Qələbə eşqiylə böyüyən kapitan    

 

Budəfəki yazım Biləsuvar rayonundan olan şəhid kapitan Nihad Babayev haqqındadır. O Nihad ki, uşaqlıqdan vətən sevgisi ilə böyümüş, qələbə eşqi ilə yaşamışdı. Onun həyat və döyüş yoluna nəzər salanda ömrünü vətənə həsr etmiş bir gəncin ürəyindəki vətən eşqinə heyran olmamaq olmur. Hər aldığı nəfəsdə "vətən" deyən bu igiddən yazmamaq günah olardı.

 

Yol boyu şəhid şəkillərindən ibarət lövhələr bu torpağın necə igid, cəsur oğulları olduğunu bir daha sübut edir. Sıra ilə düzülmüş şəkillər sanki rayona gələn hər kəsi salamlayır, xoş təbəssümlə qarşılayır. Onları seyr etdikcə kədər qarışıq bir qürur bürüyür insanın içini. Fəxr edirsən belə oğullarla. Hər bir şəhidin adını sevgiylə anır, ruhunu ehtiramla yad edirsən...

 

Şəhid kapitan Nihad Babayevin şəklini görən kimi sürücüyə: "Şəhidin şəkli burada vurulub, bu küçə ilə getməliyik", - deyə yolu göstərdim. Evi tapmaq çətin olmadı. Qarşısında üçrəngli məğrur Azərbaycan bayrağı dalğalanan bir evin önündə dayandıq. Qardaşı Fərid Babayev bizi hörmətlə qarşıladı, evə daxil olub Seyidxanım ana, Akif ata ilə görüşdük.

 

Şəhidin otağını ziyarət edərkən şeirimdən olan bu misralar dilimdən ixtiyarsız olaraq çıxdı: "İlahi, saxla qəbulu, Cənnətdə yerlər dolubdur..." Şəhid Nihad Babayevin otağında bir çox şəhidimizin rəsmlərdən boylanan gülümsər siması məni qarşıladı. Onun otağında Polad Həşimov, Mübariz İbrahimov və digər şəhidlərin şəkillərini görmək mümkün idi. Bəlkə də bir gün öz şəklinin də onların arasında olacağını hiss etmişdi, bəlkə də ailəsini o günə hazırlayırdı...

 

Ölkədə müharibə getdiyi bir zamanda - 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulmuşdu Nihad. Valideynləri onu gedən şəhidlərin yerinə gəldiyini düşünür, anası körpənin başında üzərində layla əvəzinə "Şəhidlər", "Ay vətən oğlu" mahnısını oxuyurdu. Gələcəyin igid əsgəri bu musiqi sədaları altında böyüyür, vətən sevgisi ana səsiylə damla-damla qanına hopurdu.

 

Nihadın uşaqlıq illəri müharibə dövrünə düşdü. O, böyüdükcə vətənində baş verən müsibətləri görür, bu ağrıları ürəyinin dərinliyində çəkirdi. Ana oğul böyütdükcə bir gözü ağlayır, bir gözü gülürdü. Ağlayırdı ona görə ki, şəhid analarının dərdini anlayırdı, onların acısına şərik olurdu. Sevinirdi ona görə ki, bu gün doğulan oğullar sayəsində tökülən qan yerdə qalmayacaq, şəhidlərin qisası alınacaqdı. Anası hər dəfə ona "Sən şəhidlərin yerinə doğulmusan, oğul!" deyəndə Nihad da qürurlanır, tez böyümək, tökülən qanların qisasını almaq istəyirdi.

 

O, 1997-ci ildə Günəşli kənd şəhid Fazil Hökməliyev adına məktəbə daxil olmuş, 5-ci sinfi bu məktəbdə bitirmişdir. Sonra Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına tam orta məktəbdə təhsilini davam etdirmişdi.

 

Hərbə böyük marağı olduğundan 2006-cı ildə oranı əla qiymətlərlə, fəxri fərmanlarla bitirib sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verdi. İmtahanlarını uğurla verib qəbul olarkən onun sevincinin həddi-hüdudu yox idi. Artıq arzusuna çatmışdı, sevdiyi peşəyə sahib olacaqdı. İndi hərbin sirlərini mükəmməl öyrənməli, bütün döyüş texnikalarına yiyələnməli idi. Çünki vətənin ona ehtiyacı vardı, vətən onu gözləyirdi.

 

2008-ci ildə liseyi bitirib H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu, 2012-ci ildə oranı da uğurla bitirdi.

 

2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim keçən Nihad leytenant rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələr kursuna yazıldı.

Nihad Babayev 2016-cı ildə hərbi ixtisaslaşdırma üzrə təhsil almaq üçün Türkiyə Respublikasına yollanmış və kursu müvəffəqiyyətlə başa vurmuşdu. 2018-ci ildə vətənə dönərək peşəkar zabit kimi xidmətini davam etdirmişdi. Xarici dövlətlərdə xüsusi təyinatlı kurslar keçən Nihad Babayev xidməti dövründə bir çox nailiyyətlər əldə etmişdi. Peşəkar snayperçi və kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak etmiş, yeddiillik xidməti müddətində mayor rütbəsinə qədər yüksəlmişdi. O, 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq medalla, 2020-ci ilin iyununda "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdu. 2020-ci il 27 iyunda isə kapitan rütbəsinə layiq görülmüşdü. Nihad Babayev hərbi hissənin moto-atıcı taborunun moto-atıcı bölüyünün moto-atıcı tağımının komandiri, xüsusi təyinatlı bölüyün xüsusi təyinatlı qrup komandiri, hərbi hissənin qərargah və təchizat bölüyünün komandiri, xüsusi təyinatlı bölüyün komandiri, tabor komandirlərinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət etmişdi.

