Esselər kitabı haqqında esse  

 

Esse

 

 

Dünənlər tarixdir, bu gün də tarix olacaq. Dünənlərin də, bu günün də yaşanılmışlarının fəlsəfəsinin dərki xatırlandıqca (eşidildikcə), yazıldıqca (oxunduqca) asanlaşır, gərəkləşir. Qədəmin iz olacağına, izin cığıra, cığırın yola dönəcəyinə, sözün fikir, fikrin kəlam, kəlamın işıq, işığın köz, közün ocaq, əməlin çıraq, çırağın bayraq olacağına inamın səni bir boy da dikəldir. Bu da tarixdir - gümanın tarixi...

 

Ənvər Çingizoğlu tarixlə tarixi kəlmələşmələrinə gərəkli (və tarixi!) söz biçimi verir; bu esselər oxuyanın düşüncələrini tərpədir, sənə elə gəlir ki, oxuduqları (hadisələr) gözlərinin qabağındaca tarixləşir.

 

Ənvər Çingizoğlunun esselərini oxuduqca özünü şükranlıq namazı qılanların sırasında hiss edisən. Nəyin şükranlığıdı bu? - Tanrının xalqımıza verdiyi söz sərvətinin (folklorumuzun) şükranlığıdır, bu sərvəti tütyə, sözü üzərrik bilənlərin (yazanların), sözə sədaqətinin şükranlığıdır.

Şükranlığın işığı yaxşı əsərlərin, gərəkli əsərlərin süd anasıdır; bu işığın sehri-ovsunu yoxdur, sehri-ovsunu göylərdən endirən, şirin-şirin dindirən işıqdır.

 

Ənvər Çingizoğlunun "Kim yaman?" kitabı sözlərin poetik düzümüylə gözəldir, nizamı-sırasıyla gözəldir. Dilimizin söz nəhrini xatırlatmasıyla gözəldir. "Kim yaman?"ı oxuduqca Qurbanini, Qurbaninin möcüzə "Bənövşə"sini xatırlayıram. Dörd əsr əvvəl də yaz gəlincə kolluqları bənövşələr bürüyərdi, üzə duran kürlüyü,  sərməndliyi, fəndgirliyi gözdən-könüldən biryolluq kürüyərdi. O əyyamlarda da kolluqlarda bənövşə görənlər, görüncə diz çöküb qoxusunu ciyərinə çəkənlər, bu qoxulamanı ruhuna salavat bilənlər, kol-kos qana bələsə də, əl uzadıb dərənlər bilirdi ki, nə möcüzədi bənövşə. Ancaq bənövşənin duruşunu kimsə Qurbani kimi duya bilməmişdi; Qurbaninin duyumu bu bənzərsiz duruşu bənzərsiz söz möcüzəsinə döndərdi. Çingiz kişinin oğlu Ənvər zamanında eşitdiklərinə, müşahidə etdiklərinə, yetik olduqlarına Qurbaninin ulu (bəlkə də ilahi!) müşahidələriylə baxır. Ruhum xəyalən Ənvərdən soruşur: Belədirmi, Çingiz oğlu Ənvər, belədirmi? "Belədir" deməyə təvazökarlığı, "Belə deyil" deməyə insafı imkan verməyəcək.

 

"Kim yaman" məntiqi sualı "Kim güclüdür?" biçimində   könlümcədi. Düşüncələri  tərpətdiyinə görə, ilkinin ("Kim yaman"ın) məntiqi davamı olduğuna görə.

 

Kim güclüdür? - tarix yaradanmı, tarixmi, qılınc tutanmı, qılıncmı, sözmü, söz yiyəsimi, yağan yağışmı, torpaqmı, gecənin zil qaranlığımı, çıraqmı? "Kim yaman?"da bu suallara məntiqi cavab deyə biləcəklərimiz el deyimləriylə gözəl çözülüb: Oduna örkənlə gedən örkənsiz gedəndən güclüdür, bəyin şapalağına üz, şallağına diz verməyənlər üzünün, dizinin - özünün qədrini bilməyənlərdən  güclüdür. Özününkünü ötə, özgələri gədə bilənlər yaxını atıb yadı tutanlardan güclüdür. Öz atını ifçin nalladıb sürəyə çıxanlar bəy verən atın dişinə baxmayanlardan güclüdür...

 

Ənvərin "Kim yaman?" sorğusu yaşantılardan süzülən, söz-mətləb, mətləb-fikir biçimli əndişədi, narahatlıqdı. Bu əndişə də, bu narahatlıq da dili söz, əli qələm tutandan üzü bu yana Çingiz oğlu Ənvərin ruhunun can ortağıdır...

