"Xəyalım dolanar, gəzər..."  

(melomanlar üçün improvizasiyalar)

 

 

...Əlinizə çox xoşladığınız, sizdə həmişə həzin duyğular oyadan köhnə bir fotoşəkil götürün həmişəki kimi baxın -  hər dəfə bu fotoya baxdığınız vaxt keçirdiyiniz hissləri eynilə yaşayacaqsınız - az, çox...

 

Sonra  həmin fotonu həzin bir melodiyanın müşayiəti ilə seyr edin - fotonun məzmunu sanki dəyişəcək, onda yeni çalarlar, mənalar yaranacaq, o, duyğularınızı bu dəfə daha geniş diapazonda sayrışdıracaq, foto sizə daha mənalı, məzmunlu görünəcək...

 

Bu eksperimenti əks qaydada etsəniz , oxşar effekt alınacaq - xoşladığınız bir melodiyanı gözlərinizi sadəcə bir nöqtəyə zilləyib dinləməyinizlə xəyalən hansısa bir simanın surətini, yaxud gözəl bir mənzərəni "görə-görə" dinləməyiniz arasında yerlə göy qədər fərq olacaq.

Bilirsiniz niyə belə olur?

 

Musiqinin sayrışdırdığı duyğularınız əlinizdəki fotonun çatdırdıqlarına estetik çalarlar əlavə etdiyinə görə.

 

Fotonun yaratdığı hisslər musiqinin sayrışdırdığı duyğulara qarışıb bu çalarları o dərəcədə zənginləşdirir ki, hətta bir anlığa sizə elə görünəcək ki, musiqi o fotonun içindən qopub gəlir, yaxud əlinizdəki foto musiqinin bətnindən doğulub...

 

Xatırlayırsınızsa, mən musiqi ilə təsvirin qoşalaşmasının, sintezinin özəllikləri barədə sizinlə fikir bölüşəcəyimi yazmışdım. Qoy yuxarıda yazdıqlarım həmin söhbətə giriş olsun.

 

Azərbaycan simfonik musiqisi tarixində janrı bilavasitə təsvir, görüntü anlayışları ilə bağ olan 3 məşhur əsər var: S.Hacıbəyovun "Karvan simfonik lövhələri", Q.Qarayevin "Don Kixot simfonik qravürləri" X.Mirzəzadənin "S.Vurğunun poemasına simfonik illüstrasiyaları". Hər 3 əsər böyük ilhamla, yüksək peşəkarlıqla yazılmış sənət incisidir onları müxtəlif rakurslardan geniş təhlilə cəlb etmək olar. Amma sənətlə bağlı bir adam kimi məni bu əsərlərin janrları ilə ilişkili məqamlar daha çox cəlb edir düşünürəm ki, bu əsərlər məhz bu kontekstdə özlərinin ciddi fəlsəfi-estetik təhlillərini gözləyir.

 

 

 

İlk baxışdan adama elə gəlir ki, bu 3 bəstəkar öz əsərlərini "simfonik fraqmentlər", yaxud "simfonik poema" adlandırsaydılar, daha məntiqi olardı. Amma onlar sonunun harada bitəcəyi əvvəlcədən məlum olan yoldan kənara çıxıb risk etməkdən çəkinməyiblər, çünki üçü novator idi, öndə getməyi, yeni ifadə vasitələri, yeni gedişlər  ilə heyrətləndirməyi bacarırdı. Nəticə isə möhtəşəm oldu-simfonik musiqi səslərin harmoniyasından formalaşan tabloya, qravürə, illüstrasiyaya "çevrildi", musiqidə yeni formalar, janrlar doğuldu...

 

Bu əsərlərin janrlarını bildirən ifadələr şüurumuzda görün necə qəfil, vərdiş etmədiyimiz düşüncə axarları yaradır: əgər simfonik qravürlər (illüstrasiyalar, lövhələr) "musiqini görmək"  sonucuna gətirib çıxarırsa, onda həm "təsviri (qravürü, lövhəni) eşitmək" fikrini söyləməyə rəvac vermirmi?

