Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Ömər
Şəhmir oğlu Qurdayev 2002-ci il iyulun
13-də Balakən rayonunun Meşəşambul kəndində
anadan olub. 2008-2019-cu illərdə M.Hudulov adına
Meşəşambul kənd tam orta məktəbində təhsil
alıb. Subay idi.
Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmətdə idi.
Azərbaycan
Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzuli
döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində
dəfn olunub.
Ömər
Qurdayev şəhadətindən sonra "Vətən
uğrunda", "Xocavəndin azad olunmasına görə"
və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Ağayusif Mübariz oğlu Əliyev 1 sentyabr 1992-ci ildə
Ucar rayonunun Bağban kəndində dünyaya göz
açıb.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə
yollanıb.
Azərbaycan
Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən
müharibəsində iştirak edib. Füzuli və
Xocavənd döyüşlərində vuruşub. Ağayusif Əliyev Şuşanın azad edilməsi
uğrunda gedən döyüşlərdə
döyüş tapşırığını yerinə
yetirərkən şəhid olub.
Ağayusif
Əliyev şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Nahid Musa
oğlu Ağalarov 1983-cü il dekabrın
14-də Goranboy rayonu Xan Qərvənd kəndində anadan
olub. Hərbi xidmətini 2002-2003-cü illərdə
başa vuran Nahid 2014-cü ildən yenidən ordu
sıralarına yollanır. O, Müdafiə Nazirliyinin N
saylı Hərbi hisəsində MAXE vəzifəsində xidmət
edirdi.
2018-ci ildə Tinatin xanımla ailə həyatı quran
Nahidin Zəhra adlı qız övladı var.
Vətən müharibəsi başladığı andan
ön cəbhədə döyüşlərdə
canla-başla vuruşub, Xocavəndin azadlığı
uğrunda savaşıb.
Son dəfə ailəsiylə 23 noyabrda
danışıb. Qızı Zəhranı yoldaşına əmanət
edib və elə həmin gün - 23 noyabr 2020-ci ildə Şuşa yolunda minaya düşərək
şəhidlik zirvəsinə ucalıb.
Nahid
Ağalarov şəhadətindən sonra "Vətən
uğrunda", "Xocavəndin azad olunmasına görə"
və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Abdulla
Sultan oğlu Paşayev 1998-ci il iyulun 24-də
Gəncə şəhərində anadan olub. 2004-2015-ci
illərdə Gəncə şəhərində 42 nömrəli
tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Gəncə Dövlət
Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil
alıb. Subay idi.
Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmətdə idi.
Azərbaycan
Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb və sentyabrın
27-də Füzuli döyüşləri zamanı şəhid
olub. Gəncə şəhərinin Şəhidlər
xiyabanında dəfn olunub.
Abdulla Paşayev şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Ağali
Tağı oğlu Ağayev 1995-ci il
aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində
anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində
N.Əsədov adına 4 nömrəli tam
orta məktəbdə təhsil alıb.
O,
2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. 2016-cı ildən isə "gizir" hərbi
rütbəsində xidmət edirdi.
Azərbaycan
Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Kəlbəcərin, Cəbrayılın,
Füzulinin, Qubadlının və Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Ağali Ağayev oktyabrın
26-da Xocavənd döyüşləri zamanı şəhid
olub. Siyəzən rayonunun Balaca Həmyə
kəndində dəfn olunub.
Ağali
Ağayev şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə", "Cəbrayılın azad olunmasına
görə" və "Kəlbəcərin azad
olunmasına görə" medalları ilə təltif edilib.
***
Ayxan Fikrət
oğlu Qədimov 1999-cu il aprelin 30-da Şəmkir
rayonunun Morul kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Azərbaycan
Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il
sentyabrın 27-dən başlanan Vətən müharibəsində
iştirak edib. Bir çox hərbi əməliyyatlarda
vuruşub. Noyabr ayının əvvəllərindən
başlayan Şuşanın azad edilməsi uğrunda gedən
döyüşlərdə vuruşan Ayxan Qədimov
döyüş tapşırığını yerinə
yetirərkən şəhidlik məqamına yüksəlib.
