Şeyx Cüneydin mənəvi hüzurunda xəcalət çəkmək...

 

Tarixlər boyu Azərbaycan, Yaxın və Orta Şərqin sivilizasiya mərkəzlərindən biri olmaqla bərabər, müsəlman dünyasının dini-mənəvi və ruhi təfəkkür sisteminin yaranıb formalaşdığı müqəddəs məkanlardan biri olmuşdur. Müxtəlif zamanlarda Azərbaycanda yaşayıb-yaradan, öz dini-fəlsəfi dünyagörüşü sufi baxışları ilə Şərq dünyasına işıq saçan onlarla sufi, hürufi, qızılbaş künyəli fenomenal şəxsiyyətlər fəaliyyət göstərmişdir.

 

Bu sufi - təriqət mənsublarından biri Səfəviyyə - Qızılbaş ocağının görkəmli nümayəndələrindən biri olan, tarixi qaynaqlarda hörmətlə yad edilərək "Sultan Şeyx Cüneyd Səfəvi" künyəsi ilə tanınan Şeyx Cüneyddir. Bu Səfəvi Şeyxi öz ruhi-irfani baxışları ilə Azərbaycandan Anadoluya uzanan böyük bir mənəviyyat körpüsü yaratmış, bu körpünün qolları bütün Yaxın Orta Şərq regionunda şaxələnərək, çoxsaylı müridlərinin mənəvi dünyasında təcəlli etmişdir. 

 

 

 

Şah İsmayıl Xətainin babası olan Şeyx Cüneyd 1429-cu ildə Ərdəbil şəhərində anadan olmuşdur.  1447-ci ildə atası Şeyx İbrahimin vəfatından sonra 20 yaşında ikən Səfəviyyə sufi təriqətinin mürşidi olmuş Şeyx Cüneyd, çox keçmədən imamilik şüarları altında siyasi iddialarla çıxış etməyə başlamışdı. Onun fəaliyyətindən ehtiyat edən Qaraqoyunlu hökmdarı Cahanşah 1449-cu ildə bu gənc Şeyxi Azərbaycandan Anadoluya getməyə məcbur etmişdi. 1449-1456-cı illərdə Şeyx Cüneyd Anadolunu, Misiri, Suriyanı gəzib-dolaşaraq öz təriqət ideyalarını yaymış, həmçinin müxtəlif hərbi-siyasi hadisələrin iştirakçısına çevrilmişdi.

 

Şeyx Cüneyd 1456-cı ilin axırlarında o zamanlar hələ Diyarbəkr hakimi olan Ağqoyunlu Uzun Həsənin yanına gəlmiş, Uzun Həsənin yanında qaldığı zamanlarda onun bacısı Xədicə Bəyimlə ailə həyatı qurmuşdur.

 

Uzun Həsənin Diyarbəkrdəki sarayında üç il qalan Cüneyd "vətən sevgisi imandandır" - deyərək Azərbaycana qayıtmış, lakin yenə Cahanşahın təzyiqi üzündən Ərdəbildə möhkəmlənə bilməyərək Şirvana getmiş 1460-cı ilin mart ayında Şirvanşah I Xəlilullanın, Təbərsəran hakimi Əbül-Məsum xanın Qaraqoyunluların birləşmiş qüvvələrinə qarşı baş vermiş döyüşdə qətlə yetirilmişdir.

 

Tarixçi Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə, Şeyx Cüneydin müridləri onun nəşini Samur çayının sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.

 

Şah Təhmasibin hakimiyyəti zamanında Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan (1538) sonra, 1544-cü ildə Gülxan (indiki Həzrə) kəndindəki məzar üzərində türbə tikilmiş, üzəri böyük bir günbəzlə örtülmüşdür. Türbənin qərb qapısı üzərində yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabədən aydın olur ki, türbəni hicri 951-ci ilin (1544-1545) axırlarında Azərbaycan Səfəvi hökmdarı I Şah Təhmasibin göstərişi ilə vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Ağa Məhəmməd tikdirmişdir.

 

Sufi - Qızılbaş Şeyxinin ölümündən 561 il keçsə , türbə bir dini ziyarətgah, irfan ocağı kimi ziyarətçilərin turistlərin ən çox təşrif buyurduğu bir məkana çevrilmişdir.

 

 

 

Bizim Şeyx Cüneydin mübarək türbəsinə gəlişimizin məqsədi bir çox müsəlman xalqları arasında mənəvi körpü yaradan, adı mədəniyyət mənəviyyat tariximizə qızıl hərflərlə həkk olunan Səfəvi təriqət başçısının ocağını ziyarət etməklə mənəvi borcumuzu yerinə yetirmək, həm bu qutsal məkanın aurasından ruhi qidalanmaq idi.

