"Səhnə çələngi" pyeslər toplusu - dünya ədəbiyyatından incilər  

 

 

XIX əsr Azərbaycan ədəbiyyatının mədəniyyətinin dönüş nöqtəsi idi. Əsası Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan Azərbaycan dramaturgiyası teatr sənətinin yaranmasına təkan verdi. İllər ötdükcə pyes yazmaq ənənəsi geniş vüsət almağa başladı. Çünki azərbaycanlı ədiblər ədəbiyyatın bu mərhələsi üçün müəyyən baza yaratmışdılar, dünya ədəbiyyatının təsiri özünü daha çılpaq şəkildə büruzə verməli idi, dövrün ədəbi ab-havası bunu tələb edirdi. Xüsusən, müəyyən mərhələlərə (ekspozisiya, zavyazka, kulminasiya, razvyazka, final) əsaslanan, dialoqlar, monoloqlar s. üzərində qurulmuş süjetli əsərlər - pyeslər vasitəsilə yazıçı öz düşündüklərini, yeni düşüncəyə, quruluşa qədəm qoyan təxəyyül məhsulunu daha detallı ifadə edə bilirdi. Ələlxüsus, teatr sənətinin inkişafı, tamaşaların insanlar tərəfindən maraqla qarşılanması naminə silsilə dram əsərləri qələmə alındı. Həmin dövr üçün müəlliflər arasında "yaxşı pyes" rəqabəti çox güclü idi. Odur ki, dramaturgiyanın ədəbiyyatımızda mühüm yeri var bu, həmişə oxucu kütləsinin maraq dairəsində olub.

 

Qeyd etdiyim kimi, pyes yazmaq ənənəsinin şəhdini dünya ədəbiyyatından almışıq. Teatr səhnəmizi milli pyeslərlə yanaşı, xarici müəlliflərin pyesləri zənginləşdirib. Teatr tamaşaçıları daim dünya ədəbiyyatı nümunələrini xüsusi maraqla qarşılayıb. Həm oxucu, həm tamaşaçı kütləsinin marağını nəzərə alsaq, dəyərli alim, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayevanın çap etdirdiyi "Səhnə çələngi" (Bakı, "Pergament" Y.E., 2021, 374 səh.)  pyeslər toplusunu zəruri qiymətli nəşr adlandırmaq mümkündür.

 

Niyə məhz "Səhnə çələngi"?

 

Çələngdə müxtəlif növdə, rəngdə, ətirdə çiçəklər göz oxşayır, insana ruhən zövq verir. Fikrimcə, kitab məhz ona görə "Səhnə çələngi" adlandırılıb ki, burada yer alan pyeslər Fidan Rzayeva tərəfindən tək bir dildən deyil, üç müxtəlif dildən - türk, ərəb rus dillərindən dilimizə tərcümə olunub. Oxucu üçün kitabı maraqlı edən elə budur. Üç dildən beş müxtəlif müəllifin - rus, alman, ingilis, türk, Misir yazıçılarının pyeslərinin tərcüməsi, eyni zamanda, oxucunu beş fərqli mədəniyyət, yazı üslubu ilə tanış edir. Pyeslərdə qarşıya qoyulan problemlər yazıldığı dövrə ölkələrin özünəxas ab-havasına görə müxtəliflik təşkil edir. Bu müxtəliflik, sözün əsl mənasında, ədəbi çələng - "Səhnə çələngi" yaradır.

 

 

 

Ədəbi əsərlərin tərcümə edilməsi xalqların ədəbiyyatları arasında körpü rolunu oynayır. Müxtəlif dillərdə yaranan əsərlərin sərhədləri aşması çətin hadisədir. Çünki ortada dil faktoru var. Məhz tərcümə prosesi bu sədləri aşmağa xidmət edir. Keyfiyyət, orijinallıq  isə, tərcümənin sanbalını artıran əsas meyarlardır. Fidan Rzayevanın tərcümə etdiyi pyeslərlə tanış olduqca bu orijinallığın şahidi oluruq. Hiss olunur ki, tərcümə müəllifi yazıçıların dövrünü, dil-üslub xüsusiyyətlərini nəzərə alaraq bədii filoloji tərcümənin vəhdətini yaradıb. Bəzən tərcümə əsərlərində bədiiliyin güclü olduğu təqdirdə mahiyyətin itdiyinin şahidi oluruq. "Səhnə çələngi" bu baxımdan oxucunu məyus etmir.

 

Fidan Rzayeva müqəddimə xarakteri daşıyan ön sözdə məhz tərcümə barədə yazır:

 

"Tərcüməşünaslıq elmində bəzi alimlərin "tərcümə qeyri-mümkündür" fikri səslənir. Bununla həm razılaşmaq, həm razılaşmamaq olar: Razılaşmaq dedikdə, hər bir dili təşkil edən sözlərin birbaşa mənalarından başqa, assotiativ aspekti, kök bağlılığı (xüsusilə, ərəb dilində) hətta fonetik səslənmə çalarları vardır. Tərcümədə bunların hamısına riayət etmək mümkün deyil. Bu cəhətdən hərtərəfli advekat tərcümə alınmır.

