Şamaxıdan planetlərə səyahət  

 

 

"Ora indi getməyin. Heç nə görə bilməyəcəksiniz. Şər qarışandan sonra Aya baxmaq olar. Eşitdiyimə görə, gecə yarı hansısa planetləri də görmək mümkündür. Mütləq gedin, uduzmazsınız. Mənə də "çox sağ ol" deyəcəksiniz..."

 

"Lövbər" saldığım istirahət evinin işçisi Asifə həqiqətən təşəkkür düşürdü. Həm qonaqpərvərliyinə, həm də verdiyi məlumata görə. Pirquluya gedəsən, rəsədxanadan yan keçəsən? Olan iş deyil. Düzü, Şamaxıya təkcə Bakının istisindən qaçaraq dincəlməyə deyil, həm də planetlərə baxmaq üçün getmişdim.

 

Gecə yarı olmasına baxmayaraq, Şamaxı Astrofizika Rəsədxanasının qaranlıq həyətində xeyli insan var. Hər kəs nə barədəsə pıçıldaşır. Biz də növbəmizi gözləyirik. Görəsən, bu gün "menyu"də nə var? Rəsədxananın əməkdaşı Müşfiq Hüseynov Yupiterlə Saturnun adını çəkir. Əli ilə qaranlıq səmada 2 parlaq ulduzu göstərərək: "Bax, soldakı parlayan ulduz Yupiterdi. Ondan bir qədər sağdakı isə Saturndu. Xırda görünmələrinə baxma, yerdən dəfələrlə böyükdürlər. Günəş sistemində ən böyük 2 planetdir..."

 

Peykləri adi gözlə görmək mümkün deyil

 

Zəruri qeyd: Yupiter Günəş sisteminin ən böyük planetidir. Çəkisi Günəşin mində biri qədərdir. Az deyil. Günəş sistemində bütün planetləri tərəzinin bir gözünə, Yupiteri isə digər gözünə qoysaq, Yupiter ağır gələr. Özü də 2,5 dəfə. Başqa müqayisə aparaq, Yupiter çəkisinə görə Yerdən 318 dəfə, həcminə görə isə 1321 dəfə böyükdür. Başqa sözlə, 1321 Yer qədərdir.

 

Yupiterin 4 peyki var - Qanimed, İo, Kallisto və Avropa. Peykləri adi gözlə görmək mümkün deyil. Teleskopla isə... Bu haqda bir qədər sonra biləcəyik.

 

Saturn böyüklüyünə görə Günəş sisteminin ikinci planetidir. 95 Yerə bərabərdir. İrili-xırdalı 82 peyki var ki, onlardan da ən böyüyü bir çox əlamətlərinə görə Yerə bənzəyən Titandı. Saturnu digər planetlərdən fərqləndirən cəhət ətrafındakı halqadı. Adi gözlə görünməsi mümkün olmayan halqanı teleskopla aydın müşahidə etməyin mümkün olub-olmadığını da sonraya saxlayaq.

 

İşıq sürəti ilə hərəkət etsək, Yupiterə 41, Saturna isə 72 dəqiqəyə çatmaq olar

 

Planetlər haqqında orta məktəb illərindən nə qədər məlumatlı olsam da, Müşfiq müəllimin danışdıqlarından heyrətlənməyə bilmirəm. 1 milyard 300 milyon kilometr! Təsəvvürə gətirməkdə çətinlik çəkiləcək bir rəqəm. Yerdən Saturna olan məsafə məhz bu qədərdir. Yupiter bir qədər yaxındır. 750 milyon kilometr. İşıq sürəti ilə hərəkət etsək, Yupiterə 41, Saturna isə 72 dəqiqəyə çatmaq olar. Bu planetlərdə baş verən hər hansı hadisəni, məsələn, hansısa partlayışı bu qədər vaxtdan sonra Yerdə görmək mümkündür. Və ya biz teleskopla Yupiter və Saturna baxanda onların uyğun olaraq 41 və 72 dəqiqə əvvəlki vəziyyətlərini müşahidə edə bilirik.

