Feyzi Mustafayev və Əli Kərim dostluğu: "Dinmə, ey kədər!"

 

 

Ədəbiyyat tariximizdə dost şairlər haqqında maraqlı məlumatlar oxumuşuq zaman-zaman. Elə indi var. Vaqiflə Vidadi, Səməd Vurğunla Osman Sarıvəlli, İsmayıl Şıxlı ilə Qabil, Hüseyn Arif başqa qələm adamlarının dostluğu ilə bağlı maraqlı əhvalatlar da az deyil.

 

Gülnarə xanım Cəmaləddinin kitablarının içində gördüyüm "Dinmə, ey kədər" kitabını Əli Kərim haqqında bildiklərimi bir az çoxaltmaq arzusu ilə oxumaq üçün istədim. Müəllifin adı da tanış idi: Feyzi Mustafayev. Müəllimim Əşrəf Veysəlli demək olar ki, əksər söhbətlərində adını sevgi kövrək duyğularla xatırlayırdı. Yəni Feyzi Mustafayevin Əşrəf müəllimin dostu olduğunu bilirdim.

 

kitabı oxumağa başladım. İki gündən az bir müddətdə oxuyub bitirdim. Məmməd Aslanın ön söz yazdığı kitabda Feyzi Mustafayev Əli Kərimin yaradıcılığından daha çox xarakterini, həyat yolunu, dünya görüşünü, yaşantılarını arzularını özünün digər yaxın dostlarının xatirələrinə istinadən hər kəsə çatdırmaq istəyir. Bu, möhtəşəm bir dost sevgisinin nəticəsidir.

 

İnsan sevildiyi insanların sayı qədər yaşayır. Sevdiklərinin yaşadığı qədər yaşayır insan. Feyzi müəllim Əli Kərimi yaxından  tanımayanlara sevdirməyə çalışmaqla dostunun ömrünə ömür qatmış oldu. Doğrudur, Əli Kərim yaradıcılığı öz-özlüyündə sevimlidir həmişə tələbat olan, oxunan, unudulmayan bir yaradıcılıqdır. Amma o şeirlərin müəllifi elə şeirlərin özü kimi maraqlı, təmiz ruhlu sevimlidirsə, bunu oxucularına çatdırmaq daha da gözəl olur.

 

 

 

Məmməd Aslan ön sözdə bir həqiqəti belə ifadə edib: "Ömürlər gəlib keçir, öyünməli adamlar barədə söz söyləməyə çox vaxt imkan tapmırıq, bəzən gecikirik".

 

Əli Kərimin xarakteri, dünya görüşü, həyat yolu, düşüncələri qədər məni bu kitabda heyran edən Feyzi müəllimin onu necə böyük sevgi ehtiramla anmasıdır. Dostunun adını "ana", "ata" kəlmələri qədər müqəddəs sözlər cərgəsinə aid etməsi, hələ sağ ikən söhbətlərini gündəliyinə qeyd etməsi, dediyi hər kəlməsini, səsini, fikrini, üzünün ifadəsini, jest mimikalarını yaddaşında qoruyub saxlamağa çalışması onların ürəyində necə möhkəm dostluq bağının olmasından xəbər verir.

 

"Haqqım çatmır deyəm: "Bütün yazıçıları götürün, Əli Kərimi mənə verin". Haqqım çatmır deməyə, amma belə demək istəyirəm" (Feyzi Mustafayev).

 

Belə dostluğa heyran olmamaq mümkünsüzdür. Əsl dostluq yanında olanda yox, yanında olmayanda hiss etdirilir. "Dostunu göstər, deyim sən kimsən" deyimi boş yerə söylənmir. Mən bu kitabdan Əli Kərimə görə Feyzi müəllimi deyil, Feyzi müəllimə görə Əli Kərimi tanıdım.

Feyzi müəllim bu qədər sədaqətli, vəfalı, həssas, xeyirxah, dostcanlı, mehriban, mədəni, nəzakətli bir insan imiş ki, belə bir vəfa sevgi kitabı çıxıb ortaya. Demək ki, Feyzi müəllimin sevimli dostu da bu dəyərlərə sahib şəxsiyyət imiş.

 

Dostu haqqında o qədər ürəkdən, içdən, candan yazır ki, oxucu bu qeyri-adi dostluğa görə hər iki insana dərin rəğbət bəsləyir:

"Həyatımı ona görə qiymətli hesab edirəm ki, Əli Kərimlə bağlı günlərim, görüşlərim var".

 

"Bir dəfə gözlərinə baxmaq kifayət idi - bu gözlərin işığını, mənasını, sevincini kədərini ömrün boyu unutmamaqçün" (Feyzi Mustafayev).

Bu kitabın bu günümüzdə yenidən nəşri oxunması olduqca vacibdir. Dünyada baş verən ictimai-siyasi hadisələr, mənəvi aşınmalar çağında, mentalitetlərin, ictimai nəzarətin zəiflədiyi, hər kəsin yalnız özünü düşündüyü zamanda dostluğun, sevginin, dürüstlüyün, xeyirxahlığın, fədakarlığın olduğunu insanlara xatırlatmağa çox böyük ehtiyac var.

