Şuşada olmaq haqqı

 

 Mən Şuşada doğulmamışam. Şuşada yaşamamışam da. Bu şəhərdə cəmi bir dəfə, o da 2-3 saatlığa, yolüstü olmuşam. Səhv etmirəmsə, 1981-ci ilin yayı idi. Universitetin Şərqşünaslıq fakültəsində oxuyan tələbə dostumla Laçına gedirdik. Şuşada təcrübə keçən başqa bir tələbə dostumuza baş çəkməli idik. Dağ qartalı Laçına bu dəfə, həmişəki kimi, Zəngilanın, Qubadlının Həkəri çayı boyunca sıralanmış kəndlərindən keçib Güləbirddən üzü dağlara gedən yolla deyil, Ağdam istiqamətindən qalxdıq.

 

Beləcə, Şuşanı ilk və nə yazıq ki, son dəfə gördüm. Əslində, düz-əməli görə bildiyimə əmin də deyiləm. Şuşaya yaxşı bələd olan dostumla adını bilmədiyim məhəllənin hansısa küçəsindən burulub, lazım olan ünvana yetişdik və yolumuzu gözləyən dostumuzla hal-əhval tutub, çay süfrəsi arxasında bir qədər söhbətləşdikdən sonra Laçına yol aldıq. Nə Cıdır düzünə qalxdıq, nə "İsa bulağı"ndan su içdik, nə Xan sarayında, nə şairə Natavanın evində, nə də məşhur məscidlərdə ola bildik. Sadəcə, qısa vaxtda şəhərin məhəllələrindən birində görüşdüyümüz dostumuzla vidalaşıb, Şuşadan ayrıldıq. Bu qısa vaxtda yadımda qalan yeganə şey Şuşanın təmiz, son dərəcədə yüngül havası oldu. Mənə elə gəldi ki, adamın ciyərlərini bir anda dolduran o möcüzəli havada qollarımı açıb, azacıq hərəkətlənsəm, ayaqlarım yerdən üzülər, bəlkə də uça bilərdim.

 

Dağlarda çox olmuşam, bəlkə az yaşamamışam deyim. O günə qədər də təmiz, yüngül, adamda yamac aşağı yürümək, qol açıb uçmaq istəyi doğuran belə bol havalı yerləri az görməmişdim. Ancaq Şuşa ayrı bir aləm idi. Təkcə ciyərlərinlə deyil, bu havanı bütün varlığınla hiss edirdin. Bir andaca ciyərlərinin ən alt qatlarına çatan bol, saf havanın təsirindən sanki daxilinə bir rahatlıq, yüngüllük seli axır, qəlbin ən xoş hisslərlə dolur, yaşamaq eşqi ilə aşıb-daşırsan. Mən belə hissi, Şuşadakı o uçmaq havasını gənclik illərində bir dəfə də yaşamışdım. Əlbəttə, Şuşanı daha üstün bilsəm də, onun havasının bənzərini Zəngəzurda, Qafan rayonunun kəndlərindən birində ciyərlərimə necə acgözlüklə çəkdiyimi də etiraf etməliyəm. O kənd 1968-ci ilə qədər Zəngilan rayonunun inzibati ərazisi olan doğma sıra dağlara qalxan yolun kənarında, Zəngilanın sonuncu sərhəd kəndindən təqribən 15 kilometr məsafədə yerləşirdi. Bir tərəfi Ordubadın dağlarına (rəhmətlik dostumla Ordubadın Üstüpü kəndindən o yerləri uzaqdan seyr etmək də qismət oldu), bir tərəfi Qazangölə uzanan həmin cənnət timsallı ərazilər, adı bəlli Yağlı dərə, Daşkəsən, Mal gədiyi, Müşülan düzü, neçə başqa yurd yerləri Zəngilan camaatının yaylaq əraziləri idi. Havası can dərmanı olan o yerlərdə, quşqonmaz qayaların böyür-başında təmiz, saf havanın qollarımızı necə qaldırdığını da heç vaxt unutmadım. Ciyərlərimizi sevindirən bu yüngüllük duyğusunun insanlara necə şövq verməsinin, arandan gələn adamların o dağlarda ilk gündə havanın təmizliyindən başlarının gicəlləndirdiyini dediklərinin də az şahidi olmamışam. Ancaq bunların zirvəsi Şuşanın havası idi desəm, yəqin o cənnət guşələrin şöhrətinə xələl gətirməz, bizdən onsuz da incik düşən könlünü yenidən qırmaram.

