"Sənət qadın kimidir: hər şeydən əvvəl sevgi istər"  

 

Onu tanıyıb sevməmək mümkün deyil. Tanıdıqca, sevəcəksən. Necə ki mən sevdim... Sənəti qədər mürəkkəb, gözlənilməz cəlbedici, sənəti qədər maraqlı bu xanımla danışdıqca, danışmaq istəyirsən. Danışdıqca, onu daha yaxından tanıyır sevirsən.

Beləliklə, həmsöhbətimiz tanınmış modelyer, dəb dizayneri Aygün Ağamalıdır.

 

***

 

"Təkcə oxumaqla bu sənətin incəliklərinə sahib ola bilməzsən"

 

- İşdən işə fərq var. İş var ki, onu təkrarlayırsan, var ki, sən onun üzərində çalışdıqca çalışmaq istəyirsən. Mən, adətən, nəyisə ağlımda yaradıb sonra ona material axtarmıram. Mən material məkanına girib, orada gördüyüm qumaşlara baxıb sanki kimisə öz beynimdə libasa bürüyürəm. Stilistika deyilən bir şey var. Amma seçdiyi stilin üstündə durub onu dəyişdirmək, fərdiləşdirmək bir peşəkarlıqdır. Misal üçün, iki eyni bədəndə, boyda olan xanıma eyni libası geyindirsən, hər birinin əynində o, tamamilə fərqli görsənəcək. Bunun səbəbi isə yenə Yaradanın hikmətlərindədir. Çünki bizi elə yaradıb, elə xəlq eləyib ki, heç kəs o birinə bənzəmir. Bədənimizin hər bir nahiyyəsinin ölçüsü, forması tam başqadır o da bizi bir-birimizdən ayırır, fərqləndirir. Bu isə bəzən geyindiyimiz paltar eyni olsa da, onun fərqli görünməsinə səbəb olur.

Bu mənada məşğul olduğum sənət çox çətin, ağır bir sahədir. Bilirsiz, son vaxtlar bizim bu sahəyə meyil güclənib, çoxlu müraciətlər var. Bəziləri elə düşünür ki, təkcə oxumaqla bu sənəti öyrənmək olar. Amma səmimi deyirəm, təkcə oxumaqla bu sənətin incəliklərinə sahib ola bilməzsən, yəni bunlar kifayət deyi. Bunun üçün həm fitri istedada malik olmalısan. Bu olmasa, hər gün yeni bir şey yarada bilməzsən. Həmçinin, insanın ruhu da güclü olmalıdır. Çünki o, ruhdan düşdüsə,  heç edə bilməz...

 

"Musiqidə 7 not olduğu kimi, geyimdə bir neçə istiqamət var"

 

- Bizim sənətdə "bədəni "kamuflaj etmək" deyə bir anlayış da var. Misal üçün, hər insana mini ətək yaraşmır. Lakin bunu da deyək ki, ətəkdən ətəyə fərq var. Məsələn, artıq 7-8 ildir dəbdə olan bir ətək var ki, bu, "qələm ətək" adlanır. Qələm ətəyi 1 santimetr yuxarı, yaxud aşağı olduqda bədən libas fərqli görünür. Belə xırda "nüans"larla bədənin "arzuolunmaz", kobud hissələrini örtmək, gizlətmək olar...

 

Bilirsiz ki, musiqidə 7 not var. Bütün dünya bu 7 not vasitəsilə çoxlu melodiya, musiqi yaradıb ifa edir. Geyimdə bir neçə istiqamət var.

 

Dizaynerlər, modelyerlər bu istiqamətlər üzrə dayanmadan çalışır hər il yeni, bir-birindən fərqli libaslar yaradırlar.

 

 

 

"Özünə güvənən, öz işini bilən xanımlarla çalışmağı xoşlayıram"

 

- Qarabağ müharibəsinin getdiyi günlərdə belə bir layihə vardı: bir şeiri səsləndirmək lazımıydı   həmin şeirdən bir bəndi mən deyirdim. Yəni müharibə hamımızı bir əsgərə çevirə bildi. Xalqımız bir ordu kimi döyüşə hazır idi. Təbii belə bir vaxtda hərbi geyim üslubuna da böyük ehtiyac yarandı. İki günə mən belə bir libas hazırlayıb  geyindim. Özü bu geyimi hazırlayarkən bircə şeyi düşünürdüm ki, bununla, bu geyimlə həm Vətənimi təmsil etməli, həm öz xanımlığımı bildirməliyəm. Yadıma düşdü ki, lap qədimlərdən xanımlarımızın milli paltarlarının üzərindən geyindikləri jiletka kimi bir parça var. Mən ondan hərbi geyimimdə jiletka kimi yox, 70-80-ci illərdən başlayaraq bu günümüzə qədər dəbdə olan, hələ əvəz olunmayan yeganə aksesuardan - korsetdən istifadə etdim. Onu da qeyd etməliyəm ki, hələ qalstukları, papyonları əvəz edən bir şey tapılmadığı kimi, korseti əvəzləyəsi bir şey yoxdur. Lakin bununla belə, düşünürəm ki, hər bir insanın hərbi forma geyməsi düzgün deyil. Bu, mənim fikrimdir: hərbi formanı hərbçi geyinməlidir. Çünki hərbi formada insan həm milləti təmsil edir, Vətən deməkdir.

