Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sonra Aleksandr cənuba tərəf hərəkət edib, Persiyanın Aralıq dənizi ilə əlaqələrini kəsdi. O, Hellospontdan Nil çayına qədər olan ərazinin hamısını tutmaq istəyirdi, həmin torpaqlarda o, işğalçı qəsbkar kimi deyil, xilaskar olacaqdı. Çünki o, mərhəmətli qaydada hərəkət etməyə üstünlük verirdi. Yalnız mərhəmət fayda verməyəndə, artıq gücə əl atmalı olurdu.

 

333-cü ildə o, Suriya ərazisinə girdi və noyabr ayındakı İss döyüşündə çar Daranı məğlub etdi. III Dara qaçmaqla canını qurtardı və Babilə çatdı, lakin o, öz hərəmxanasını və ailəsini tərk etməli olmuşdu. Aleksandr əsirlərinə hörmətlə yanaşdı, çariça dustaq kimi düşərgədə öləndə o, yüksək matəm keçirilməsi barədə göstəriş verdi. Elə təsəvvür yaranırdı ki, Dara tam məğlub olmuş kimi, öz taxt-tacını Makedoniyaya vərəsə kimi vermişdir.

 

Aleksandr öz yolu ilə gedirdi. Babili götürmək əvəzinə o, imperiyanı iki hissəyə - şimala və cənuba - böldü, onun dəniz qüvvələrinin məhv etmək əmrini verdi. Sidon ona öz qapılarını açdı, Tir isə bir neçə aydan sonra təslim oldu. Aleksandr onu öldürmək məqsədini güdən qatilin bıçaq zərbəsindən qurtara bildi və Qəzzəni tutdu. 332-331-ci illərin qışında Misir, heç bir zərbəyə məruz qalmadan onun əlinə keçdi və misirlilər fatehi xilaskar kimi qarşıladı. O, Memfisdə qurban verilməsini təklif etdi, Aleksandriya şəhərinin əsasını qoydu. Bu şəhər Ellinizm mədəniyyətinin beşiyinə çevrildi. Şimali Afrikadan keçib, Karfagenə doğru irəlilədi.

 

Aleksandr sonra geri dönüb Persiyanın mərkəzinə doğru getdi. 387-ci ilin oktyabrında Qavqamelada Daranı üçüncü və həlledici döyüşdə darmadağın etdi. Bu vaxt artıq o, əsl Asiya cəbhəsində idi, Babilə gözəl bir qaydada daxil oldu. Bütöv ay ərzində keçirilən bayramlar əsgərlərə dincəlməyə və şadlanmağa imkan verdi. Əhəməni imperiyası öz sonluğuna çatdı. Aleksandrın yeni imperiyası isə Qərblə Şərqi birləşdirməyə can atırdı. Ekbatanda sığınacaq tapan Daranın arxasınca düşmək əvəzinə o, Suzaya tərəf irəlilədi, bu şəhər də ona öz qapılarını açdı.          

 

Hesiodun "Bülbül və quzğun" təmsilində deyilir ki quzğun çaynağında bülbülü götürüb aparanda, o, səs salırdı. Quzğun ona dedi ki, ay bədbəxt, niyə şikayətlənirsən, mən nə istəsəm, sənə onu edə bilərəm. Heç vaxt özündən güclü ilə qüvvəni sınama, sənin alçalmağına həm də dərd əlavə olunacaqdır. Qədim yunanlar həm quzğun, həm də bülbül rolunda olmuşdular. Onlar üç dəfə Persiyanın hərbi hücumlarına məruz qalmış, Afina yandırılmış, lakin onlar nəticədə persiyalıları məğlub etmişdilər. Spartalı döyüşçülər düşmən saydıqları afinalıların qalası sayılan Akropolu tutmuşdular. Bu vaxt afinalılar, ümumilikdə isə yunanlar müdafiə olunurdular. Makedoniyalı Aleksandrın başçılığı altında isə yunanlar Aqamemnonun Troyanı məhv etməsindən sonra ilk dəfə Asiya qitəsinə keçmiş, qüdrətli Persiya imperiyasını məğlub etmiş, həmçinin, onun tabeliyi altında olan Misiri işğal etmişdilər. Bu vaxt artıq onlar quzğun qiyafəsində idilər. Quzğun da əbədi ömür sürə bilmir.

 

Yunanlarla barbarlar arasında uzun müddət davam edən düşmənçiliyə son qoymağın rəmzi kimi Aleksandr hər şeyə əl atırdı, persiyalıların paltarını geyinirdi. O, oyunlar keçirir, qurbanlar verirdi və əsir şahzadələri azad etdi, onlar Daranın anası və qızları di. Yaşayış yeri kimi Suzanı seçdi və şəhərin sakinlərinə yunan dilini öyrətdirirdi.