 

Yupiter  Saturnla tanışlığı gözləyə-gözləyə Günəş sisteminin ən uzaq planeti olan Plutonla söhbətimizə davam edirik. 2006-cı ilə kimi 9 planetin mövcudluğu qəbul olunmuşdu. Beynəlxalq Astronomiya Birliyinin qərarı ilə Pluton bu siyahıdan çıxarılıb. Niyə? Çünki yeni tələblərə cavab vermir. Tələblər deyəndə, planetlərin müəyyən çəkisi, peyki və s. olmalıdır. Pluton çox kiçikdir və cırtdan planetlər qrupuna daxildir. Maraq üçün qeyd edək ki, Pluton Aydan kiçikdir. Sahəsi Rusiyanın sahəsindən azacıq böyükdür. Peyk söhbətinə gəlincə, Plutonun 4 peyki var. Ona qaldıqda, Yerlə demək olar ki, bir boyda olan Veneranın peyki yoxdur. Amma Venera böyüklüyünə görə planet sayılır. Eynilə Xəzər dənizi kimi. Xəzər əslində, göldür. Çünki okeana birbaşa çıxışı yoxdur. Amma böyüklüyünə görə dəniz kimi qəbul edilib.

 

 

 

Ən çətin görünən, bəlkə də görünməyən planet hansıdır?

 

Veneradan söz düşmüşkən, Yerə ən yaxın planetdir. Ölçüsünə və quruluşuna görə "evimizə" çox bənzəyir. Amma Yerdən fərqli olaraq cazibə qüvvəsi çox zəifdir. Bu da onun öz oxu ətrafında fırlanmasını ləngidir. Yerdən Veneraya məsafə 42 milyon kilometrdi. Veneranı el arasında "Dan ulduzu" adlandırırlar. Sübh tezdən bu planeti adi gözlə görmək mümkündür. Demə, Venera Günəş qürub edəndə də səmada parlayır. Müşfiq müəllim deyir ki, Venera tərsinə fırlandığına görə 3 ay gün çıxanda, 3 ay isə gün batanda görünür. İndi Veneranı axşamüstü müşahidə etmək mümkündür. Veneradan keçirik Marsa. Yerə ən yaxın 2-ci planetə. Yaxın deyəndə 75 milyon kilometrlik məsafəni nəzərdə tuturuq. Veneradan fərqli olaraq, Marsı hər gün görmək mümkün deyil. 2 ay əvvəl görünən Mars indi "gizlənib". Bir də yaz aylarında üzə çıxacaq.

 

Ən çətin görünən, bəlkə də görünməyən planet Merkuridir. İnsan ömründə onu bir dəfə görə, ya yox. Əlbəttə, burada söhbət adi insanlardan deyil, astronomlardan gedir. Günəşə ən yaxın planet olduğuna görə Günəşin işığı onun görünməsini əngəlləyir. 30 ildə 10-15 dəqiqəlik, o da Günəşdən ən uzaq nöqtədə olanda, həm də Günəş batanda teleskopla müşahidə etmək mümkündü.

 

Müşfiq müəllim 21 il əvvəl Merkurini görməyin ona qismət olduğunu söyləyir: "1999-cu ildə burada işə qəbul olunmuşam. 1 il sonra dedilər ki, Merkuri görünəcək. Tez qaçdıq teleskopa tərəf. Burada 30-40 il işləyən əməkdaşlar var. Merkurini görmək onlara qismət olmayıb.  Yadımdadır, illər əvvəl bir əməkdaşımız Krıma ezam olunanda təsadüfən oradakı rəsədxanada Merkurini müşahidə eləyə bilmişdi".

 

Bəs Ay hanı?

 

Demə, hər gün adi gözlə gördüyümüz Ayı teleskopla müşahidə etməyin də öz vaxtı varmış. Müşfiq müəllimin sözlərinə görə, Ay təzə doğulduğu üçün görünmə vaxtı azdır. Turistlər axşam saat 9-dan sonra Aya görə bura gələ bilərlər. Ay hər gün 52 dəqiqə gecikir. Teleskopla görüntüyü gəlincə, elə bil ki, ayağımızın altını görürük. Yerdən Aya məsafə 384 min 400 kilometrdir. Astroloqlar öz aralarında Aya "burdan bura" deyirlər. Düzü, Ayı izləmək qismətimiz olmadı, gecikmişdik. Amma Müşfiq müəllim bizə bir qədər təsəlli verdi: "Onsuz da bu gün Ayı heç kim görə bilmədi. Gələn turistlərin hamısı pərişan qayıtdılar. Çünki hava buludlu idi".