 

Şuşada o da yadımda qaldı ki, üzü şəhərə, yüksəkliyə doğru burula-burula qalxan dolayı yollar və qarşıda boy verən dağlar mənə yaman tanış gəlmişdi. Bəlkə dağlara kəmər olan belə yollardan çox keçməyimdəndir?

 

Şuşa geridə qaldı. Endiyimiz dərədən, Qaladərəsi deyilən ərazidən burulan yol bizi Laçına aparacaqdı. Həmin gün Laçına ciyərlərimdən keçib yaddaşıma əbədi hopan Şuşa havası ilə getdim. Laçın həmişəki kimi, yenə bizi təmizliyi, saflığı bulaqlarının can dərmanı suyundan əskik məlhəm olmayan, uca dağlarının, yaşıl meşələrinin havasına qonaq edəcəkdi. Ancaq Şuşanın o havası sonrakı illərdə gəzdiyim, gördüyüm doğma, qərib yerlərin heç birinə bənzəmədiyindən yaddaşımda əbədi qalmaq haqqını heç vaxt itirmədi. Nə gizlədim, o vaxt bunun həm də qan yaddaşı, ruha bağlı olduğunu düşünməmişdim. Bu qənaətə çox sonralar, Şuşa ilə ikinci görüş imkanı baş tutmayandan sonra gəldim.

 

Bu şəhərlə ikinci ola biləcək, ancaq baş tutmayan görüşüm onun işğalından 3 gün sonra 1992-ci il may ayının 11-12-də Zarıslı kəndi yaxınlığında döyüşlərin getdiyi vaxta təsadüf etmişdi. Ermənilər rus silahının köməyi ilə Şuşanı, alınmaz qalamızı işğal etmişdilər. Azərbaycan Ordusunun N saylı hərbi hissəsi və ərazidə yerləşən digər hərbi qüvvələr Şuşanın bir neçə kilometrliyində, Turşsu deyilən ərazidə mövqe tutmuşdular. Zarıslıda döyüş aparılsa da, şəhərin geri qaytarılacağına heç bir ümid yox idi. Yaranmış vəziyyət barəsində həmin dövrdə biz üç nəfər jurnalist Azərbaycan Televiziyası və Müdafiə Nazirliyinin orqanı olan "Xalq ordusu" qəzeti vasitəsi ilə izləyicilərə və oxuculara məlumat çatdırmışdıq. Sonadək döyüşüb, Şuşanı geri qaytarmağa cəhd göstərməyə borclu olan qüvvələr kimisə, nəyi isə gözləyirdilər. Ən acınacaqlısı o idi ki, üç müxtəlif hərbi qüvvənin komandiri olan şəxslər Şuşanı geri qaytarmağın mümkün olduğunu, ancaq onu əldə saxlamağı bacarmayacaqlarını etiraf etsələr də, heç bir təşəbbüs göstərmək fikrində deyildilər. Bu barədə "Xalq ordusu" qəzetinin 1992-ci ilin may ayındakı saylarında qoşa imza ilə dərc edilmiş silsilə məqalələrimizdə bəhs etdiyimizi və günümüzün qələbə ovqatını nəzərə alıb, həmin hadisələrin üzərində dayanmaq istəmirəm. Ancaq tarixi yaddaş naminə bunları bir ştrix olaraq xatırladır və Şuşanın həmin vaxtkı işğalının daxili xəyanətlər olmadan mümkünsüzlüyünü bir daha vurğulayıram. Bu xəyanətlər isə bir neçə yaşayış məntəqəsinin, xüsusən də Daşaltının, Kərkicahanın, Malıbəylinin, nəhayət Xocalının işğalından başlamış, müdafiə nazirinin müavini, general-mayor Şahin Musayevin Şuşanın ətrafında yerləşən mövqelərimizi bombalatdırması və Laçın alayının buraxılması ilə əsasən tamamlanmışdı. Bütün bunlar ayrı bir yazının mövzusudur. Ancaq həqiqət budur ki, bu barədə kifayət qədər bəhs edilsə, məhkəmə araşdırması olsa da, yəqin nə vaxtsa bu mövzuya qayıdılmasına yenə ehtiyac olacaq.

