Aynadakı "sən"  

 

Esse

 

Bir zamanlar balaca bir hüceyrədən ibarət olan "sən" bu gün yuxulu gözlərini dünyaya açmısan. Açıq pəncərədən maşının siqnal səsləri, quşların zümzümə etməkdən doymadığı nəğmələri otağına həzin-həzin yayılır. Bunlar sənə hər gün təkrarlanan yaşam tərzinin yenidən başladığını xəbər verir.

 

Qəlbində kök salmış min bir duyğuyla güzgüdə əks olunan simana həm baxmaq istəyirsən, həm gözünü yayındırırsan. Axı dünəndən qalan deyilməmiş sözləri,  üzə çıxmamış duyğuları ürəyinin dərin qatlarında gizlətmisən. Yəqin, yuxunu da qatmısan. Kim bilir, bəlkə , kimlərləsə xəyal dünyanda dalaşmısan. Deyə bilmədiyin bütün sözlərlə gözəgörünməzlər şəhərində vidalaşıb real dünyaya qayıtmısan... Amma unutmusan ki, o şəhərdən qayıdan hamının ayağında zəncir olur. 

 

Özünlə birgə yeni günə gətirdiyin duyğular zənciri ilə güzgünün yanına gəlirsən.  Özünə baxdıqca gah ordakı "sən"dən utanırsan, gah da onu yox etmək istəyirsən. Aynadakı "sən"ə deyirsən ki, indi burada olsaydın, səninlə oturub yaxşıca danışardım. Sanki etdiyin səhvləri evin kiçik uşağı kimi onu üstünə atıb qaçmaq, şeytanın özüymüş kimi ondan uzaqlaşmaq istəyirsən.

 

Bax, burda da yanılırsan, çünki aynadakı "sən", elə sən özünsən. Hara getsən, hansı ölkədə yaşasan, daima səninlə olacaq. Bilirsən, əslində, onun başqasının sevgisinə,  xoş sözlərinə yox, məhz sənə ehtiyacı var. Bir-birinə məhkum olmuş, eyni bədəndə məskunlaşmış bir insanın müxtəlif hallarısız.

 

Sən onunla kobud danışanda, başqalarına görə incidəndə bir kənara çəkilib balaca uşaq kimi bəzən hönkürtü ilə, bəzən səssizcə ağlayır. Amma onun səsini eşitmək istəmirsən. Çünki bir zamanlar səni eşitmək istəməyiblər. Ona sevgi vermək istəmirsən, çünki özünü fəda etməyi, başqalarına "" deyib, özünə "yox" deməyi sevginin göstəricisi olduğunu sənə öyrədiblər. Hərdən beynində məhkəmə qurub onun etdiyi adi səhvə ən böyük cəzanı vermisən. Bunu bilən digər "sən" onu kədərin ağuşundan almaq, səni "sən"ə buraxmaq istəməyib. Lakin qoruyan tərəfini elə sözlərlə susdurmusan ki, danışmağa dili gəlməyib. Çünki uşaqlığında səni dinləməyiblər... İndi bütün bunların heyifini özündən - bir ömür yanında olan "sən"dən çıxırsan...

 

Özün fikirləş, kiməsə ya nəyəsə görə içində hələ böyüməyən uşağı incitməyinə dəydimi? "Hər şey yaxşıdır" deyə özünü təsəlli etdiyin zamanlarda balaca uşağın "mən xoşbəxt deyiləm, öldürmə məni" deyə qışqırdığı səsi boğmağa dəydimi?

 

Yəqin ki, bayaq görmək istəmədiyin simana indi utandığına görə baxmaq istəmirsən. Başa düşürəm, bir az çətin olacaq, amma bu gün yenidən doğulmağın vaxtıdır. Yaşanılan hadisələrə, keçmişdə buraxdığın insanlara təşəkkür edib, nəfəs aldığın üçün şükür et. Unutma, bu günü bir daha yenidən yaşamayacaqsan. Sev, bağışla əylən. Bütün dünya, kainat sənin onlar üçün yeniliklər etməyini gözləyir. Demə ki, mən kiməm, nələr edə bilərəm. Sən qəlbində tanrının sevgisini daşıyan, hal-hazırda döyünən ürəyə, yarada bilən beyinə sahib olan canlısan. Bu dünyaya səbəbsiz gəlmədin. Düşünə bildiyin, xəyalını qurduğun hər bir şeyə sahib ola ya yarada bilərsən. Sən parlayan işıqsan, çalış bu işığın sönməsinə icazə vermə. Çünki hər şey sənlə başlayıb, sənlə bitir.

 

Yavaş-yavaş başını qaldır, güzgüdəki "sən"ə gülümsə, onu necə çox sevdiyini dilə gətir. Özünü qucaqla içindən sadəcə bu sözləri de: "Keçdi... Mən sənin yanındayam".

 

Zülfiyyə Mirzəyeva

 

525-ci qəzet.- 2021.- 27 avqust.- S.10.