İlk feminist rəssamın ağrılarla boyanan tablosu - "Bir rəsmin dedikləri" rubrikası

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Milli İncəsənət Muzeyi məktəb bölməsi müdiri, sənətşünas Mənsurə Məmmədəliyevadır. Onunla Artemiziya Centileskinin "Yudif Olofern" əsəri haqqında danışmışıq.

 

***

 

- Rəssam Artemiziya Centileskinin həyatı o qədər qarışıq dramatikdir ki, tərcümeyi-halını bilmədən onun rəsmlərini başa düşmək, duymaq mümkün deyil. Ona görə yaxşı olar ki,  əvvəlcə rəssamın həyatına qısaca nəzər salaq.

 

- Muzey kolleksiyaları təsviri sənət tarixi kitablarına nəzər salanda, belə bir təəssürat oyanır ki, sanki tarix boyu heç bir qadın rəssam yaşamayıb ya yaşayıbsa da, sənətə önəmli bir töhfə verməyib. "Dahi", "ustad", "sənətkar" kimi anlayışların kişilər tərəfindən kişilər üçün təyin edildiyi cəmiyyətdə qadın rəssamların yaradıcılığına qərəzli münasibət bəslənilib, gender məhdudiyyətləri qoyulub. Qadınlar uzun illər muzey məkanında yalnız kişi rəssamların əsərlərində "gözəllik" elementi kimi yer alıblar.

 

Fəqət qəhrəmanım Artemiziya Centileski qadınlara ikinci cins münasibəti göstərildiyi, məhdudiyyətlərlə müstəqilliklərinin əllərindən alındığı dövrdə yaşasa da, öz dövrünün mütərəqqi nüfuzlu rəssamlarından birinə çevrilməyi, habelə bütün bu olmazlara rəğmən Avropanın incəsənət Akademiyasında-  "Accademia di Bella Arti di Firenze"də təhsil alan ilk qadın rəssam olmağı bacarıb. Artemiziya Centileski kişi rəssamların rahat yaradıcılıqla məşğul olduğu, lakin qadınların Akademiyada təhsil almasına, hətta anatomiya dərslərində iştirak etmələrinə izn verilmədiyi bir dövrdə - XVI əsrin sonu-XVII əsrin əvvəlləri patriarxal cəmiyyətdə yaşayıb-yaratmış ilk feminist rəssamdır.

 

 

 

- İndi gələk haqqında söhbət açdığımız tablonun yaranma dövrünə.

 

- Rəssam ailəsində dünyaya göz açan Artemiziya sənətin ilkin sirlərini elə atasından öyrənib. Sənət yolunda qızını dəstəkləyən Orazio Centileski dövrünün tanınmış rəssamı olub. O, Mikelancelo məktəbinin sonuncu varislərindən idi. Durmadan öz üzərində çalışan gənc Artemiziya artıq on altı yaşında əsl sənətkar idi. 1609-cu ildə "Madonna körpə ilə", "Ağsaqqallar Suzanna" adlı ilk əsərlərini yaradır. Qızının istedadını görən ata onu perspektiv qanunlarına yiyələnməsi üçün yaxın dostu manerizmin nümayəndəsi Aqostino Tassinin yanına şagirdliyə göndərir.

 

Yüksək əxlaqi qüsursuz tərbiyəsi ilə seçilən Artemiziya özü bilmədən bütün həyatını dəyişəcək dəhşətli bir hekayənin qurbanına çevrilir. Müəllim tələbə münasibəti rüsvayçılıqla sonlanır. Təcavüzə məruz qalan Artemiziyanın həyatında sarsıntılı günlər başlayır. Bu rəzalətdən xəbər tutan ata dostu tərəfindən törədilən xəyanəti uzun müddət qəbul edə bilmir.

 

- İlk feminist rəssam. Bu rəsmdə rəssamın faciəsinin təsiri hiss olunur.

 

- XVII əsrin patriarxal cəmiyyətini təcavüzün qurbanı olan  on yeddi yaşlı bir qızı düşünün. Düz 400 il bundan öncə, 1612-ci ildə o qaranlıq dövrlərdə qəbul edilən qaydaların əksinə Artemiziya Centileski axına qarşı gedərək təcavüzkarını məhkəməyə verməkdən qorxmur, hətta işgəncələrə məruz qalsa da, geri çəkilmir. Nəhayət, yeddi ay davam edən əzablı məhkəmə təcavüzkarın məhkum edilməsi ilə sona çatır. Məhkəmənin aparıldığı müddət ərzində rəssam bəlkə yaradıcılığının ən güclü əsərlərindən birini - "Yudif Olofern" adlı tablosunu yaradır. Rəsssamın şəxsi faciəsi, emosional yaşantıları bu tabloda həyat tapır.

