Turan yolçusunun
duaları
Torpaqdan yaranıb torpağa çevrilən insanın
şəxsiyyət və
xarakterinin doğulub boya-başa çatdığı
torpağa, onun relyefinə, təbiətinə
və bar-bəhərinə
bənzəməsi haqqında
çoxlu mülahizələr
var. Bu mülahizələrin təbii ki, daimi olaraq özünü
doğruldanları da var, doğrultmayanları da. Uzun illər dostluq
etdiyim, qələminə
və şəxsiyyətinə
böyük rəğbət
bəslədiyim şair
Rafiq Ələkbər,
məncə, doğulduğu
Yardımlı torpağının
təpədən-dırnağa inikasıdır.
Ağlım kəsəndən Yardımlını
doğulduğum Şuşa torpağı
qədər özümə
doğma bilmişəm.
Şuşasızlığın xatirəyə çevrilmiş
28 ili boyu
onun qoxusunu aldığım bir neçə rayondan biri də məhz
Yardımlı olub.
Başdan-başa Turan sevdası ilə yaşadığım
ömrümdə ən
çox gəzdiyim və gəzməkdən doymadığım müqəddəs
ünvanım Turan Günəşinin doğduğu
Tanrı Dağları
- Ala-Too dağlarıdır (bu yerdə o müqəddəs məkanları
dəfələrlə mənimlə
bərabər dolaşmış
əfsanəvi Çingiz
Aytmatovun ruhunu şükranlıqla yad edirəm). Mənə görə, Yardımlı
dağları Ala-Too dağlarının
daha cilvəli bir inikasıdır. Rafiq Ələkbər isə öz kamil və
zəngin poeziyası ilə Yardımlı dağlarından bərq vuran Turançılıq
sehri ilə süslənmiş azman günəşin şüaları
altında öz əzəmətli mavi bədöy atında əbədi yolçuluğa
çıxmış bir
Türk və Turan süvarisidir.
Rafiq Ələkbər
qranit şəxsiyyəti
ilə Yardımlı
dağlarından qopub
gəlmiş əsl Türk Kişisidir. Əxlaqda, müdriklikdə,
səxavətdə və
savaşda əsl Türk Kişisi obrazıdır. Keçmişimizi
yüzdə-yüz yaşadan,
bu günümüz və gələcəyimiz
üçün etalonlaşa
bilən əsl Türk Kişisi!
Rafiq Ələkbərin
Türkçülüq və
Turançılıq ruhundan
yoğrulmuş müdrik
və rəngarəng
poeziyası isə qutsal bir Turan
yolçusunun sehrli Şaman dualarıdır. Bu dua-misralarda
Türkçülük əbədiyyəti,
Turançılıq möhtəşəmliyi,
Vətən müqəddəsliyi,
din və inam kamilliyi, sufilik, zərdüştlük, şamanlıq
sehri, ən nəhayət, Türkün
klassik ailə institutunun təməl daşı olan yar, xatun, xanım,
qadın sevgisinin ilahiləşdirilməsi və
sevgi obyektinin mələkləşdirilməsi duyğuları böyük
içdənliklə hakim kəsilib.
Rafiq Ələkbərin
Vətən sevgili və sevdalı misralarının əsas motivini Türkçülük
və Turançılıq
duyğuları süsləyir. Onun üçün Savalanla üz-üzə həsrətdən
qovrulan Yardımlı
torpağından başlayan
Vətən coğrafiyası
Türkün atlarının
nallarının toxunduğu
yovşan ətirli bütün torpaqlardan keçərək, Böyük
Turanla hüdudlanır:
Bir ocağı itirmək,
Min dərdimi ötəcək.
Dünyanı dərk edən
tək,
Turan çıxdı
dilimdən.
və ya
Yadlara əzəldən gözdağı
olub,
Türkün düşmən bağrı
yaran ordusu.
Yolundan çıxanı cəza
gözləyir,
Tanrı
ordusudur - Turan ordusu...
Təsadüfi deyil ki, ikiyə bölünmüş
Vətənimizin hər
an birləşmək və bütövləşmək
amalı yolunda cihad aparan Rafiq
Ələkbər poeziyası
bu ulu savaşda
böyük söz ustadları Şah İsmayıl Xətaini və Məmməd Arazı totemləşdirir:
Çaxılıb sinənə Araz qılınc
tək,
Arazın o tayı, bu tayı
Vətən.
Kərkükdə, Dərbənddə izim
itəcək,
Hanı o, məmləkət Xətai-Vətən.
Ulusuna, torpağına, soy-kökünə
və Vətəninə
böyük vətəndaş-oğul
olan şair ali əxlaqi
dəyərələrə söykənərək mənsub
olduğu dinin yücəliyinə bərrak
misraları ilə işıq tutur. İslam dininin aliliyi, mükəmməlliyi
və bəşəriliyi
onun söz gülşənində oxucu
qəlbini daim rayihələndirir:
Xoş gələr pak, dürr Tanrıya,
Agahdır hər sirr Tanrıya.
