Tarixləşən bəşəri ömür
Ömür yaşanılan illər deyil. Ömür
xalq üçün, millət üçün, dövlət
üçün, dövlətçilik üçün
yaşanılan aylardır, illərdir. Belə
ömürlərə dəyərli ömür deyilir, amma xəlqi
ömür də deyilməlidir. Ömür
məfhumunun fəlsəfəsiylə işıq ifadəsinin
fəlsəfəsi arasında ilahi bir doğmalıq var. Dəyərli
ömürlər, xəlqi ömürlər də bu səbəbdən
işıq kimi, nur kimi, ziya kimi bəşəri ehtiramlarla əhatələnir.
İşıqlı düşüncələr
işıqlı fəaliyyətdir, işıqlı fəaliyyət
bəşəriliyə xidmətdir; ictimaiyyət min illərdi
dəyərli ömürlərdən, xəlqi ömürlərdən
barınır - durulur, xoş ovqat yaşayır.
Tarixi belə ömürlər tarixləşdirir.
Mehriban xanım Əliyeva Azərbaycanda da, xarici dövlətlərdə
də Vətənini, xalqını, dövlətini, dövlətçiliyini
bənzərsiz sevgi ilə sevən, praqmatik təfəkkürlü,
islahatçı xanım lider kimi tanınır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
milli mədəniyyətimizin hamisidir. İctimaiyyət
Mehriban xanım Əliyevanı belə tanıyıb, belə
sevib, belə sevir. Bu sevgini tarix dan yeri
çiçəklərin ləçəklərində
alışan şeh bilib, xırda budaqlarda gözçəkən
yarpaqları titrədən meh bilib, yaz
yağışından sonra göy üzünü kürmələyən
qövsi-qüzeh bilib. Ona görə belə
səmimi, ona görə belə bəşəridir.
Xalq Mehriban xanım Əliyevaya inanıb, güvənib,
inanır, güvənir. Xalq fəlsəfəsi, xalq
düşüncə tərzi bu inamı, bu güvənci
Tanrı xeyir-duası bilir. Ona görə
belə ecazkardır.
Mehriban xanım Əliyeva olduqca səmimi insandır. Onun hər
fikri dürüstlüyün, düzlüyün, həyati
gerçəkliklərin ifadəsi kimi qəbul edilib, edilir,
ediləcək də. Böyük tarixi
şəxsiyyət Heydər Əliyev haqqında minlərlə
fikir deyilib. Mehriban xanım Əliyevanın dedikləri
xarakter yetikliyi baxımından bütün deyilənlərin
fövqündədir: "Ulu öndər Heydər Əliyev
müdrik, güclü, cəsarətli, nəhəng intellektə
və yenilməz iradəyə malik insan idi. Eyni
zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o,
çox xeyirxah, mərhəmətli və humanist insan idi.
Adi insanla münasibətdə o, çox sadə
və ədalətli idi".
Heydər Əliyev Fondunun fəaliyyətinə bələd
olanlar (bu fəaliyyətin şəffaflığı
haqqında KİV-də kifayət qədər geniş
informasiyalar verilib) bilir və təqdir edir ki, Mehriban xanım
Əliyeva kifayət qədər xeyirxahdır, əqidə ilə
yaşayıb, əqidə ilə yaşayır, dövlətə,
dövlətçiliyə sədaqətlidir. Mehriban xanım
Əliyeva illəri sarsılmaz həqiqətlərlə
yaşayır. Bu, onun həyat fəlsəfəsidir.
Bu fəlsəfənin mühüm tərkib hissələri
əxlaq və mədəniyyətdir, insaniyyət və şəfqətdir,
inam və məhəbbətdir, xeyirxahlıq və saf niyyətlərdir.
Bunlar hər insana qismət olmayan yüksək əxlaqi
dəyərlərdir.
Mehriban xanım Əliyeva insanları,
insanlığı sevib, indi də sevir. Bu sevgi mədəniyyətin
və mədəni irsin cəfakeşi olub, indi də cəfakeşidi.
