Dostun köhnəsi
Esse
Yaxın gəlin, sizin hamınızın qaysaq tutan yarası var, bilirəm. Axı söhbət
dostdan, özü də lap köhnəsindən
gedəcək. Kim dost qədrini bilir, ona zehnində hansı yeri verib, əlaqələri hansı səviyyədədir,
keçib gəldikləri
həyat yolları, qazandıqları uğurlar
və uğursuzluqlar,
tutduqları vəzifə
pillələri onların
sonrakı münasibətlərinə
necə təsir göstərib...
Orta məktəb illəri, qarşılıqlı münasibətlər
zəncirinin ilk halqası
kimin yaddaşından
silinib ki?!. O zamanlarda qazanılan dostlar sonrakılara bənzəməz,
saf, hiyləsiz, umacaqsız münasibətlərin
qurulduğu, bəzən
ilk sevgilərin ünvanı
olan məktəb!.. Hər kəsin hətta
unutdulmuş belə hesab edərək yaddaşının "arxiv"inə
verdiyi bənzərsiz
hisslər sonra yeri düşdükcə
baş verib göyərir, göynədir,
diqqətini çəkməyə
müvəffəq olur.
Baxıb
görürsən ki,
hər şey necə də təzə qalıb, bəziləri isə bu gün üçün
yaramır, qatı açılmayan, geyilməyən,
indi isə əyninə dar gələn paltar kimidir, amma var,
yaşayır. Köhnə
yara kimidir - tərpətdikcə, toxunduqca
da incidir... Sevimli müəllimlərin,
onların qayğısı,
diqqəti, bəzən
yorulduğun, bezdiyin dərslər... Sinif yoldaşların arasında hansısa xasiyyətinə, düşüncə
tərzinə görə
yaxın, ya da uzaq bildiklərin
var. Və bunlardan biri, ya ikisi
ilə qurulan münasibətlər sonralar
da davam edir, əlaqələriniz
möhkəmlənir, dürüst
dostluğa çevrilir.
Sonra da ali məktəb
illəri, elə münasibətlərin də
ali dərəcədə
qurulduğu vaxt sayılır. Bu zaman artıq sən ilk sınaqlardan, uğursuzluqlardan,
ayağına dəyən
daşlardan az
da olsa nəticə
çıxaran birisən,
bir az təcrübə
qazanmısan artıq,
yanlışı doğrulardan
ayırd edə bilirsən... Bu illərin dostluğu daha möhkəm olur, həyatının sonrakı
mərhələlərində də davam etdirməyə
ehtiyac duyursan...
Həyat həmişə adamın
üzünə gülmür,
taleyin bəd gəldiyi, işlərin düyün düşdüyü
vaxtlar da var insan taleyində. Bax o zaman yaxşı dosta üz tutmaq
istəyirsən... İki
müəllim tanıyırdım,
ali məktəbi
bir oxuyub, bir yataqxanada və bir otaqda
qalmışdılar. Dostluqları da sonradan yaxın
qohumluğa çevrildi,
bax onlar ehtiyaclı vaxtlarında çəkinmədən bir-birinin
qapısını döyər,
heç vaxt da əliboş geri dönməzdilər.
Oğlu xatırlayır
ki, bir gün
atası onu (Sovetlər vaxtı) min manat pul üçün
qonşu kənddə
yaşayan dostunun yanına göndərir, amma dostu bu
məbləğin olmadığını
uşağa belə bildirmədən düzəldib
onu əli dolu yola salmışdı...
Dost qapına gəlmişsə,
deməli, razı qayıtmalıdır, vəssalam...
Bu idi köhnə dostların devizi!.. Yəni atalar
demiş: "Dost dar gündə tanınar".
Dayanar dağ kimi arxanda
sənin dar gündə,
Gündə varsın sənə
o, sən də ona var gündə!..
