"Azərbaycanda
çayçılıq sahəsində bir
sıra uğurlu nəticələr əldə
edilib"
Çay
və sitrus bitkilərinin tədqiqi və yetişdirilməsi sahəsində əhəmiyyətli
uğurlara imza atan AMEA Lənkəran
Regional Elmi Mərkəzində
(REM) son illər ənənəvi
bitkilərlə yanaşı,
region üçün yeni
olan çay və sitrus bitkilərinin yerli mühitə uyğunlaşdırılması
və daha məhsuldar sortların yaradılması, Lənkəran-Astara
bölgəsinin zəngin
bitki örtüyünün
və arxeoloji abidələrinin öyrənilməsi
kimi mühüm işlər görülür.
Lənkəran REM-in direktoru, Əməkdar
aqronom, aqrar elmlər doktoru, professor Fərman Quliyev Mərkəzdə görülən
işlər, aparılan
tədqiqatlar və perspektivdə nəzərdə
tutulan tədbirlərlə
bağlı suallarımızı
cavablandırıb.
***
- "Azərbaycan Respublikasında
kənd təsərrüfatı
məhsullarının istehsalına
və emalına dair Strateji Yol
Xəritəsi", həmçinin,
cənub bölgəsi
üçün vacib
olan, 2018-ci ildə qəbul edilmiş çayçılığın, sitrus meyvəçiliyinin
və çəltikçiliyin
inkişafına dair dövlət proqramı ölkə iqtisadiyyatın
rəqabət qabiliyyətliliyinin,
əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına
böyük töhfələr
verir. Bu gün
ölkəmizdə çayçılığın
əvvəlki şöhrətini
qaytarmaq üçün
vacib addımlar atılır.
AMEA Rəyasət Heyətinin
qərarı ilə
2005-ci ildə yaradılan,
əsasən 2015-ci ildə
fəaliyyətə başlayan
AMEA Lənkəran Regional Elmi
Mərkəzinin qarşısında
duran başlıca məqsədlərdən biri
də Azərbaycan üçün bu unikal sahənin inkişafına dəstək
vermək, qeyd olunan dövlət proqramlarından irəli gələn vəzifələrin
icrasını təmin
etməkdir. Regional Elmi Mərkəz tərəfindən
Lənkəran-Astara bölgəsinin
floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi
və qiymətləndirilməsi,
nadir bitkilərinin bioekoloji
və fitosenotik xüsusiyyətlərinin araşdırılması,
Lənkəran-Astara bölgəsi
şəraitində çay,
sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması,
yeni sortların seçilməsi və yaradılması istiqamətində
əhəmiyyətli işlər
görülməkdədir.
- Regional Elmi Mərkəzdə Lənkəran-Astara bölgəsi
üçün xarakterik
çay və sitrus bitkilərinin yeni yüksək məhsuldar və davamlı sortlarının
yaradılması və
artırılması istiqamətində
hansı tədbirlər
görülür?
- Regional Elmi Mərkəz çayçılıq sahəsində
bir sıra uğurlu nəticələr
əldə edib. Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyi Meyvəçilik
və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun
Lənkəran çay
filialı bazasında
elmi-tədqiqat işlərinin
müştərək aparılması
üçün bağlanmış
müqaviləyə əsasən,
mərkəzdə çay
bitkisinin ən yaxşı sort və formalarının seçilməsi,
Lənkəran-Astara bölgəsi
şəraitində introduksiya
olunması, öyrənilməsi,
yeni sortların yaradılması üçün
tədqiqat işləri
aparılıb. Tədqiqatlar
zamanı uzun illərdən bəri çay bitkisinin 50-dən
çox sort və formaları öyrənilərək,
müəyyənləşdirilib, sınaqdan keçirilib və bir sıra
uğurlu nəticələrə
nail olunub. Seçilmiş çay kollarının
morfoloji, bioloji məhsuldarlığı və
məhsulun keyfiyyət
göstəriciləri öyrənildikdən
sonra həmin kollardan çilinglər tədarük edib, vegetativ üsulla çoxaldılaraq Lənkəran
çay filialının
klon tədqiqi təcrübə sahəsində
hərtərəfli öyrənilib,
nümunəvi anaclıq
sahəsi yaradılıb.