 

- Tablonun süjeti koloriti barədə deyə bilərsiniz?

 

- Süjet İntibah Barokko dövrü rəssamlarının yaradıcılığında fərqli interpretasiyada qarşımıza çıxsa da,  əminliklə demək olar ki, Artemiziya Centileskinin fırçası ilə canlanan tablo orijinal şərhi ilə maraq doğurur. "Qadının adı əsəri görünənə qədər şübhə doğurur" deyərdi Artemiziya. Həqiqətən əsəri izləyərkən rəssamın biləyinin gücünə heyran olmamaq mümkün deyil. Bibliyadan götürülmüş süjetə görə, assuriyalı hərbçi Olofern yəhudilərin torpağına hücum edir oranı mühasirəyə alır. Ölümlə üzləşən şəhər sakinləri ümidsizliyə qapılaraq şəhəri təslim etməyə hazırlaşırlar. Lakin iffəti ilə şəhərdə tanınan dul Yudif doğma yurdunu xain düşməndən xilas etmək üçün ən gözəl ipək libasını geyinərək, köməkçisi ilə birlikdə düşmənin düşərgəsinə yol alır. Yudif Oloferni özünə aşiq edərək, onun güvənini qazanır. Nəhayət, Yudif eşqdən sərxoş olub, yuxuya gedən Olofernin başını qılıncla kəsərək məmləkətini xilas edir.

 

- Əsərin kompozisiyası koloriti necədir?

 

- Müxtəlif illərdə tablonun fərqli variasiyalarını ərsəyə gətirən rəssam bir qayda olaraq özünü Yudifin, Oloferni isə Tassinin obrazında təsvir edirdi. Zirzəmi işığı ilə aydınlanan üç fiqurun - bənizin, əllərin, bədənlərinin relyefli təsviri təqdirəlayiqdir. Diaqonal kompozisiya həllinə müraciət edən rəssam hər bir detalın fakturasının ötürülməsində mahiranə ustalıq göstərib. Karavacco məktəbinə xas ənənələrlə işlənmiş tabloda rəssam tenebrizmin köməyi ilə səhnənin emosionallıq və drammatizmini artıraraq, kəskin işıq-kölgə kontrastından istifadə edərək əsərə teatrallıq qazandırıb. Qanlı səhnənin vahiməsi heyrətamiz dərəcədə realdır. Artemiziyanın Yudifi soyuqqanlı, hətta amansızdır. Təsviri sənət tarixində ilk dəfə Yudifin obrazı zəriflik və incəlikdən uzaqdır. Yudif qərarlı, zəhimli və özündən əmindir. Olofernin çiyinlərində güc, qüvvət, müqavimət göstərmək səyi sezilsə də, ayaqlarında zəiflik nəzərə çarpır. Tutqun qamma üzərində qurulan əsərdə dominat rəng qırmızıdır. Bəyaz örpəyə sıçrayan qan, qırmızı örtük önəmli detallardır. Rəssam hisslərin ziddiyyətini, nifrətin şiddətini məhz bu rəngin köməyi ilə ifadə edib. Diqqətlə izləsək, Yudifin qolundakı biləklikdə bəkarət İlahəsi, gənc qızların himayədarı Artemidanın təsvirini görə bilərik. İzləyicilərinə subliminal mesaj göndərən Artemiziya, sanki bu tablosu ilə kişi hökmranlığına qarşı feminist etirazını bəyan edir.

 

- Əsər hazırda  harda saxlanılır?

 

- Əsər İtaliyanın Florensiya şəhərində yerləşən Uffitsi qalereyasında saxlanılır.

 

- Bu rəsm bizə nə deyir?

 

- Rəssamın acı təcrübəsinin təcəssümü olan tabloda Artemiziyanın əsas qayəsi güclü, məğrur, düşmən üzərində qalib gələn, cəsurluğu və qətiyyəti ilə seçilən şücaətli qadın obrazına həyat vermək idi. Bu tabloda da Yudifin xain düşmən üzərindəki qələbəsi Artemiziya Centileskinin üzləşdiyi haqsızlıq üzərindəki zəfərini göstərir.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 25 avqust.- S.12.