(R.Z. Xəndan)
Dostluq və dostlar haqqında kifayət qədər atalar sözləri var xalq ədəbiyyatımızda. Bu deyimlərə
əsasən dost dostunun
güzgüsü sayılar,
qardaşın da sənə dost olsa, yaxşı olar, dostluğun birinci şərti etibardır, müharibə igidi, qəzəb müdriki, ehtiyac dostu sınağa
çəkər, dostun
sənin kimliyinin göstəricisidir və ikinci mən deməkdir... Amma dostun ağıllı
olması şərtdir.
Yəni ağıllı
düşmən belə,
cahil və ağılsız dostdan yaxşı hesab olunur... Təki dostluqla gəlib düşmənliklə vuran
olmasın adam,
eybini görüb də özünə söyləsin, daha el ilə bir etməsin...
Dostluq haqqında yerində deyilmiş məşhur deyimlər də var...
"Məndən qabaqda
getmə, mən sənin arxanca gedə bilmərəm, arxada da gəlmə,
çünki səndən
qabaqda gedə bilmərəm. Yanaşı addımla və
mənim dostum ol!" Albert Ceyms
"Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır". Farensis Bekon
"Dost hamı çıxıb
gedəndə gələn
adamdır". Naməlum.
Böyük Məmməd Araz
isə dostluğu belə tərənnüm
edir:
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə,
sözlə.
Mən öz varlığımı,
öz ünvanımı,
Tapıram hər yeni gəlişinizlə...
Mənə görə o yerdə
ki, insan özünü rahat hiss edir, tam səmimi davrana bilir, bir sözlə, özünü sanki öz evində hesab
edirsə, bax o yer dostun evidir.
Dostluq fədakarlıqdır, qayğıkeşlikdir,
dostun rahat olmayınca sənin rahatlığın olmamalıdır.
İndi, bu zamanda, çoxluğun
dost anlayışını kiçik bir ortama aid etdiyi, dar bir çərçivəyə
sığdırdığı, dostun yalnız ailə daxilində olmasının təlqin olunduğu bir vaxtda dost ola və dost qala bilmək əsl kişilikdir, mərdlikdir,
fərqlilikdir, böyük
şəxsi keyfiyyətlərə,
dəyərə sahib olmaqdır!..
Dost, dostun yüngül
xətalarını, səhvlərini
bağışlaya bilmirsə,
dostluğu davam etdirmək çətin olur. Mənə görə
isə dostum sadəcə mənim dostumdur, heç bir əlavə şərhsiz, bəzək-düzəksiz,
izahatsız..!
Yaxşı dostun varsa, xəzinən vardır demək! İnsan ömrü boyu dost yardımına, onun mənəvi köməyinə
ehtiyac duyur. Dahi Nizami "Xosrov və Şirin" poemasında
dost yardımını, dostla,
yoldaşla həyatın
çətinliklərinin asanlaşmasını
belə ifadə edir:
Yoldaşdan yoldaşa yetişər
kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız.
Dünyada yoldaşsız Allahdır
yalnız,
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə
çatar dada yoldaşlar.
Dostluq münasibətini həmişə
saxlamaq üçün
dost olan tərəflər
daim qarşılıqlı
səmimiyyəti, hörməti,
mehribanlığı qoruyub
saxlamalıdır. Dostdan
alınan zərbə
yadlar vurduğundan bərk ağrıdar, dost
xəyanəti bağışlanmaz...
Bəzən təəssüf
ki, belə də olur:
Elə üşüdür ki,
dost baxışları,
Başımı götürüb yada gedirəm.
Təpəmin üstündən tüstüsü qalxır,
Canımda yüz cürə
qada gedirəm...
Atalar "hər
şeyin təzəsi,
dostun köhnəsi"
deyib, amma bu köhnə o köhnə anlamına gəlməz, köhnəldikcə
təzələnər, qəttəzə
xanə açar ürəklərdə. Köhnə
dost köhnə şərab
kimidir, qaldıqca dadı-tamı da, keyfiyyəti və təsiri də yaxşılaşar. Dost qəlbi dənizdir, gəmilərin yön ala bildiyi tərsanədir.
Və nəhayət, dostu olmayan adam
bu dünyada qəribdir deyir alman şairi Jozef Köhler...
Siz qərib olmayın!..
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2021.- 24 avqust.- S.14.