Bu sevgi Azərbaycana sevgi idi, azərbaycançılığa
sevgi idi, Azərbaycan mədəniyyətinə, incəsənətinə,
ədəbiyyatına sevgi idi. Bu sevgi
sonralar Azərbaycan incəsənətinin, bu sıradan
muğamlarımızın inkişafının səyyarəsi
oldu. Bu sevgi Bakıda Beynəlxalq Muğam
Mərkəzi, regionlarda yeni muzey və musiqi məktəblərinin
inşa edilməsini gerçəkləşdirdi; bunlar həmin
sevginin zərrəsi idi. Beynəlxalq təşkilatlarla,
o cümlədən, UNESCO və İSESCO ilə əməkdaşlıq
bu sevgidən rişələnərdi. Bu sevgidə
qüdrətə bax: İçərişəhər,
Şirvanşahlar sarayı, Qız qalası, Qobustan
qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə
Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya
İrs Siyahısına daxil edildi!
Gözəl, gərəkli ideya xalqa, millətə
sevgiylə gerçəkləşir. Belə gerçəkləşmə
zaman anlamında dünənki tarixi yaşatmaqdı, tarix
yaratmaqdı. Belə yaratma, belə yaşatma bir
bayatıda deyildiyi kimi,
Tikmədim
özüm qalam,
Tikdim ki,
izim qala, -
mahiyyətlidir. Böyük ürəkli insanların sevgisi dünyəvi
sevgi olur; Mehriban xanım Əliyeva böyük sevgilərlə
bu bayatının fəlsəfəsinin
işığını həmişə
xalqımızın sabahkı tarixlərinə yönəldir:
Mehriban xanım Əliyevanın təşəbbüsü,
bilavasitə fəaliyyəti 2008-ci ildə muğam, 2009-cu ildə
aşıq sənəti, 2009-cu ildə Novruz bayramı, 2010-cu
ildə xalça toxuculuğu, 2012-ci ildə tar
ifaçılığı sənəti, 2018-ci ildə
"Dədə Qorqud" dastan mədəniyyəti,
nağılları və musiqisi UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına salınması ilə nəticələndi.
UNESCO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı var. Buna bələd olanlar
yaxşı bilir ki, "təcili" ifadəsi təxirəsalınmaz
anlamındadır və itib-batmanın
qarşısının alınması zərurətini
bildirir. Mehriban xanım Əliyevanın
xalqımızın dünəninə (deməli, sabahına!)
müqayisəyəgəlməz xidmətlərindən biri də
2013-cü ildə Çovkan atüstü oyununun, 2018-ci ildə
Naxçıvanın ənənəvi qrup rəqsləri-yallının,
köçərinin, tənzərənin bu siyahıya
salınmasıdır.
Ana sevgisi, müqəddəsliyə müqəddəs
münasibət bütün mənəvi keyfiyyətlərin
fövqündə dayanıb. Yüz-yüz illərdi
belə olub, belə də olacaq. Bu tezisi
hamı düşüncələrinə eyni dərəcədə
hopdura bilirmi? Yox, belə qüdrət ancaq
Allaha bir duyum qədərincə yaxın olanlara nəsib olur.
Ana sevgisindən söz düşəndə Cəfər
Cabbarlının "Ana" şeirinin son misrasını
xatırlayırıq:
Ana, mən
sənə rahibəm itaətdə...
Ana yaşında ana itirənlərin ana sevgisinə
böyük ehtiramım olub və bu ehtirama elə sevgi
hökmündə ehtiram deyərdim. Mehriban xanım
Əliyevanın ana sevgisi bu günün gənclərinə,
yeniyetmələrinə örnəkdir. Böyük
insanlar haqqında böyük insanların səmimi fikirləri
bütün zamanlarda yaşam fəlsəfəsini müəyyənləşdirən
tezislərdir: "...Məsuliyyət hissini, hər bir işin
əvvəlindən maksimum nəticə əldə etməyə
çalışmağı, özünə tələbkar və
intizamlı münasibəti mənə anam - nəcib, parlaq,
prinsipial, istedadlı, məğrur, son dərəcə
gözəl bir xanım olan Aida İmanquliyeva
aşılayıb. Hər bir ədalətsizliyə
qarşı barışmaz mövqedə dayanan, işinə,
elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli
olan anam öz qısa həyatında inanılmaz zirvələri
fəth etdi. O, müasir ərəb ədəbiyyatının
tədqiqi sahəsində öz yeni elmi məktəbini
yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun ilk qadın direktoru oldu. Anam
dünya şöhrətli alim idi, onun əsərləri bu
gün də elmi dairələrdə yüksək qiymətləndirilir.
Lakin bununla yanaşı, o, hər zaman adı
böyük hərflərlə yazılan əsl Qadın
olaraq qalırdı. Onun böyük sevən
ürəyi, incə və səxavətli qəlbi var idi.
