Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq
ixtisası 25 yaşında
Ölkəmizdə
müasir dövlətçilik ənənələrinin bərqərar
olması, insan hüquq və azadlıqlarının təmin
edilməsi, eləcə də zamanın tələbi ilə səsləşən
geniş diapazonlu mütərəqqi hüquq
islahatlarının aparılması xalqımızın əbədiyaşar
xilaskarı Heydər Əliyevin adı ilə
bağlıdır.
Ulu öndərin rəhbərliyi
altında hazırlanmış,
1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk milli
Konstitusiyası dövlətimizin
tarixində demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğunun təməlini,
insan hüquq və azadlıqlarının
mühafizə altına
alınmasının əsasını
qoymuşdur.
Konstitusiyanın qəbulundan sonra məhkəmə və hüquq-mühafizə orqanlarının
fəaliyyətinin müasir
dövrün tələblərinə
uyğunlaşdırılması məqsədilə zəruri
qanunvericilik aktları
qəbul olunmuş, bir sıra modern hüquqi təsisatlar yaradılmışdır.
Hazırda Ulu öndər Heydər Əliyevin ölkəmizdə hüquqi
dövlət quruculuğu
və vətəndaş
cəmiyyətinin inkişafı
naminə üzərinə
götürdüyü son dərəcə
məsuliyyətli missiyanı
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir.
Məlum olduğu kimi, ölkəmizdə sistemli
şəkildə aparılan
hüquq islahatları
yüksək peşə
keyfiyyətlərinə malik,
günün tələblərinə
cavab verən ixtisaslı hüquqşünas
kadrların yetişdirilməsi
zərurətini ortaya
çıxarır. Təsadüfi
deyil ki, öz xalqının, onun gəncliyinin potensialını yüksək
dəyərləndirən Ulu
öndər Heydər
Əliyev hələ Sovet hakimiyyəti illərində bütün
məhdudiyyətlərə baxmayaraq, hüquqşünaslıq
sahəsi üzrə milli kadrların yetişdirilməsi işinə
xüsusi qayğı
ilə yanaşmış,
bu məqsədlə təhsilin səviyyəsinin
yüksəldilməsini prioritet
məsələ kimi önə çəkmişdir.
Qeyd edək
ki, ötən əsrin 50-60-cı illərində
bəzi neqativ hallar ucbatından sadə insanların hüquq fakültəsində
təhsil alması əlçatmaz məsələyə
çevrilmişdi. Bu fakültəyə yüksək
vəzifəli partiya məmurlarının, hüquq-mühafizə
və dövlət orqanları əməkdaşlarının
övladları qəbul
olunur, fəhlə-kəndli
ailəsindən, orta ziyalı təbəqəsindən
olan gənclərin həmin fakültədə
oxuması imkanları,
demək olar ki, məhdudlaşdırılırdı.
Məhz böyük öndərin
səyləri sayəsində
hüquq fakültəsi
yenidən savadlı və qabiliyyətli gənclərin üzünə
açılmış, burada
təhsilin səviyyəsi,
o cümlədən, hüquqşünas
kadr hazırlığı
işinin təşkili
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur.
Xalqımızın əbədiyaşar
xilaskarı Heydər Əliyev sonralar bu qərarının obyektiv zərurətdən
irəli gəldiyini vurğulayaraq demişdir:
"...70-ci illərdə universitetin
hüquq fakültəsinə
hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə
baxıb gördüm
ki, bu hüquq
fakültəsinə qəbul
olunanların təqribən
95 faizi prokurorun, məhkəmə sədrinin,
nazirin oğludur və sairə. Yaxşı,
belə çıxır
ki, atası prokuror, sonra da oğlu, nəvəsi
prokuror olacaq. Bəs başqa ailələrdən
olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası
yoxdur, bəs o, hüquq fakültəsinə
necə daxil olsun? O vaxt o cümlədən, tarix və şərqşünaslıq
fakültələri çox
modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən
hüquq-mühafizə orqanlarında
- milisdə, prokurorluqda
və sairə - çalışan şəxslərin
uşaqlarının bu
fakültələrə qəbul
olunmasını qadağan
etdim. Bu, cəmiyyətdə çox
böyük əhval-ruhiyyə
yaratdı. İndi mən
prokurorluqda, polisdə
çalışan bəzi
işçilərlə görüşürəm.
Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə
hüquq fakültəsinə
daxil ola
bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən
gəlmişdik, kasıb
adam idik,
nə rüşvət
verməyə pulumuz, nə də himayədarlıq etməyə
adamımız var idi". Mən bütün bunları
millətimizə görə
etdim".
Müasir Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyev müstəqillik
illərində ölkəmizə
rəhbərlik etdiyi dövrdə də peşəkar hüquqşünas
kadrların hazırlanması
işinə xüsusi
diqqət və qayğı ilə yanaşmışdır.
Hazırda bu siyasət Ümummilli liderimizin layiqli davamçısı,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf
prosesinin əsas istiqaməti kimi davam etdirilir. Cənab
Prezidentimiz öz çıxışlarında bunu
dəfələrlə vurğulayaraq
demişdir: "Bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə
artsın. Bu yeni
orta məktəblərin,
ali məktəblərin
yaradılması bir məqsədi güdür
ki, Azərbaycanda təhsilin səviyyəsi
bizi qane edən səviyyəyə
qalxsın".
Qeyd etmək
yerinə düşər
ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun göstərdiyi
diqqət və qayğının sayəsində
muxtar respublikamızda
da bu sahədə
mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilməkdədir.
Hazırda ölkəmizin bir
sıra regionlarında
olduğu kimi, muxtar respublikamızda da müxtəlif sahələr üzrə peşəkar milli kadrların hazırlanmasına
mühüm töhfələr
verən ali
təhsil müəssisələri
fəaliyyət göstərir.
Bu ali təhsil
müəssisələri içərisində
Naxçıvan Dövlət
Universiteti xüsusi yer tutur. Əlamətdar
hadisələrdən biri
odur ki, ölkəmizdə fəaliyyət
göstərən məhkəmələrdə,
hüquq-mühafizə orqanlarında
və digər dövlət qurumlarında
çalışan və
dövlətimizi layiqincə
təmsil edən hüquqşünasların yetişməsində
böyük rolu olan Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının
bu il
25 illiyi tamam olur. Bu baxımdan
sözügedən universitetdə
fəaliyyət göstərən
hüquqşünaslıq ixtisası
barədə oxuculara qısa da olsa
məlumat vermək istərdik. Belə ki, Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin xeyr-duası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri cənab Vasif Talıbovun təşəbbüsü və
qayğısı sayəsində
Naxçıvan Dövlət
Universitetində 1996-cı ilin
yayında açılan
hüquqşünaslıq ixtisasının
əyani və qiyabi şöbələrinə
elə həmin il tələbələr qəbul olunmuşdur. Bir il sonra, daha dəqiq
desək, 1997-ci ildə
universitetin tarixində
ilk dəfə olaraq
"Hüquq fənləri"
kafedrası təşkil
olunmuşdur. Həmin
ildən etibarən isə ölkəmizin hüquq-mühafizə orqanlarında
və digər idarəetmə strukturlarında
çalışan kadırlara
əlavə ali
hüquq təhsili alması üçün
şərait yaradılmışdır.
Nəhayət, 2000-ci ildə Naxçıvan
Dövlət Universitetinin
ilk hüquqşünas məzunları
həyata vəsiqə
almışdır.
Qeyd edək
ki, yarandığı
dövrdə hüquqşünaslıq
ixtisası tarix-filologiya
fakültəsinin tərkibində
idi.
Hüquqşünaslıq ixtisasında təhsilin səviyyəsini yüksəltmək,
onun təşkilini daha da yaxşılaşdırmaq
məqsədilə bu
ixtisas 1998-ci ildə tarix fakültəsindən
alınaraq iqtisad fakültəsinə verilmişdir. Bir müddət
sonra isə istər tələbə kontingentinin, istərsə
də müəllim kadrlarının sayı və maddi-texniki bazasının möhkəmləndirilməsi
artıq imkan vermişdir ki, müstəqil hüquqşünaslıq
fakültəsi təşkil
edilsin. Beləliklə, 2003-cü ildən universitetdə müstəqil
sosial idarəetmə və hüquq fakültəsi fəaliyyətə
başlamışdır.
