Lələtəpə ərazisində aşkarlanan qədim məbəd və digər
arxeoloji tapıntılar hansı tarixdən
soraq verir?
İNSAN
SKELETLƏRİ NÜMUNƏLƏRİ İSƏ GENETİK
EKSPERTİZADAN KEÇİRİLƏCƏK
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
"Qarabağ neolit-eneolit
ekspedisiyası" tərəfindən
Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan, 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyi
ərazisində ötən
il başlanılan arxeoloji tədqiqatlar davam etdirilir. Arxeoloqlar Lələtəpə neolit
dövrü yaşayış
yerində apardığı
arxeoloji tədqiqatların
ilkin nəticələrini
açıqlayıblar.
Ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun "Eneolit və ilk tunc dövrü arxeologiyası"
şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, "Qarabağ neolit-eneolit ekspedisiyası" tərəfindən
2019-cu ildə qeydiyyata
alınmış, hündürlüyü
6,4 metr, sahəsi 0,9 hektar olan təpə
formalı qədim yaşayış yerində
2020-ci ildə başlanılmış
arxeoloji qazıntılar,
bu il də
davam etdirilib.
Mütəxəssis Lələtəpə
ərazisindəki çox
maraqlı tapıntıların
böyük elmi əhəmiyyət kəsb
etdiyini vurğulayıb:
"Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl altıncı minilliyin birinci yarısına aid
oval, dairəvi və düzbucaqlı quruluşda
çiy kərpicdən
3 tikinti qalığı
və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə elmi ədəbiyyatda zikkurat adlandırılan, çiy
kərpicdən inşa
edilmiş, konusvari quruluşa malik platforma
yerləşir. Zikkurat,
yaxud akkadca "siqquratu" - "dağ zirvəsi" anlamını
verir və Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün
xarakterik çoxmərtəbəli-pilləli
məbəddir. Ondan cənubda yerləşən,
diametri 3,3 metr, hündürlüyü
1,5-2 metr arasında dəyişən dairəvi
bina isə yaşayış üçün
istifadə olunub. Bu tikili qalığının
müxtəlif səviyyələrdə
üç döşəməsi
müəyyənləşdirilib ki, bu döşəmələr
də təbii mineral mənşəli boya olan oxra əlavə
edilmiş palçıqla
suvanıb. Həmçinin, iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı
alətlər, ocaq qalıqları aşkar edilib. Tikili qalığının üçüncü döşəməsinin
altında bükülü
halda dəfn edilmiş uşaq skeleti də tapılıb".
Mütəxəssis bu arxeoloji məkanın elmi cəhətdən olduqca böyük əhəmiyyət kəsb
edən xüsusiyyətinə
də toxunur:
"Ən maraqlı xüsusiyyət məzarlıqla bağlıdır. Belə ki, Cənubi Qafqaz üzrə neolitə aid məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri, həmçinin, Tovuz rayonunun Menteştəpə ərazisində bir qəbirdə kütləvi dəfn aşkar olunub, amma insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkandakı məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq dairəvi tikilinin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kvadratmetr hissəsi təmizlənmiş və orada üç səviyyədə 8 qəbir aşkar olunmuşdur. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilmişdir ki, bunlardan 7-si bir yaşa qədər körpələrə, 3-ü yeniyetmələrə və 4-ü isə yetkin insanlara aiddir. Skeletler oval quruluşlu xüsusi dəfn kamerasında - çaladadırlar. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda, bir qəbirdə suvağın üstünə həsir də qoyulmuşdur. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilmişlər. Dəfn olunan insanların yanında bir sıra əşyalar - malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı - skipetr aşkarlanıb".
Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Türkiyənin Hacattepe Universitetinin "Antik DNT laboratoriyası"nda analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək.
Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, bu nümunələr əsasında abidənin dəqiq tarixi də radiokarbon üsulu ilə dəqiqləşdiriləcək.
Azərbaycan ərazisində neolit dövrünə aid Şomutəpə (Ağstafaçay) arxeoloji mədəniyyəti ilə yanaşı, mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi çevrələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji neolit mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb edir.
Zakir
MURADOV
525-ci qəzet.- 2021.- 25 avqust.- S.15.