 

İranın içərilərinə irəliləyib, o, müqəddəs şəhərlər olan Persepolisə və Pasarqadaya daxil oldu. Müqavimət göstərən çar satrapını cəzalandırdı və Persepolisi qarətə məruz qoydu. Əsgərlərinə görünməmiş soyğunçuluqla məşğul olmağa icazə verdi. Böyük məbləğdə pulu olan xəzinəni ələ keçirdi. Pasarqadada isə Böyük Kirin sərdabəsinə təzim etməyə yollandı, o, Böyük Çar yerini tutmaq üçün Şərq adətlərini öyrənməli idi, öz ordusunun bir hissəsinin isə onun bu hərəkətindən heç də xoşu gəlmirdi.

 

330-cu ilin yayında o, Persepolisdə nəhəng ziyafət təşkil etdi, məclis musiqi ilə, mahnılarla və rəqslərlə müşayiət olunurdu. Bu vaxt sərkərdə Ptolomeyin kurtizankası Taisin təklifi ilə Persiya çarlarının sarayı oda verilib yandırıldı. Bu, vaxtilə persiyalıların Afinanın oda vermələrinin intiqamı xarakterini daşıyırdı.

 

Dara taqətdən düşdüyündən özünü Baktriradakı satrap Bessə təslim etdi. Bess özü də taxt-taca sahib olmağa can atırdı. O, bir xainin köməyi ilə Daranı öldürtdürdü. Aleksandr bu vaxt onu xilas etməyə tələsirdi. O, düşməninin meyiti üzərində ağladı, ona son ehtiramını göstərdi və səkkiz ay sonra Bessi əsir götürdü. Bu, Əhəmənilərin sonu demək idi. Persiyada bu vaxt yalnız təkcə bir çar qalmışdı, o da Aleksandrın özü idi.

 

330-323-cü illərdə Baktriyanın və İnd vadisinin işğalı

 

Dara qətlə yetirilmişdi, həyatdan getmişdi, öz qələbələrinin nəticəsi ilə bu vaxt artıq Aleksandr çar olmaq üçün tam hüquqa yiyələnmişdi. O, heç də təkcə yunanların baş komandanı deyildi, həm də Böyük Kirin varisi kimi şahənşah idi. O, Persiyanın saray qaydalarına özünü uyğunlaşdırdı, özü üçün hərəmxana düzəltdi və başına tiara (tac) qoydu

 

Aleksandr daha uzaqlara yollandı ki, özünü allah elan etsin və yunanlardan tələb etdi ki, onu görəndə şərqlilər kimi təzim etsinlər. Bu vaxt ona qəsd təşkil olundu, qəsdin üstü açıldı, şübhəli bilinənlərin hamısı edam edildi. Onların arasında hətta onun köhnə dostları da var idi.

327-ci ilin yanvarında qələbə bayramı keçirilərkən məğlub etdiyi düşməninin qızı Roksana onun xoşuna gəldiyindən, ona evləndi. Güman edirdi ki, bu, Yunanıstanla Asiyanın birliyinin simvolu olmaqdan daha böyükdür.

 

İşğal yolunda isə heç cür dayanmaq anı yox idi. Sirli Hindistan onu özünə cəlb edirdi, axı o, öz əcdad allahları olan Dionisin və Heraklın ənənələrini davam etdirmək istəyirdi.

 

Yunanlar Şərqə yürüş yolu açdılar. 120 min nəfərlik piyada və 15 min nəfərlik süvari dəstəsinin başında Aleksandr böyük bir macəra yaşadı, Hindistanın ərazisi ilə 18 ay ərzində irəlilədi. Lahor racası Porun fillərinə qarşı öz taktikasını uyğunlaşdırdı, İnd çayının sahillərində Porun müqavimətini qıra bildi.

 

Qanq çayı üzərindəki sol sahil ona dünyanın həddi kimi görünürdü. Lakin onun əsgərləri tropik (musson) yağışından cana doymuşdular. Onun zabitləri vətən üçün darıxırdılar və ordu artıq uzağa getmək istəmirdi. Fateh üçün bu, olduqca ağır bir məsələ idi, axı o, tək özü gedə bilməzdi və digərlərinin sevincinə səbəb olan bir qaydada geri dönmək əmrini verdi.

 

326-cı ilin payızında o, donanma düzəltdirdi, bu vaxt onun 2 min gəmisi var idi. O, aldığı yaradan əziyyət çəkən bir vəziyyətdə İnd çayına çatdı, güman edirdi ki, bu çay Nilə tökülür. Çayla okeana tərəf üzdülər. Ordunun bir hissəsi Nearxın başçılığı altında donanmada üzməli idi. Aleksandr özünə quru marşrutu seçdi, bu yol məhvedici Gedrosiya səhrasından keçirdi. Bu yolla getməklə o, donanma ilə əlaqə yaradacağını düşünürdü.

