Vətəni tanıtma yolları
Vətən sənin üçün nə edib, söyləmə,
sən vətən üçün nə etmisən, de. Tez-tez rastlaşdığım bu fikri həmişə
bəyənmişəm və
düşünmüşəm ki, yanan meşəyə
dimdiyində bir damla su aparan
sərçə kimi
olmalıyıq. Bacardığımızı edərək ətrafımıza
fayda verək, qarşılığı gözləməsək
də, mütləq gələcək. Tarix boyu
elm, sənət fədailərimiz,
qəhrəmanlarımız nəinki millət yolunda etdiklərinin qarşılığını gözlədilər, hətta
canını, qanını
əsirgəmədilər, məhrumiyyətləri, çətinlikləri
görüb geri çəkilmədilər, millətin
parlaq gələcəyinə
inandılar.
Doğma
dilimizi, ədəbiyyatımızı
sevə-sevə tədris
etsəm də, hər zaman başqa millətlərin adət - ənənələrini,
milli-mənəvi dəyərlərini
öyrənməyə can atmışam.
Hələ məktəbli
olarkən Vsevolod Ovçinnikovun ingilislərlə
bağlı "Palıd
kökləri", yaponlar
haqqında "Sakura budağı"
kitablarını oxuduqdan
sonra uzun müddət təsirindən
çıxa bilməmişdim.
Artıq 8 ildir ki, yay
aylarında Avropaya gəlirəm, hər gəlişimdə təəssüratlarım
o qədər çox
olur ki, paylaşmaqla bitməz, deyə düşünüb
çoxunu yazmıram. Buranın
təbiəti, havası,
təmizliyi, insanların
zövqü, sadəliyi,
gülərüz və
səmimi olmaları diqqətimi cəlb edir, sözün yaxşı mənasında
bir az da
qibtə hissi yaradır: Bilirəm ki, təbiəti, havanı, yaşıllığı
Yaradan bəxş etsə də, onu qorumaq, inkişaf
etdirmək bacarığının
kökləri, ailə,
tərbiyə, təhsillə
bağlıdir. Həm
ailə,həm məktəb, həm də dövlət eyni hədəfə köklənib şəxsiyyət
formalaşdırmaq.
Yay məktəblərini
araşdırdım, bütün
yayı ödənişlə
işləyirlər. Məktəblilər,
bağça yaşlı
uşaqlar sxematik bilikləri öyrənməklə
deyil, idmanın, incəsənətin bütün
növləri üzrə
məşğul ola bilir, ekskursiyaya çıxır,
muzeylərə, əyləncə
mərkəzlərinə gedir,
parklarda dəstə ilə velosiped sürürlər. Həm valideyn
arxayındır ki, övladı evdə lazımsız işlərdən
uzaqdır, həm də uşaqlar fasiləsiz olaraq özünü inkişaf
etdirə bilirlər.
Azərbaycanın Belçikadakı səfirliyinin
azərbaycanlı diplomatlarının
övladları ilə
dilimizə sevgi aşılamaq məqsədi
ilə keçdiyim dərs yaddaşımızda
qalacaq. Təbiətin qoynunda keçilən
dərsin əvvəlində
uşaqların hər
biri özünü təqdim etdi. Təqdimatdan
bildim ki, bu uşaqlar həm fransız, həm ingilisdilli məktəblərdə təhsil
alırlar. Ana dilində yalnız ailədə danışırlar.
Beş yaşından getdikləri
təhsil müəssisəsi
bağça deyil,
"ecole", yəni
məktəb adlanır.
Onu da deyim ki,
məktəblər ödənişlidir.
Hər bir məktəb uzaqda yaşayan şagirdlər üçün
avtobus da ayırıb. Hər günün
sonunda pedaqoqlar uşaqların hazırladıqları
maraqlı əl işlərini valideynlərə
təqdim edir, psixoloqlar onların bugünkü davranışı
ilə bağlı gündəlik məlumatı
çatdırırlar. Məktəbdə ciddi intizam qaydaları tətbiq olunur. Sxematik biliklərdən daha çox həyati bilik və bacarıqlar öyrədilən dərslərdə
şagirdin məntiqi təfəkkürü, müsbət
insani keyfiyyətləri,
ciddi intizamı, məsuliyyəti formalaşdırılır.
Məktəblərin zahiri görünüşü,
yerləşdiyi binalar,
həyəti gül-çiçəklə,
rəsmlərlə estetik
baxımdan zövqlə
tərtib olunub.
Keçdiyim dərsdə tanışlıqdan
sonra maraq dairələri, oxuduqları
kitablarla bağlı suallar verdim. Hər biri
yalnız mütaliə
etdiyi əsərin qısa məzmununu danışmaqla kifayətlənmədi,
mən soruşmadan belə həm də tənqidi münasibətlərini, bəyənib-bəyənmədiklərini
söylədilər. Anladım ki,
bu uşaqlarda şəxsi fikir, münasibət bildirmək
bacarığı yüksək
səviyyədədir. Uşaqların aktivliyi, sərbəst
fikir söyləmə
bacarıqları, yardımsevərliyi
diqqətimi daha çox cəlb etdi.
Brüsseldə yeni daşındığımız
evin heç bir qonşusunu tanımırıq, sadəcə,
liftdə bircə dəfə görüşmüşdük,
yeni qonşu olduğumuzu bilmişdilər. Onu da deyim ki,
buradakı qonşular
ilk dəfə görsələr
belə, hər biri gülər üzlə salam
verir, hal-əhval tuturlar və bu zaman nəzərimdə
Bakıda liftdə qarşılaşdığım qonşularımın qayğılı
simaları canlanır.
Evə gələndə giriş
qapımızın ağzında
kiçik bir hədiyyə torbası gördük, içərisində
şirniyyatlar, üzərində
səmimi sözlər
yazılmışdı: "Biz sizə Belçikada xoşbəxt günlər
arzulayırıq".
Təxminən 70 yaşında ər-arvad olan qapı qonşunun arzuları, həyat eşqi, diqqət və səmimiyyəti bizi kövrəltdi. Onlar bu kiçik hədiyyə ilə millətini, təhsilini, insanlığını təqdim
etdilər, yanan meşəyə dimdiyində
bir damla su aparan sərçə
kimi...
Xanım QASIMOVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.- 19 avqust.- S.10.