Gecə-gündüz bir Tanrıya,
Baxıb səcdə qılan mənəm.
Rafiq Ələkbər
poeziyasının təməl
köklərindən biri
də sufilik, zərdüştlük və
şamanlığa bağlı
poetik genetikadır. Rafiqin şeirlərini
oxuduqca bu bağlılığın dəb
üçün, gündəm
üçün, zahiri
cazibə üçün
yox, çox doğal olaraq, təbii şəkildə,
içtənliklə öz
milli geninə bağlılığın təzahürü
kimi qarşımıza
çıxır.
Türksüz dünya ədalətsiz
yuvadır,
Baxsan hər yer nahaq qandır,
davadır.
Yurdum
Altay, Yeniseydir, Tuvadır,
Zühur
edər qədim şumer görürəm.
Tanrınınmı nəzarəti azalıb,
Dünyamızın tarazlığı pozulub.
Nizamlamaq
türk alnına yazılıb,
Tanrı türkə nurun səpər görürəm.
Şairin ümumi poeziyasında rast gəldiyimiz poetik tapıntılardan biri də onun
sevgi şeirləridir. Bu aspektdə elə ilk tanışlıq üçün
şairin "Gözümdən
düşərsən, gözəl"
adlı şeirini tam olaraq diqqətinizə çatdırmaq istəyirəm.
Yelləmə o yan, bu yana,
gül kimi saçı, sevdiyim.
Baxmağı da günah bildin,
olma xırdaçı,
sevdiyim.
Deyəsən, gözüm açıldı,
çəkən tək ona tətiyi.
Gəl gir gözümə indi də
qorusun səni kirpiyim.
Qorxma gözümün odundan,
uzağı bişərsən,
gözəl.
Sözümü yerə salma ha...
gözümdən düşərsən,
gözəl.
R.Ələkbər poeziyasında onun
sevgi şeirlərini sinifləşdirərək təsnif
etsək, oxucu qənaətimiz aşağıdakı
kimi olar:
1) sevginin ümumi
mahiyyəti və fəlsəfəsini təsvir
edən şeirlər.
2) sevginin konkret
obyektlərini - ilahiləşdirilmiş
gözəlləri vəsf
edən şeirlər.
3) sevginin xanımlaşmış,
xatunlaşmış obyektinin
əsl Türk Kişisi gözündə
təsvir olunduğu şeirlər.
Bütün hallarda R.Ələkbərin
bu mövzuda yazdığı bütün
şeirlərində sevgi
obyektini sonsuz sevgi ilə tərənnüm edir:
Ürəklər fəth etmək
asan deyildir,
Yetən eşq yazısı yazan deyildir.
Qollarım üstündə insan
deyildir,
Qollarım üstündə mələk
utanır.
və ya
İndiki
sevginə ehtiyacım
var,
İstəsən qına sən sonra da məni.
Əlim
yandıdayam təmiz sevgiyə,
Sən sevsən,
sevəcək Tanrı
da məni.
Rafiq Ələkbərin yaradıcılığında yer almış xüsusi diqqət çəkən məqamlardan biri də onun bir-birindən mükəmməl və maraqlı təcnisləridir. Şairin ilkinliyimizdən bugünümüzə yol gəlib formalaşan milli Türk mentalitetinə dərin köklərlə bağlılığı haqqında bəhs etmişdik. Onun dərin fəlsəfi məna yükünə və leksikonumuzun zənginliyinə kamilcəsinə söykənən təcnislərini oxuduqda şairin romantik erudisiyasına və poetik məharətinə heyran olmaya bilmirsən:
Söz üstə söz durmur, söz də yan aşır,
İndi söz də sözə düşmən yanaşır,
Özüm öz sözümlə qaldım yanaşı,
Sözüm də özüm tək ucalıqdadı.
Rafiq Ələkbərin ayrı-ayrı kitabları və yaradıcılığı haqqında yazılmış ön sözlər, rəylər və təndiqi mülahizələr içərisində Xalq şairi Məmməd Arazın, professorlar Camal Mustafayevin, Əsədulla Qurbanovun, Rüstəm Kamalın, tənqidçi Vaqif Yusiflinin, şairlər İsmayıl İmanzadənin, Əbülfət Mədətoğlunun, Oqtay Hacımusalının və digərlərinin bir-birindən maraqlı yazıları Rafiq Ələkbər yaradıcılığının ayrı-ayrı bədii-fəlsəfi-psixoloji məqamlarına ayna tutur.
Rafiq Ələkbərin sadiq oxucusu olaraq,
bu qısa ürək sözlərimdə
onun çoxşaxəli poeziyasını
təhlil etməkdən uzağam.
Əslində, görünən dağa nə
bələdçi?! Mayası və qayəsi Yardımlı və
Ala-Too dağlarından yoğrulmuş
əbədi Turan yolçusunun
dilindən qopan bu qutsal Şaman
dualarını oxumaqdan zövq
alır və Sizlərin də oxumasını tövsiyə
edirəm.
Elçin İSGƏNDƏRZADƏ
525-ci qəzet.- 2021.- 28 avqust.- S.21.