 

Həmin vaxt Şuşanın bir neçə kilometrliyində olsaq da, yuxarıya qalxa, dağların qoynunda, "Tanrının ovcu"nda yerləşən bu müqəddəs şəhəri görə bilmədim. Mənimlə bərabər, bütün azərbaycanlılar, Şuşa adını onu görür-görməz ömürboyu səcdəgah bilən soydaşlarımız da 28 il yarım Şuşanı görmək imkanından məhrum oldular. Şuşa işğal edilmişdi, onun dörd yanı güney, günəşə qucaq açmış yamyaşıl dağını, düzünü, ətrafını həlqələmiş səngər qayalarını düşmən sahiblənmişdi, saf sularını, təmiz havasını düşmənin yad nəfəsi murdarlayırdı. "Uca dağ başında" yerləşən Şuşa bu dəfə tamamilə başqa ovqatla, içindəki qəzəbdən, ona yad olanlara nifrətdən odlanaraq, yanğı, həsrət dolu baxışlarını Vətən - Azərbaycan sarı çevirib xilas olunacağı günü, saatı gözləyirdi. Dərddən cadarlanmış torpağında neçə illər Xarıbülbül bitirməyən qədim Qalamız, uzun illər Qarabağın siyasi, iqtisadi, mədəni mərkəzi olmuş şəhərlər şəhərimiz haqq etdiyi azadlıq məqamını gözləyir, dağı-düzü, dərəsi-yamacı ilə dərindən bir "oxay" demək istəyirdi. Bu taleni ona yaşadan qəhrəman Azərbaycan əsgəri, Azərbaycan Ordusu, həqiqətən, müqəddəs bir işi bacardı. Əlbəttə, Ermənistanın işğalı altında olan bütün rayonlarımızın qurtuluşu müqəddəs və tarixi bir missiya idi. Azərbaycan bu missiyanı reallaşdırmaqla tarixin gedişini, ona yadların biçdiyi arzuolunmaz qədəri dəyişərək, özünün tamam fərqli gələcəyini müəyyən etdi. Bu gələcəyi xarakterizə edən başlıca amil odur ki, azad Azərbaycan torpağı üzərində yaşayan Azərbaycan insanı da azad və əbədi var olmaq haqqına sahib olub.

 

Bəs nədən Şuşa? Şuşa bizim üçün işğaldan qurtulacağı günü 28 ildən artıq, hər saat, hər an səbirsizliklə gözlədiyimiz digər rayonlarımızdan nədən daha müqəddəsdir? Bunun izahı üçün 300 yaşlı, uzun dövr Azərbaycanın böyük bir xanlığının inzibati mərkəzi olmuş bir şəhərin tarixinin hər səhifəsində kifayət qədər arqumentlər tapa bilərik. Şuşanın düşmən qarşısında bir qala, tarixin müəyyən dövründə Azərbaycanın əsas inzibati mərkəzlərdən biri, xalqımızın taleyində rol oynamış dövlət xadimləri, sərkərdələr, neçə məşhur mədəniyyət və elm adamları yetişdirmiş şəhər olduğunu, "Qafqazın sənət məbədi" sayıldığını yada salmaq yetər. Onun qəhrəmanlıq, mərdlik, mübarizə dolu tarixini vərəqləməklə bəlkə də yüzlərcə başqa arqument də gətirmək olar. Ancaq mən sadə, hamımızın şahidlik etdiyimiz bir həqiqəti yazmaqla "Nədən Şuşa" sualına aydınlıq gətirmək istərdim.

