Qırmızı atların bayatısı
Esse
1984-cü ilin yayıydı. Gəncə Dövlət
Universitetini bitirib Şuşaya gəlmişdim.
Dağların lala vaxtıydı.
Havanın sınmağına,
el dilində deyildiyi kimi, quyruğun doğmağına hələ
bir az
qalırdı. Şuşa yenə
də füsunkarlıq
mücəssəməsiydi. Meşələr qulun yalı
kimi yayılmışdı
yamaclara. Armud ağacları,
fındıq, əzgil
kolları meşənin
yaraşıqlı ilmələri,
naxışlarıydı elə
bil. Almalar görüşdən qayıdan qızların yanağı kimi qızarırdı. Bir
az aşağıdan
keçən, yönü
Turşsuya, Laçına
gedən el yolunun qıraqları ağ ləçəkli həmərsin
kollarına bürünmüşdü.
Təbii
ki, İlahinin qüdrətindən yaranmış
bu gözəlliyi sözlə tərənnüm
etmək iqtidarında
deyiləm. Üstəgəl, bu əsrarəngiz gözəllikdən aldığım
zövqü də, yaşadığım hissləri
də.
Nə isə,
hər gün, gün əyiləndən
sonra Cıdır düzünə gedirdim. Oturub saatlarla
dərə boyu ilan kimi qıvrılıb
axan Daşaltıçaya
baxırdım. Cıdır düzündə
adamlar çox olurdu. Bəzən axşamlar iynə
atsan, yerə düşməzdi. Hətta qaldığım
evin sahibi mənə oralara tez-tez getməyə icazə vermirdi. Hiss eləyirdim ki, sıldırımdan, qayalıqdan
yıxılmağımdan, dərəyə yuvarlanmağımdan
ehtiyat eləyir.
Açığını deyim ki, Xarıbülbülü
görməmişdim. Amma haqqında
eşitmiş, kitablardan
oxumuşdum. Səhərlər günortayacan, heç kimdən soruşmadan, onu axtarırdım. İki-üç gündə şəhərin
bütün küçələrini,
parklarını, güllüklərini
gəzmişdim. Mənə elə
gəlirdi ki, mən onu uyarından,
təsəvvürümdə yaratdığım Xarıbülbülə
oxşarlığından tapa
biləcəyəm.
Bir gün sanatoriya binasının arxasından keçib, dikdirə qalxmaq istədim. Bir az qalxmışdım
ki, gördüm mənimlə həmyaş
olan bir oğlan geri-geri yeriyir. Bir neçə addım
da irəlilədim.
Qaşa çatanda önümdə
açılan mənzərə
ovsunladı məni.
Elə bil, dağları, dərələri göyün
yaxasından asmışdılar.
Sağ tərəfdə,
yastanada sanatoriyaya gələn qadınlar dincəlirdilər. Və bayaqkı
oğlanın niyə
elə yeriməyi mənə indi aydın oldu. Günəş vannası qəbul
eləyən qadınların
arasından keçməyə
utanmışdı. Mən dərhal
sola burulub, mamırlı
bir daşın üstündə oturdum.
Gözümü bir qədər
uzaqda olsa da, məkanı aydın seçilən
İSA BULAĞIna dikdim.
Yolda dörd atlı
göründü. Yolla mənim
aramda 50-60, atlılarla
isə 200-250 metr məsafə olardı.
Atların ayaqları daş
yolda çınqı
qoparırdı. Dördü də
ifçin nallıydı.
Atlar sanki yerimirdi. Ayaqlarıyla
bu daş yolda Koroğlu uvertürası çalırdılar.
Dördünün də rəngi
qıpqırmızıydı. Elə bil qırx incəbelli
qız bu atları lalə dənizində çimdirmiş,
tumarlamış, daramış,
sonra da bu bığ yerləri təzəcə
tərləmiş cavanlara
əmanət eləmişdilər.
Atlar gözlərinin üstünə tökülən
qapqara tükləri başlarının hərəkətilə
geri atır, bununla da sanki
qabağı daha yaxşı görməyə
can atırdılar. Dördünün də gümüşdən
sinəbəndi varıydı.
Üzəngiyə düşən günəş
şüası adamın
gözünü qamaşdırırdı.
Dağların ucalığından, dərələrin dərinliyindən,
havanın saflığından,
suların sərinliyindən
bu atlılarda yaradana şükranlıq
qarışıq bir ovqat varıydı. Və bu ovqatla da
atların yerişi, bir-birinə mərhəmliyi,
arabir oxranmaları arasında bir harmoniya, bir yanaşıqlıq, bir atqulağılıq sezilirdi.
Atlardan biri kişnədi. Sonra o birisi, sonra o biri, sonra o birisi.
Ayağa
qaldırdı bu kişnərti, bu səs məni. Xeyli arxalarınca boylandım.
Getdikcə uzaqlaşmaqda olan
bu atlılar - bu atlar sadəcə
kişnəmirdilər, elə
bil bayatı deyirdilər. Hərəsi bir bayatının bir misrasını kişnəyirdi, oxuyurdu.
Bu səs onlardan xeyli arxada qalan
qayalarda əks-səda
verdi. Və mənə
elə gəldi ki, bu kişnərtinin
- bu səsin əks-sədası min illər
keçsə də, bu dağlardan çəkilməyəcək.
Hənirtiyə geri döndüm. Arxamda nurani bir adam dayanmışdı.