 

"Abidin ibadəti var, səxavəti yox, comərdin səxavəti var, ibadəti yoxdursa", "kimi ac, kimi ac-yalavac" dolaşırsa, hardan bilək kim yamandır, Çingiz oğlu? ("Tanrım")...

 

Biləyinə güvənən igid ("İgidim") kələyinə güvənən igiddən güclüdür. Həm də mərdlə daş daşıyan namərdlə çörək kəsəndən güclüdür. Bir də el qəhri çəkənlər "azacıq aşım, ağrımaz başım" fəlsəfəsiylə yaşayanlardan güclüdür. Bir də lilparla su içənlər büllur cam sonulayanlardan güclüdür. Bir də yurdunda yoncanın göyərib-göyərmədiyini soruşan ("Obadamısan, yurdum?!") el canlı kişi sərhədlərimizdən uzaqlarda haranın yaşıllıq, gözçəkən yer  olduğunu soruşanlardan çox güclüdür...

 

"Arazbar gülü"nü oxuyunca könlümü "Arazbarı" telləndirir, Seyid Şuşinskinin avazını eşidirəm sanki: burda yaxşı var, yaman var...

Kimdir yaxşı, kimdir yaman? - "Arazbarı" deyir, nə də "Kim yaman?" Bu düşüncələrlə baş-başa qalınca Dirili Qurbaninin, Dirili Surxayın şəbnəmmisal gəraylılarını eşidirəm. Bu, Qurbani hikmətinə, Surxay hikmətinə biət eşitmədir, qayibanə eşitmədir. Mənə elə gəlir ki, zaman bircə anlığa ayaq saxlasa, Ənvərin esseləri dil-dil ötəcək, daş üstə də Arazbar gülləri bitəcək:

 

Bu  kül sevdalıq külüdü,

Bu kül açacaq kilidi...

Arazbar könül gülüdü,

Harayına obam gələr.

 

Dirili Surxayın ruhu əlini gözünün üstünə qoyub nəvəsinin səsinə sarı boylanacaq, gümanındayam. Bu güman mənim gümanım olsa da, "Kim yaman?"ın qurğusudur, əməlidir. Və bu düşüncələr içindəykən mənə elə gəlir ki, Dirili Qurbaninin məzarını ziyarətə Ənvər Çingiz oğluyla, Dirili Surxayın nəvəsi Sərdar Sərxan oğluyla mən də gedirəm. Zamanında Xətaimizin ruh qardaşı olmuş söz sərkərdəsinin ziyarətinə, həm də uğur duası kimi pıçıldadığım iki misrayla gedirəm:

 

Gəlirəm bir könül xoşluğu ala

Sənin "Bənövşə"ndən mənim

"Bənövşə"m.

 

Ənvərin "Bənövşə"si mənim "Bənövşə"mə baxır, mənim "Bənövşə"m Ənvərin "Bənövşə"sinə. O "Bənövşə"nin də sorğusu dodağını yandırır, bu "Bənövşə"nin də sorğusu dodağını yandırır: "Kim yaman?" Bizi Qurbaninin məzarından iraq salan gərdişmi, bu gərdişə yol açan qüdrətmi, bu gərdişin süründüyü cığırı-izi çığnayıb keçən sevgimi? Əlimizdən tutub aparan qüdrətdir güclü, bu qüdrətin dönməzliyidir güclü.

 

"İgidliyin biləkdə deyil, ürəkdə olduğunu" deyənlərdir güclü, "biləyə deyil, kürəyə güvənənlərdir" güclü ("İgidim"). Kimdir güclü? -  "dikbaşı baş əydirənlərdir, dizibərki diz çökdürənlərdir" güclü ("Onlar")...

 

Kimdir güclü? - "Oğuzun yayxanan dəniz misallı ordusunun ayaqdan başa, torpaqdan daşa dünyanı tutduğuna" inanıb da rastlaşdığından "haralısan?" soruşmayıb, kökünü soruşandır ("Haralısan?") güclü...

 

"Arazbar gülü" ilə "Yurd yeri" arasında mənəvi-ruhi bağlılıq var. Hansı hansını tamamlayır, hansı hansının əvvəlidi? - ayırd eləmək mümkünsüzdü. Niyə? - ikisi də Vətən deyir, torpaq deyir, yurd, ocaq deyir.

 

Bir bayatının sonluğunu xatırlayıram:

 

...Dərdlini dindirməyin,

Dərd özü dilləndirir.

