"Azərbaycan
2030: Milli Prioritetlər"də
ali təhsilin
rolu
Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilən "2019-2023-cü illər
üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"
ali təhsil
sisteminin yeni və müasir inkişaf istiqamətlərinin,
strateji hədəflərinin
müəyyən edilməsi
baxımından çox
böyük əhəmiyyət
kəsb edir. Bu proqramın həyata
keçirilməsi gənclərə
həm elmi tədqiqatlarla məşğul
olmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə
imkanlar yaradır.
2019-2023 Dövlət Proqramı"nın direktoru Turan Topalova deyir ki, "2019-2023 Dövlət Proqramı"
Prezidentin 711 nömrəli
2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə respublikamızda
ali təhsil
sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi
üçün yerli
ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil
müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə
bağlı Azərbaycan
vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət
Proqramının icra istiqamətlərindən biri
olan xaricdə doktorantura təhsilinə
ilk sənəd qəbulu
2019-cu ildə başlayıb
və artıq
4-cü sənəd qəbulu
elan edilib. Hazırda 13 ölkənin 43 ən nüfuzlu universitetlərində
84 doktorantımız təhsil
alır.
Onun sözlərinə görə,
xaricdə doktorantura təhsili 7 prioritet ixtisas istiqamətləri üzrə dünyanın
top 500 universitetində beynəlxalq
reytinq cədvəlləri
("Times Higher Education World University Rankings", "Academic
Ranking of World Universities") doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsi üzrə
təhsil alan namizədlər üçün
nəzərdə tutulub:
"Eyni zamanda qeyd etmək istərdim ki, "Təhsil haqqında" Qanununun 5.4-cü maddəsinə
əsasən "Dövlət
orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun
olaraq təhsilalanların
yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir".
Turan Topalova bildirib ki, proqrama
müraciət etmək
istəyən tələbələr
elektron qaydada dp.edu.az saytına daxil olaraq qeydiyyatdan keçirlər. Namizədlərin seçimi iki
mərhələdən ibarətdir.
İlk mərhələdə rəsmi
veb-səhifə üzərindən
elekron ərizə doldurulmalı və tələb olunan sənədlərin skan edilmiş surəti əlavə edilərək
elektron ərizə təsdiq olunmalıdır.
İlkin
mərhələdə mütəxəssislər
tərəfindən sənədlərin
ekspertizası aparılaraq
namizədlərə sənədlərin
düzgünlüyü barədə
məlumat verilir.
Birinci mərhələni uğurla
başa vuran namizədlər bilik və bacarıqlarının
qiymətləndirilməsi üçün
komissiya üzvlərinin
iştirak etdiyi müsahibə mərhələsinə
dəvət olunur.
Bu mərhələni də uğurla başa vurmuş namizədlər "2019-2023 Dövlət
Proqramı" çərçivəsində
xaricdə doktorantura təhsili almaq hüququ qazanırlar.
Turan Topalovanın dediyinə görə, namizədlərə
xaricdə doktorantura təhsili üçün
sənəd qəbulu
açıq elan edilən zaman vaxt itirməmələri üçün vacib sənədlərdən olan
dünyanın top-500 universitetlərin
birindən prioritet ixtisas istiqamətləri üzrə əldə edilmiş qəbul sənədi, yerli ali təhsil müəssisələrdən (ATM) əldə edilən razılıq məktubu və tədqiqat planını əvvəlcədən
əldə etmələri
və elan müddəti bitənədək
sadalanan vacib sənədlərlə birgə
digər sənədləri
də toplayaraq elektron ərizələrini
təsdiqləmələri tövsiyə olunur.
Bəs
"2019-2023 Dövlət Proqramı"na qəbul tələbələr qarşısında
hansı öhdəliklər
qoyur?
Turan Topalova vurğulayıb ki, müvafiq seçim qaydalarına əsasən, dünyanın
nüfuzlu universitet və laboratoriyalarında tədqiqat aparacaq doktorantlar məzun olduqdan sonra Azərbaycana qayıdaraq 5
il müddətində
müqavilə bağladığı
yerli ali təhsil müəssisəsində
fasiləsiz pedaqoji fəaliyyət göstərmək
üçün yerli
ali təhsil müəssisələrindən razılıq məktubu almalıdırlar. Bununla yanaşı, proqram çərçivəsində təhsil almış yüksəkixtisaslı mütəxəssislərin
çalışacaqları yerli ali
təhsil müəssisələrində
kadr potensialını
inkişaf etdirməsi,
impakt faktorlu elmi jurnallarda məqalələrini dərc
etdirməsi, kurrikulumların
beynəlxalq standartlara
uyğunlaşdırılması və s. istiqamətlərdə
dəstək verməsi
qarşıya qoyulmuş
əsas hədəflərdəndir.
Üçtərəfli müqavilənin iştirakçılarından
biri də universitetlərimizdir. Onlar doktorantura təhsilinin
yeni formatda təşkilinə müsbət
baxırlar. Bəs proqrama
qoşulan universitetlərin
əhatə dairəsinin
genişlənməsi nəzərdə
tutulurmu?
Turan Topalovanın söylədiyinə görə, "2019-2023 Dövlət Proqramı"nın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir. Hal-hazırda 14 yerli ali təhsil müəssisəsi (ATM) ilə birgə əməkdaşlıq əlaqələləri çərçivəsində işlər görülməkdədir. 2021-ci il payız qəbulları üçün yerli tərəfdaş ATM-lərin sayının genişləndirilməsi və bölgələrdə yerləşən ATM-lərin cəlb olunması istiqamətində fəaliyyətin aparılması nəzərdə tutulub. Bununla bağlı davamlı addımlar həyata keçirilir.
Proqramda nəzərdə tutulan prioritet ixtisas istiqamətləri necə müəyyən olunur və Azərbaycanın inkişafı baxımından daha çox hansı ixtisaslara üstünlük verilir?
Turan Topalova qeyd edib ki, Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il tarixli Qərarı ilə tənzimlənir. Proqram çərçivəsində maliyyələşmə 7 prioritet ixtisas istiqaməti üzrə aparılır. Bunlar: Təbiət, Kənd təsərrüfatı, Səhiyyə və rifah, Texniki və texnoloji, İqtisadiyyat və idarəetmə, Təhsil, Humanitar və sosial ixtisas istiqamətləridir.
Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan 2030: Milli Prioritetlər"də ali təhsil sahəsində nəzərdə tutulan hədəflərə çatmaqda "2019-2023 Dövlət Proqramı"nın rolu və əhəmiyyəti çox böyükdür.
Turan Topalova bildirib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sərəncamına əsaslanan, ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərin hər birinin həyata keçirilməsi üçün kadr potensialının gücləndirilməsi əsas şərtlərdəndir. "2019-2023 Dövlət Proqramı"nın da məqsədi beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına, ölkənin əmək bazarının tələbatı əsasında müəyyənləşən peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunmasıdır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 26 avqust.- S.10.