Onun nəşi 30 noyabr 2020-ci ildə
tapılaraq Şəmkir rayonunun Morul kəndində torpağa
tapşırılıb.
Ayxan Qədimov
şəhadətindən sonra "Vətən
uğrunda", "Cəsur döyüşçü" və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Cabar
Əşrəf oğlu Əkpərov 2002-ci il
iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində
anadan olub. 2007-2018-ci illərdə T.Bayramov adına
Müşfiq kənd tam orta məktəbində təhsil
alıb. Subay idi.
O, 2020-ci
ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
idi. Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Ağdərə istiqamətində
gedən döyüşlərdə savaşıb və
oktyabrın 7-də Ağdərə istiqamətində şəhidlik
zirvəsinə ucalıb. Xaçmaz rayonunun
Müşfiq kəndində dəfn olunub.
Cabar Əkpərov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif olunub.
***
Cəmil
Fikrət oğlu Xələfov 1997-ci il
fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində
anadan olub. Subay idi.
Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan
Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu
idi.
Azərbaycan
Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistanın işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən müharibəsi zamanı Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və oktyabrın 8-də Füzuli
döyüşləri zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb. Quba şəhərinin
Şəhidlər xiyabanında dəfn olunub.
Cəmil Xələfov şəhadətindən sonra
"Vətən uğrunda" medalı ilə təltif
olunub.
***
Cilingir
Azad oğlu Nəbiyev 1996-cı il
yanvarın 18-də Tovuz rayonunun Şıxheybət kəndində
anadan olub. 2013-2015-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi"
üzrə təhsil alıb.
O,
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. 2017-ci ildən müddətdən artıq
həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan
Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzulinin və
Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Cilingir
Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri
zamanı şəhidlik məqamına yüksəlib və
Tovuz rayonunda dəfn olunub.
Ailəli olan şəhidimizin bir oğlu yadigar qaldı. Cilingir Nəbiyev şəhadətindən
sonra "Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə", "Cəbrayılın azad
olunmasına görə" və "Xocavəndin azad
olunmasına görə" medalları ilə təltif
olunub.
***
Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə
Qaradağ rayonununda anadan olub. Atası Maarif
Hüseynov Cəbrayıl rayonu Daşkəsən kəndindən,
anası Sevil Xəlilova isə Ağdam rayonunun Yusifcanlı kəndindəndi.
Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə
həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda
MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirib.
Qarabağın
azadlığı uğrunda Azərbaycan ordusu
sıralarında əməliyyatların ilk günlərindən
döyüşlərə qatılan cəsur kəşfiyyatçı
Elxan Hüseynov Xudafərin körpüsünə üç
rəngli bayrağımızı sancıb, cənab Ali
Baş Komandan İlham Əliyevə məruzə edən
qrupun üzvlərindən biri olub, Füzulidən
Şuşaya qədər şanlı döyüş yolu
keçib, Zəfərə sayılı günlər qala - 6
noyabrda düşmən gülləsinə tuş gələrək
yaralanıb. Onu döyüş meydanından təxliyə
edən təcili yardım maşını isə minaya
düşüb. Yenidən yaralanan
Elxanı tapanda onun şəhid olduğunu
düşünüblər. İki dəfə
əməliyyat olunmasına baxmayaraq, onun həyatını
xilas etmək mümkün olmadı, Elxan uzun müddət
komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə
ucaldı.
Elxan
Hüseynov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə"
və "Şuşanın azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Elsevər
Mahir oğlu Piriyev 1995-ci il iyunun 12-də
Ağcabədi rayonunun Arazbar kəndində anadan olub.
2001-2010-cu illərdə C.Həsənov adına
Arazbar kənd tam orta məktəbində, 2013-2015-ci illərdə
isə A.Sultanov adına Kürdlər kənd tam orta məktəbində
təhsil alıb.
Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. Daha sonra isə müddətdən artıq həqiqi
hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycanın
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Cəbrayılın,
Füzulinin və Hadrut qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və oktyabrın 16-da Hadrut döyüşləri
zamanı qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb.
