MƏNİM BU SEVGİM

 

Bahara döndərdi duyğularımı,

Şipşirin eləyib yuxularımı.

Üstünə sərmişəm könül varımı,

Kövrək bir nəğmədir mənim bu sevgim.

 

Hər gün sevincimin dodağı qaçır,

Duyğular sinəmdə gül-çiçək açır.

Elə bil ruhuma işıq, nur saçır,

Kövrək bir nəğmədir mənim bu sevgim.

 

Çiçəyə bürünüb yaylaqlar kimi,

Pıçıldayır körpə dodaqlar kimi.

Çağlayır dumduru bulaqlar kimi,

Kövrək bir nəğmədir mənim bu sevgim.

 

Oxu könlümdəki eşqin sətrini,

Daim uca tutdum onun xətrini.

Ayselin ruhuna səpib ətrini,

Kövrək bir nəğmədir mənim bu sevgim.

 

 

 

VƏTƏN

 

Ömrümə ələnən ilahi nursan,

Ana laylası tək qəlbə dolursan.

Yamyaşıl geyinmiş gəlin olursan,

Bir özgə aləmdir baharın, Vətən.

 

Nəğməyə bələnib gözəl çağların,

Ərən oylağıdır uca dağların.

Könüllər oxşayır barlı bağların,

Ümid ətirlidir yolların, Vətən.

 

Aysel, bu torpaqda halallıq ara,

Zirvələr heykəldir namusa, ara.

Sənin sorağına gələn dostlara,

Sevinclə açılır qolların, Vətən.

 

 

 

Ömür vəfasızdır

 

Dağlar bu dünyanın alın qırışı,

Dəryalar, dənizlər gözümün yaşı.

Qəlbində bu uca hikməti daşı,

Ömür vəfasızdır bu dünya kimi.

 

Soruş lalələrin qara xalından,

İbrət al həyatın qeylü-qalından .

Tutma ikiəlli aram malından,

Ömür vəfasızdır bu dünya kimi.

 

Əzəldən dərdləri təzədi, tərdi,

Min ildi gözlərdən göz yaşı dərdi.

Milyon-milyon ömrü torpağa sərdi,

Ömür vəfasızdır bu dünya kimi.

 

Aysel NAZİM

 

525-ci qəzet.- 2021.- 25 avqust.- S.15.