"Pişiyim alaboyundur..."  

 

 

Səhv etmirəmsə, 2005-ci il idi...

 

Bir axşam işdən yorğun halda evə qayıdırdım. Bloka girən kimi haradansa yaxından gələn zəif pişik miyoltusu eşitdim. Pilləkənləri qalxdıqca miyoltu güclənirdi. Nəhayət, mənzilimin yerləşdiyi 3-cü mərtəbənin meydançasına çatanda bu yanğılı səsin yiyəsini gördüm - hələ əməlli-başlı yeriyə bilməyən, sürünə-sürünə çox güman ki, anasının isti qucağını, dadlı döşlərini axtaran əlçim boyda bir pişik balası idi. Onu kim, nə ağılla bura atmışdı - məlum deyildi. Amma dünyanın bütün canlılarının balaları kimi, o da gözəl və məsum idi və bu gözəlliyin, məsumluğun belə miskin vəziyyətə düşməsi, təbii ki, ürəyimi ağrıtdı. Qapımızdan azca aralıda dayanıb ona baxa-baxa düşündüm: "İndi mən nə edim? Bu zavallı gecəni burada qalsa, ya acından, ya da qaranlıqda kiminsə ayaqları altında qalıb məhv olacaq. Bəlkə onu evə aparım, süd verim, özünə gəlsin? Sonrasına baxarıq".

 

Mən fəkirləşdiyim müddətdə pişik balası mənə tərəf süründü, çətinliklə sol ayağımdakı ayaqqabının üstünə çıxdı və dərhal da miyoltusunu kəsərək yumurlanıb yuxuya getdi...

 

Mənim bir andaca matım-mutum qurudu...

 

Sol ayağımı ustufca qaldırıb 1 addım atdım və qapının zəngini basdım. Qapı açılanda əvvəl sol ayağımın üstündəki pişik balası,  ardınca da özüm içəri keçdim.

 

Qızım bu mənzərəni görüb əvvəlcə kövrəldi, ardınca ağlamağa başlayan kimi başa düşdüm ki, bu andan etibarən bu pişik balası evimizin sakini olmaq hüququ qazandı.

 

Ona süd içirdik və dərhal cana gələn qonağımız yanlarını basa-basa qəribə bir yerişlə yan otağa keçdi, qızımın çarpayısının altına girib şirin yuxuya getdi.

 

Səhər onu çimizdirdik, zoomağazadan aldığım dərmanla bütün bədənini dərmanladıq və pişik balasının xoş günləri başladı...

 

Pişik ilə bağlı xalqımızın çoxlu inancı var. Məsələn, deyirlər ki, o, ruhu hiss edən yeganə məxluqdur; çox utancaq, təmizkar heyvandır; mehr saldığı insanların ağrısını götürür və s.

 

Bunların hamısını yoxlamaq imkanım olmasa da, saatbasaat böyüyən pişiyimizin təmizliyinə, utancaqlığına söz ola bilməzdi. Mən divana uzanıb mürgüləyəndə qalxıb ya sinənin üstündə, ya da  balınc tərəfdə bədənini başıma dayayaraq yumurlanıb yatmağı da vardı. Yaşlı adamlar deyirdilər ki, vaxtilə səndən gördüyü yaxşılığın əvəzini çıxmaq üçün ağrılarını götürür.

 

Bəli, ilk vaxtlar - nə qədər ki, böyüyüb fitnə-fəsad elminin sirlərinə vaqif olmamışdı  - xilaskarı olduğum həmin o pişik balası mənim də əziz dostuma çevrilmişdi. Elə bil hər gün böyüdükcə yaşamaqdan, həyatdan ləzzət alırdı - qaçırdı, tullanırdı. Hələ onun sap yumağı, kiçik top ilə çıxartdığı hoqqaları demirəm. Bu hoqqaların tamaşasına dayanmaq daha çox zövq verirdi, nəinki məzmunsuz bir TV proqramına tamaşa etmək...

Amma sən demə, böyüdükcə (!)  pişiyin xislətinin üxə çıxan özünəməxsus (və xoşagəlməz!) nüansları da varmış.