Ailəli olan şəhidimizdən əmanət Uğur
və Ümüd adında iki oğlu qaldı.
Elsevər
Piriyev şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif
olunub.
***
Elmar
Elçin oğlu Mamedov 2001-ci il iyulun 7-də
Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu
illərdə R.Baxışov adına 218
saylı Binə qəsəbə tam orta məktəbində təhsil
alıb.
Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi
xidmətə çağırılıb. Vətən
müharibəsinə qədər Azərbaycan Silahlı
Qüvvələrinin N saylı hərbi hissəsində xidmət
edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri
olan Elmar Mamedov sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Ağdərə və
Suqovuşanın azadlığı uğrunda gedən
döyüşlərdə iştirak edib.
Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində
gedən döyüşlər zamanı qəhrəmancasına
şəhidlik zirvəsinə yüksəlib. Balakən
Şəhidlər xiyabanında torpağa
tapşırılıb.
Elmar Mamedov şəhadətindən sonra "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına
görə" medalları ilə təltif olunub.
***
Elnur Eldar
oğlu Quliyev 1984-cü il iyulun 25-də
Füzuli rayonunda anadan olub. Onun əmisi - Nazim
Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir.
1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal
edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan
rayonunun Qəhrəmanlı qəsəbəsində
yaşamağa başlayıb. Elnur da
1991-2001-ci illərdə Qəhrəmanlı qəsəbə
tam orta məktəbində təhsil alıb.
2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
(AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil
alıb.
Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris
Mərkəzində (TTM) "Yerüstü Artilleriya
Tağım Komandiri" Kurslarında olub. 2007-2013-cü
illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə
şəhərində yerləşən N saylı hərbi
hissəsində "leytenant" hərbi rütbəsində
xidmət edib. 2013-2015-ci illərdə Gədəbəy
rayonunda yerləşən N saylı hərbi hissədə
Bölüyün Komandiri, 2015-2019-cu illərdə isə
Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə
Maddi-Texniki Təminat (MTT) Bölüyü Komandirinin şəxsi
heyətlə iş üzrə müavini vəzifələrində
xidmət edib.
Daha sonra o, Beyləqan rayonunda yerləşən hərbi
hissələrdə xidmət edib. Elnur Quliyev həmin hərbi hissələrdə
"mayor" hərbi rütbəsində Divizion Komandirinin
şəxsi heyətlə iş üzrə müavini vəzifəsində
xidmət edib. Son olaraq Beyləqan rayonunda yerləşən N
saylı Əlahiddə Kəşfiyyat Taborunda Tabor Komandirinin
şəxsi heyətlə iş üzrə müavini vəzifəsində
xidmət edib.
Mayor Elnur
Quliyev 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı təxliyə
rəisi vəzifəsinə təyin olunub. Amma
vəzifəsinin cəbhədən geridə təxliyə
prosesinin idarə edilməsi olmasına baxmayaraq, o, Cəbrayılın
və Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə şəxsən savaşıb.
Füzuli rayonu ərazisində olan İlanlı
dağına Azərbaycan bayrağını sancan birinci hərbçi
olub. Elnur Quliyev oktyabrın 2-də
Füzuli döyüşləri zamanı mühasirəyə
düşən şəxsi heyətin xilas edilməsi
üçün Tabor Komandiri və 4 nəfər
döyüş yoldaşı ilə birgə döyüşə
daxil olub. Ermənistan Ordusunun səngərinə
daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv
edilməsində, həmçinin, şəxsi heyətin xilas
edilməsində və Ermənistan Ordusunun irəliləməsinin
qarşısının alınmasında fərqlənib.
Döyüşlər zamanı Elnur Quliyev və
Tabor Komandiri Orxan Əkbərov, həmçinin, digər
dörd döyüş yoldaşı qəhrəmancasına
şəhidlik zirvəsinə ucalıblar. Elnur Quliyev Füzuli rayonunda dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə əmanət
bir oğlu və bir qızı qalıb.