Muxtar respublikamızda
peşəkar hüquqşünas
kadrların hazırlanmasına
göstərilən diqqət
və qayğının
digər bir təzahürü 2006-cı ildə
Naxçıvan Dövlət
Universitetinin sosial idarəetmə və hüquq, iqtisadiyyat fakültələri üçün
700 nəfərlik yeni
tədris korpusunun inşa edilib istifadəyə verilməsi
olmuşdur.
Müasir
tədris şəraiti,
elm sahələrinə və
fənlərin tədrisinin
keyfiyyətinin yüksəldilməsinə
hesablanmış struktur
dəyişikliyi Naxçıvan
Dövlət Universitetinin
hüquqşünaslıq ixtisasından
da yan keçməmiş,
2020-ci ilin 15 mayında
Universitet Elmi Şurasının qərarı
ilə sosial idarəetmə və hüquq fakültəsinin
bazası əsasında
Beynəlxalq münasibətlər
və hüquq fakültəsi yaradılmışdır.
Hazırda fakültədə
fəaliyyət göstərən
3 kafedradan biri (digərləri "Beynəlxalq
münasibətlər" və
"Fəlsəfə və
Sosial iş" fakültələridir) məhz
"Hüquq fənləri"
kafedrasıdır.
Bu günədək Naxçıvan Dövlət Universitetinin hüquq fənləri kafedrasının müəllimlərinin müəllifi olduğu hüquq elminin müxtəlif sahələrinə (hüquq nəzəriyyəsi, konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq, əmək hüququ, ailə hüququ, siyasi və hüquqi təlimlər tarixi və s.) dair bir sıra dərs vəsaitləri, kitab və monoqrafiyalar, metodik göstərişlər və elmi məqalələr çap edilmiş, kafedra əməkdaşları hüquqla bağlı respublikadaxili və xarici ölkələrdə (Türkiyə, İtaliya, Polşa və s.) təşkil olunan beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, bununla da Azərbaycan hüquq elminin inkişafına töhfələr verilməyə çalışılmışdır.
Naxçıvan Dövlət Universiteti geniş auditoriyaları, sinif otaqları, laboratoriyaları ilə hüquqşünaslıq ixtisasının tələbələrinin keyfiyyətli təhsil almaları üçün hər bir şəraitə malikdir. Texniki avadanlıq və müxtəlif əyani vəsaitlərlə təmin olunmuş fakültə korpusunda böyük akt zalları, kompüter auditoriyaları, ekspertiza və kriminalistika laboratoriyası, Tələbə Hüquq Maarifləndirmə Mərkəzi mövcuddur. Fakültədə mütəmadi olaraq tələbələr üçün hüquq olimpiadaları, hüquqi debat turnir və yarışları, məhkəmə simulyasiyaları, məhkəmələr və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüş və konfranslar keçirilməkdədir. Bundan əlavə, gələcəyin hüquqşünaslarının muxtar respublikada fəaliyyət göstərən məhkəmələr və hüquq-mühafizə orqanlarında istehsalat təcrübəsi keçmələri üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar isə tələbələrin nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün geniş imkanlar yaradır.
Bundan əlavə, onu da qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 1997-ci ildə şöbə kimi yaradılmış, 2008-ci ildən magistratura üzrə dekanlıq adlandırılan, 2019-cu ildən isə Magistratura Mərkəzi kimi fəalliyət göstərən bu təhsil qurumunun tərkibində dövlət hüququ, mülki və təsərrüfat hüququ, insan hüquqları ixtisaslaşmaları üzrə magistratura təhsili üzrə də qəbul aparılmaqdadır.
Bütün bunlar məqsədyönlü, uzaqgörən və elmi dayaqlara söykənən dərin məzmunlu təhsil siyasətinin nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının məzunları nəinki muxtar respublikada, həmçinin, ölkəmizin digər regionlarında da fəaliyyət göstərən məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət strukturlarında, eləcə də elm ocaqlarında çalışır və dövlətimizə layiqincə xidmət edirlər.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət
Universitetinin Hüquq fənləri kafedrasının baş
müəllimi, hüquqşünas
525-ci qəzet.- 2021.- 20 avqust.- S.14.