Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Naxçıvanda məhkəmə
orqanları
Azərbaycan
Xalq Cümhuriyyətinin (bundan sonra - AXC) ilk vaxtlarında
ölkəmizdə məhkəmə təsisatı sistemsiz və
pərakəndə vəziyyətində olub. Belə ki,
şəhər və qəzaların bir çoxunda
hüquqşünas kadrlar, xüsusilə prokuror, müstəntiq
və hakimlər çatışmırdı, bəzi
bölgələrdə isə məhkəmə orqanları
öz fəaliyyətini demək olar ki,
dayandırmışdı.
Tarixi
qaynaqlardan aydın olur ki (ARDA, Dövlət qərarları
jurnalı, 14 noyabr 1918), AXC dövründə milli məhkəmə
hakimiyyətinin formalaşdırılması istiqamətində
bir sıra işlər görülüb, bu sahənin tənzimlənməsi
məqsədilə zəruri qanunvericilik aktları qəbul
edilib və müxtəlif səlahiyyətlərə malik olan
müəyyən məhkəmə orqanları fəaliyyətə
başlayıb. Belə ki, ölkəmizin tarixində ilk dəfə
olaraq AXC hökumətinin 14 noyabr 1918-ci il
tarixli qərarı ilə "Azərbaycan məhkəmə
palatası və onun əsasnaməsi" təsdiq olunub. Həmin
əsasnamədə deyilirdi:
1. Məhkəmə
palatasının hər bir şöbəsi sədr və
ştat üzrə müəyyən adamlardan ibarət olur;
2. Məhkəmə
palatasının sədrlərindən biri böyük sədr
təyin edilir;
3. Azərbaycan
Məhkəmə palatası tərkibindəki prokuror və
müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir;
4. Azərbaycan
Məhkəmə Palatasının idarə forması və
onun nəzdində olan prokuror nəzarəti rus
imperiyasının 1864-cü ilin və 1917-ci il
müvəqqəti hökumətin
qanunlaşdırılmış məhkəmə nizamnaməsində
nəzərdə tutulanlarla müəyyənləşdirilir;
5. Azərbaycan
Məhkəmə Palatasının hakimiyyəti və onun nəzdində
yerləşən prokuror nəzarəti bütün Azərbaycan
Respublikası ərazisində həyata keçirilir.
Əsasnamədən aydın olur ki, Azərbaycan Məhkəmə
Palatasının tərkibinə prokuror da daxil idi və onun səlahiyyət
dairəsi ölkəmizin bütün ərazisinə şamil
olunub. Sözügedən əsasnamədən bir qədər
əvvəl isə Azərbaycan Respublikasında hüquq
qaydaları və qanunçuluğun möhkəmləndirilməsi
məqsədilə Bakı, eləcə də Gəncə
şəhərlərində əvvəllər mövcud
olmuş dairə məhkəmələrinin, habelə həmin
dairə məhkəmələri nəzdində olan
barışdırıcı şöbələrin fəaliyyəti
bərpa olunub. Qeyd etmək yerinə düşər ki,
AXC-nin ilk ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədovun
"Məhkəmə idarələrinin bərpa olunması
haqqında" etdiyi məruzə əsasında Azərbaycan
Demokratik Nazirlər Şurasının qəbul etdiyi 1 oktyabr
1918-ci il tarixli qərarda deyilirdi ki, Bakı quberniyasında
qanun-qaydaların bərpa olunması və qanuni hökumətin
Bakı şəhərinə köçürülməsi
ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif
adlarla yaradılmış məhkəmələr və məhkəmə
funksiyasına malik bütün komissiyalar ləğv edilsin. Bakı idarə məhkəməsinin və onun
tabeliyində olan bütün idarələrin fəaliyyəti
bərpa olunsun.