 

Təsviri incəsənətə, foto sənətinə aid anlayışlar musiqi əsərlərinin janrını bildirən ifadələrlə doğmalaşırsa, onlara sintez olub yeni məna çalarları doğurursa, bu, öz-özlüyündə son dərəcə maraqlı hadisədir. Simfonik əsərlərin lövhələrə, qravürlərə, illüstrasiyalara "çevrilməsi", rəssamlıq sənətinə aid janrların funksiyalarını öz üzərinə götürməsi dolayısı ilə onların vizuallaşmaq, gözönü fakta çevrilmək, nəhayət, məkan xarakteri almaq "səylərinin" ifadəsidir.

 

Əslində, bu incilərə təsvirə çevrilmiş nitqdə, daha doğrusu, sözlərdən, cümlələrdən yox, səslərdən hörülmüş kompozisiyalar kimi baxmaq olar. Səslər isə sözlər tükənən yerdə önə keçir, spesifik kommunikasiya vasitəsi rolunu oynayır. Deməli, söz ustasının  karvanının qorxulu səhrada 9 dəqiqəlik aqibəti, "Don Kixot" romanının, "Komsomol poemasının" əsas motivləri barədə sözün köməyi ilə deyə biləcəklərini bu 3 qüdrətli sənətkar səslərin köməyi ilə demək istəyib buna nail olublar.

 

Necə, nəyin sayəsində bu 3 əsər vizual kontekstdə bizimlə belə asan danışır, nəticədə biz bu əsərləri nəinki dinləyir, həm "görürük"?

Axı musiqinin dili mücərrəddir!

 

Bəli, mənim qənaətimə görə, musiqi - ilk növbədə duyğu faktıdır, hisslərə təsir edən, hətta mən deyərdim ki, şüur faktına çevrilməyən bir hadisədir. Ona görə həmişə demişəm indi  deyirəm ki, "musiqini başa düşmək" ifadəsi düzgün ifadə deyil, çünki musiqi başa düşülmək üçün yox, duyulmaq üçündür. Küləyin vıyıltısı, dalğaların nəğməsi, çayın şırıltısı bizə çay, dəniz, külək anlayışlarından başqa heç bir bilgi vetmədiyi kimi, musiqi səsləri bizim şüurumuza konkret olaraq anayışa, cümləyə çevrilən heç ötürmür.

 

Bəs onda biz niyə bu səslərə biganə qala bilmirik?

 

Filosof Niyzi Mehdi musiqinin qavranılmasını onun interpreysiyası - yəni mücərrəd olanın konkretliyə qaytarılması ilə əlaqələndirir qeyd edir ki, musiqini qavramağın yeganə yolu onu konkretləşdirməkdir.

 

Dəqiq müşahidədir. Doğrudan da, biz musiqini eşidəndə əhval-ruhiyyəmizdə, emosional durumumuzda, hətta bunun nəticəsi kimi hərəkətlərimizdə müəyyən dəyişikliklər baş verir. Bu, əslində, Niyazi müəllimin dediyi həmin o konkretləşmənin 1-ci fazasıdır musiqinin insanın alt şüru, nitqi ilə bağlı olmasından irəli gəlir. İnsanın hiss duyğuları, davranışı, hətta fikirləri belə həmişə müəyyən bir ritm tempə tabedir. Ritm, temp, ahəng təbiətin hər yerində, hər anındadır. Hətta sükutun da öz ritmi, ahəngi var. Bu isə dolayısı ilə onu göstərir ki, insan ilə musiqi arasında münasibətlər ilk növbədə "mücərrədlikdən konkretliyə" prinsipinə əsaslanır. Yəni musiqinin can atdığı son məqsəd görüntüyə çevrilməkdir.