 

44 günlük Vətən müharibəsinin ilk günündən, noyabr ayının 8-dək Azərbaycan insanını böyükdən-kiçiyə birləşdirən yüksək məramlardan, ali məqsədlərdən biri bu idi ki, biz nəyin bahasına olursa-olsun, Şuşanı düşməndən azad etməliyik. Əgər bunu bacarmasaq, deməli, müharibədə qalib gəlməmişik. Müharibə yalnız bir şərtlə və bir aktla yekunlaşa, yaxud dayandırıla bilərdi - Şuşa düşmən tapdağından qurtulmaqla. "Şuşa sən azadsan!" nidası səslənənədək. Bu, düşmən üzərində ən böyük mənəvi, eyni zamanda da siyasi və hərbi qələbəmizin birmənalı rəmzi olacaqdı və oldu. Həm də necə oldu! Azərbaycan əsgəri Şuşanı qayaları qalxıb yüngül silahlarla, əlbəyaxa döyüşlə, dünyanı heyrətə salan igidliklə azad etdi.

 

Şuşa kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, doğrudan da, Azərbaycanın neçə minillik tarixinin (öz yaşı 270 il olsa da) dəyişməz rəmzlərindən biridir. Şuşanın özünün rəmzləri, hamının qəbul etdiyi simvolları da var. Qəribəsi də budur ki, həmin rəmzləri dövlət, elm, fikir adamlarının şəxsində görənlər, bu haqqı mədəniyyət nümayəndələrinə verənlər də var. Hər biri də özünə görə haqlıdır. Çünki rəmzə çevrilmiş həmin şəxsiyyətlərin arasında Azərbaycanın yetişdirdiyi çox böyük dühalar var. Onların bəzilərini kiminləsə müqayisə etməyin özü belə yolverilməz qüsurdur. Bu rəmzlər arasında Qarabağ xanlığının qurucuları Pənahəli xan, varisi İbrahimxəlil xanla yanaşı, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Səməd bəy Mehmandarov, Əhməd bəy Ağayev və başqaları var.

 

Şuşa da Gəncə, Bakı kimi, Azərbaycanın xanlıq paytaxtlarındandır ki, burada köklü, böyük şəcərəsi olan nəsillər yaşayıb və onların varisləri bu gün də həmin soyadları fəxrlə yaşadırlar. Cavanşirlər, Mehmandarlılar, Hacıbəylilər, Vəzirovlar, Axundovlar, Şuşinskilər və başqaları. Ona görə və başqaları ki, kimlərisə yaddan çıxara, haqsızlığa yol verəcəyimdən ehtiyat edirəm. Nə gizlədim, həm də şuşalı dostların haqlı iradına tuş gəlmək istəməzdim. Çünki son dərəcədə mədəni, həssas, həm də bütün vəziyyətlərdə ədalətli olmağa çalışan şuşalılar iradlarını, bir çox hallarda hətta etirazlarını da elə incəliklə, yumşaq çatdırırlar ki, xəcalət çəkirsən. Məncə, bu, onların qanında, canındadır və mübaliğəsiz demək olar ki, yaşadıqları bənzərsiz mühitdən, udduqları təmiz havadan, içdikləri saf sudan, Üzeyir bəyin ecazkar musiqisindən, Zakirin, Nəvvabın, Natəvanın incə şeirlərindən, Əbdürrəhim bəyin duzlu hekayələrindən... gəlir. Şuşada doğulub, orada yaşayıb başqa xarakterdə olmaq bəlkə də mümkün deyil. Şuşa ziyalıların, Vaqifin vəsf etdiyi qənirsiz gözəllərin, şair qəlbli, açıq fikirli insanların yaşadığı, yaratdığı şəhər olub və yəqin yenə belə olacaq. Çünki nə Şuşanın, nə də onun bugünkü sakinlərinin başqa seçimi ola bilməz. Qarabağın tacı, Azərbaycanın gözü öz tarixi ehtişamını yalnız bu halda geri qaytara, dünyanı yenidən heyran qoya bilər.