Elnur
Quliyev şəhadətindən sonra "Vətən
uğrunda" medalı, "Azərbaycan Bayrağı"
ordeni və "Füzulinin azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Mirhüseyn Miryunis oğlu Seyid-Zadə 11 fevral 1991-ci ildə
Moskva şəhərində doğulub. 1997-2006-cı illərdə
M.Ə.Sabir adına 5 nömrəli məktəbdə
təhsil alıb. 2007-ci ildə Gəncə
Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional
Kolleci) daxil olub. 2010-cu ildə kolleci
"Gömrükxana işi" ixtisasıyla bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2017-ci
illərdə İstanbul şəhərində özəl
şirkətdə çalışıb.
Mirhüseyn
Seyid-Zadə 2010-cu ildə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən
hərbi xidmətə çağırılıb, Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.
2018-ci ildə Azərbaycana geri dönərək, Azərbaycan
Sülhməramlı Qüvvələrinə qatılıb. 2020-ci il
iyulun 7-dən etibarən Bakı şəhərində
sülhməramlıların tərkibində təlimlərə
başlayıb.
Azərbaycan
Ordusunun Sülhməramlı Qüvvələrinin əsgəri
olan Mirhüseyn Seyid-Zadə 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində
iştirak edərək Cəbrayılın və Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşub. O, 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində
döyüş tapşırığının yerinə
yetirilməsi zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə yüksəlib və 9 oktyabr 2020-ci ildə Gəncə
Şəhidlər xiyabanında dəfn olunub.
Mirhüseyn
Seyid-zadə şəhadətindən sonra "Vətənə
xidmətə görə" ordeni, "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə"
və "Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Mirzağa
Məmmədbağır oğlu Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun
Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə
Xıllı qəsəbəsində R.Gözəlov adına 1 nömrəli tam orta məktəbdə,
2011-2014-cü illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə təhsil
alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində (AAHM) alıb.
Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı
Qüvvələrinin Beyləqan rayonunda yerləşən N
saylı hərbi hissəsində "leytenant" hərbi
rütbəsində Taqım Komandiri vəzifəsində xidmət
edirdi.
Azərbaycan
Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzulinin və Cəbrayılın
azadlığı uğrunda savaşıb və oktyabrın
7-də Cəbrayıl rayonu istiqamətində
döyüş tapşırığını yerinə
yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv
edib, geri qayıdan zaman isə onun və döyüş
yoldaşlarının olduğu Piyadanın Döyüş
Maşını (PDM) ermənilər tərəfindən
vurulub. Mirzağa Əliyev digər 2
döyüş yoldaşını maşından çıxarsa
da, özü şəhidlik məqamına yüksəlib.
Neftçala rayonunda dəfn olunub.
Mirzağa
Əliyev şəhadətindən sonra "Azərbaycan
bayrağı" ordeni, "Vətən uğrunda",
"Cəbrayılın azad olunmasına görə" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilib.
***
Mətləb
Vüqar oğlu Ələsgərov 1999-cu il
iyulun 18-də Ağstafa rayonunun Köçəsgər kəndində
anadan olub. 2005-2016-cı illərdə A.Ələkbərov
adına 2 saylı Köçəsgər kənd tam orta məktəbində,
2016-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin Qaz-neft mədən fakültəsində Neft-qaz
qurğuları mühəndisliyi ixtisası üzrə təhsil
alıb. 2020-ci ildə həmin fakültənin
magistratura pilləsini qazansa da, hərbi xidmətlə əlaqədar
təhsilini dondurub.
Nişanlı olan Mətləb Ələsgərov 2020-ci
ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mətləb Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Ağstafa rayonunun Köçəsgər kəndində dəfn olunub.
Mətləb Ələsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Zamanət Gülhəsən oğlu İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ.Həsənov adına tam orta məktəbdə təhsil alıb.
Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən N saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən N saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.
Zamanət İbrahimov şəhadətindən
sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə
görə", "Suqovuşanın azad olunmasına görə"
və "Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
Şahanə Müşfiq
525-ci qəzet.-
2021.- 19 avqust.- S.14-15.