 

Bir az irəli gedib ondan başlayaq ki, pişik ona bəslənən xoş münasibətə heç də həmişə adekvat reaksiya vermir, əzizləndikcə, sığallandıqca eqoistləşir, tənbəlləşir   nəhayətdə pişiklik missiyasını unudub sırtıq bur müftəxora çevrilir. Hətta bu, o dərəcəyə çata bilər ki, məsələn, sən nahar süfrəsi arxasına keçməmiş ədəb-ərkanla çıxıb oturar stulların birində, par-par yanan gözlərini də zilləyər masanın üstündəki nemətlərə. Hələ bir az üz versən masanın üstünə də çıxıb salmanbəyi gəzə bilər.

 

 

 

İkincisi, dilinə çiy ət dəydimi - pişiyin əvvəlki nəcibliyi çıxıb gedəcək öz işinin dalınca - əvvəl gözünə təpdiyi çörəyə indi heç gözünün ucu ilə də baxmayacaq. 

 

Deyə bilərsiniz ki, nə olsun, məgər naşükür adamlar yoxdur? Razıyam. Amma tutaq ki, bunu pişiyin naşükürlüyünün ayağına yazdıq, bəs ət probleminin ən ciddi sindromunu - vəhşiləşmək, yırtıcılaşmaq meylini nəyin ayağına yazaq? Bəli, pişiyə 2-3 gün çiy ət ver, dönüb olacaq pələngin mini variantı, üstünə atılıb cırmaqlamağa, caynaqlarını batırmağa yer axtaracaq. Elə bizim pişik də vaxtilə onun xilas olmağında həlledici rol oynayan qızımı özünün caynaq lütfü ilə mükafatlandırmağı unutmadı - qəflətən cumub caynağını onun ayaq damarına necə batırdısa, uşağın qorxmağı bir yana, ayağından axan qanı kəsmək üçün az qalmışdı təcili yardım çağıraq...

 

Və nəhayət, çox vaxt siçanlarla köməksiz ətcə cücələri, quş balalarını "səhv salmağı", oğurluğu peşəyə çevirməyi də öz yerində...

Amma mən hələ pişik xislətinin bu cizgiləri barədə o vaxtlar bir o qədər də məlumatlı deyildim və belə şeylər haqqında söhbətləri də yaxına buraxmır.

 

Tezliklə məni heyrətə salan bir hadisə baş verdi. Yay məzuniyyətim başlamışdı. Ailəvi şəkildə rayona getməyə hazırlaşırdıq. Ötən il yarım müddətində evimizdən başqa heç yeri görməyən, tanımayan pişiyimizi, təbii ki, burda qoyub gedə bilməzdik. Təcrübəli adamlarla məsləhətləşmişdim, demişdilər ki, pişiyi iri karton qutuya qoyub maşının yük yerində, yaxud qucağında apara bilərsən. Biz hazırlığı başa çatdırıb yola düşmək ərəfəsində aşağıdakı mağazadan götürdüyüm qutunu evə gətirən kimi pişiyin əhvalı dəyişdi, elə bil əsəblərinə iynə batlrdılar, başladı miyoldaya-miyoldaya ora-bura vurnuxmağa.

 

Görün sonra nə oldu...

 

Məqam yetişəndə onu götürüb qutuya qoymaq istədim. Başqa vaxtlarda çağıran kimi özünü az qala üstümə atan pişik bir hoqqalar çıxarmağa başladı ki, gəl görəsən - onu heç cür tutub əlimə götürə bilmirdim. Nəhayət, birtəhər qamarladım - caynaqları ilə qollarımı cırmaqlayıb qanatdı, sonra qaçıb ağır kitab şkafının dalında - lap küncdə, əlçatmayan yerdə gizləndi.

 

Qollarımın qanını silə-silə fikirləşdım ki, pişik bizim səfərimizi boykot edir. Amma mən onun nazı ilə oynanaq halında deyildim - həyətdə maşın bizi gözləyirdi. Gücüm ona çatdı ki, üzümü şkaf tərəfə tutub acıqla deyim:

 

- Özün bil. Getmirsən-getmə. Qal, acından öl. Biz getdik..

 

Çevrilib qutu tərəfə addımladım ki, onu götürüb yolu azad edim və yüklərimizi aşağı daşıyaq. Məni heyrətə salan hadisə də elə bu anda baş verdi - səhərdən mənimlə siçan-pişik oynayan "dostum" gizləndiyi yerdən çıxaraq özünü tələsik qutuya çatdırdı və ədab-ərkan ilə içinə girib oturdu. Hələ desən, başını da bir balaca əydi ki, qutunu rahat bağlayım.

