlu"
operasına İstanbul
Opera Teatrında ilk quruluşunu
verib, onun ilk tamaşasına və
"Yunus İmrə"
oratoriyasına dirijorluq
edib. Türkiyənin ən böyük
konsert birliklərindən
biri olan Prezident orkestri ilə çıxış
edib. Böyük sənətkar Çaykovskinin
"Qaratoxmaq qadın"
operasına dirijorluq edib. Sonra yenə də
həmin orkestrlə dünya sənətkarlarının,
Azərbaycan bəstəkarlarının
əsərlərini səsləndirib.
Təsadüfi deyil ki, daha o dövrdə Türkiyənin mərkəzi
qəzetləri bu böyük sənətkarın
uğurlu sənət
fəaliyyəti haqqında
geniş məqalələr
dərc ediblər, musiqişünaslar maestronun
yaradıcılığına çox böyük rəğbət göstəriblər.
Azərbaycan simfonik musiqisinin
Türkiyə musiqi məkanına tanıdılması
və təbliğ edilməsində də Maestronun müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır.
Həmçinin, Türkiyədə musiqi sənətinin inkişafı üçün
də çox faydalı təkliflərlə
çıxış edib. Maestro Niyazi
Türkiyəni də
öz vətəni kimi görürdü və öz yaxın dostlarına daima "mən bu vətənin də övladıyam"
deyirdi.
- Niyazinin Türkiyədə
tanınması istiqamətində
daha hansı işlərin görülməsini
vacib hesab edirsiniz?
- Monoqrafiyanın nəşrindən
savayı, Niyazinin Türkiyədəki fəaliyyət
dövrü ilə bağlı Türkiyədə,
Azərbaycanda və fərqli ölkələrdə
keçirilən beynəlxalq
simpozium və konfranslarda elmi məruzələrlə çıxış
etmişəm, televiziya
və radio verilişlərinə
qatılmışam. Bu mənada
20 avqust 2020-ci il tarixində onlayn qaydada keçirilən Maestronun anadan olmasının 108-ci ildönümünə
həsr olunmuş
"Niyazi və Azərbaycan-Türkiyə mədəni
əlaqələri" mövzusunda
beynəlxalq elmi-praktiki
konfransı xüsusi qeyd etmək istəyirəm. Konfrans Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi və Türkiyənin Üsküdar
Universitetinin sosiologiya
kafedrasının birgə
təşkilatçılığı ilə keçirilmişdir. Ancaq bundan sonra da bu istiqamətdə
görülməsi vacib
olan işlər olduğunu düşünürəm. Monoqrafiya çap olunduqdan sonra Türkiyə mətbuatına verdiyim müsahibədə Niyazinin
adının əbədiləşdirilməsi
üçün Türkiyədə
konservatoriyalarının dərs otaqlarına Niyazinin adının verilməsi, universitetlərin musiqişünaslıq
fakültələrinin tədris
proqramlarına Niyazinin
yaradıcılığı ilə bağlı mövzunun daxil edilməsi, Niyazi ilə bağlı sənədli filmin çəkilməsinin təklifi
ilə çıxış
etmişəm. Bir vacib
təklif daha vermişəm və bu təklifi sizin qəzetiniz vasitəsilə də səsləndirmək istəyirəm.
Bilirsiniz, maestro 1970-ci ildə
İstanbulda Opera binası yandığında
çox təəssüflənmiş
və üzüntüsünü
ondan müsahibə götürən Fırat
Kızıltuğ hocamıza
ifadə etmişdir. İndi İstanbulda yenidən
bərpa olunan Dövlət Opera Binasının
salonlarının birinə
dahi Niyazinin adının verilməsi Maestronun xatirəsinə çox böyük töhfə olardı.
UĞUR
525-ci qəzet.- 2021.- 18 avqust.- S.10-11.