Bir ovuc tut
Esse
Ümidsizlik insanın özünə
qarşı hazırladığı
sui-qəsdlərin ən
qorxulusu, mənəvi
intihardır, deyir Sartr. Dəhşətli həqiqət var
bu deyimdə. Ümid bitdisə, insanın yaşamaq üçün
səbəbi də bitir. Amma iynə ucu boyda bir işıq
görəndə ona sarılıb yaşamağa
davam edir. Xüsusilə son ilyarımlıq dönəmdə bizi ümidsizliyə sürükləyən
hadisələrə şahidlik
edirik.
Əvvəlcə virus
dünyanı cənginə aldı. Ölməyəcəyinə
inandığımız insanların bir xəstəxana
küncündə təkbaşına can verdiyini gördük. Bir-birinin ardınca başlayan
müharibələrə şahid olduq. Zəfərimizi qeyd etdik, hər şey düzəldi
deyərkən yenidən "oyunların" ortasına düşdük. Sonra
Türkiyədə meşə yanğınları
başladı, milyonlarla ağac,
hektarlarla ərazi külə döndü, minlərlə heyvan
tələf oldu. Bunu həzm etməyə
fürsət tapmamış Azərbaycanda meşə
yanğınları başladı. Onsuz da müxtəlif şirkətlərin, iş adamlarının qənim kəsildiyi
meşələr bir az
da odun zavalına gəldi.
Çox keçmədi ki,
Əfqanıstanda baş verənlər bütün dünyanı silkələdi.
Bunlardan ən
dəhşətlisi hakimiyyəti ələ keçirən terror rejimindən qaçıb Kabil Hava Limanında təyyarənin
qanadlarından, təkərlərindən yapışıb
ölkəni tərk etmək istəyən gənclərin bir qədər sonra
yüksəklikdən yerə çırpılıb tikə-tikə
olmaqları idi. Mənim üçün dünyanın ən qara epizodlarından idi o görüntülər. Həmin şəxslər
ümidlərini kəsdikləri yerdən qaçarkən, ümid etdikləri yerdən
parçalandılar. Dünyada bir xaos hökm
sürür. Bir tərəfdən
də qlobal istiləşmə Yeri ciddi təhlükə
ilə üz-üzə qoyub. Bütün bunlar baş verərkən "dünyanı idarə
edən güclər" qazanaltı qalamağa
davam edirlər. Bəzən
müzakirə açılır, "filan
ölkədə baş verən hadisədən,
filan qitədə alovlanan
yanğından, zəlzələdən, aclıqdan və s. bizə nə" deyə. Dünya
bir ovuc insandan ibarət deyil, oksigenin səbəbi yerli
meşələr deyil, "mənə dəyməyən
ilan min
yaşasın" deyərək dünyanı qoruya
bilmərik. Artıq elə bir vəziyyətdir
ki, getdiyimiz hər
yerdə, söhbət etdiyimiz hər kəsdən,
sosial şəbəkələrdən dayanmadan neqativ məlumatlar
alır və ya oxuyuruq.
Belə xəbərlər beyni öz həndəvərinə qədər
işləyənlərdən başqa hər
kəsi narahat edir. Hal belə olunca
içimizdəki ümidsizliyin ərazisi
hər keçən gün genişlənir.
Elə hesab edirik ki, dünyanın ən bərbad dönəmini
yaşayırıq. Qətiyyən belə deyil.
Tarixə boylananda görürük
ki, kainat bu gün
yaşadıqlarımızdan daha dəhşətli
olaylara şahid olub. Viruslar,
ardı-arası kəsilməyən milyonların öldüyü savaşlar,
sellər, yanğınlar, zəlzələlər, üsyanlar, inqilablar... və
daha nələr, nələr. Sadəcə olaraq biz dünyanın inkişaf
etmiş dönəminə düşdük, yaşadığımız
illər ərzində texnologiyanın ən yüksək
şəkildə irəlilədiyini gördük,
ünsiyyətlər, alış-verişlər, münasibətlər,
istənilən yerlə əlaqə əlimizdəki telefonun bir düyməsinə
toxunmaqla həll edəcək
qədər asanlaşdı. Dövrün
üstünlükləri ayaqlarımızı uzadıb
dünyanı seyr etməyə əlverişli
şərait yaratdı. Qəflətən fəlakətlər
başladı, hamımız panikaya
qapıldıq. Çünki baş verəcək fövqəladə hallara hazır deyildik,
daha əvvəl də
yaşamadığımız üçün
immunitet
formalaşdırmamışdıq. Ona
görə də, indi nəsə olanda beynimizdə fəlakət ssenariləri
yazırıq, dünyanın sonu kimi davranırıq. Hər gün
bir az daha
pessimistləşirik. Amma vəziyyət düşündüyümüz qədər
dəhşətli deyil. Unutmayaq
ki, dünya Hitlerin, Stalinin əlindən
salamat qurtulub bu günlərə gəlmiş
dünyadır. Heç nə əbədi
deyil. Yaxşı və pis
nə varsa, gecə ilə gündüz
kimi bir-birini mütləq
əvəz edir, dəyişir.