 

Elindən iraq düşənlərin dərdini yellər daraqlayır, sellər varaqlayır. Dərdin əriş-arğacı qəhrdi. Qəribliyin qəhri can üzür, ruh sarsıdır. Eldən uzaq düşənlər elin dünənini xatırlayır, dünənin qılınc tutanlarını, at çapanlarını, boy boylayanlarını, soy soylayanlarını xatırlayır. Günyəsi igidlik olan eli zamanında döyüşə Tanrı uğurlayardı, qazavata gedənlərə göylər də, yerlər də "Qəzan mübarək!" deyərdi. "Yurd yeri" "at minib axına varanların, qalalar yıxanların" yurdudur: "Haçan savaş olsa, meydan dolu baş olardı". Niyə qada bəd gətirdi? Ənvər evindən, elindən didərgin düşənlərin ruh qardaşı kimi elinə xitabən deyir ki, "Səni yağı nə yaman darımış, nə yaman dağıtmış, gözəl yurdum! Səni yağı nə yaman talamış, nə yaman dalamış, gözəl yurdum! Ağban evlər yanmış, örəni qalmış. Yamyaşıl bağlar qurumuş, viranı qalmış..." Müraciətdə məntiqi qınaq da var, suçlama da. Kimsə qınanmır, kimsə suçlanmır. Hamı qınanır, hamı suçlanır. "Qol salıb yağı basan qılınclar" nədən korşalıbmış? Kimdi güclü? - qılıncına bülöv çəkənlərdir, məqamı çatanda yağı sinəsinə çökənlərdir, yağının can evini sökənlərdir, yağını  urvatsızlaşdırdığı ömrünü "quru yuyub yaş sərənlərdir". Elin "ot basmış yoluna, qurumuş arxına" ağrıyan bədii "mən" bir sevginin, sevgi boyda bir ümidin işığında gedib yurd yerinə. Uçuntu-dağıntını da onda görüb, qayıdışı (özünün də elin-obanın da qayıdışını) o yaralara məlhəm bilib - "Yurd yeri" torpaqlara söz məlhəmidir (Kimdir güclü? - "Yurd yeri"dir güclü, "İgidim"dir güclü, "Baba"dır, "Zümzümə"dir güclü...)

 

Əski uyğur mənbələrində "türk" sözünün bir yozumunun güclü, qüvvətli olduğu deyilir. Kimdir güclü? - türkdür güclü...

 

Yolçu yol gedəndir. Hər yol gedən yolçu deyil ha. Yolçu mənzillər kəsəcək, dağlar aşacaq, dərələr keçəcək, dizləri dağlardan daş da qoparda bilər. Yollar yora-yora mənzilini mənzillərə tələsdirən, qarşı yatan qara dağların sinəsində yel əsdirən, kələ-kötür yollara törpü olan, yorğun yola, yarğan yola körpü olan inadına yol yoldaşım deyənlərdir güclü. Ənvər Çingizoğlunun "Yolçu"su hamımızın ruh qardaşımızdır - kökünün ardınca getdiyinə görə. Yollar niyyəti bəlliləri yora bilməz.

 

Ənvər Çingizoğlunun "Yolçu"su "Günəşin qovurmasından, küləyin sovurmasından, toz olub yelə, su olub selə qarışmaqdan çəkinməyən  yolçuya" uğur duasıdır. Kim güclüdür? - hardan hara gedəcəyini bilənlərdir güclü, yolun toz-tomurunu diziylə silənlərdir güclü, yolun inadına, tərsinə gülənlərdir güclü, yolu "yorğa at əvəzi çapırdanlardır" güclü, kökünü tapmağa gedənlərdir, tapanlardır güclü. O yolçunu tanıyanlardır güclü. Tanıdınmı onu, oxucu qardaşım? Ənvərin tanıdığı yolçunu tanıdınmı?..

 

Kimdir güclü? - "Allah istəyən quzuya qurd dəymədiyinə əminlərdir" ("Tənhalıq") güclü, Qumru nənənin ələyini, sacını  dınqılılaşdıranları - balacalaşdıranları ("Ayaqüstü görüş") tanıyanlardır güclü, onları zəbun edənlərdir güclü...

 

"Kim yaman?"ı həmdərd bilənə, dərd üstün gələndə "Kim yaman?"la dərdləşənə güclü desəm, suç olmaz. "Su dibində qovağınız tək bitməsin! Təknədə çörəyiniz də tək olmasın!" ("Tənhalıq") dualarına bağır basanlar da güclüdür...

 

"Kim yaman?"ı oxuyub xətm edəndən sonra əmin oldum ki, Ənvər Çingiz oğlu güclü adamdır...

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 27 avqust.- S.14.