Anamı itirdiyim vaxtdan artıq 27 il
ötür. Onun yoxluğunu hər zaman hiss edirəm"
(Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın "Trend" İnformasiya Agentliyinə
müsahibəsindən). Ana sevgisinin
müqəddəsliyini bu səviyyədə yaşadan, bunu
ömrünün Dan ulduzu bilən Mehriban xanım
Əliyevanın analara sevgisi, ehtiramı bu sevgidən
qaynaqlanır.
"Əgər Uca Tanrı Sizə imkan versəydi,
keçmişinizdə nəyi dəyişərdiniz?"
sualına Mehriban xanım "Mənə ən əziz insan
olan anamın xəstəliyini və bu dünyadan
gedişini" cavabını verib. Sualın mahiyyəti həyati
dəyərlərə münasibət olub, şübhəsiz.
Bu düşündürücü cavab fəaliyyətin
də, düşüncələrin də, duyğuların da
həyat fəlsəfəsinin daha əhatəli dərkinin zəruriliyini
xatırladıb.
Ana
sevgisindən barınan mənəvi kamillik budur!
Mehriban xanım Əliyevanın təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə Azərbaycanda
müxtəlif istiqamətlərdə, müxtəlif
miqyaslarda layihələr həyata keçirilib. Belə layihələrin
bir hissəsi səhiyyəni əhatələyib. Xəstəxanaların,
klinikaların yaradılması, diabet və talassemiya xəstələrinin
müalicəsinə xüsusi diqqət yetirən Mehriban
xanımın təşəbbüsü ilə "Diabetli
uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin
yenidən qurulması və inşası" kimi ictimai əhəmiyyətli
layihələrin mahiyyəti vətəndaşlara
qayğı olmaq etibarilə bilavasitə dövlətçiliyin
möhkəmləndirilməsinə yönəldilirdi.
Ümummilli lider Heydər Əliyevin ideyalarını
yaşatmaq, irsini öyrənmək, öyrətmək Azərbaycan
dövlətçiliyinə sədaqətin təzahürüdür. Bu baxımdan
Heydər Əliyev Fondu həm bu tezisləri icra edir, həm də
ölkədə müxtəlif layihələri gerçəkləşdirirdi.
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondunda "Uşaq evləri və
internat məktəblərinə dəstək" layihəsi əsasında
ölkəmizdə 40-a qədər uşaq evi və internat məktəbi
ən müasir standartlar səviyyəsində təmir edildi.
2014-cü ildə "Azərbaycanda məktəbəqədər
təhsil müəssisələrinin inkişafı proqramı"
yerinə yetirilməyə başladı. Bu layihənin
dövlət üçün gərəkliyi amilləri
haqqında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva deyirdi: "Bu gün bu sahəyə diqqətimiz
artmalıdır. Ölkəmizdə uşaq
bağçalarının tikintisinə çox böyük
ehtiyac vardır. Uşaqların ilk
yaşlarından intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxması, sağlamlıqlarının
qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu
müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu
sektoruna daha böyük diqqətlə
yanaşmalıyıq". Bu kəlamlar
ömrünü xalqı üçün yaşayan Mehriban
xanım Əliyevanın insan amilinə hansı səviyyədə
önəm verdiyinin təsdiqidir.
Təvazökarlıq
insanın ən ali mənəvi xarakterlərindəndir.
Ailəni həyatın əsas mənası və
stimulu, istinad nöqtəsi və güc mənbəyi bilən
Mehriban xanım Əliyeva olduqca təvazökar
xanımdır. "Trend" İnformasiya Agentliyinə
müsahibəsində deyib: "...Həyatım elə gətirib
ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt
tanınmağa, məşhur olmağa can atmamışam.
Əgər hansısa nəticələr əldə etməyə
nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə
və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı
olanlara kömək etməyi bacarıramsa - bu, mənim
üçün ən yüksək mükafatdır..." Bu kəlmələr Vətən üçün,
dövlət üçün, dövlətçilik
üçün yaşayan böyük ürəkli, praqmatik
təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin
tərkib hissələrindəndir, belə bir insanın
yaşam manifestidir. Belə bir manifest minlərin
xarakterini tənzimləmək baxımından dövlət
müstəqilliyi bərpa edilmiş Azərbaycanda dövlətçiliyin
möhkəmləndirilməsində kifayət qədər əhəmiyyətli
olmuşdur.