 

Əli Kərim "Pillələr" romanı barədə hissədən oxuyuruq:

 

"Mənə görə birisinin qaşı çatılanda gərək maşınlar dayansın, adamlar ayaq saxlasın, hamı ora axışsın. Şəhərə səs-küy düşsün: Tez olun, tez olun! Deyirlər: haradasa bir adam kədərlənmişdir!.."

 

Bu gün kədər nədir, hətta ölümlər o qədər adiləşib ki, daha bu gün özlərinə dost deyənləri ölüm az təsirləndirir. Sağ ikən bir-birindən xəbər tutmağa vaxt istək tapmayan insanlar yadlaşdığı bu dönəmdə belə dostluqlar bir nümunədir. İllərlə dost dediklərimiz, dost bildiklərimiz bir anda kiçik bir anlaşılmazlıqdan üz çevirib gedirlər, hətta düşmənə çevrilirlər. Bu qırılmalar, uzaqlaşmalar çoxaldıqca həyat dözülməz olur. Depressiyalar kütləviləşir, tənhalığa meyillənmələr nəticədə intiharlar artır. Əgər insanın ətrafında anlayışlı, sayğılı, fədakar dostları olarsa, bax o zaman bu çətin, keşməkeşli həyat da yaşanılır olar. İndi ədəbi mühitdə dünyadan köçən şair, yazıçı dostlar var. Amma onlar haqqında öz yaxın dostlarının Feyzi müəllim kimi xatirələr yazdığını oxuyub belə təsirləndiyim yadıma gəlmir. Ən çoxu sosial şəbəkədə bir statusda kiçik bir xatırlatmalarla müasir dostluqlar yekunlaşır. Feyzi Mustafayev dostu Əli Kərim haqqında daha çox xatirə toplamaq üçün, onun həyatının bütün müstəvilərində xarakterini öyrənməyə can atırdı, tanıdığı dostlarla görüşüb yeni məlumat ala bilsin deyə dünyanın hər yerinə getməyə hazır idi.

 

 

 

Belə möhtəşəm dostluqlar yoxdurmu bu gün? Yoxdursa, niyə yoxdur? İnsanlar niyə sevdiklərindən belə tez uzaqlaşmağa hazırdırlar bu gün? Bir-birimiz üçün şübhəsiz bütün varımız olandan keçə biləcəyimiz dostlar varmı? Biz olmayan yerdə bizim təəssübümüzü çəkəcək, həyatda olmasaq, doğmalarımıza sahiblənə biləcək insanlar varmı əhatəmizdə?

 

" - Madam, söhbət Əlinin dostlarından düşdü, ondan sonra dara düşəndə gözləriniz kimi axtarır? Harayınıza kim çatır?

 

- Gözlərim , ürəyim hələ onu axtarır. Amma... bir görürəm dostları harayıma çatdılar: Altay Məmmədov, Fikrət Qoca... Sən təsəvvürünə gətirməzsən kişisiz evin qayğılarını... Amma niyə deməyəsən? Mənim xəbərim olmur, bir görürəm Altay Məmmədov uşaqla paltar alır. İnanın, söhbət puldan, əşyadan getmir. Mənimçün təsəllidir ki, Əlinin dostları var. Dost, adama ölümündən sonra daha çox lazım olurmuş!..

Üzünü yana çevirir ki, göz yaşlarını görməyim. Elə bil Əli Kərimin misrası haray qoparır: "Qayıt, sahmana sal bu kainatı!"  (Şairin həyat yoldaşı Elza xanımla Feyruz müəllimin söhbətindən)

 

Dostunun cismən yoxluğunda var olduğunu göstərən əsl dostlar varmı?

 

Bütün bu suallara cavab tapmaq çox önəmlidir bu gün. Ona görə də Feyzi Mustafayev və Əli Kərim dostluğunu bəyan edən "Dinmə, ey kədər" kitabından aldığım təəssüratı yazmağı özümə borc bildim. İndi bu dostların ruhu şaddır, çünki Haqq dünyasında yenə bir-birlərinə qovuşublar. Əli Kərimin ruhunu şad edən səbəb dostunun onun xatirəsini əbədiləşdirməyi bacarmasıdırsa, Feyzi Mustafayevin ruhunu da bizim - bu kitabın oxucuları kimi sədaqətindən dolayı ona minnətdarlıq, heyranlıq duyğumuz şad edir.

 

Ruhunuz şad olsun, sevinsin ki, bir-birinizi hələ də və hələ də cismən olmadığınız məkanda - bu dünyada yaşatmağı bacarırsınız! Feyzi müəllimin ürəyində Əli Kərimin bu misralarının xüsusi yeri olduğunu bilərək elə o bəndlə də hər iki dostun ruhunu salamlamaq istəyirəm:

 

Baxsan bu dünyanın ha tərəfinə

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm, yenə

Hələ neçə dəfə doğulacağam!..

 

 

Aygün YAŞAR

 

525-ci qəzet.- 2021.- 24 avqust.- S.15.