 

Mövzusu əvvəlcədən proqramlaşdırılan musiqi əsərləri məhz bu prinsiplə yazılır. Yəni bəstəkar konkret bir mövzuda əsər yazanda həmin mövzunu elə əsərin adında janrında kodlaşdırır. Bu, əslində, yeni yazılmış əsərin ilk interpretasiyasıdır. Dinləyici isə əsərə qulaq asarkən onu məhz bu koda uyğun interpretasiya edir - yəni "Karvan"ın musiqi obrazları ucsuz-bucaqsız səhrada məhz dəvə karvanının hərəkəti ilə assosiasiya olunur. Bu əsərdə bəstəkar uzun yolun yorğunluğunu, dəvələrin hərəkət tempini, zınqırovlarının səsini o qədər dəqiq parlaq boyalarla rəsm edir ki, eşitdiklərini sanki həm görürsən...

 

"Don Kixot"da isə tamaşaçı eşitdiklərini ilk növbədə verilmiş mövzunun məkan zaman parametrlərində qavrayır. Bu əsərdə janrından da göründüyü kimi, romanın əsas motivləri  (səyahət, Sanço - qubernator, avantüra, sevgi, ölüm) qravüra texnikasına uyğun, lakin səs obrazları ilə qabarıqlaşdırılır (yaxud dərinləşdirilir)  nəticədə əsər romanın sanki səs qəlibindən çıxmış səs obrazına çevrilir.

 

X.Mirzəzadənin əsəri isə S.Vurğunun poemasının ideya-məzmun planında şərhinə yönəli simfonik  "şəkillərdir", daha doğrusu, bu şəkillərin musiqiyə çevrilmiş analoqudur. Bu əsər heç şübhəsiz ki, Azərbaycan simfonik musiqisini nadir incilərindən biri, başının üstündə ölüm kabusu gəzən saf, təmiz məhəbbət haqqında faciəvi bir hekayətdir. Kəskin təzadlar, əksliklər üzərində qurulmuş parlaq musiqi obrazları, zərb alətlərinin vahiməli səsləri, ağır, ləngərli melodiyalar  Səməd Vurğunun əsərinin əsas motivlərini bir rəssam zövqü ilə sərgiləyir. Əsas mövzuda şaxələnən ayrı-ayrı epizodların melodik həlli incə və möhtəşəmdir və düşünürəm ki, musiqişünaslar bu əsərdəki novatorluğun fəlsəfəsini açmaq üçün hələ xeyli işləməlidirlər... 

 

Hər 3 əsərdə musiqi mücərrədlikdən konkretliyə prinsipi ilə interpretasiya olunub. Bu məqamda təsəvvürdə yaranan görüntülər musiqinin çaldırdığı estetik informasiya statusunda çıxış edir.

 

Vəssalam?

 

Xeyr, hər şey bununla bitsəydi, bu əsərlər bizə bu qədər zövq verməzdi axı!

 

Məsələ burasındadır ki, idrak prosesində həm də əks istiqamət - yəni konkretdən ümumiyə prinsipi  var. Məsələn, ekranda aktyorun üz cizgilərindən, baxışlarından itələnib tutalım, sevgi, heyrət, təəccüb kimi mücərrəd anlayışlara çıxırıq. Deməli, təsvir və musiqi arasındakı münasibətlər qarşılıqlıdır - yəni musiqi təsvirdə konkretləşir, təsvirin məzmunu isə musiqidə mücərrədləşir, bir növ təsvirdən sıyrılıb, konkretdən uzaqlaşıb mücərrəd obrazlara çevrilir.

 

Məhz elə buna görə "Karvan"  bir növ  səhradan "kənara çıxır", həm də ömrün mənası, ömür karvanının sınaqları mövzusunda pritçaya çevrilir...

"Don Kixot..."  böyük, bəşəri və kədərli ALDANIŞIN, "İllüstrasiyalar" sevgiölüm mövzusunun daha geniş kontekstdə ifadəsinə də məhz buna görə çevrilə bilir...

 

Və mənim bu uzun qeydlərimdən sonra ən azından dinləyə-dinləyə Soltan Hacıbəyovun "Karvan"ına "baxın" ki, yorğunluğunuz çıxsın...

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 20 avqust.- S.12.