 

Bax belə!

 

Sonra da deyirlər ki, heyvanların ağlı yoxdur.

 

Sonda  pişik "fəlsəfəsinin" daha dərin qatlarına enib bir sıra nəticələr çəxarmaq olar.

 

Bu yaxınlarda az-maz sahmana salıb yaşamaq üçün yararlı vəziyyətə gətirdiyimiz bağa təzəcə ayaq açmışdıq ki, 2 pişik hardansa iyimizi alıb özlərini atdılar həyətə... Biri bir az  arıq, sarı rəngli, kifir, o biri pişik deyəndə göz önünə gələn imicdə - boz zolaqlı, nisbətən "göyçək" pişik idi. Və tezliklə bu pişiklər arasında bizim etimadımızı qazanmaq uğrunda açıq və gizli gedişlərlə zəngin bir rəqabət başladı... Darvazanı açıb içəri girən kimi irəli sıçrayıb miyoldaya-miyoldaya özlərini ayaqlarımıza sürtmək uğrunda didişirdilər. Mənim isə elə pişiklərin də yaltaqlanmağından zəhləm getdiyi üçün həmişə ayağımla vurub özümdən uzaqlaşdırmağa çalışırdım. Necə deyərlər, ismarıc göndərirdim ki, "sizdən mənə yar olmaz".

Əlqərəz, rəqabətdə sarı pişik qalib gəldi və həyətdə hakimi-mütləqə çevrildi. İstədiyi yerdə yatır, istədiyi yerdə miyoldayır, istədiyi vaxtda və yerdə də zəhləmizi tökürdü...  

 

İndi də keçək əsas məsələyə.

 

Bu il yanvar ayında bir gün işdən sonra evə yox, bağa üz tutdum ki, həm həyət-bacaya baş çəkim, həm də xoşladığım sakitlikdə bir az dincəlim. Yolüstü mağazadan çörək, bugünkü şam, sabahkı səhər yeməyi üçün 3 ədəd sosiska, bir balıq konservi  aldım. Darvazanı açıb içəri girən kimi sarı pişik pişvazıma çıxdı. Yuxarı qalxıb aynabəndin qapısını açdım, əlimdəki selofan torbanı divanın üstünə qoyub  yenidən həyətə düşdüm ki, əllərimi yuyub qayıdım, həm özüm şam yeməyimi yeyim, həm də pişiyi yedizdirim. Maksimum 2 dəqiqə çəkən bu proseduru yerinə yetirib axşam yeməyindən alacağım  ləzzəti damağımda hiss edə-edə aynəbəndə qalxdın, selofan torbanı ləzzətlə açdım və gözlərim çıxdı kəlləmə - bayaq çəkdirdiyim həmin o 3 sosiska yox idi. "Yəqin satıcı onları torbaya qoymağı unudub" - deyə fikirləşddim və dilxor halda deyinə-deyinə gödəkcəmi geyindim ki, mağazaya qayıdıb sosiskalara sahiblik hüququmu bərpa edim. Divanın yanından keçəndə qeyri-ixtiyari bayaq torbanı qoyduğum yerə baxdım və ayaq saxladım - orada çeçələ barmağın dırnağı boyda nə isə düşüb qalmışdı. Yaxınlaşıb qaldırdım və donub yerimdə qaldım. Bu, bir növ  "caninin" cinayət yerində qoyduğu əşyayi-dəlil - sosiska qırıntısı idi. Başımı qaldırıb cəmi 2 addımlığımda yağlı şam yeməyindən sonra özündən razı halda pəncələrini yalayan sarı pişiyi axır ki, gördüm. Sanki mənə acıq verə-verə öz qələbəsini qeyd edirdi.

 

Mən gülmək tutdu. Sarı pişik mənə qalib gəlmişdi. Nə olsun ki, fənd-fəsadla. Məgər istənilən qələbənin kökündə fənd, hiylə dayanmırmı?

Bir də 2 dəqiqəyə 3 sosiskanı aşırmaq sizə asanmı gəlir?

 

Xülasə, bu qələbəni "yumaq" üçün konserv bankasını da açıb qoydum  pişiyin qabağına ki, kef eləsin və üz tutdum mağazaya...

Məğlub olmağı da bacarmaq lazımdır axı!

 

P.S.  Amma öz aramızdır, zəhrimara  qalsın belə qələbə.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 27 avqust.- S.12.