 

2018-ci ildə Naxçıvanda baş vermiş "Günnüt əməliyyatı"nda iştirak edən Nihad Babayev bir neçə yüksəkliyin alınmasında iştirak etmiş, bu nailiyyətlərinə görə fəxri fərmanla təltif olunmuşdu. O, bu döyüşdə düşmənə sarsıdıcı zərbələr endirmiş, böyük qəhrəmanlıqlar göstərmişdi. Ona tapşırılan əməliyyatı uğurla yerinə yetirən Nihad Babayev düşmənin bölmə komandirinin hərəkətdə olan avtomobilini və şəxsi heyətini uzaq məsafədən "İstiqlal" snayper silahı ilə məhv etmişdi. Amma Nihad daha böyük qələbə istəyirdi. O bilirdi ki, Azərbaycan ordusunun da, oğullarının da gücü kifayət qədərdir, onlar düşməni məhv etməyə hazırdırlar. Və inanırdı ki, bir gün o gözlənilən əmr veriləcək, Nihad da bu əmri icra etmək üçün irəli atılacaq.

 

Vətən müharibəsinin ilk günlərindən döyüşə getmək üçün komandanlığa dəfələrlə müraciət edən Nihad nəhayət, döyüş bölgəsinə göndərildi.  Onun döyüş yolu Füzilidən başladı - keçilməsi çətin olan, düşmənin otuz il ərzində tikib bərkitdiyi istehkamların olduğu, gərgin döyüşlərin baş verdiyi qədim insan məskəni Füzulidən. Amma igid vətən oğlu öz əsgərləri ilə bərabər bu tapşırıqları yüksək ruhla yerinə yetirirdi.

 

Bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd istiqamətlərində gedən güclü döyüşlərdə iştirak edən kapitan Nihad Babayev peşəkarlıq nümayiş etdirərək qəhrəmancasına döyüşdü. Hər döyüş tapşırığı uğurla həyata keçirildi.

 

Nihad Babayev iştirak etdiyi bütün əməliyyatları taktiki gedişlərlə, az şəhid verməklə yerinə yetirirdi. Bu, bir xüsusi təyinatlıya xas olan hərəkət idi - az itki ilə böyük əhəmiyyətli yüksəklikləri götürmək. Onun bu bacarığı öz əsgərlərini də ona bənzəməyə vadar edirdi - hamısı ona oxşamağa, onun kimi olmağa çalışırdı. "Balta" ləqəbli "Cənub qartalı" Nihad Babayevin təkbaşına onlarla düşməni, hərbi texnikanı məhv etməsi haqqında artıq bütün bölük bilirdi. Nişançı kursunu bitirdiyindən oturub səbirlə gözləyir, canlı qüvvəni tək-tək məhv edərək bir neçə postun alınmasına nail olurdu.

 

Oktyabrın 29-da kapitan Babayev Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində əlverişli yüksəklik olan Uryandağ yüksəkliyini əldə etmək tapşırığı almışdı. Bu, elə bir yüksəklik idi ki, düşmən oradan rahatca mövqelərimizə nəzarət edə, əsgərlərimizə atəş aça bilirdi. Düşmən əsgərlərimizə irəli addım atmağa imkan vermirdi. Həmin yüksəklik düşməndən təmizlənməli idi ki, Azərbaycan əsgərləri Şuşa və Xocavənd istiqamətinə giriş edə bilsinlər. Bu döyüşün gərgin olacağını Nihad və silahdaşları yaxşı bilirdi. Bu yüksəkliyi əldə etmək qələbəyə daha da yaxınlaşmaq demək idi. Bu yüksəkliyin azad olunması ilə də Qarabağın ürəyi, mədəniyyət beşiyi olan Şuşaya qapılar açılacaqdı. Düşmən də bunu bilirdi. Odur ki, hər vəchlə həmin yüksəkliyi əldən verməməyə çalışırdı, bunun üçün bütün qüvvəsini səfərbər etmişdi.

 

Gərgin keçən bu döyüşdə 4 nəfər şəhid olur, Nihad isə sol döş qəfəsindən ağır yaralanır. Lakin buna baxmayaraq, o, döyüşü tərk etmir, yaralı halda xeyli müddət düşmənlə vuruşur. Nəhayət, onu yaralayan snayperçinin yerini müəyyən edib vurur. Bundan sonra rahat nəfəs alaraq gözlərini bu dünyaya yumur.

 

Özü dağlardan da uca olan bir igid uca dağlar qoynunda əbədi yuxuya dalır.

 

İndi hər kəsdən təbrik gözləyirdi Nihad - ən ali məqama, şəhidlik zirvəsinə ucaldığı üçün hamı onu təbrik etməliydi. Axı o, özü həmişə bunu istəmişdi - "O gün olsun mənim şəhidliyimi qeyd edəsiniz", - deyə hamını bu günə hazırlamışdı. İndi də hamı "Şəhadətin mübarək olsun, şəhidim!", - deyə onu təbrik etməliydi...

 

Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş kapitan Nihad Babayev noyabrın 2-də doğulduğu kənddə dəfn olundu. Özü cismən dünyadan köçsə də, ruhu əbədi olaraq Azərbaycan xalqının qəlbinə köçdü. Sağlığında dəfələrlə medallarla təltif olunan kapitan Nihad Babayev şəhadətindən sonra da "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Vətən Müharibəsi Qəhrəmanı" medallarına layiq görüldü.

 

Ruhun şad olsun, şəhidim!

 

 

525-ci qəzet.- 2021.- 27 avqust.- S.16.