Dünən qədər yaxın uzaqlar  

 

 

Vaxt elə tez keçir ki... Günlər bir-birini qovur, hansısa uzaqlıqlara atır bizi. "Uzaq" sözü yer zərfi deyil artıq, doğmalar yadlara çevriləndə, xatirələr çox geridəki illərə atılanda da o mənanı daşıya bilir. Yəni o vaxt hiss ediləni sadəcə o bir kəlimə ilə ifadə etmək olar. Dünən yediyini xatırlamayan adamların illər əvvəl baş verənləri unutmaması, dünən kimi xatırlaması bütün zaman il anlayışlarının üzərindən xətt çəkə bilər.

 

Bəzən elə olur ki, hansısa doğmanı illərlə görməsən , görüşəndə bütün həyatın boyu yanında imiş kimi hiss edirsən. Amma hər gün gördüyün yoldaşlarınla, gündəlik ünsiyyətdə olduğun insanlarla aranda elə divar olur ki, aşmaq olmur - hələ səmimiyyətsizlik, məcburi ünsiyyət. Elə isə, hansı vaxtdan gedir söhbət? İllər nəyi, kimi dəyişsə , hissləri dəyişə bilməz. Ruh bilmir zaman anlayışını, o, "gecdir" kimi sözləri anlamır.

 

İnsanlar isə əməlləri ilə təkidlə ruhlarını boğur, susdururlar. Sanki onun zərifliyinə, romantikliyinə əsəbləşib həyata uyğun kobud, hissiz, məqsədli, hirsli olmasını istəyirlər. Uşaqlıqdan bəri sizin hər aşkar gizlin duyğunuzu yaşayan o ruh necə bu saxta dünyaya uyğunlaşa bilər axı? Yaxşı ki, dili yoxdur. Yaxşı ki, ağzımız ruhumuzla birbaşa əlaqədə deyil. Yoxsa, necə qürur, hirs kimi hisslərin münasibətlərə qalib gəlmədiyi dünyada yaşayardıq. Düzdür, ruhən kinli olan insanlar var, amma yəqin, onlar da başqa biri kimi davranmalı olmadıqlarını başa düşüb yaxşı biri olardılar.

Amma danışdığım utopiyadır. Reallığa qayıdaq. Hər şeyin sanki dünən kimi olduğunu sandığın dünyada bəzən elə pis şeylər olur ki, illər öncəni dünən kimi görmən sənə uzaq gəlir. Dünən sənə illər əvvəlki kimi uzaq, illər əvvəlki günlər isə dünən kimi yaxındır.

 

Ya da belə izah edə bilərəm. Elə hiss edirsən ki, elə bil, hansısa başqa həyatda, əsrlər əvvəl çox sevdiyin bir doğman heç sənə aid olmayıb.

 

 

Nəzrin HƏSƏNOVA

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.14.