Siz teatrı sevirsinizmi?
İl yarımdır
teatr öz funksiyasını yerinə
yetirə bilmir, ağır məxmər pərdələr qapanıb. Divarlar alqış
səslərinə həsrət
qalıb. İnternet
vasitəsilə tamaşaların
göstərilməsi də
təsəlli ola bilmədi. Teatrın sehri, tilsimi canlı ünsiyyətdə,
səhnə ilə tamaşaçı arasındakı
hisslər, emosiyalar mübadiləsindədir. Səd heyif,
biz bu sehrdən məhrum olmuşuq. Teatra xidmət edən yüzlərlə,
minlərlə insan sevdiyi, həyatını həsr etdiyi işindən-peşəsindən uzaq düşüb: dramaturqlar, rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar, xoreoqraflar,
teatrşünaslar və
əlbəttə ki, teatrı sevən tamaşaçılar. Məşq yox,
tamaşa yox, hər bir teatrda
bayram olan premyera yox. Bu gün həm teatr sahəsində, həm də kinoda çox güclü, istedadlı gənc nəsil yetişib, onların özlərini, sənətlərini
göstərmək üçün meydanları
yoxdur. Mədəniyyət
Nazirliyində kadr islahatları olub və davam etməkdədir,
amma 27 dövlət teatrı işləmirsə,
konsert salonları ağzıgünə qalıbsa,
nazirlik bu sahədə nəyə qabil olduğunu necə göstərməlidir?
Şəxsən bir dramaturq kimi
mənim özümə
gələndə, elə
Bakının üç
əsas teatrının
repertuarında yeddi əsərim fəal repertuardadır. Pandemiyadan qabaq ayda azı 10-12 tamaşam oynanırdı. Bu tamaşalar
indi, faizsiz depozitə qoyulub, deməli, mənə həm mənəvi cəhətdən, həm
də maddi cəhətdən, zərbə
deməzdim, ziyan dəyir.
Əlbəttə, teatr
işləməsə də,
mən yazıram, dramaturqun işi kollektiv
yox, fərdidir, yazı prosesində ona rejissor, aktyor,
səhnə lazım olmur. Bəlkə əvvəlki həvəslə,
entuziazmla yazmıram, çünki
hər bir əsərin tamaşaya qoyulması dramaturq üçün yeni yaradıcılıq
impulsudur, mənəvi
stimuldur.
Buna baxmayaraq, nə
qədər qəribə
olsa da, pandemiya yeni əsərlərin yaranmasına
mane ola bilmədi.
"Pərdəsiz" adlı pyesim "COVİD"in ən qızğın vaxtında
yazıldı, bu mövzu məni çoxdan düşündürürdü.
Əsər teatr aləmində
bir vaxtlar çox məşhur olmuş tanınan simaların həyatından
bəhs edir. "Ağdamda nəyim
qaldı?" romanımdan
sonra yenə də nəsrdən aralanmışdım. "Pərdəsiz"dən sonra
bir daha qələmi nəsrdə
sınadım, "Mələk
əmi" adlı novellam yazıldı.
Hər iki əsər həmişə olduğu
kimi, ilkin olaraq "Azərbaycan"
jurnalında çap olundu. Daha bir pyesi 44 günlük Vətən müharibəsindəki möhtəşəm
qələbəmizdən sonra
yazdım. "Bircə addım"ın
yazı prosesi çox çətin başa gəldi, finalı tapmaqda ciddi çətinlik yaşadım. Pyesi bitirəndə mənə
elə gəldi ki,
bu müqəddəs
müharibənin iştirakçısı
olmuşam. Fasiləsiz oyun kimi düşünülmüş əsər cəbhədən
qəhrəman kimi qayıtmış əsgərin
və onun ailəsinin gözlənilməz
emosional gərginliklərlə
zəngin dramını
əks etdirir. Pandemiya dövründə
yazılmış bu əsərlərin, xüsusilə
Vətən müharibəsi
mövzusunda olan "Bircə addım"ın
tamaşaya qoyulmasını
çox istərdim, amma və lakin...
Bir məqam
hamı kimi məni də narahat edir və
haqlı sual doğurur. Toylar çalınır, adamlar yeyir-içir, sərxoş olur, rəqs edir, qucaqlaşıb öpüşür
və heç bir qərar, heç bir nəzarət, cərimə
onların bir-biri ilə yaxın təmasının qarşısını
ala bilmir, ala da bilməz. Restoranlar, marketlər, iri
ticarət mərkəzləri
işləyir. Bu ayaqdan yanaşanda ən təhlükəsiz
ictimai yer elə teatrdır. Burda yemək-içmək yox,
sərxoş adama rast gəlməzsən, tamaşaçılar bir-birilə
qucaqlaşmır, öpüşmür,
tamaşa zalı da kifayət qədər genişdir, tamaşaçıların bir-birindən
aralı oturmasına kifayət qədər yer-məsafə var. Onlar maskada da otura
bilərlər. Deməli, hər
bir teatra heç olmasa həftədə 1-2 tamaşa
oynamağa icazə verilə bilər, bu, həm teatrların
xeyrinə olar, həm də tamaşaçıların.
Toya gedənlərdən COVİD pasportu istəyirlər, bunu teatrda tətbiq etmək daha asandır, onsuz da qapıda tamaşaçıların giriş biletləri yoxlanır, onda COVİD pasportunu da tələb etmək olar.
O da məlumdur ki, dövlət qurumlarının əksəriyyətində, o cümlədən, teatrlarlarda da əməkdaşların əksəriyyəti vaksin olunub. Bu dediklərimiz göstərir ki, ciddi təhlükə mənbəyi teatr deyil, indiki halda bəlkə toyxanalar və restoranlardır. Bununla belə, mən bu müəssisələrin işləməsinin də əleyhinə deyiləm, orda minlərlə adam həqiqətən zəhmət çəkir, əməkhaqqı alır, ailə saxlayır. Elə musiqiçilərin də vəziyyətini nəzərə almalıyıq. Azərbaycanda müğənni heç yerdən qonorar almır, disklərinin satılmasından gəlir götürmür, konsertləri borcla və ya gizli sponsorlar hesabına başa gəlir. Onların yeganə gəlir yeri toylardır, restoranlardır. Qazandıqları da halaldır. Onlar rüşvət almır, dövlət büdcəsindən oğurlamır, zəhmət çəkir, müqabilində zəhmət haqqısını alır, heç kəsin də cibinə girmirlər.
Bütün bunlar göstərir ki, Operativ Qərargahın qəbul etdiyi qərarlar həmişə adekvat deyil. Odur ki, teatrların və konsert salonlarının fəaliyyətinə birbaşa məsul olan Mədəniyyət Nazirliyi Operativ Qərargaha məsələnin çox ciddi olduğunu anlatmalı və teatrların işinin bərpasına nail olmalıdır.
Bu yerdə mən teatrla istənilən formada
əlaqəsi olan hər bir
kəsdən, o cümlədən, teatr tamaşaçılarından sual edirəm: Siz teatrı
sevirsinizmi? Belinskidən iqtibas
etdiyim bu suala müsbət cavab
alacağıma əminəm. Odur ki, hamı səsini qaldırmalı və
teatrların işinin bərpa
olunmasını tələb etməlidir.
Əli
ƏMİRLİ
525-ci qəzet.- 2021.- 24 avqust.- S.11.