 

Heç bir planetdə yaşayış yoxdur

 

Ayla bağlı fikirlərini yekunlaşdıran Müşfiq müəllim üzrxahlıq edib bizdən ayrılır. Turistlərə bələdçilik edən Səbahəddin Alışovu əvəzləməlidi. Növbəmiz çatana kimi sualları rəsədxananın elmi işçisi Səbahəddin müəllimə ünvanlayacam. Təkcə mən yox, digər turistlər də. Məsələn, bir nəfərin "Qalaktikamızda bizdən başqa canlı varmı?" sualına həmsöhbətimiz belə cavab verir: "Bu sual həmişə açıqdı. Bizim Günəş sistemində heç bir planetdə yaşayış yoxdur. Amma bu o demək deyil ki, ümumiyyətlə, yaşayış yoxdur. Qalaktikamızda 200 milyard ulduz var. Bizim Günəş sistemi kimi başqa sistemlər də var. Əlimizdə elə bir texniki imkan yoxdur ki, çox uzaqda yerləşən ulduzları müşahidə edək. Bəlkə də onların hansındasa yaşayış var. Bəlkə də yoxdur. Elm buna dəqiq cavab verə bilmir".

 

"UNO necə, müşahidə etmisinizmi?" sualına isə Səbahəddin müəllim bunun sübut olunmadığını bildirməklə cavab verir. Daha bir maraqlı sual: "Sizcə, həqiqətən bütün dünyanı Allah yaradıb?" Səbahəddin müəllim Allahın varlığına inandığını söyləyərək, bu suala bir astrofizik kimi cavablandırır: "Kainat getdikcə genişlənir. Hər bir şeyin müəyyən sərhəddi var. O cümlədən, kainatın da. Bəs bizim kainatın o biri tərəfində nə var? Bizim kainatı da, ondan o yananı da bir çərçivədə saxlayan fövqəltəbii qüvvə var. Bəlkə də elm nə vaxtsa buna cavab tapacaq..."

 

 

 

İyul-avqust aylarında bura qələbəlik olur

 

Pandemiyaya görə ötən il turist qəbul etməyən rəsədxanaya dünyanın düz vaxtlarında həmişə axın olub. Axı, planetləri izləmək istəyən insanlar az deyil. Əsasən yaz aylarında, məktəblilər bura çox gəlir. Yayda isə iyul-avqust ayları qələbəlik olur. Bununda səbəbi bayaq haqqında danışdığımız Yupiter və Saturndu. Turistlər arasında əcnəbilərə də rast gəlmək mümkündür. Onlardan biri bizdən bir qədər aralıda dayanan və anlamasa da, söhbətimiz maraqla dinləyən almaniyalı qadın idi. Bakıdakı alman şirkətlərindən birində çalışan həmin qadın Pirquluya həm gəzməyə, həm də Yupiterlə Saturna baxmağa gəldiyini deyir: "Belə istirahət hər dəqiqə ələ düşmür. Bura dincəlmək üçün əla yerdir. Planetləri izləmək isə bir başqa ləzzətdir". Yeri gəlmişkən, öyrəndik ki, dünyanın heç də bütün rəsədxanaları turistərin üzünə açıq deyil. Şamaxı Astrofizika Rəsədxanası az sayda istisnalardan biridir. Özü də ziyarət qiyməti də elə baha deyil. Cəmi 5 manat ödəməklə həm görünən planetləri izləyirsən, həm də muzeylə tanış olursan... Növbəmiz çatır.

 

Dar pilləkanla teleskop quraşdırılan yerə daxil oluruq. Orta məktəbdən tanış olduğumuz mikroskopun nəhəng forması ilə qalaktikanın "hüceyrə"lərini izləyəcəyik. Əvvəl Saturn, sonra isə Yupiterlə tanış oluruq. Saturnun halqası, Yupiterin səthindəki qaz örtüyü aydın görünür. 4 peyki də həmçinin. Qəribə hissdir, sözlə ifadə etmək çətindir. Bu hissi yaşamaq üçün planetləri görmək, bunun üçünsə Şamaxıya - Pirquluya getmək lazımdır.

 

Teleskopun 4-5 milyon avro qiyməti var

 

Yeri gəlmişkən, 1959-cu ildə yaradılan Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop var. Bunlardan ikisi günəş, 4-ü isə ulduz teleskopudur. Turistlərin ixtiyarına verilən teleskopun yaşı az deyil. Ötən əsrin 70-ci illərində quraşdırılıb. Ziyarətçilərdən biri bir qədər narazı şəkildə "yenisi ilə niyə əvzlənmir?" sualını verir. Müşfiq müəllim cavabına teleskopun 4-5 milyon avro qiyməti olduğunu söyləyir: "Hər il o qədər pul verib yeni teleskop alınsa, daha nə oldu? Buradakı teleskoplar dünyada ən yaxşı teleskoplardandı. Bax, bunun haradasa, 50 yaşı var. O vaxt dünyada teleskop istehsalında ən öndə olan "Carl Zeiss Jena" firmasının istehsalıdı. Dünyada bu firmanın istehsal etdiyi 5 ən yaxşı teleskopdan biri bizdədir. Ehtiyac olduqda teleskopun güzgüsünün səthindəki alüminium təbəqə dəyişdirilir və teleskop təzə kimi olur".