 

...Mən daha çox özünə güvənən, öz işini bilən, özünü təsdiq edən xanımlarla çalışmağı xoşlayıram. Belə xanımların yaşı, əsasən,  30-dan yuxarı olur. Onlar mənim geyimlərimdə özlərini daha rahat hiss edirlər.

 

Mən geyimlərimi, paltarlarımı o insana verirəm ki, ona münasibətim yaxşıdır, qəlbimə yaxındır, ona güvənirəm hiss edirəm ki, həmin geyim ona layiqdir. Başqa cür mümkün deyil. Çünki mən hazırladığım geyimlərə qarşı çox həssasam. Dəfələrlə olub ki,  hansısa geyimimi istəyiblər, amma satmamışam. Düşünmüşəm ki, o adam mənim geyimimə layiq deyil...

 

"Dəyişikliyə meyilli olsanız, yaxşıdır"

 

- Bəziləri gəlib deyir ki,  mən bunu geyinmərəm, bu, mənə yaraşmaz. Çox qəribə psixoloji durumdur: geyimin yaraşmayacağını, geyinə bilməyəcəklərini bilə-bilə yenə mənim yanıma gəlirlər. Həm məni yorur, həm öz vaxtlarını itirirlər.

 

Bəziləri isə hər hansı bir geyim üslubuna elə möhkəm bağlanır ki... Həmişə eyni formada eynək, eyni model ətək sairə.... Məncə, bu, düzgün deyil. Dəyişikliyə meyilli olsanız, yaxşıdır. Bir ki, əgər siz, doğrudan da, dəyişmək, dəyişilmək istəyirsinizsə bunun üçün professionala müraciət etmisizsə, bilməlisiz ki, heç bir  peşəkarın ixtiyarı yoxdur ki, sizə məcburi olaraq öz fikrini yeritsin. Mən tamamilə buna qarşıyam. Ona görə əvvəlcə müştəri ilə danışıb onun fikrini öyrənməyə çalışıram...

 

Fəaliyyətimdə başqa bir tərəfi qeyd etməliyəm: Mən həm iç-dış dizaynerliyi ilə məşğulam. Ailə üzvlərindən -  uşağından böyüyünə qədər dizayn edəcəyim evdə kim yaşayacaqsa, hamısı ilə ünsiyyətdə oluram. Onların fikrini almaq istəyirəm ki, necə bir evdə yaşamaq istəyirlər. Eynilə stilistikada olduğu kimi, bir xanım mənə müraciət edirsə, çalışıram öyrənim ki, o, həyatında kimi dəyişikliklər etmək istəyir, bunu üçün istəyir, elə belə, yoxsa bir iddiası var deyə etmək istəyir...

 

Hər kəsin özünə uyğun büdcəsi olur. Bəzən hansısa xanım mənə yaxınlaşır, deyir ki, bu qədər pulum varbuna uyğun olaraq nəyisə tam dəyişmək istəyirəm. Biz də həmin büdcəyə uyğun araşdırma aparır, hansı brendlərdən, mağazalardan istifadə edəcəyimizi aydınlaşdırırıq. Bunu müəyyən etdikdən sonra isə həmin xanım üzərində "iş"ə başlayırıq. Amma yenə də deyirəm: mən mütləq bilməliyəm ki, həmin xanım nəyi nə üçün dəyişmək istəyir, iddiası nədir? Hər halda, belə bir cəhddə olmağın özü alqışlanmalıdır. Axı qadının öz üzərində işləməsi, özünü tez-tez dəyişdirməyi ailə həyatına da təsir edir, münasibətlərə bir təzəlik gətirir, gözəl bir bağlılıq yaradır...

 

Aygün xanımla söhbətdən  sanki moda aləminin gözəgörünməyən xırdalıqlarını, incəliklərini görürsən, ən gizli sirlərinə  yol tapmış olursan. Bir daha ətrafa boylanır, əyin-başına bir daha diqqət yetirir, hamının çox sevdiyi, amma mahiyyətinə o qədər də varmadığı bir kəlamı dönə-dönə xatırlayırsan: "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar". Aygün xanımın arzusudur: çalışaq ilk dəfədən geyimimizlə ağlımızın, daxilimizlə zahirimizin vəhdətini, ahəngini görüşdüyümüz hər kəsə çatdıra bilək.

 

Kəmalə MİRZƏYEVA

 

525-ci qəzet.- 2021.- 28 avqust.- S.24.