Aparılan elmi-tədqiqat
işlərinin nəticəsində
"Fərmançay", "Lənkəran", "Xəzər", "Fərmançay
çəhrayı" sortları
yaradılıb, sort sınağından
uğurla keçərək
Dövlət Reyestrinə
salınıb.
Bölgənin münasib torpaq-iqlim şəraiti digər subtropik bitkilərin də sənaye miqyaslı yetişdirilməsi
üçün imkanlar
açdığından Mərkəzdə
bu bitkilərin yetişdirilməsi üçün
də tədqiqatlar aparılıb. Sitrus bitkiləri üzərində
aparılan elmi tədqiqatlar zamanı yeni limon
və naringi sortu əldə olunub. Yeni limon "Lənkəran
meyeri" ("Meyer ağçiçək")
və naringi "Karlik tezyetişən"
sortları yüksək
məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə
qarşı dözümlülüyünə
və asan becərilməsinə görə
fərqlənirlər.
Son dövrlərdə bölgəmiz
üçün yeni tropik-subtropik bitki olan quayava (Psidium
Quayava) ilə bağlı apardığımız
elmi tədqiqat işləri isə respublikamız üçün
yeni sahədir. Müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən
bu möcüzəvi bitkinin bioekoloji xüsusiyyətləri və
becərilməsi imkanları
öyrənilib, onun çoxaldılmasında uğurlu
nəticələr əldə
edilib.
Lənkəran-Astara rütubətli subtropik bölgəsində bir sıra digər meyvə və bitkilərin (feyxoa, kivi, nəcib dəfnə, bambuk və s.) sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcud olduğundan onların materiallaşdırılmasına da diqqət yetiriləcək.
- Aparılan elmi-tədqiqat işləri nəticəsində
4 yeni çay sortunun sınaqdan uğurla keçərək
Dövlət Reyestrinə
salındığını qeyd etdiniz. Bu
yeni çay sortları nə kimi üstünlüklərə
malikdir?
- Birgə əməkdaşlıq
nəticəsində yaradılmış
çay sortları əvvəllər rayonlaşdırılmış
"Azərbaycan-2" çay sortu ilə müqayisə olunub, məlumatlar toplanıb və müqayisəli şərhi verilib. Yeni yaradılmış sortlarda
məhsuldarlıq, keyfiyyət
göstəriciləri və
digər üstünlüklər
müşahidə edilib.
Çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif
forma və klonları
üzərində aparılan
elmi-tədqiqat işləri
nəticəsində 2015-ci ildə üç klon-sort, 2016-cı ildə
isə bir klon-sort Dövlət Sort Sınağına qəbul
olunub, "Fərmançay",
"Lənkəran", "Xəzər", "Fərmançay
çəhrayı" sortları
adı altında Dövlət Reyestrinə salınıb. Hərtərəfli öyrənilmiş bu perspektiv klon-sortlar
təsərrüfat göstəricilərinə
görə buana kimi rayonlaşdırılmış
çay seleksiya sortundan - nəzarət variantından çox yüksək göstəricilərə
malikdir. Gələcəkdə bu sortların vegetativ üsulla artırılıb təsərrüfatlara
verilməsi ölkə
ərazisində çayçılığın
intensiv inkişafına
təkan verəcək.
- Bu yaxınlarda Lənkəran
REM və AMEA Dendrologiya
İnstitutu arasında
birgə elmi-texniki əməkdaşlıq barədə
memorandum imzalanıb. Sənəddə birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi nəzərdə
tutulub. Memoranduma əsasən Lənkəran
REM-də hansı işlərin görülməsi
planlaşdırılır?