55-60 arası yaşı olardı.
Gülümsəyirdi. Qolumdan tutdu.
- Hara boylanırdın? Demirsən müvazinətini
saxlaya bilməzsən,
dərənin dibi görünmür.
- Burdan dörd atlı keçdi,
əmi.
- Keçdi, keçdi də.
- Yox ey, atlar
qıpqırmızıydı.
- Nolar, o qədər qırmızı at var.
- Əmi, o atların
kişnərtisini eşitdin?
- Oğlum, atın peşəsi kişnəməkdir
də.
- Yox ey, onlarınkı
kişnəmək deyildi,
elə bil, oxuyurdular, bayatı deyirdilər, əmi. Hərəsi
bir ağız kişnədi, hərəsi
bir bayatının bir misrasını kişnədi-oxudu.
- Elədir, oğlum, onlar Qarabağ atlarıdır, rəngləri
lalə, səsləri
bayatı qoxulu. Qaldı, körpəsi muğam üstündə ağlayan
torpağın atları
da bayatı üstündə kişnəyər.
Hə, bir əyil bu
çiçəyə də
bax, onları elə "oxudan" bu çiçəyin eşqidir.
Əyilib yupyumşaq otların arasında, meh vurduqca nazlanan, xıpxırda çiçəyə
diqqətlə baxdım. Aman allah, o idi,
yarı bülbül,
yarı gül. Nədənsə günlərlə axtardığım bu çiçəyi üzməyə
əlim gəlmədi.
Və mənə elə gəldi ki, onu belə titrədən
üzülmək həyəcanıdır.
- Əmi, sən
bunu necə tapdın - deyib, başımı yuxarı
qaldıranda heç kimi görmədim.
Proflaktik müayinə olunmaq niyyətim olduğundan, aşağı düşüb
sanatoriya binasının
həyət qapısından
içəri keçdim. Gözətçi
xanım mənə bir qapını nişan verdi.
Qapını döyüb, gəl
səsindən sonra içəri keçdim.
Həkim
xalatını indicə
geyinib oturdu. Bir az irəli gəlib salam verdim.
- Hə, buyurun, biz ki tanışıq.
Duruxdum,
O idi, bayaq gördüyüm nurani adam. Yenə
gülümsəyirdi:
- İmişlidənəm, bura dincəlməyə gəlmişdim, istədim
müayinə olunam.
- Neçə gün qalacaqsan burda?
- Bir on beş
gün.
- Çox gözəl, on beş gün
bu havanı udmaq elə bir kurs müalicədir.
Qaldı
müayinəyə, ona
ehtiyac yoxdu, maşallah, top kimisən.
Elə bu ara otağın qapısı
açılıb örtüldü.
- Buyurun, gəlin, - deyə həkim qapıdakıları içəri
dəvət etdi. Mənə isə otur, dedi. İçəri iki cavan valideyn,
bir on-on bir yaşında oğlan uşağı daxil oldu. Ana uşağın
qolundan tutub ərklə həkimin yanına gətirdi.
- Həkim, başınıza
dönüm, bu uşağa bir dərman yazın, nə olar. On beş gündür
gəlib-gedirik.
- Bacım, uşağınız
hara qədər yeridi?
- Qadanız alım, o yoxuşu, o pilləkənləri
axıra qədər qalxdı, bir az da Cıdır düzündə
hərləndik. Sonra da yüyürə-yüyürə aşağı düşdü.
Həkim
gülə-gülə üzünü
uşağın atasına
tutub:
- Qardaş, həyat yoldaşınız daha məndən nə dərmanı istəyir, allah verən
dərmanın yanında
mən nə karəyəm. Uşağınız sapsağlamdır. Onun heç nəyə ehtiyacı yoxdur.
Sonra yönünü uşağa
çevirib soruşdu:
- Haran ağrıyır ə, kişiqırığı?
- Heç haram, - deyə uşaq təbəssümlə cavab verdi.
Ana diqqətlə oğluna baxdı. Birdən-birə bağrına basıb hönkürdü. Ata özünü irəli atdı. Gətirin əllərinizdən öpüm həkim, sizə qurban olum. Həkim ayağa qalxdı. Əlini atanın çiyninə qoydu:
- Elə demə, əzizim, gedin o Cıdır düzünün yoxuşundan öpün, onun havasına qurban olun. Sizin övladınızı həyata qaytaran odur, oradır. Sadəcə mən vasitəçi oldum. Siz uşağınızı qucağınızda, sağalmağına ümidiniz olmadığı bir halda gətirmişdiniz, elədirmi? Mən də sizə dedimmi ki, aparın bu uşağı Cıdır düzünə sarı iki addım atsın, sabah gətirin... Bu, on beş gün davam elədimi? Bu da nəticəsi. Gedin Allaha dua edin, bu yeri-yurdu bizə çox görməsin.
- Bəs xəcalətinizdən necə çıxaq həkim?
- Toyuna dəvət eləyərsiniz.
Həkim onları yola salıb, üzünü mənə tutdu:
- Hə, qardaşım, axşam saat altıda məni Cıdır düzündə, "Vaqif"in yanında gözlə, sənə deyəcəklərim olacaq.
Otaqdan çıxanda ciyər dolusu nəfəs aldım və Mikayılın avtovağzaldakı xəngəlxanasına tərəf yeridim.
Avqust, 2020
Valeh Bahaduroğlu
525-ci qəzet.- 2021.- 21 avqust.- S.14.