Ekspedisiyadan salamat qalanlar, nəhayət, Suzada görüşdülər. Aleksandr onları mükafatlandırmağı qərara adı, həmin vaxtdan onun siyasəti irqləri birləşdirməyə yönəlmişdi. 324-cü ildə o, təəccüb doğuran bir kütləvi nikah mərasimi keçirdi. On min qarışıq nikah həmin vaxt yunan əsgərləri və asiyalı qadınlar arasında baş verdi. Çarın bütün köməkçiləri seçmə Şərq gəlinlərini qəbul etdilər. Onun özü bu vaxt Hindistanda Roksanadan olan oğlunu itirmişdi, Daranın böyük qızı, şahzadə Barsina (Stateyra) ilə rəsmi nikahını bayram etdi.

 

Aleksandr yerli qoşunları, qürbətdə olmaqdan cana doymuş əsgərlərinin yerinə qoydu, onlara yunan dilini və Makedoniya taktikalarını öyrətdirdi. Həm də bu, yeni əsgərləri özünün köhnə qoşunlarından qalanlarla birləşdirdi. Ancaq o özü də Yunanıstanı unutmurdu və yüksək birlik yaratmağı arzu edirdi. O, Suzada iki dekret imzaladı. Birincisi, Afinadan başqa bütün yunan dövlətləri ümumi amnistiyaya salındı, çünki Afinada antimakedoniya ruhu hələ də yaşayırdı. İkincinin əsasında isə o, özünə ilahi şərəf göstərilməsini tələb edirdi. İstəyirdi ki, onu Zevsin oğlu, Apollonun qardaşı, yeni Dionis kimi tanısınlar. 323-cü ildə Babildə o, həm çar, həm də allah idi. Onun apofeozunu bayram etmək üçün bütün dünyadakı yunan şəhərləri öz nümayəndələrini göndərmişdi.

 

Aleksandrın ambisiyası olduqca acgöz idi. O, yeni yürüş hazırlayırdı və təzə işğal edəcəyi regionları öyrənirdi. Asiyadan sonra Afrika gəlməli idi. Lakin Nemezida - intiqam ilahəsi onu gözləyrdi, onunla haqq-hesab çəkmək istəyirdi. Onun bədəni orgiyalardan, yaralardan və müharibə sınaqlarından çox əzab çəkmişdi. Onu isitmə tutdu, xəstəlik günbəgün şiddətləndi, qısa müddət ərzində onun yaşamaqdan məhrum olmasının rəmzi olan kəfəni toxundu və 323-cü ilin 13 iyulunda öləri olmayan allahı ölüm zərbəsi haqladı. Böyük hərb dühası həyatı tərk etdi, ölməzlik isə onun özünə deyil, yalnız şöhrət simvolu olan adına nəsib oldu.

 

O, öz hakimiyyəti altında məlum dünyanın birləşməsini görmək üçün yaşaya bilmədi və o, həm də dünyaya yeganə bir paytaxt vermədi. Yunanıstan daxili münaqişələri ilə yunanların ölkəsi olaraq qalırdı. Onu Aleksandrın Avropadakı müvəkkili və Makedoniya qubernatoru Antipatr idarə edirdi. Fateh hamını işlək və sağlam xalq kimi saxlamaq qabiliyyətinə malik idi. Asiyanın üzərinə yeniliklər qoyulsa da, onun əhalisi asiyalı olaraq qalırdı. O, Əhəməni inzibatçılığını qaydaya salmış və təmizləmişdi. O, satrapiyaları yenidən təşkil etdi, onların mövcudluğunu Suriyada, Hindistanda və Misirdə saxladı. O, vergilərin ödənilməsində qayda yaratdı. Satraplara hərbi komandan kimi generallardan ibarət müavin verdi. Yeni sikkə buraxdırdı, üstündə onun öz portreti var idi. Kanallar çəkilir, yollar açılırdı. Şəhər həyatı və kənd təsərrüfatı oxşar bir qaydada inkişaf edirdi.

 

Ağa, çar və allah Babili öz paytaxtı kimi seçməli idi. Lakin o, Aristotelin şagirdi olaraq qalırdı. O inanırdı ki, bu, Qərbin Şərqi maarifləndirmək tapşırığıdır. Rəssamları, alimləri, şairləri və Afinada məktəb keçmiş yazıçıları himayə edirdi. Yunan dilinin və sivilizasiyasının həyati gücünü təcrübədən keçirərək dünya ətrafında sayı 34 olan Aleksandriyaların əsasını qoydu. Onlar gələcək Ellinizmin Afrika və Asiya torpağındakı mərkəzləri olacaqdı. Misirdəki Aleksandriyadan və digər həmin addakı şəhərlərdən hamı Homerdən bəri bütün dünyanın malik olduğu yunan sivilizasiyasına xas olan hər şeyi öyrənmişdi.

 

 (Ardı var) 

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.22.