 

P.S. Yazının başlığını təsadüfi seçmədim. Çünki son vaxtlar mediada, əsasən də sosial şəbəkələrdə aralarında jurnalist dostların da olduğu bir qrup şəxs tez-tez belə fikirlər səsləndirirlər və bəzən müzakirələr də açırlar ki, erməni işğalından azad edilmiş ərazilərimizi birinci kimlər ziyarət etməlidirlər və nəyə görə. Bu fikirləri şərh etmir və hər birinə hörmətlə yanaşdığımı bildirirəm. Yalnız bir məsələni qeyd etməyi lazım bilirəm ki, ixtisasından, statusundan, yaşından, cinsindən asılı olmayaraq bütün azərbaycanlıların həmin ərazilərə səfər etmək, doğma torpaqlarda olmaq haqqı var. Mən jurnalist olduğuma görə, buna başqalarından daha artıq haqq etmirəm. Həkimin, müəllimin, fəhlənin və digər ixtisas sahiblərinin də eyni istəyi və haqqı var. Əlbəttə, bizim ümumi marağımızdadır ki, həmin ərazilərə birinci xarici diplomatları, digər dövlət rəsmlərini, xarici jurnalistləri və müxtəlif sahələr üzrə ekspertləri aparıb onlara erməni vəhşiliyinin bütün dəhşətlərini, görünməmiş dağıntıları göstərək və bunlar göstərilir. Yerli dövlət orqanlarının, dağıntıların nəticələrinin qiymətləndirilməsi və digər məsələlərlə məşğul olan nümayəndələrimizin də belə səfərlərdə öndə olmasını hamımız başa düşür və qəbul edirik. O başqa məsələdir ki, belə səfərlərdə həmin və digər qrupları mətbu və elektron medianın mümkün qədər azsaylı olmayan nümayəndələri müşayiət etməlidir və bəzi hallarda bu, nəzərə alınır. Gələcək səfərlərdə jurnalistlər bir qədər də geniş təmsil edilsələr, daha yaxşı olar.

 

Populizmi sevməsəm də, söhbət haqdan, ədalətdən gedirsə, işğaldan azad edilmiş rayonlarımıza biz ən birinci o torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin doğmalarını, ata-analarını, oğul-qızlarını, həyat yoldaşlarını aparmalıydıq. Onlara əzizlərinin qanının töküldüyü həmin torpaqlarda bir daha minnətdarlıq etməliydik. Hamımız Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə və Ağdamda olmaq arzusundayıq və buna hamılıqla haqq edirik. Təki ömür vəfa etsin, bütün insanlarımız, bu sırada birinci həmin torpaqlarda doğulub, yaşamış və əzizlərinin məzarlarını ziyarət etmək istəyi ilə qovrulan soydaşlarımız o yerlərə getsinlər. Doğrusu, qayıtsınlar sozü daha yerinə düşür. Bəli, qayıtsınlar və qayıdıb doğma yurdları yenidən cana gətirək.

 

Şuşaya... və digər rayonlarımıza getmək haqqı məhz buna görə müqəddəsdir. Haqqınıza çatasınız!

 

Lətif Şüküroğlu

525-ci qəzet.- 2021.- 25 avqust. S. 10.