İnsanı düşdüyü ümidsizliyin pəncəsindən nə qurtara bilər? Bir musiqi, bir kitab, bir film,
bir tablo, bir gülüş, bir toxunuş, bir dost əli, bəzən
isə şirin bir tut... hə, tut!
İranlı rejissor Abbas
Kiyarustamın "Gilənarın dadı" (Taste of cherry)
adlı əfsanəvi filmində özünü
öldürmək istəyən Badii bəyin
qarşısına çıxan Bakari bəyin
hekayəsidir ümid! Deyir ki, sizə
yaşadığım bir hadisəni danışacağam.
Yeni evlənmişdim. Başımızda xeyli bəla vardı. Bir gün elə bezdim ki, hər şeyi
sonlandırmağa qərar verdim. Bir səhər şəfəq sökülmədən
bir ip götürüb
maşına mindim. Özümü
öldürməyi beynimə qoymuşdum.
Tut ağacları ilə dolu
bir bağa
çatdım. Bağın ortasında dayandım. Hava hələ də qaranlıq idi. Bir ağacın
altında dayanaraq ipi
ilişdirməyə çalışdım. Bir
dəfə, iki dəfə, üç dəfə deyərkən
bacarmadım. Ardınca ağaca
çıxdım və ipi möhkəmcə
budağa düyünlədim. Bu vaxt əlimin altında yumşaq bir şey hiss elədim. Tutlar! Ləzzətli, şipşirin tutlar.
Birini yedim, iri və sulu idi. Ard-arda bir neçəsini də yedim. Birdən-birə günəşin dağların arxasından
yüksəldiyinin fərqinə
vardım. Heyrətlə baxdım, möhtəşəm
mənzərəyə, əsrarəngiz
bağa. Bir qədər
sonra məktəbə
gedən uşaqların
səslərini eşitdim.
Məni görüb ayaq saxladılar. Yaxınlaşıb ağacı silkələməmi
istədilər. Tutlar budaqlardan
yerə səpələndi.
Uşaqlar yeyərkən
onları baxdım və özümü çoxdandır olmadığım
qədər xoşbəxt
hiss elədim. Bir az da evə aparmaq üçün topladım.
Arvadım hələ də
yatırdı. Oyananda o da
tutdan yedi. Onu seyr etmək çox xoşuma gəldi. Özümü öldürmək üçün evdən çıxmışdım, tutla
geri qayıtdım.
Bir tut həyatımı qurtardı.
Sadəcə bir tut həyatımı
qurtardı, deyir Bakari bəy. Həqiqətən də insanı
ipdən alacaq bir filmdir. İzləyərkən içim işıqla
doldu. İnsan bu günlərə
ümidsizlikdən ümid
yaradaraq gəlib çıxıb. Dərvişdən soruşurlar çətin
dönəmdən keçərkən
nə etməliyik?
Deyib ki, sonsuzadək sürməyəcəyini bilməli,
imtahan olduğunu düşünməli, daha
betəri olmadığı
üçün şükür
etməli, pis günlərdə yanında
olanlara sarılmalı,
yanında olmayanlardan uzaqlaşmalısan. Ümid
budur, fərqinə varmaq, ən qaranlıq gecənin belə ömrünün bir parça şəfəqə qədər
olduğuna inanmaq, hər şeyin və hər kəsin müvəqqəti
olduğunu bilməkdir!
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 24 avqust.- S.12.