"Əminəm
ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri,
ruh yüksəkliyi və mərdlik, mərhəmət və
şəfqət, inam və məhəbbət sayəsində
biz birlikdə bu ciddi çağırışın öhdəsindən
gələcəyik..." Bu kəlmələr
Azərbaycanımızın gənclərinə Ana tövsiyəsi
kimi oxunur. Bu tövsiyə deyir ki, həmişə
ruh yüksəkliyi ilə yaşayın, mərdlik insanın
mənəvi aləminin göyqurşağıdı, mərd
olun, ömür payınızı mərhəmət hissləri
ilə yaşayın və illərinizi bu duyğu ilə
süsləndirin, Tofiq Bayramın "Yaşaya bilərəm
çörəksiz, susuz, Yaşaya bilmərəm bir gün
inamsız" misralarını unutmayın, həmişə
inamla yaşayın, Peyğəmbər inamı ilə
yaşayın, yaşanılan illərin mehrabı məhəbbətdi,
məhəbbətlə yaşayın. Bu tövsiyələrdə
Zərdüşt fəlsəfəsinin işığı
var: yaxşı fikir, yaxşı əməl. Belə
yaşanılma ictimaiyyətin sağlamlığı
üçündü, dövlətçiliyin qüdrəti
üçündü; güclü vətəndaşı
olan dövlət güclü dövlətdir.
"Türkiyə" qəzetinin jurnalisti Yücel Koç "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" məqaləsində yazır ki, Mehriban xanım "...son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən". Jurnalistin qənaəti gerçəkliklərə əsaslanır. Mehriban xanım xalqını sevir, bu sevgi qarşılıqlı sevgidir. Xalq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inandığı kimi, Birinci vitse-prezidentə də inanır. Xalq ölkə başçısını da dəstəkləyir, Birinci vitse-prezidenti də. Türkiyəli jurnalist bir qənaətdə də haqlıdır: "Mehriban xanımın başlıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır".
Ermənistanın Azərbaycanımızın torpaqlarını işğal etməsi Mehriban xanım Əliyevanı həm vətəndaş kimi, həm də Xoşməramlı səfir kimi narahat edirdi. İşğal olunmuş rayonlarımız onun könül dünyasından iraq deyildi; xalqını, millətini, dövlətini, dövlətçiliyini sevən, bu sevgini ömrünün yaşam düsturu bilən Mehriban xanım Əliyeva ruhən həmişə ordunun, ordunun şəxsi heyətinin yanında olub. 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da, 2020-ci ilin sentyabrında da yaralananların müalicəsində, döyüşçülərin yüksək texnologiyalı protezlərlə təmin olunmasında "Heydər Əliyev Fondu"nun xətti ilə kifayət qədər yaxından iştirak etmiş, yüzlərlə yaralı döyüşçünün problemlərinin həllini təmin etmişdi.
Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibədə yaralananlar da olur, şəhid olanlar da. Mehriban xanım Əliyeva yaralı döyüşçülərin istər Azərbaycanda, istərsə də xarici dövlətlərdə, o cümlədən, Türkiyədə müalicəsinə kifayət qədər yaxından köməklik göstərdi. Zəfərdən sonra ümidlə Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edənlərin hamısının sağlamlığının bərpasına ciddi və təxirəsalınmaz köməklik göstərildi.
Mehriban xanım Əliyevanın yerinə
yetirdiyi vətəndaşlıq missiyasının
coğrafiyası çox genişdir. Böyük tarixi şəxsiyyət,
ən böyük azərbaycanlı Heydər Əliyevin
"Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə
çevrilməlidir" müdrik kəlamını Mehriban
xanım Əliyeva müdrikliyə, müdrikə sədaqət
kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım
Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, Vətənə,
torpağa, dövlətə, dövlətçiliyə qədərsiz
məhəbbət duyğularının vəhdətində
bu səviyyədə formalaşıb. Azərbaycanın
Birinci vitse-prezidenti, "Heydər Əliyev Fondu"nun
prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri
Mehriban xanım Əliyevanın ömrü bəşəri
ömür olduğu üçün Azərbaycanın da gənclərinə,
Azərbaycanı sevən dövlətlərin də gənclərinə
örnək ömürdür.
Səbinə
XASAYEVA
Milli Məclisin
deputatı
525-ci qəzet.- 2021.- 26 avqust.- S.6;8.