AXC
parlamenti özünün 26 dekabr 1918-ci il
tarixli iclasında qəbul etdiyi hökumətin ədliyyə
sahəsində deklarasiyasında (AR, dokumentı i materialı
1918-1920. Bakı, Elm-1998) isə açıq
şəkildə bəyan edirdi ki, "ədliyyə hökumətin
diqqət mərkəzində olan mühüm sahələrdən
biridir. Məhkəmə orqanları olmadan heç bir
dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri
əvəz edə bilməz. Bütün
ictimai təhlükəli hərəkətlər məhkəmə
prosesində araşdırılmalıdır. Ona görə ki, bir tərəfdən təqsirləndirilən
şəxs öz günahını başa düşsün,
digər tərəfdən isə o, dövlət
aparatının ədalətliliyini hiss etsin. Ona görə də məhkəmə
icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən
biri olmalıdır. Ədalət
mühakiməsi xalqa yaxın olmalıdır. Məhkəmə
ilə əlaqəsi olmuş bir şəxs onun ədalətliliyini
başa düşməlidir, əks təqdirdə məhkəmə
özünün sosial təyinatına kifayət qədər
nail ola bilməz. Ona görə
də elə məhkəmə sistemi yaratmaq lazımdır ki,
o bütün əhali tərəfindən başa
düşülsün".
Deklarasiya onu deməyə əsas verir ki, AXC-nin
yarandığı ilk gündən etibarən böyük
önəm verdiyi prioritet məsələlərdən biri məhz
ölkədə hüquqi dövlət quruculuğu prinsipinə
söykənən müstəqil məhkəmə sisteminin təsis
edilməsi olmuşdur.
Ümumilikdə
götürdükdə, etiraf etmək lazımdır ki, bu
günədək AXC dövrünün məhkəmə
sistemi ilə bağlı məsələlər müəyyən
qədər tədqiqata cəlb edilsə də, həmin dönəmdə
Naxçıvanda mövcud olmuş məhkəmələrin
strukturu və fəaliyyəti, bir neçə tədqiqat
işi xaricində, demək olar ki, çox az
araşdırılıb. Halbuki
Naxçıvanın dövlət və hüquq tarixinin əhəmiyyətli
bir hissəsi, özü də ən maraqlı və ciddi tədqiqata
ehtiyac duyulan sahəsi məhz AXC dönəmində
Naxçıvanda məhkəmə orqanlarının strukturu
və fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, zəngin dövlətçilik ənənələrinə
malik, son yüzillikdə özünəməxsus siyasi
muxtariyyətə xas idarəçilik forması ilə idarə
olunan Naxçıvanda məhkəmə orqanlarının AXC
dövründə keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi
son dərəcə mühüm elmi və təcrübi əhəmiyyətə
malikdir. Təqdirəlayiq haldır ki, söhbət
açdığımız məsələ haqqında
"Naxçıvanın məhkəmə tarixi" adlı
kitabdan (Naxçıvan, "Əcəmi", 2018, s. 59-64)
maraqlı və dəyərli məlumatlar əldə etmək
mümkündür (kitabın həmmüəlliflərindən
biri kimi bu məqalənin müəllifi məhz söhbət
açılan məsələyə dair fəsli işləyib).
Məlum
olduğu kimi, 1918-ci ilin ortalarında Naxçıvan
osmanlıların nəzarəti altında idi və həmin
vaxtlar Osmanlı ordusunun II alay komandiri
Sürəyya bəy Naxçıvana məhəlləyi-rəisi
(qəza rəisi) təyin olunmuşdu. Sürəyya
bəy Naxçıvan əhalisinin nümayəndələri
ilə keçirdiyi yığıncaqdakı
çıxışında milli komitənin ləğv
edildiyini, yerində jandarma, ədliyyə və bələdiyyə
idarələrinin yaradıldığını bildirmişdi.
Təəssüf ki, o dövrlər Naxçıvanda məhkəmə
orqanlarında fəaliyyət göstərənhakimlər və
dövlət məmurları barədə əlimizdə o qədər
də geniş məlumat yoxdur. Tədqiqatlar (M.B.Əliyev. Qanlı günlərimiz (1918-1920 Naxçıvan).