 

Səfərimiz bazar gününə təsadüf etdiyi üçün türbə fəaliyyət göstərmirdi. Lakin türbənin məsul şəxsləri Bakıdan - AMEA-nın əməkdaşları olaraq gəldiyimizi bildikləri üçün məmnuniyyətlə ziyarətimizə şərait yaratdılar.

 

Böyük Sufi Şeyxini ziyarət etmək bizim üçün həm bir ibadət, həm böyük məsuliyyət mənəvi borc, həm ruhi qida mahiyyəti daşıyırdı. 

Ziyarət zamanı türbənin tavanının qəzalı vəziyyətdə olması, hər an uçmaq təhlükəsi ehtimalı bizi ziyarətimizdən ibadətimizdən yayındırmasa da, hiss olunurdu ki, bələdçi Zakir müəllim bizə görə çox narahatçılıq keçirir.

 

Qeyd edim ki, türbənin bələdçisi Məhbubə xanım oğlu Zakir müəllim bu müqəddəs ocaq haqqında bir tərəfdən ağızdolusu, fəxarətlə danışır, digər tərəfdən türbənin qəzalı vəziyyəti ilə bağlı giley-güzarlarını da dilə gətirmək məcburiyyətində qalırdılar. Uzun illərdir ki, nəsilliklə bu türbəni qoruyan bələdçilik edən bu şəxslər gileylərində haqlı idilər. Zakir müəllim bizimlə söhbət əsnasında vurğuladı ki, türbədə 2006-2007-ci illərdə bərpa işləri görülsə , müəyyən vaxtdan sonra divarların üzlükləri qopub tökülmüş, xüsusilə tavanı bir neçə yerdən uçaraq dağılmışdır. Təbii ki bunları bizə deməyə ehtiyac yox idi, çünki biz türbənin bu qəzalı vəziyyətinin canlı şahidi idik.

 

 

 

Zakir müəllimin dediyi fikirlərdə təəssüf doğuran məqamlardan biri o idi ki, 2006-2007-ci illərdə həyata keçirilən təmir işləri zamanı bəzi divarlarda həkk olunmuş tarixi dini xarakterli yazılar səriştəsizlik bilməməzlik ucbatından çapılaraq dağıdılmışdır.

 

Bələdçinin qeyd etdiyinə görə, müvafiq orqanlara türbənin acınacaqlı vəziyyəti ilə bağlı bir neçə dəfə müraciət olunmuş, həmin orqanlar tərəfindən türbəyə baxış keçirilsə , hələ bir tədbir görülməmişdir. 

 

 

 

Zakir müəllim  onu da qeyd etdi ki, bu türbə Azərbaycan üçün tək tarixi - memarlıq abidəsi deyil, eyni zamanda xalqımızın dini-mənəvi dəyərlər sisteminin bir parçası, müsəlman dünyasının müqəddəs ocaqlarından biridir. Həmsöhbətimiz onu da dedi ki, bəzən  xaricdən gələn qonaqlara türbənin təmirdə olduğunu bəhanə gətirərək onların ziyarətinə imkan yaratmırıq. Çünki xarici vətəndaşların türbənin bu acınacaqlı vəziyyətini görməsi bizdə böyük xəcalət utanc hissi yaradır.

 

Ziyarət zamanı Səfəvi Şeyxinin türbəsinin bu acınacaqlı vəziyyətinə görə, bir ziyalı olaraq biz özümüzü günahkar kimi hiss edir Şeyxin ruhu qarşısında xəcalət çəkirdik. 

 

Məlumdur ki, Şeyx Cüneyd türbəsi Azərbaycanda qızılbaş-sufilərə məxsus olan nadir dini ziyarətgahlardan biridir. Bu türbə xalqımızın mənəviyyatı, ruhaniyyəti, tarixi dövlətçiliyimizin mənəvi təməl daşıdır. Təkcə bu deyil... Bu türbə həm də bizi, Azərbaycan Səfəvi imperiyasını yaratmaqla, imperiyalar yaradan xalqlar sırasına daxil etmiş Şah İsmayıl Səfəvinin baba əmanətidir.  Bu əmanətə sahib çıxmaq bizim hər birimizin tarix və müqəddəs dəyərlərimiz, ən əsası isə tarixi-memarlıq abidələrimizi göz bəbəyi kimi qoruyan, müqəddəs ziyarətgahlarımıza böyük dəyər verən dövlətimiz qarşısında vəzifə borcumuzdur. Gəlin ulularımıza, müqəddəs ocaqlarımıza hörmət edək, ən əsası isə dövlətimizin bizim qarşımızda qoyduğu vəzifə borcumuzu layiqincə yerinə yetirək.

 

 

Mübariz AĞALARLI

Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 25 avqust.- S.14.