- Azərbaycanda Bioloji Müxtəlifliyin Qorunmasına
və davamlı istifadəsinə dair Fəaliyyət planı çərçivəsində AMEA tərəfindən tapşırılmış
işlərin icrasının
təmin edilməsi məqsədilə Lənkəran
REM və AMEA Dendrologiya
İnstitutu tərəfindən
biomüxtəlifliyin öyrənilməsi
üzrə birgə elmi tədqiqatların aparılması, ərazinin
torpaq iqlim şəraitinə uyğun
bitki assortimentinin artırılması və
nəticələrdən birgə
istifadə nəzərdə
tutulur. Bu məqsədlə
Lənkəran ərazisində
bitki örtüyünün
fəsilə, cins və növlərinin miqdarının müəyyənləşdirilməsi,
flora elementlərinin tam siyahısının
tərtibi, növlərin
sistematik icmalının
hazırlanması, ərazidə
yaşlı bitki nüsxələrinin yaş
strukturunu təyin etməklə dendroxronoloji
təhlilin aparılması,
onların təbiət
abidəsi kimi sertifikatlaşdırılması, Lənkəran REM-də dendroloji tədqiqatların
aparılması üçün
lazım olan müasir avadanlıqlar, cihazlar və digər maddi-texniki resurslardan ibarət laboratoriyanın yaradılması
planlaşdırılır. Bundan əlavə, bioloji müxtəliflik komponentlərinin mövcud
vəziyyətinin qiymətləndirilməsi,
ekspedisiyaların təşkili,
herbari və toxum kataloqunun hazırlanması, nadir və
nəsli kəsilməkdə
olan növlərin yayıldığı ərazilərin
monitorinqi, dərman bitkilərinin davamlı istifadəsinin təmin edilməsi, onların qanunsuz tədarükü və satışına nəzarətin gücləndirilməsi
üzrə birgə elmi-tədqiqat işlərinin
təşkili və həyata keçirilməsi
istiqamətində tədbirlər
görülür.
- Lənkəran REM-in fəaliyyətində gələcəkdə
nə kimi yeniliklər nəzərdə
tutulur?
- Mərkəzin fəaliyyətinin
daha səmərəli
təşkilinə nail olmaq
üçün fəaliyyət
proqramına bir sıra yeni istiqamətlərin də əlavə edilməsi vacibdir. Bunun üçün Lənkəran-Astara bölgəsi
şəraitində fəaliyyət
göstərən elmi
tədqiqat müəssisələrində
aparılan tədqiqatların
vahid mərkəzdən
idarə olunması modeli hazırlanmalı, elmi tədqiqatlar üzrə ekspertiza aparılmalı, səmərəliliyin
qiymətləndirilməsi üzrə
tədbirlər həyata
keçirilməlidir. Yaşıllaşdırma məqsədilə
bölgədə mövcud
eqzotlardan, qiymətli subtropik bitkilərdən maksimum istifadə etməklə bütün
əsas və yardımçı yolların
kənarlarında, parklarda,
xiyabanlarda bu bitkilərdən istifadə
olunması məqsədilə
bəzək bağçılığı
və gülçülüyü
üzrə elmi tədqiqatlar aparılmalı,
fundamental və tətbiqi
elmi tədqiqatların
təşkilinə, elmtutumlu
təsərrüfat subyektlərinin
və elmi-istehsalat yönümlü təcrübə-sınaq
zavod-fabriklərin yaradılmasına,
elm və istehsalatın
qarşılıqlı əlaqələndirilməsinə
nail olunmalıdır. Bununla yanaşı,
Lənkəran REM-in daimi
inzibati bina və elmi-tədqiqat işlərinin aparılması
məqsədilə torpaq
sahəsi ilə təmin olunması da həllini gözləyən vacib məsələlərdəndir.
Nərgiz
QƏHRƏMANOVA,
AMEA Rəyasət
Heyəti aparatının İctimaiyyətlə əlaqələr
və informasiya şöbəsinin sektor müdiri
525-ci qəzet.- 2021.- 26 avqust.- S.12.