Bakı, "Azərnəşr", 1992, s. 72) onu göstərir
ki, həmin vaxt Naxçıvanda mülki məhkəməyə
Şeyx-Kərim Axundzadə, Cabbar Kələntərov, Vəli
ağa Kəndlinski, Abbasqulu bəy Tahirov və İbrahim
paşa Kəngərlinski təyin edilib.
"Naxçıvan tarixi" çoxcildliyinin II cildinə
(Naxçıvan tarixi. Üç cilddə, II cild,
Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poloqrafiya
Birliyi, 2014, s. 238) nəzər saldıqda, aydın olur ki,
Naxçıvanda Araz-Türk Respublikası zamanında
hökumətin başçısı naxçıvanlı
Əmir bəy Əkbərzadə olmuşdur. O dövrdə
hökumətin tərkibi sədrdən və 6 üzvdən
ibarət idi ki, onun tərkibində ədliyyə naziri vəzifəsi
yaradılaraq bu sahədə nazir səlahiyyəti Məmməd
Bəyzadəyə həvalə olunub. Adı
çəkilən mənbəyə görə, o dövrdə
hökumətin tərkibinə Lütfi Xoca Ekid Əfəndi
şeyxülislam kimi üzv olub. Bu fakt isə
böyük yəqinliklə həmin dövrdə
Naxçıvanda islam hüququnun
böyük önəm daşıdığı, müəyyən
mübahisəli mülki məsələlərin və cinayət
işlərinin həllində ədalət mühakiməsinin
həmçinin, şəriət qaydaları əsasında
da həyata keçirildiyi fikrini yürütməyə əsas
verir. Lakin təəssüflər olsun ki, AXC
dövründə Naxçıvanda məhkəmə
orqanlarının strukturuna və fəaliyyətinə dair əlimizdə
məhdud sayda tarixi məlumat və sənədlərqaldığından
bu barədətəfərrüatlı şəkildə
söhbət aça bilmirik. Eyni zamanda, unudulmamalıdır
ki, həmin dövrdə Araz-Türk Respublikasının fəaliyyətinə
son qoyulması, bu diyarın erməni-daşnak
işğalına məruz qalması və qanlı müharibələr
meydanına çevrilməsi, 1919-cu ildə bölgədə
ABŞ general-qubernatorluğunun yaradılmasına cəhdlər
göstərilməsi Naxçıvanda məhkəmə
orqanlarının formalaşmasına böyük əngəl
törədən faktorlar olub.
Həmin dövrdə Naxçıvanda ermənipərəst
siyasətin nəticəsində bölgədə məhkəmə
orqanlarının rəhbərliyinə başqa millətlərdən
olan şəxslər gətirilmişdir. Təbii ki, bu
cür riyakar işlərin görülməsi obyektiv ədalət
mühakiməsinin həyata keçirilməsinə nail olmaq
deyil, sadəcə günahsız yerli əhaliyə qərəzli
və xain münasibət nümayiş etdirməkdən irəli
gəlmişdir.
Faktlara müraciət etsək, Naxçıvanın məhkəmə
orqanlarında həyata keçirilən bu məkrli kadr
oyunbazlığının ciddi narazılığa səbəb
olmasıasanlıqla göz önünə gətirilə bilər. Arxiv mənbələrinə
(ARDA, f. 894, siy. 2, iş 94, v. 2.) əsasən 1919-cu ilin
yanvarın 5-də Bakıda İrəvan quberniyasında
yaşayan azərbaycanlı nümayəndələrin keçirdiyi
fövqəladə iclasda yaradılmış quberniya müsəlmanlarının
həmyerlilər cəmiyyətinin nümayəndəsi
M.Mirbağırov AXC hökumətinin razılığı
ilə 1919-cu il fevralın 19-da Naxçıvana
çatmış, burada olduğu müddətdə bölgədəki
və ətraf yerlərdəki siyasi, hüquqi və hərbi
vəziyyətlə tanış olduqdan sonra Azərbaycan
hökumətinə bir sıra təkliflərini verib. Bu təkliflər içərisində "Mülki
və məhkəmə idarələrinin rəhbərliyinə
baş məmurlar mütləq azərbaycanlılar təyin
edilməlidirlər" təklifi yuxarıda bəhs etdiyimiz
narahatçılığın son dərəcə ciddi əhəmiyyət
daşıdığını bir daha sübut edir.