 

Yupiterlə Saturna baxdığımız bu teleskopun diametri 70 sm-dir. Digər teleskoplarımızdan ən böyüyünün diametri isə 2 metrdir. Səbahəddin müəllim deyir ki, bu gün dünyada 200-dən çox rəsədxana var. Onların bəzilərində daha böyük diametrli teleskoplar istifadə olunur. Hansılarla ki, daha yaxşı izləmə, şəkil çəkmək mümkündür. Məsələn, Çilidəki teleskopun diametri 11 metrdir. Hələ bu harasıdır? Atakama səhrasında tikilən və 2023-cü ildə təhvil veriləcək rəsədxanada quraşdırılacaq teleskopun diametri 42 metr olacaq. Futbol meydanının yarısından bir qədər az. Bu teleskopla başqa günəş sistemlərindəki səma cisimlərini izləmək mümkün olacaq. Diametrlə fikir verməyin, teleskopun ölçüsü qədər vacib amillərdən biri də iqlim şəraitidir. Şamaxı Astrofizika Rəsədxanasını dünyanın digər rəsədxanalarından üstün edən cəhətlərdən biri məhz iqlimdir. Burada gecələr səma daha təmiz olur və ulduzlar, planetlər daha aydın görünür.

 

Günəş teleskopları ilə yalnız Günəşdə gedən prosesləri, ulduz teleskopları ilə isə gecə görünən bütün səma cisimlərini izləmək olur. Sadəcə, ziyarətçilərə səthi daha yaxşı görünən planetlər və ulduzlara baxmaq təklif olunur. Bunu da bələdçilərimiz deyir. Bugünkü siyahıda Ay, Yupiter və Saturn var idi. Bəs o biri planetlər? Az qala Uran və Neptun yaddan çıxmışdı. Bu planetləri əsasən iyun-iyul aylarında izləmək mümkündür. Uranı adi gözlə görmək mümkündürsə, bunu Neptuna aid etmək olmaz. Yupiter və Saturnla müqayisədə xeyli kiçik olan Uran və Neptun teleskopda nöqtə kimi görünür. Bu da ziyarətçilərin həmin planetə marağını azaldır.

 

 

 

"Ay dağılmayıbsa, Yer necə dağıla bilər?"

 

Bələdçilərimizlə çox şeydən söhbət etdik. Meteoritlərdən, asteroidlərdən, Mayya təqvimindən, Meksika körfəzindən... Təxminən 20 il əvvəl Maykl Stenton adlı geoloq iddia etmişdi ki, guya Meksika körfəzi nə vaxtsa meteoritin Yerə düşməsi nəticəsində yaranıb. Doğrüdür, bu ehtimal əksər alimlər tərəfindən rədd edilmişdi. Yerin məhv olması üçün hansı həcmdə meteoritlə toqquşması lazımdır? Səbahəddin Alışov indiki zamanda bunun real olmadığını söyləyir: "Gərək heç olmasa, öz yarısı boyda meteoritlə toqquşsun ki, planet dağılsın. Ayın səthinə fikir versək görərik ki, 300-400 metr diametrində çalalar, kraterlər var. Onların çoxu meteoritlərin izləridir. Ay dağılmayıbsa, Yer necə dağıla bilər?" Müşfiq müəllim həmkarının fikrini dəstəkləyir: "İndi elm xeyli inkişaf edib. Alimlər bir neçə il əvvəldən hesablaya bilirlər ki, hansı asteroid Yerlə toqquşa bilər. Əgər həqiqətən belə təhlükə yaranarsa, bunun qarşısını almağın yollarını da bilirlər. Qısası, buna görə narahat olmaya, gecəni də rahat yata bilərsiniz". Sonuncu cümlə getmək vaxtının çatdığına işarədir. Ertəsi gün bizi rəsədxananın 62 illik fəaliyyətini özündə əks etdirən, uğurlarından bəhs edən eksponatların, planetlərin, Marsda, Ayda alimlərimizin şərəfinə adlandırılmış kraterlərin  teleskopla çəkildiyi şəkillərin, əsas da başqa söhbətin mövzusu olan Yardımlı meteoritinin yerləşdiyi muzeylə tanışlıq gözləyir.

 

 

İlqar TAĞIYEV

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.18-19.