Amma yenə bunların əsasında ümumiyyətlə tərcümədən imtina etmək xalqları bir-birinin ədəbiyyatı, elmi, düşüncələri s. sözlə əlaqədar fəaliyyəti ilə tanış olmaqdan məhrum etmək deməkdir ki, bu da, əlbəttə, qəbuledilməzdir".

 

Kitab görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun "İvanov" "Yubiley" pyesləri ilə açılır. "İvanov" pyesi yazıçının tamaşaya qoyulan ilk pyesidir. Tərcümə müəllifinin məhz bu iki pyesi tərcümə edib kitaba əlavə etməsi, zənnimcə, təsadüfi deyil. Əgər oxucu "İvanov" pyesində Çexovun drammatik-psixoloji ustalığının şahidi olursa, "Yubiley" pyesində onu yumor, məzhəkə ustası kimi səciyyələndirə bilər. Bu tərcümələr hər iki istiqamətdə Çexovu "kəşf etməyə" şərait yaradır.

 

Kitabda dünyaca məşhur ingilis yazıçısı Bernard Şounun "Onun ərinə necə yalan dedi" adlı pyesi yer alıb. Alimlər Bernard Şounu dinamik dil-üslub xüsusiyyətinə malik yazıçı kimi qiymətləndirirlər. Tərcüməni oxuduqca Fidan xanımın dilin hərəkətliliyini, iti cərəyanını qoruyub saxladığını görürük. Bu komik əsər olduqca maraqlı oxunaqlıdır.

 

Kitabda yer alan növbəti əsər alman yazıçısı Bertold Brextin "Qalileyin həyatı" pyesidir. Fidan Rzayeva bu pyes haqqında yazır:

"Bertold Brextin "Qalileyin həyatı" pyesində, demək olar ki, bütün dövrlərdə gündəmdə olan vicdan şəraitin basqısı arasında mübarizə kimi dərin faciəvi problem əks olunur".

 

Oxuculara təqdim olunan növbəti pyesi müəllifi türk yazıçısı Haldun Tanerdir. "Kəşanlı Əli dastanı" pyesi Bertold Brextin təsiri ilə qələmə alınıb. Pyesdə xəlqilik güclüdür, mətn xalq danışıq dilinə uyğundur. Tərcümə prosesində bu cür məqamlar bəzən çətinlik yaradır. Çünki belə əsərlərdə özünəməxsusluq daha çox güclüdür. Ümumiyyətlə, Türkiyə türkcəsindən edilən tərcümələr bəzən elə həmin ləhcəni xatırladır sözlərin əksəriyyəti olduğu kimi verilir. Eyni dil ailəsinə aid edilən Azərbaycan dili Türkiyə türkcəsində bənzərlik çox olsa da (hər iki dil aqqlütinativ dildir), tərcümə zamanı mətni milli koloritimizə tam uyğunlaşdıqmaq lazımdır. "Kəşanlı Əli dastanı" pyesində bu tip problemin olmaması olduqca təqdirəlayiqdir.

 

Son iki pyesin müəllifi ərəb nəsrinin görkəmli nümayəndəsi, misirli yazıçı Taufik əl-Hakimdir. Taufin əl-Hakimin "Piqmalion" "Dəlilik nəhri" adlanan pyesləri oxuculara təqdim olunub.

 

Fidan Rzayevanın sadaladığım əsərlər barədə kitabda qeyd etdiyi fikiləri tərcümə üçün məhz bu pyeslərin seçilməsinin təsadüfi olmadığını sübut edir: 

 

"Bu əsərlərin bir kitab içində toplanmasının səbəbi yuxarıda qeyd etdiyimiz mülahizələrlə yanaşı, bir odur ki, adı çəkilmiş yazıçıların hamısı dram janrına bir yenilik, təzə forma, yeni yazı üsulu, yeni səhnə həyatı - bir sözlə, yeni nəfəs gətirmiş, yeni yol açmışdır".

Kitab müəlliflər haqqında qısa bioqrafik məlumatlarla yekunlaşır. Bundan əlavə, Fidan xanımın tərcümə etdiyi digər əsərlərin siyahısı da oxuculara təqdim olunur.

 

Pandemiya bitdikdən sonra teatr rejissorlarının bu pyeslərə müraciət etməyi yerinə düşər. "Səhnə çələngi" pyeslər toplusu onların stolüstü kitabı olmalıdır. Azərbaycan tamaşaçısının dünyagörüşünün zənginləşməsi, zövqlərin müsbət yönə istiqamətlənməsi baxımından, bu pyeslərin səhnələşməsi zərurdir. Bu, bəzən teatrlarda hökm sürən monotonluğu da aradan qaldıra bilər.

 

Fidan Rzayevanın bu təşəbbüsü və prosesə peşəkarcasına yanaşması Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfədir. Bu cür nəşrlərin davamlı olması vacibdir. Fidan xanıma cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm!

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.16.