Elmi araşdırmalardan (İbrahim Ethem Atnur. Osmanlı idarəçiliyindən
sovet idarəçiliyinə qədər Naxçıvan
(1918-1921). Naxçıvan, "Əcəmi", 2013, s.
178) aydın olur ki, ingilis valisi Simpsonun ermənilərin 1919-cu
ilin may ayının 14-də Naxçıvana gələcəyini
bildirməsi xəbərini eşidən kimi
naxçıvanlılar dərhal Milli Şura binasına
yığışmış və aşağıdakı qərarları
qəbul ediblər: 1. Erməniləri qarşılamağa
Şura sədrindən başqa heç kim getməyəcək;
2. Ermənilərə xidmət edənlər edam
olunacaqdır; 3. Hər kəs yeni yaradılan Milli Komitəni
tanıyacaq, şikayətlərini oraya edəcəklər; 4.
Erməni hökumətini və məhkəməsini
tanımayacaqlar. Onlara şikayət edənlər
cəzalandırılacaqdır; 5. Erməniyə
tabe olmamaq üçün İrana qaçanlara icazə
verilməyəcək. Çünki onlar
var-dövlətlərinə arxayın olub qaçacaq, fəqir-füqəranı
ermənilər məhv edəcək.
İngilislərin fəal dəstəyinə baxmayaraq,
Naxçıvan xalqı nəinki erməni hökumətini və
məhkəməsini tanımayacaqlarını bəyan
etmiş, hətta erməni daşnaklarına qarşı
böyük əzmkarlıqla mübarizə apararaq təslim
olmamış, 1919-cu ilin iyulun 18-25-də bir həftəlik
qızğın döyüşlər nəticəsində mənfur
düşmənlərimizi doğma yurdumuzdan qovub
çıxarmışlar.
Bütün bunlar onu deməyə əsas verir ki,
Naxçıvan 1918-1920-ci illərdə çox həssas və
keçməkeşli bir dövr yaşamış və həmin
dövrdə burada nəinki dövlət hakimiyyəti
orqanları, o cümlədən, məhkəmələr
normal fəaliyyət göstərə bilmiş, heç
dövlət quruculuğunun belə formalaşmasına real
imkan olmamışdır.
Dediklərimizi
yekunlaşdırsaq, belə bir nəticəyə gəlmək
olar ki, 1918-1920-ci illərdə təkcə Naxçıvanda
deyil, bütövlükdə Azərbaycanda geniş diapazonlu və
qalıcı hüquqi islahatlar gerçəkləşdirilə
bilməmiş, nəticə etibarilə AXC dövründə
vahid məhkəmə sisteminin təsisi prosesi
yarımçıq qalmışdır.
Beləliklə,
çox təəssüflər olsun ki, 1920-ci il
aprelin 27-də, axşam saat 11-də Azərbaycan parlamenti
hakimiyyətin bolşeviklərə təhvil verilməsi
haqqında qərar qəbul etməyə məcbur olub.
Ümid edirik ki, yaxın gələcəkdə
ölkəmizdə AXC dönəmində məhkəmə
orqanlarının təşkili, onların strukturu və fəaliyyəti,
bu orqanlarda xidmət etmiş hakimlər və digər dövlət
məmurlarının şəxsiyyəti barədə daha
geniş şəkildə araşdırmalar aparılacaq, bu
sahədə olan arxiv sənədləri aşkara
çıxarılaraq ətraflı şəkildə tədqiqata
cəlb ediləcək.
Yunis
XƏLİLOV
Naxçıvan
Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet.- 2021.- 26 avqust.- S.13.